Məhkəmə qərarları › İş №2(103)-2202/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2202/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2202/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X7, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, zərərçəkənin aldığı xəsarət və nəqliyyat vasitələrinə dəymiş zərərə görə 3.750 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 3.780,40 manatın cavabdehlər “X19” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixində cavabdeh “X19” MMC-yə məxsus “Shacman” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonun ərazisindən keçən 296-cı km-də Səmədabad kəndinin bərabərliyində olan yolayrıcında Yevlax şəhərinə dönmə əməliyyatı aparan zaman yol nəqliyyat hadisəsi törətmiş, “VAZ 21154” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu maşındakı piyada X9 az ağır dərəcəli xəsarət, X13 yüngül dərəcəli xəsarət almışdır. Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyi və “X19” MMC tərəfindən etibarnamə olmadan avtomobili Cavabdeh2 verildiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Yevlax Rayon Məhkəməsinin 1(039)-16/2015 saylı hökmündə öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq, “VAZ 21154” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.500 manat ziyan dəymişdir. Sığorta məbləği 5.000 manat olduğundan X4 yüngül dərəcəli xəsarət almasına görə sığorta məbləği 750 manat təşkil edir. Sığorta məbləği 5.000 manat olduğundan X2 az ağır dərəcəli xəsarət almasına görə sığorta məbləği 1.500 manat təşkil edir. PAT ********** sığorta müqaviləsinin 012961, 012633 və 012634 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti cəmi 3.750 manat sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər “X19” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş zərərə görə 3.750 (üç min yeddi yüz əlli) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ədalətsiz və əsassız hesab edir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələblərini pozmuşdur. Pandemiya səbəbindən məhkəmə iclasında iştirak edə bilməmiş, lakin, məhkəmə göstərilən halları nəzərə almamış, bu da yekunda hüquqlarının pozulmasına, hazırki məhkəmə işi üzrə prosesin çəkişmə prinsipinin pozulmasına səbəb olmuşdur. Hadisə baş verən zaman “VAZ 21154” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəyməmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq, “VAZ 21154” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəydiyi göstərilmişdir. Həmin məbləğlə razılaşmır, həmin məbləğ təxminən iki dəfə şişirdilmişdir. Hazırki halda işə baxan məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etmək səlahiyyətində olmasına baxmayaraq bunu etməmişdir. Hesab edir ki, hazırki iş üzrə avtomobilə dəymiş real ziyanın müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qətnamə qəbul edərkən yol-nəqliyyat hadisəsinin xx.xx.2014-cü il tarixdə baş verməsinə baxmayaraq İddiaçı ASC hazırki iddia ərizəsi ilə hadisənin üstündən 6 il keçdikdən sonra müraciət etməsi məsələsinə də heç bir qiymət verməmişdir. Apelyasiya şikayətində “VAZ 21154” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın yenidən hesablanması üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilərək rəy alınması və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X14 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh “X19” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən “X19” MMCnin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı Sığorta Şirkətinin xx xxxxxx 2014-cü il tarixli, 012961 saylı sığorta aktından görünür ki, PAT ********** saylı sığorta müqaviləsi üzrə, sığortalı “X19” MMC, faydalanan şəxs X10 olmaqla, xx.xx.2014-cü il tarixdə, Yevlax rayonunda baş vermiş sığorta hadisəsi ilə əlaqədar texniki ekspertiza ilə müəyyən edilmiş maddi zərərin miqdarı 1.500 AZN təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 6500 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti X3 hesabına 1.500 manat ödəmişdir. İş materiallarında olan 07 dekabr 14-cü il tarixli, nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, VAZ 21015 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1.500 manat təşkil etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamədən görünür ki, VAZ 21015 markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 tərəfindən X5 etibar edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkətinin xx xxxxxx 2014-cü il tarixli, 012633 saylı sığorta aktından görünür ki, PAT ********** saylı sığorta müqaviləsi üzrə, sığortalı “X19” MMC, faydalanan şəxs X13 olmaqla, xx xxxxxx 2014-cü il tarixdə, Bakı-Qazax yolunda baş vermiş sığorta hadisəsi ilə əlaqədar xəsarət almış X8 dəyən maddi ziyan 750 AZN təşkil etmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizası X12 tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli, 243 saylı canlı şəxsin ekspertiza aktından görünür ki, X4 bədənində aşkar olunan xəsarətlər “Yüngül” zərər vurmaya aiddir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 6224 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti X4 hesabına 750 manat ödəmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkətinin xx xxxxxx 2014-cü il tarixli, 012634 saylı sığorta aktından görünür ki, PAT ********** saylı sığorta müqaviləsi üzrə, sığortalı “X19” MMC, faydalanan şəxs X9 olmaqla, xx xxxxxx 2014-cü il tarixdə, Bakı-Qazax yolunda baş vermiş sığorta hadisəsi ilə əlaqədar xəsarət almış X6 dəyən maddi ziyan 1.500 AZN təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 6228 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti X2 hesabına 1.500 manat ödəmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizası X12 tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli, 244 saylı canlı şəxsin ekspertiza aktından görünür ki, X2 bədənində aşkar olunan xəsarətlər “Az Ağır” zərər vurmaya aiddir. İş materiallarında olan nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin AC 086023 seriya nömrəli icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən “X19” MMC-yə məxsus “Shacman” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil 300 manat sığorta haqqı olmaqla xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2015-ci il tarixədək sığorta edilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-16/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh2 hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-16/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh2 yol nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh2 apelyasiya şikayətinin məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, yol nəqliyyat hadisəsinin törətdiyi vaxtdan üzün müddət keşdiyi ücün ekspertizanın keçirilməsinə qərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh2 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh2 apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2238/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar