Məhkəmə qərarları › İş №2(103)-2206/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2206/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2206/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2206/2023 (Açar sözlər: işləmə faktının müəyyən edilməsi) Bakı şəhəri 15 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçi İddiaçı, maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iş stajının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 2(004)-8669/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/2317 saylı məktubda qeyd olunmuşdur ki, Ermənistan Respublikasında (o cümlədən İrəvan şəhəri) anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı deportasiya edilmiş vətəndaşların iş stajı və başqa sosialhüquq xarakterli sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərində yoxdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubla əmək pensiyasının təyin edilməsindən imtina olunmuş, və izah edilmişdi ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş stajının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1978-ci ildən 1988-ci ilədək olan 10 illik əmək fəaliyyətinin rəsmi iş stajı kimi qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 1978-ci ildən 1988ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizəçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə öz iradəsi olmadan məcburi olaraq Ermənistan Respublikasından deportasiya olunmuşgur. Orda yaşadığı müddətdə 1978-ci ildən İrəvan şəhərində yerləşən zərgərlik fabrikində zərgər işləmişdir. Deportasiya zamanı əmək fəaliyyəti ilə bağlı qeydlərin olduğu əmək kitabçası və diplomu həmin fabrikdə qalmış və qaytarılmamışdır. Azərbaycan Respublikasına köçdükdən sonra xx.xx.1994-cü il tarixdə həqiqətən də orda işləməsi barədə 3 nəfər şahidin yazılı ərizəsi Bakı şəhəri 3 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiqlənmişdir. İşlədiyi dövrdə işi yalnız zərərli fəaliyyət sayılan zərgərlik olduğu və zərərli fəaliiyət sahəsində çalışanların pensiya yaşının aşağı olduğu üçün həmin illərdəki iş stajının hazırki iş stajı ilə cəmlənməsi pensiya yaşının aşağı salımasına təsir edəcəkdir.

6. X1, X7 və X2 notarial qaydada təsdiqlənmiş xx.xx.1994-cü il tarixli ərizələri əlavə edilmişdir. Ərizələrdə İddiaçı 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər işlədiyi, onun əmək kitabçasının və diplomunun İrəvan şəhərində qaldığı qeyd edilmişdir.

7. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində Ərizəçinın 1978-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası İrəvan şəhərində yerləşən Zərgərlik fabrikində işlədiyini və onun əmək kitabçasının və diplomunun İrəvan şəhərində qaldığını göstərmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-869/2022 saylı işi üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinın 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər işləməsi faktı şahid ifadələri və iş materialları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajınırı müəyyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 307.1, 307.2.11, 308, 311-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin həmin müəssisədə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları təqdim edilməmişdir. Ərizəçi 1978-ci il tarixdən 1988-ci il tarixədək İrəvan şəhərində yerləşən Zərgərlik fabrikində zərgər quraşdırıcısı vəzifəsinde işlədiyini iddia etsə də, şahidlərin Ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləmələri barədə zəruri sənədləri təqdim etmədiyi üçün məhkəmə qaydasında təsdiq etmək istədiyi dövrlərin şahidlərin ifadəsi ilə sübuta yetirilməsi qeyri-mümkündür. İş stajının təsdiq olunması üçün: a) ən azı iki nəfər şahid olmalı; b) şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); c) ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Şahid ifadələri həlledici sübut kimi qəbul edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi), 18 iyul 2022-ci il tarixli, 2(103)-4589/2022 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutların məcmusu və bu sübutların mötəbəliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır.

16. Həmçinin, Ermənistan Respublikası ilə beynəlxalq münasibətlərin mövcud olmaması və təcrid edilmiş hazırkı halda hüquqi əhəmiyyətli faktın digər vasitələrlə təsdiq edilməsi mümkünsüzlüyü nəzərə alınmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajınırı müəjyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 307.1, 308-ci maddələrinə istinadla əsaslandırmışdır

ç) Kassasiya instansiya məhkəməsində icraat

16. Maraqlı şəxs kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5873/2022 saylı 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Zaur Əliyev və Əhməd Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4589/2022 nömrəli mülki iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...baxılan iş üzrə ərizəçi 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi sübut qismində məhkəməyə üç nəfər şəxsin notarial qaydada təsdiqlənmiş xx.xx.1994-cü il tarixli ərizələrini əlavə etmiş və bir nəfər şahid təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri əsas sübut növlərindən biri kimi müəyyən edilmişdir. Xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işlər üzrə ərizənin təmin olunması bir çox hallarda yalnız şahid ifadələri ilə mümkün olur. Bu baxımdan oxşar ərizələr üzrə təqdim edilmiş şahid ifadələri mümkün, aid, mötəbər, həmçinin yetərli olmalıdır. Yəni belə işlər üzrə dindirilən şahidlərin müəyyən edilən faktlara aidiyyəti təsdiq olunmalı, onların verdiyi ifadələr işin həmin hallarını müəyyən etməli, ziddiyyətsiz və aydın olmalıdır. Sübut kimi şahid ifadələrinin yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 13.4-cü bəndində də xüsusi qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən MPM-in 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin işə baxmış birinci instansiyası məhkəməsi ərizəçinin təqdim etdiyi sübutlara sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qiymət vermədən, ərizəni təmin etməklə həmin prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin iş üzrə mövqeyini təkrarlamaqla, qətnaməni qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Bununla yanaşı, prosessual qanunvericiliyə əsasən hakim şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir, şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alır və iltizamı məhkəmə iclasının protokoluna əlavə edir (maddə 194.1). Bu baxımdan ayrı-ayrı şəxslərin hüquq və vəzifələri izah edilmədən, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıq edilmədən və bununla bağlı iltizam alınmadan məhkəməyə ünvanladıqları yazılı ərizələri şahid ifadələrini əvəz edə və özüözlüynüdə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz...”

d) Proses iştirakçılarının izahatı

19. Təkrar apellyasiya baxışı zamanı iştirak edən ərizəçi İddiaçı izahatında bildirmişdir ki, 1978-ci ildən 1988-ci ilədək zərgərlik fabrikində işlədiyinə dair sənədləri İrəvandan çıxarkən çətin vəziyyət olduğu üçün götürə bilməmişdir. 1978-1980-cı illərdə Texniki peşə məktəbində təhsil almış və təhsil aldığı dövrdə də zərgərlik fabrikində işləmişdir. Təqdim etdiyi sənədlərdan başqa onda hər hansı sənədin mövcud deyildir. Sonda apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdirr.

20. Təkrar apellyasiya baxışı zamanı iştirak edən maraqlı şəxsin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı heç bir şahidin əmək kitabçası olmamışdır. 1994-cü ildə üç nəfər tərəfindən yazılmış, notariusda təsdiqlənmiş sənəddən başqa heç bir mötəbər sübuta əsaslanmadan qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” Qaydaları

21. Bənd 2.5. Əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta staji məhkəmə qaydasında müəyyən edilir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı

22. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

23. Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

33. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən sübut qismində ərizəçinın ərizəsinə əlavə etdiyi X10, X11 və X2 təsdiq etdikləri xx.xx.1994-cü il tarixli ərizələrə və şahid qismində dindirilmiş X4 ifadəsinə istinad etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi ərizələr sübut qismində çıxış edə bilməz.

35. Belə ki Mülki prosessual Məcəllənin 194.1-ci maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.

36. Birinci instansiya məhkəməsi isə ərizə vermiş şəxslərin şahid qismində məhkəmə iclasında iştiraklarını təmin etməmiş, onların hüquq və vəzifələri izah edilmədən, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıq edilmədən və bununla bağlı iltizam alınmadan məhkəməyə ünvanladıqları yazılı ərizələri şahid ifadələrini əvəz etməsi və özü-özlüyündə iş üzrə mötəbər sübut kimi qiymətləndirərkən səhvə yol vermişdir.

37. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 13.4-cü bəndində də xüsusi qeyd edilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən MPM-in 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

38. İş üzrə şahid qismində dindirilmiş X4 özünün zərgərlik fabrikində işləməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda faktın təsdiqi olaraq həmin şahidin ifadəsinin sübut qismində istifadə olunması yolverilməzdir.

39. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinın İddiaçı 1978-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının İrəvan şəhərində Zərgərlik fabrikində zərgər quraşdırıcısı işləməsi faktı iş materialında olan sənədlərlə öz təsdiqini tapmır. Ərizəçi tərəfindən də tələbini təsdiq edəcək hər hansı mötəbər sübutu təqdim etməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8669/2022 saylı iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar