Məhkəmə qərarları › İş №2(103)-2209/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2209/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2209/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyan üçün kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyan üçün kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) istehlakçı hüquqlarının təsdiq edilməsi, 2) SS534579327AZ strix kodlu sifarisli xəbərnaməli məktub üzrə: -Qanunun 9.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən göstərilən xidmətin geri qaytarılmasına (xitam verilməsinə) və vurulmuş real zərər üçün 1.0 manat pul məbİəğinin cavabdehdən; -cavabdehdən xidmətin gecikdirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 50.000 manat məbləğində dəbbə pulunun; cavabdehdən mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı vurulmuş maddi zərər üçün 680.000 manat məbləğində dəbbə pulunun; Qanunun 9.8-ci maddəsinə, “Poçt haqqında” Qanununun 17.1.3 maddəsinə əsasən, cavabdehdən məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 5 (beş) manat pul məbləğinin və bu məbləğ ödənilmədiyinə görə, MM-nin 449.1-ci maddəsinə müvafiq olaraq, 900 manat məbləğində faizlərin; cavabdehdən subyektiv, obyektiv hüquqlarının və sağlamlığının pozulması ilə bağlı vurulmuş mənəvi zərər üçün 4.342.400 manat pul məbləğinin; ümumilikdə 5.073.306 manat pul məbləğinin onun xeyrinə tutulması, SS534579579 AZ strix kodlu sifarisli xəbərnaməli məktub üzrə: Qanunun 9.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən göstərilən xidmətin geri qaytarılmasına (xitam verilməsinə) və vurulmuş real zərər üçün 1.0 manat pul məbləğinin cavabdehdən; cavabdehdən xidmətin gecikdirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 50.000 manat məbləğində dəbbə pulunun; cavabdehdən mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı vurulmuş maddi zərər üçün 720.000 manat məbləğində dəbbə pulunun; Qanıınun 9.8-ci maddəsinə, “Poçt haqqında” Qanununun 17.1.3 maddəsinə əsasən, cavabdehdən məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərər üçün 5 manat pul məbləğinin və bu məbləğ ödənilmədiyinə görə, MM-nin 449.1-ci maddəsinə müvafiq olaraq, 900 manat məbləğində faizlərin; cavabdehdən subyektiv, obyektiv hüquqlarının və sağlamlığımın pozulması ilə bağlı vurulmuş mənəvi zərər üçün 4.379.200 manat pul məbləğinin; ümumilikdə 5.150.100 manat pul məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh MMC-nin nümayəndəsi iddia ərizəsinə qarşı etirazla müraciət edərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən “Azərpoçt" MMC-nin 3 saylı Poçt Filialının 119 saylı Poçt Şöbəsindən xx.xx.2019-cu il tarixdə Şəki şəhəri, Cumakənd kəndində yaşayan X1 göndərilən SS534579327AZ ştrix kodlu və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, T.Şıxəliyev 20 ünvanında yerləşən “X8 Biznesinfo”ya göndərilən SS534579579AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktublar ünvanlara xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə çatdırılmışdır. Məktubların ünvanlara çatdırılmasına dair müvafiq xəbərnamələr (teleqram elektron xəbərnamə) İddiaçı təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirmək istəyir ki, məhz bundan öncə də İddiaçı eyni faktiki hallar üzrə eyni predmet barədə və əsaslar üzrə mübahisəyə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, müvafiq məsələ ilə əlaqədar müxtəlif instansiya məhkəmələri tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri çıxarılmışdır. Belə ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-308/2021 nömrəli qətnaməsi üzrə İddiaçı Cavabdehnə qarşı "hüquqlarının bərpası, maddi və mənəvi ziyan üçün kompensasiya” tələbinə dair iddiası rədd edilmişdir. Daha sonra iddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-787/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, müvafiq mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-308/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin İddiaçı və vəkil X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-787/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və mülki iş kassasiya şikayəti ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3133/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-787/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və vəkil X2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş, kassasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-787/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-787/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və vəkil X2 tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılmasına qərar verilmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı bildirmək istəyir ki, Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə öz təsdiqini tapmışdır ki, SS534579327AZ ştrix kodlu və SS534579579AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktublar ünvan sahiblərinə vaxtında çatdırılmış, lakin onların çatdırılmasına dair məlumatın gec çatdırılması iddiaçıya xidmət üçün ödənilmiş pulun geri qaytarılması üçün əsas deyil. Cavabdeh tərəfindən göstərilən xidmət məhkəmə tərəfindən keyfiyyətsiz xidmət kimi qiymətləndirilməmişdir. Belə ki, sifarişli xəbərnamələr ünvan sahiblərinə çatdırıldıqdan sonra iddiaçı xəbərnamələrin çatdırılmamasına dair öz iradlarını cavabdehə bildirildikdən qısa müddət ərzində məktubların çatdırılmasına dair xəbərnamə və teleqram iddiaçıya təqdim edilmişdir. Nəticədə, poçt göndərişi tam həyata keçirilmişdir. Həmçinin, əlaqəli şəkildə məhkəmə qeyd edib ki, iddiaçı iddia tələbinin əsaslandırarkən göstərmişdir ki, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməməsi nəticəsində ona məxsus olan xəbərnamə ona vaxtında çatdırılmamış, bunun nəticəsi olaraq onun subyektiv və obyektiv hüquqları pozulmuş və cavabdehin delikt əməlləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Lakin qeyd edilənlərlə bağlı cavabdeh tərəfindən xəbərnamələrin iddiaçıya vaxtında çatdırılmaması arasında səbəbli əlaqə müəyyən olunmamışdır. Bununla yanaşı bildirmək istəyir ki, İddiaçı Nizami Rayon Məhkəməsinə ünvanladığı “qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığının aşağıda göstərilən faktlara dair mümkün olmaması’’ ilə bağlı ərizəsində göstərmişdir ki, müvafiq mübahisəyə dair əvvəllər çıxarılmış və qüvvəyə minmiş məhkəmə qətnaməsində məktubların ünvan üzrə çatdırılmasının icra olduğunu göstərilmişdir. Lakin iddiaçı yeni iddia ərizəsində isə bu faktı qəbul etməyərək ümumiyyətlə məktubların ünvan üzrə çatdırılmasının icra olunmadığını bildirmiş, məhz bu fakta görə bu predmetin digər predmetdən fərqli olduğunu və bu səbəbdən yenidən bu halı mübahisələndirmə hüququnun olmasını bildirmişdir. Halbuki iddiaçı digər arqumentləri kimi bu halı da sübuta yetirə bilməmiş, iddia ərizəsinin İ hissəsinin 7-ci bəndində məktubların ünvan üzrə çatdırılmamasını sadəcə öz mülahizələrinə əsasən “təxmin etdiyini” qeyd etmişdir. Bu hallara nəzər yetirdikdə aydın görünür ki, iddiaçı sübuta yetirə bilmədiyi və sadəcə şəxsi mülahizələrinə əsaslandığı halı yenidən ortaya çıxararaq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məsələni yenidən mübahisələndirməyə çalışmış və iddia etdiyi “mənəvi zərərin” məbləğini daha da artıraraq cavabdehdən pul qoparmağa çalışmışdır. Yuxarıda hallara nəzər yetirildikdə iddiaçının öz hüquqlarından sui-istifadə etdiyi məlum olur. Həmçinin əsassız olaraq şişirdilmiş məbləğdə pul tələb edir. Bununla bağlı qeyd edirik ki, məbləğin şişirdilməsi özlüyündə mülki hüquq pozuntusudur.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 3063/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyan üçün kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, xitam verilməsi qərara alınmış, işin icraatına xitam verildiyi üçün eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə: - universal poçt xidmətinin (bundan sonra - UPX) və əlavə poçt xidmətinin fərqli növlü xidmətlər olmalarını və bu xidmətlərin hər ikisinin göstərilməsi barəsində müqavilələrin bağlanmasını; -poçt göndərişləri kimi müəyyən edilmiş məktublar və fiziki xəbərnamələr, onların hər birinin poçt istifadəçisi tərəfindən əldə edilmiş əmlak olmasını; - məktubların göndərilməsinə dair UPXnin və xəbərnamələrin göndərilməsinə dair əlavə poçt xidmətinin göstərilməsi barədə müqavilələrdən əmələ gələn poçt istifadəçisinə mənsub əmlak hüquqlarını; - poçt istifadəçisinə mənsub, məktublarla bağlı bu hüquqların pozulmasını və pozuntunun hüquqi nəticələrini nəzərə almamışdır. Məktublarla bağlı hüquqlarının cavabdehin təqsiri ucbatından pozulması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğu halda, məhkəmə bu hüququnu məhdudlaşdırmışdır. Məktubların və fiziki xəbərnamələrin, əlamətlərinə görə fərqlənən istehlak edilən əşya olduqlarını və poçt istifadəçisinə mənsub mülkiyyət hüququn bu əşyaların hər ikisinə şamil edilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. MM-in 352-ci maddəsinin mənasına əsasən, sifarişli məktubların göndərilməsinə dair UPX-ın göstərilməsi barəsində müqavilə və sifarişli xəbərnamələrin göndərilməsinə dair əlavə poçt xidmətinin göstərilməsi barədə müqavilə, onların ümumi müqavilənin tərkib hissələri olmaları halında əlavə poçt xidmətinə aid məhkəmənin qanuni qüvvəyə minmiş aktının mövcud olması UPX ilə bağlı prosesdə icraata xitam verilməsi üçün səbəb kimi göstərilməsi yolverilməzdir, ələlxüsus sifarişin UPX ilə bağlı hissəsinin icrası əlavə poçt xidməti ilə bağlı hissəsi daxil edilmədən də mümkün olduğu halda. Lakin məhkəmə araşdırmanı bu normanın müstəvisində aparmamışdır. Əvvəlki və hazırki prosesin mübahisə predmetlərini təşkil edən rəsmiləşdirilmiş fərqli məzmunlu xidmətlər (əlavə poçt xidməti və UPX), onların müvcud olması cavabdehin üzərinə düşən müəyyən edilmiş fərqli məzmunlu müvafiq öhdəliklərin yaranmasına dəlalət etməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə: - sifarişli məktubların göndərilməsi və sifarişli xəbərnamələrin göndərilməsi üçün nəzərdə tutulmuş fərqli növlü xidmətlərin (bax aşağıda: bölmə 6.9) hər ikisinin göstərilməsi barəsində iki müqavilənin bağlanmasının ehtimalını (bax yuxarıda: bölmə 5.1) əsas götürməmiş; - sifarişli məktubların göndərilməsi barəsində müqavilənin mənasını (məzmununu) sifarişli xəbərnamələrin göndərilməsi barəsində müqavilənin mənası (məzmunu) ilə düzgün müqayisə etməmiş, - yəni göstərilən mədaxil qəbzlərinin məzmunlarını və bu müqavilələrin şərtlərini düzgün təfsir etməmişdir. Məhkəmə: - UPX və əlavə xidmət, bu xidmətlərin ümumi istifadədə olan poçt rabitəsinin fərqli növlü xidmətləri olmalarını; - UPX və əlavə poçt xidməti, bu xidmətlərin hər ikisinin göstərilməsi barəsində müqavilələrin bağlanması ehtimalının əsas götürülməsi; - məktubların və xəbərnamələrin poçt göndərişləri olmalarını; - poçt istifadəçisinə mənsub mülkiyyət hüququn məktuba və xəbərnaməyə şamil olunmasını, - nəzərə almamışdır. Məhkəmə əmlak hüquqlarının müdafiəsini həyata keçirməmişdir. Qərardad faktlara, sübutlara, çəkişmə və hüquq bərabərliyi prinsipinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Məhkəmə cavabdehin qərəzli və əsassız mövqeyini üstün tutmuşdur. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları tətbiq edilməli hüquq normalarının müstəvisində sübut edə bilməmişdir. Lakin məhkəmə cavabdehin qərəzli, əsassız etirazını təmin etmişdir. Cavabdeh sübut qismində, hazırki iddia tələbimin predmeti və əsasları üzrə məhkəmə baxışına etiraz edərək bu predmet və əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş aktını deyil, tam fərqli məzmunlu predmet və əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş aktını təqdim etmişdir. Lakin məhkəmə hazırki iddia tələbimin predmetinə və əsaslarına aidiyyəti olmayan məhkəmə aktinı tətbiq etmişdir. Hazırki qərardad mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış, yəni qanuni və əsaslı olmamışdır. Məhkəmə, hazırki iddia tələbimin predmeti və əsasları üzrə, yəni sifarişli məktubların göndərilməsinə dair universal poçt xidmətinin göstərilməsinə aid müqavilənin pozulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş aktı olmadığı halda (bax şikayətdə: bölmələr 5. (1, 2, 4, 5)) bu normanı tətbiq etmişdir. Qüvvədə olan tətbiq edilməli maddi və prosessual hüquq normaları iş üzrə düzgün tətbiq edilməmişdir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. İddiaçı şikayətə dəqiqləşmə təqdim edərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsi: - mübahisəli xidmətlərin müqayisəsini nəzərə almamış, tərəflərin qarşılıqlı hüquqi münasibətinin istehlak üzrə müqavilə münasibətinə aid olmasını və iddiaçının istehlakçı kimi qanunla müdafiə edilən şəxs olmasını nəzərə almamış; MPM-nin 8-ci maddəsinin müstəvisində, tərəflərin müxtəlif vəziyyətlərdə olmasını və iddiaçının cavabdehə münasibətdə istehlakçı qismində zəif tərəf rolunda çıxış etməsini nəzərə almamış və müxtəlif vəziyyətlərdə olan tərəflərə müxtəlif yanaşmanı tətbiq etməmiş, nəticə etibarilə vacib əhəmiyəti olan dəlilləri qiymətləndirməmiş, Qanunvericinin MM-nin 404, 566.4-ci maddələrində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13.7-ci maddəsində təsbit edilmiş məhkəməyə aid göstərişlərini nəzərə almamış; - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13.7, 13.1, 13.2, 13.4, 5, 11, 12-ci maddələri, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 24.11.4.-cü qaydaların, MM-nin 14.2.1, 14.2.4, 14.2.8, 377.1, 388, 421, 423 – 425, 448.1, 448.2, 556, 566, 781-ci maddələri, MPM-nin 4.1, 149.2.3., 149.2.4cü maddələri ilə müəyyənləşən tələblərin əlaqəli şəkildə məcmusu müstəvisində MM-nin 404.-cü maddəsini tətbiq etməmiş; - məktubların və fiziki xəbərnamələrin iddiaçıya mənsub müxtəlif əmlaklar kimi sayılmasını nəzərə almamış; - prosessual hüquq normaları sadalamaqla kifayətlənmiş; - tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmiş; gəldiyi hüquqi nəticə üçün rəhbər tutmalı olduğu A. R. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarlarını göstərməmiş; - hazırki tələbin əsasının №2(007)-308/2021 iş üzrə sürülən əsaslar ilə eyni olmasını, qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnamədən sonra yaranmış yeni əsas kimi qiymətləndirilməməsini göstərməklə əsaslandırılmamış hüquqi nəticəyə gəlmişdir, - əvvəlki və hazırki iddia tələblərinin əsaslandırıldığı hüquqi faktların müxtəlif olmasını göstərməmiş; - hazırki iddiaya dair preyudisial məhkəmə aktının olmasını göstərmiş, – yəni icraatın dayandırılmasını qüvvədə olan prosessual hüquq normalarının müstəvisində əsaslandıra bilməmişdir. Əvvəlki proses üzrə Bakı Şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, №2(007)-308/2021 qətnaməsindən aydın olur ki, sifarişli xəbərnamənin göndərilməsi, onun əlavə poçt rabitəsi xidmətlərinə aid olması cavabdehin nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. İşdə olan mədaxil qəbzlərindən (bax: iddia ərizəsi/qoşma/sənədlər 4, 6) aydın olur ki, müqaviləyə əsasən, məktubların göndərilməsi üzrə xidmətin icrasına dair və xəbərnamələrin göndərilməsi üzrə əlavə xidmətin icrasına dair cavabdehin öhdəlikləri, onun isə hüquqları əmələ gəlmişdir. Müqavilənin bağlanması tərəflər arasında istehlak-hüquq münasibətinin yaranmasına dəlalət etmişdir (bax: iddia ərizəsi/İİ./§1.(3.)). Müqavilə bağlandığı andan cavabdehin imperativ qüvvəyə malik “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən təsbit olunmuş icraçıya aid qeyri-müqavilə öhdəlikləri əmələ gəlmiş, iddiaçının isə bu Qanununa əsasən təsbit olunmuş istehlakçıya aid qeyri-müqavilə hüquqları əmələ gəlmişdir. Bu Qanunun 13.7.-ci maddəsində təsbit edilmiş prosessual xarakterli normaya əsasən, istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13.7., 21., 26.-cı maddələrinin, MM-nin 14, 377.1, 448.1, 448.2-ci maddələrinin və MPM-nin 4.1, 128.3, 149.2.3, 153.2.2-ci maddələrinin məcmu mənasına görə, xidmətin xassələrinə və xarakteristikasına dair xüsusi biliyi olmayan istehlakçı (kreditor) icraçının (borclunun) cavabdeh olduğu müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusunu və bunun nəticəsində özünün həmin öhdəliklərdən irəli gələn hüquqlarının və maraqlarının pozulmasını bildiyi gündən başlayaraq, qarşı tərəflə mübahisənin pretenziya qaydasında nizama salınması mümkünsüz olduğu halda, hüquqlarını və maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, əgər bu hüquqdan eyni tərəfə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə təkrarən istifadə edilmirsə. Bakı Şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, №2(007)-308/2021 qətnaməsindən aydın olur ki, baxılmış tələbin əsasını və sübutetmə predmetini sifarişli xəbərnamələrin göndərilməsinə dair icra müddətləri üzrə öhdəliklərin MM-nin 445-ci maddəsində müəyyənləşdirilmiş pozuntu halları və bu pozuntuların hüquqi nəticələri təşkil etmişdir (bax: sənəd 2). Hazırki, №2(007)-3063/2024 işdə baxılan tələbin əsasını və sübutetmə predmetini isə sifarişli məktubların göndərilməsinə dair icra üzrə öhdəliklərin MM-nin 447-ci maddəsində müəyyənləşdirilmiş pozuntu halları və icra müddətləri üzrə öhdəliklərin MM-nin 445-ci maddəsində müəyyənləşdirilmiş pozuntu halları təşkil etmişdir. Göstərilən xidmətlərin müqayisəsi də göstərir ki, məktubların göndərilməsinə dair öhdəliklərin icra eləməməsinin hüquqi nəticələri xəbərnamələrin icrası ilə bağlı hallardan irəli gəlmir.

9. Cavabdeh tərəfindən şikayətə qarşı yazılı etiraz verilərək, iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddia ərizəsi tamamilə əsassız olduğuna görə məhkəmə tərəfindən haqlı olaraq təmin edilməmişdir. Odur ki, İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 nömrəli qərardadının tam əsaslı və qanuni hesab edilərək qüvvədə saxlanılması xahiş edilmişdir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən görünür ki, hazırda iddiaçı SS534579327AZ strix kodlu və SS534579579 AZ strix kodlu sifarisli xəbərnaməli məktublar üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasını, xidmətin gecikdirilməsi ilə bağlı, mühüm qüsurların aradan qaldırılmaması ilə bağlı, məktubun itirilməsi ilə bağlı vurulmuş maddi zərərin, MM-nin 449.1-ci maddəsinə müvafiq olaraq faizlərin, hüquqlarının və sağlamlığının pozulması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzini tələb edir.

13. Halbuki, iddiaçı daha öncə də SS534579327AZ strix kodlu və SS534579579AZ strix kodlu sifarisli xəbərnaməli məktublar üzrə cavabdehin xidmətini məhkəmə qaydasında mübahisələndirmiş, cavabdehin sözügedən məktublarla bağlı xidmətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərəri, habelə dəbbə pulunu da tələb etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 308/2021 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir.

14. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 787/2022 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3133/2022 nömrəli qərarı ilə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır.

15. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu da öz növbəsində onun hazırki iddiası üzrə mülki işin icraatına xitam verilməsini şərtləndirir.

16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyil.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-3063/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar