Məhkəmə qərarları › İş №2(103)-221/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-221/2025

11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-221/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “zəbt edilmiş ərazidən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş ərazidən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayonu X3 nümayəndəsi X12, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X19” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2005-ci il tarixli, 2077 saylı Sərəncamına əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh mülkiyyətinə ayrılmışdır.

2. Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2007-ci il tarixli, 1999 saylı Sərəncamına əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 4000 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti tikintisi üçün "xxxx" MMC-nin mülkiyyətinə ayrılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X2rşı “zəbt edilmiş ərazidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X3 xx.xx.2007-ci il tarixli, 1999 saylı sərəncamı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti üçün alqısatqı yolu ilə 4000 kv.m torpaq sahəsi ayrılmışdır. MMC-nin rəhbəri qeyd edilən torpaq sahəsinə baş çəkən zaman orada əvvəllər heç kimin yaşamadığı, mühafizə üçün nəzərdə tutulmuş tikilidə müvəqqəti yaşamasına icazə verdiyi Cavabdeh yaşadığı tikili boyunca müəyyən hissəsini hasara alaraq zəbt etdiyini aşkar etmişdir. Bundan sonra Cavabdeh öz iradını bildirərək, gördüyü işlərin qanunsuz olduğunu, tikdirdiyi hasarı sökərək, gözətçi üçün nəzərdə tutulmuş tikilini tərk etməsini istəmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh qanunsuz hasara sökməmiş və ərazidən çıxmamışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertiza tədqiqatlarının dəyərini təşkil 50 (əlli) manat ekspertiza xərcinin iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə isə cavabdehin torpaq sahəsində qanunsuz yerləşdiyi iddia edilsə də, iş materiallarında olan sənədlərdən Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ona 300 kv.m torpaq sahəsinin ayrıldığı, həmçinin həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair komunnal xidmətlərə dair müqavilələrin olduğu müəyyən edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddianın faktiki əsası kimi istinad edilən halın – Cavabdeh tərəfindən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsini zəbt etməsi halı mövcud deyil. Belə ki, bələdiyyə tərəfindən verilmiş Qərarlardan müəyyən edilmişdir ki, mübahisəli ərazidə üzrə sərəncam Cavabdeh xx.xx.2005-ci il tarixdə (300 kv.m), "xxxx" MMC-yə isə xx.xx.2007-ci il tarixdə (4000 kv.m) verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin adına olan Qərar iddiaçının adına olan Qərardan daha əvvəl verildiyindən və hazırda qüvvədə olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin iş üzrə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəlləsinin 5.3, 14.3, 18.1, 139.1152.3, 157.2, 158.1, 158.1.2, 158.4, 163.1, 164.1, 164.2, 165.1, 165.2, 180.4, 425, 560.1, 560.3-cü maddələri, Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-14/2024 Qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 216-220, 227-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(001)-18/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulmasına səbəb olan halları nəzərə almamış və qeyri-obyektiv qərar qəbul etmişdir. Belə ki, mübahisələndirilən ərazi X3 30 oktyabr 2007-ci il tarixli, 1999 saylı sərəncamı ilə "xxxx" MMC-nə sahibkarlıq fəaliyyəti üçün alqısatqı yolu ilə 4.000 kv.m. torpaq sahəsi ayrılsa da həmin ərazinin bir hissəsi Cavabdeh tərəfindən qanunsuz zəbt olunub və hazırda da qanunsuz əməllərinə davam edərək ərazini və tikilini boşaltmır, əksinə məhkəmə icraatı dövründə məhkəməyə saxta bələdiyyə sənədi təqdim edərək torpaq sahəsinin Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ona 2005ci il tarixdə ayrıldığını bildirdi. Məhkəmə isə buna tənqidi yanaşmadan iddiaçının Konstitusiyada nəzərdə tutulan mülkiyyət hüququnun pozulmasına şərait yaratmışdır. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən qarşı tərəfin təqdim etdiyi xx.xx.2005-ci il tarixli bələdiyyə qərarına istinad etmiş lakin həmin sənədin hansı mənbədən əldə edilməsinə qiymət verməmişdir. Belə ki, məhkəmə həmin sənədin mötəbərliyini yoxlamadan onu sübut olaraq qəbul etmişdir. Cavabdeh məhkəmə icraatı dövründə məhkəməyə saxta bələdiyyə sənədi təqdim edərək torpaq sahəsinin Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ona 2005-ci il tarixdə ayrıldığını bildirdi. Tərəflərindən 2019cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ünvanlanmış şikayət ərizəsinə baxılarkən Cavabdeh izahatında qeyd etmişdir ki, «hal-hazırda uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun yaxınlığında yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşayır. 2006-cı ildə o, həmin boş torpaq sahəsində tikilmiş olan bir otaqlı kiçik tikiliyə köçərək həyat yoldaşı ilə birlikdə yaşamağa başlamışdır. Sonradan bir övladı olmuş və o, həyat yoldaşından ayrıldıqdan sonra övladı ilə birlikdə yaşamağa başlamışdır. Həmin vaxtdan o tikilinin kimə məxsus olması barədə məlumatı olmamışdır. Sonradan həmin tikiliyə əlavə artırma edərək 3 otaqlı ev düzəltmiş və komunal xətlər çəkdirmişdir. 2019-cu ili aprel yaında Məhəmməd adlı şəxs gələrək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir.» Qeyd edilən xüsusatların əks olunduğu qərarın surəti tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilsə də həmçinin məhkəmə bu qərara istinad etsə də Cavabdeh Polis Bölməsində izahat verərkən «o tikilinin kimə məxsus olması barədə məlumatı olmamışdır.» deməsinə qiymət vermədi və ümumiyyətlə bu faktı müzakirə etmədi. İzahatdan da göründüyü kimi Cavabdeh mübahisəli əraziyə gələrkən artıq orada bir otaqlı tikili olmuş və o həmin ərazini bir otaqlı tikili ilə birlikdə qanunsuz zəbt etmişdir. Bu izahatın müəyyən hissəsi həqiqətə uyğun olsa da bir çox hissəsi yalandır. Belə ki, Cavabdeh həmin əraziyə 2006-cı ildə deyil, 2013-2014-cü il tarixlərdə gəlmişdir. Bu hal bələdiyyə nümayəndələri tərəfindən əraziyə baxış keçirilərkən qonşuluqda yaşayan insanlarla aparılan sorğu-sual zamanı da öz təsdiqini tapmışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X19” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, mütəxəssis rəyindən də göründüyü kimi mübahisəli torpaq sahəsi “X19” Şirkətinin istifadəsinə verilmiş ərazidir. İşdə olan hər iki bələdiyyə qərarı sazişin qanuni statusu alındıqdan sonra verildiyi üçün qanunsuzdur.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayonu X3 nümayəndəsi X7 izahatında qeyd etmişdir ki, cavabdehlə bələdiyyə arasında müqavilə bağlanılmayıb. Torpaq sahəsi "X19" Şirkətinə məxsusdur. İddiaçıya torpaq sahəsi ayrılıb. Cavabdehə ayrılan sənəd qeydiyyatdan keçməyib. Deyilənə görə su qəzası baş verib və sənədlər suya düşüb və əksəriyyəti məhv olub. X10 ərazinin məxsus olmasını onlar (Bələdiyyə) bilmir. Cavabdehdə olan sərəncam bələdiyyədə qeydiyyatdan keçməyib. Güman edirlər ki, həmin zaman dələduzluq halları baş verib. İddiaçıya ayrılan torpaq sahəsi İcra Hakimiyyətinin göstərişi ilə olub. Cavabdeh əlbəttə, həmin tikilini 1 günə tikməyib, müəyyən vaxt sərf edib, 2 mərtəbəli ev tikdirib. İddiaçı buna niyə göz yumub bilmirlər. Dövlət Arxivinin Bakı Filialında olan qərarın nömrəsi və tarixi başqa vətəndaşa aid olsa da, Məmmədli Naili tanımırlar. Cavabdehin sənədi qeydiyyatdan keçməyib və Dövlət Arxivinə göndərilməyib. Bələdiyyə olaraq hesab edirlər ki, onun sənədi saxtadır. Sənəd sonradan hazırlanıb. Cavabdehin vergi ödənişləri ilə bağlı məlumatları yoxdur, onlarda (Bələdiyyədə) yoxdur.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etdi ki, 2009-cu ildə "X19" Şirkəti məhkəmədə onlara (iddiaçıya) qarşı iddia qaldırıb. İddiada 30 oktyabr 2007-ci il tarixli sərəncamın etibarsız hesab edilməsini və MMC-nin 120800 saylı neft quyusunun təhlükəsiz zolağı daxilində inşa edilən qanunsuz tikilinin sökülməsini xahiş etmişdir. "X19" Şirkətinin nümayəndəsi məhkəmədə iştirak etməyib. Məhkəmə qərardad çıxarıb. Qərardaddan şikayət verilməyib. Həmin işdə fotoşəkillər mövcuddur. Qanunsuz tikili dedikdə xanımın bugün yaşadığı yerdir. Ora əvvəl gözətçi otağı olub. Orada başqa tikili yoxdur. Ətrafdakı qonşular da təsdiq edər ki, gözətçi orada otağı olub. Cavabdeh yoldaşı ilə birlikdə gözətçi otağında yaşayıb. Həmin ərazi mühafizə daxilində yerləşmir. İş materiallarında torpaq sahəsinin sxemləri əlavə edilib. Binəqədi Rayonu X3 xx.xx.2005-ci il tarixli 2077 saylı qərarı cavabdehin adına deyil, başqa şəxsin adınadır. Cavabdehin sənədi əsl olsa idi Bakı İnzibati Məhkəməsi qərar qəbul edərdi. Cavabdehin sənədi yoxdur.

15. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16.Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun yerquruluşu planlarının və təsvirlərinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır ( 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan versiya.).

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iddiaçı hazırkı iddiasında Bakı şəhəri X3 xx.xx.2007-ci il tarixli, 1999 saylı sərəncamı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti üçün alqı-satqı yolu ilə verilmiş 4000 kv.m torpaq sahəsində mühafizə üçün nəzərdə tutulmuş tikilinin Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia edərək cavabdehin həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən çıxarılmasını xahiş etmişdir.

24. İşdən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2005-ci il tarixli, 2077 saylı Sərəncamına əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.m torpaq sahəsi alqısatqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh mülkiyyətinə ayrılmışdır.

25. Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2007-ci il tarixli, 1999 saylı Sərəncamına əsasən, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 4000 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti tikintisi üçün "xxxx" MMC-nin mülkiyyətinə ayrılmışdır.

26. Apellyasiya məhkəməsində işə baxılan dövrdə "xxxx" MMC tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbəsi Bələdiyyəsinə qarşı Cavabdeh 300 kv.m torpaq sahəsinin ayrılmasına dair Binəqədi rayonu Binəqədi qəsəbəsi Bələdiyyəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli, 2077 saylı qərarın və bu qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10838/2024 nörməli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin iddiası mümkün sayılmamış, qərardad qanuni qüvvəsini almışdır (2-ci cild, i/v-37) .

28. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10838/2024 nörməli, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunur ki, Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1438/2024 nörməli məktubla bildirmişdir: Binəqədi rayonu, X3 arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli 2077 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin, həmin qərarda vət. Cavabdeh barəsində heç bir məlumat yoxdur. Məktuba Binəqədi rayonu, X3 xx.xx.2005-ci il tarixli 2077 saylı qərarı əlavə edilmişdir. Həmin qərar ilə 600 m2 torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları X8 adına keçirilmişdir.

29. Apellyasiya mərhələsində iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatında qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsi ilə ölçü işləri aparıldıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır.

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Resystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-54261/2025 nörməli məktubla məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əsasən mübahisəli torpaq səhsinə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı ilə birgə texniki baxış keçirildi. İddiaçının fakitki olaraq göstəridiyi 3351.0 kv.m mübahisəli torpaq sahəsinin sərhədləri şərti və mişar daş hasarla işarələnib. Mübahisəli sahə üzərində cavabdehə məxsus 260.0 kv.m torpaq sahəsi bir tərəfdən şərt, üç tərəfdən mişar daş hasarla sərhədlənərək üzərində yaşayış evi inşa olunmuşdur (faktiki olaraq həmin evdə yaşayır). İddiaçının nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsinin bir tərəfindən sxemdə göstərdiyi kimi 0.7m-15.5 m məsafədən yüksək gərginlikli (110kVt) elekrtik hava xətti keçir. İddiaçının nümayəndələri tərəfindən şifahi olaraq cavabdeh tərəfindən göstərilən 260.0 kv.m torpaq sahəsinin iddiaçıya aid ərazi olduğu bildirildi. Bələdiyyə sərəncamına əsasən ayrılmış mübahisəli 4000.0 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən qeyd olunan 260.0 kv.m sahənin həmin əraziyə aid olmasını müəyyənləşdirmək mümkün deyil. -Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “kontrakt sahəsi”-nin hüdudları daxilində yerləşir (Binəqədi Oyl). Sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin xəttinin mühafizə zolağında yerləşir. Sahəyə dair cizgi təqdim edilmədiyindən qeyd olunan sualların cavbalandırılması mümkün olmamışdır. Sahə Dövlət Mülkiyyəti torpağıdır. (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur).

31. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur.

32. Belə ki, iş üzrə əldə edilmiş mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının nümayəndələri yerində baxış zamanı cavabdehin faktiki istifadə etdiyi 260,0 kv.m torpaq sahəsinin iddiaçıya ayrıldığı iddia edilən 4000,0 kv.m torpaq sahəsinə aid olduğunu yalnız şifahi şəkildə bildirmiş, lakin bu iddianı təsdiq edən hər hansı obyektiv sübut, o cümlədən torpaq sahəsinin dəqiq sərhədlərini və yerləşməsini müəyyən etməyə imkan verən yerləşmə cizgisi (sxem), kadastr planı və ya digər rəsmi sənədlər məhkəməyə təqdim edilməmişdir. Bələdiyyə sərəncamına əsasən ayrıldığı iddia edilən 4000,0 kv.m torpaq sahəsinin konkret yerləşməsi müəyyən edilmədiyindən, cavabdehin istifadə etdiyi 260,0 kv.m sahənin həmin əraziyə aid olub-olmamasını dəqiq şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

33. Kollegiya iddiaçının cavabdehə torpaq sahəsinin ayrılması barədə bələdiyyə sənədinin saxta olması barədə dəlilinə münasibtədə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

34. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının cavabdehin adına verilmiş bələdiyyə sənədinin saxta olması barədə irəli sürdüyü dəlil hazırkı mübahisənin predmeti və iddianın hüquqi əsası baxımından həlledici əhəmiyyət daşımır. Belə ki, iddia tələbinin təmin edilməsi üçün ilkin olaraq iddiaçının özünün mübahisəli torpaq sahəsinə münasibətdə qanunla qorunan hüququnun cavabdeh tərəfindən pozulması faktı sübuta yetirilməlidir. İddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi faktını sübuta yetirə bilmədiyi şəraitdə, cavabdehin əldə etdiyi hüquq müəyyənedici sənədin etibarlılığı və ya saxtalığı məsələsinin araşdırılması mübahisənin mahiyyəti üçün hüquqi əhəmiyyət kəsb etmir və bu məsələ üzrə ayrıca hüquqi qiymət verilməsinə zərurət yaranmır.

36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar