Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2210/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1757/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh3" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 925,0 kv.metrlik qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar obyektin bazar qiyməti olaraq ******* (iki milyon üç yüz on iki min beş yüz) manatın, 878750 (səkkiz yüz yetmiş səkkiz min yeddi yüz əlli) manat əldən çıxmış faydanın, 40000 (qırx min) manat mənəvi zərərin, cəmi ******* (üç milyon iki yüz otuz bir min iki yüz əlli) manatın və ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun müştərək qaydada cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən və Cavabdeh3ndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əaaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 925,0 kv.m-lik qeyriyaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi X3ması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004- cü il tarixli, 003962 saylı "Mülkiyyət hüququ haqqında şəhadətnamə" verilmişdir. Bu barədə 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılmışdır. 2014-cü ildə Rusiyada olarkən ona həmin obyektin sökülməsi barədə xəbər vermişlər. Necə ola bilər ki, hüquqi dövlətdə mülkiyyətçiyə xəbər vermədən, onunla razılıq əldə etmədən, kompensasiya ödəmədən əmlakı sökürlər. Sonradan onlar tərəfindən aparılan araşdırma zamanı və Bakı şəhər İcra Hakimiyyətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 6-200 saylı, xx.xx.2016-cı il tarixli məktubundan məlum olmuşdur ki, X5 keçirilməsi ilə əlaqədar "Su idman Sarayı" kompleksinin tikintisi ilə bağlı ünvan 1 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi sökülmüş və onun yerində park salınmışdır. Həmin məktubdan aydın olur ki, tikinti işlərinin xxxxsi ARDNŞ-in Sosial İnkişaf İdarəsi və podratçı isə həmin Şirkətin demək olar ki, keçirdiyi bütün tenderlərin qalibi Cavabdeh3dir. Həmin vaxtdan başlayaraq kompensasiyanın ödənilməsi üçün müxtəlif aidiyyəti qurumlara müraciət etsələr də, hələ heç bir nəticə hasil olmamışdır. Bu isə onun konstitusion hüquqlarının kobud surətdə, qəsdən pozulması deməkdir. Ekspertlərin rəyinə görə mübahisli ərazidə qeyri-yaşayış sahəsinin 1 kv.m-nin dəyəri ən azı 2500 (iki min beş yüz) manatdır. Beləliklə, mülkiyyətində və istifadəsində olmuş əmlakın ən aşağı bazar qiyməti ümumilikdə 925 kv.m x 2500 manat = ******* (iki milyon üç yüz on iki min beş yüz) manat təşkil edir. Həmin ******* manat məbləğ 2014-cü ildə ona ödənilsəydi, göstərilən məbləğ 2015-ci ildə manatın iki dəfədən çox qiymətdən düşməsini nəzərə almasa belə, bu müddət ərzində mülki dövriyyədə ona xüsusilə külli miqdarda gəlir gətirərdi. 2015-ci ildə Mərkəzi Bankın təyin etdiyi ən aşağı uçot dərəcəsi 3 %, 2016-cı ildə ən aşağı uçot dərəcəsi 7%, 2017-ci ildə ən aşağı uçot dərəcəsi 10 %, 2018-ci ildə ən aşağı uçot ərəcəsi 10 %, 2019-cu ildə ən aşağı uçot dərəcəsi 8% olmuşdur. Təkcə 5 (beş) il ərzində rəqəm ən azı 38% -ə bərabərdir. ******* manat /38% = 878750 (səkkiz yüz yetmiş səkkiz min yeddi yüz əlli) manat olmuşdur. Beləliklə, cavabdehlər qeyri-yaşayış sahəsinin dəyərindən əlavə 878750 (səkkiz yüz yetmiş səkkiz min yeddi yüz əlli) manat faiz ödəməlidirlər. Ona və ailəsinə vurulmuş mənəvi ziyanın nəticələri hər hansı bir maddiyatla bərpa edilməsə də, o, dəymiş mənəvi ziyanı 40000 manat (qırx min) məbləğində dəyərləndirir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1757/2020 nömrəli qərardadı ilə iddia tələbinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə aid hissədə məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1757/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, atası hazırda Rusiyadadır və tikili 2004-cü ildən onların olub, 2014-cü ildə sökülüb. Obyektin 1-ci mərtəbəsi kafe kimi işləyib. Sökülən vaxt onların xəbəri olmayıb. Uşağı xəstə olduğu üçün həmin vaxtlar 6 ay xəstəxanada olmuşdur. Onlara qohumlar məlumat verdilər ki, obyekti söküblər. Səbail rayon İcra Hakimiyyətinin nümayəndəliyi onlara dedi ki, söküntünü edən araşdırılır, hətta sənədi olmayan obyektlərə də pul verilir, narahat olmayın. Onları arxayın etdilər. Sonra da onun şikayət məktubları oldu. Qeyri-rəsmi orada işləyən ustalardan öyrənmişdir ki, söküntü işlərini aparan “xxxx” Şirkətidir və məhkəmədə “xxxx”un nümayəndəsi bildirdi ki, ərazi onlara boş vəziyyətdə verilib. Amma ona qeyri-rəsmi bildiriblər ki, söküntü işlərini “xxxx” Şirkəti aparıb. Ona görə də, o Şirkəti cavabdeh kimi qoymuşdur. Kimin sökdüyünü araşdırmaq üçün hər yerə müraciət etmişdir. İş materiallarında ona verilən cavab məktubları da var. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil bildirdi ki, iddiaçı “xxxx” MMC-yə qarşı yalnız mülahizələrini bildirir. MMC-yə podratçı olduğu üçün təmiz, boş ərazi veriblər, ərazidə yalnız abadlıq işləri görmüş, söküntü işləri aparmamışdır. Söküntünü icra etsəydilər əlavə müqavilə bağlanmalı idi. Söküntü işlərinin kim tərəfindən aparıldığı barədə məlumatı yoxdur. İddiaçı hansı yerdən söhbət etdiyi, obyektin harada yerləşdiyi bəlli deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 bildirdi ki abadlıq işləri aparılan sahə podratçıya boş ərazi kimi verilmişdi və müqavilədə hansı işlərin görürlməsi konkret göstərilib. Əgər söküntü işləri aparılsaydı, bunun üçün müqavilə bağlanmalı idi. Hər müqavilədə görüləcək işlərin dairəsi, məbləğ göstərilir. Bir müqavilə bağlanıb. Onlara Bakı şəhəri İcra Hakimiyyəti bildirdi ki, boş ərazidir, söküntü işləri aparılmır. Həmin vaxt tez-tələsik olurdu, telefonla onlara məlumat verilirdi ki, hansı abadlıq işləri aparılsın. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi X3ması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixli, 003962 saylı "Mülkiyyət hüququ haqqında şəhadətnamə"yə əsasən ünvan 1 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının tələbinə əsasən onun xəbəri və razılığı olmadan, heç bir kompensasiya ödənilmədən ünvan 1 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi sökülmüş və onun yerində park salınmışdır. İddiaçı ilk əvvəl ona məxsus obyektin sökülməsi ilə ona 1.387.500 manat kompensasiya məbləğinin ödənilməsini iddia edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək göstərilən məbləğin ona ödənilməsinin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş üzrə həmin məhkəmənin 2-1(81)- 1486/2016 saylı, xx.xx.2016-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Belə ki, İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin söküntüsünün məhz cavabdeh Səbail Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsinə dair məhkəməyə sübut olaraq hər hansı bir sənəd təqdim edə bilməmişdir. Qeyd edilən iş üzrə Səbail rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsindən görünür ki, tərəflərindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X2 keçirilməsi ilə əlaqədar "Su idman Sarayı" kompleksinin tikintisi ilə bağlı üzbəüz Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanda yerləşmiş qeyri-yaşayış sahəsi sökülmüş və onun yerindən park salınmışdır. Həmin yerin abadlaşdırılması və park salınması işləri Cavabdeh3 MMC tərəfindən aparılmışdır... Hazırki iş üzrə isə iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində ona məxsus obyektin sökülməsi nəticəsində ona ziyan vurulmasını iddia etsə də, bu hərəkətlərin həqiqətən də olması, qeyri-yaşayış sahəsinin məhz cavabdehlər (və ya onların göstərişi ilə) sökülməsi faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Araşdırma zamanı tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, “xxxx” olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə “Podratçı” olaraq "Cavabdeh3" MMC arasında Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən binada fasadın və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirilməsi, həyətyanı ərazilərin abadlaşdırılması üçün xx.xx.2015-ci il tarixdə bağlanmış 41, 42, 43 saylı və xx.xx.2015ci il tarixdə 71 saylı Əsaslı Təmir üzrə Podrat Müqavilələrində göstərilən şərtlər əsasında norma və qaydalara riayət etməklə, əvvəlcədən tərtib edilmiş layihə-smeta sənədlərinə uyğun olaraq, Cavabdeh3 şirkəti təmir işlərini nəzərdə tutulan müddətdə yerinə yetirmiş, işlər başa çatdırıldıqdan sonra akt əsasında xxxxyə təhvil verilmiş və görülən işlərin dəyəri müvafiq qaydada "Cavabdeh3" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı məktubundan aydın olur ki, ünvan 1 ünvanında və onun ətrafında həyətyanı ərazilərin abadlaşdırma işləri ilə əlaqədar həmin ərazidə Sosial İnkişaf İdarəsi tərəfindən daşınmaz əmlakın söküntü işləri aparılmamışdır. Həmin ünvanda həyətyanı ərazilərin abadlaşdırma işlərinin aparıldığı sahə SOCAR-ın Sosial İnkişaf İdarəsinə boş torpaq sahəsi kimi ayrılmış və orada heç bir daşınmaz əmlak mövcud olmamışdır. Cavabdeh tərəfin izahatlarından da görünür ki, Cavabdeh2 ilə "Cavabdeh3" MMC arasında müqavilə imzalandığı vaxt, təmir- abadlaşdırma işləri həyata keçirildiyi müddətdə sözügedən ərazi boş sahədən ibarət olmuş, iddiaçının qeyd etdiyi həmin qeyri-yaşayış sahəsi ümumiyyətlə mövcud olmamışdır. Həmin müddətdə sözügedən ərazidə hər hansı bir yaşayış və yaxud da qeyri-yaşayış sahəsi mövcud olsa idi belə imzalanmış müqavilənin şərtlərində söküntü ilə bağlı hər hansı müddəa olmamış və qeyd olunan ünvan 1 ünvanda olmuş 925,0 kv.m-lik qeyriyaşayış sahəsinin sökülməsi üçün şirkətə hər hansı məbləğdə pul vəsaiti ödənilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılarkən Səbail rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində “yerin abadlaşdırılması və park salınması işlərinin Cavabdeh3 MMC tərəfindən aparılmasının” göstərilməsi iddiaçıya məxsus obyektin də məhz şirkət tərəfindən sökülməsi anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və "Cavabdeh3" MMC-yə aid(çünki, Bakı şəhər İcra Hakimiyyətinə aid hissədə icraata xitam verilmişdir) təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdehlər iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehlərin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehlərin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehlərin ona zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin də dəlilləri iddianın qətnamə çıxarılan cavabdehlərə qarşı əsaslı olduğunu təkzib etmişdir. İkincisi, işdə olan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə "Cavabdeh3" MMC arasında bağlanmış Əsaslı Təmir üzrə Podrat Müqavilələrindən də görünür ki, həmin müqavilələrin predmetini Bakı şəhəri Bibiheybət yolu ilə Ə. Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşayış kompleksində binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri, həyətyanı ərazilərinin abadlaşdırılması təşkil edib. Konkret olaraq ünvan 1 ünvanı üzrə, o cümlədən iddia olunan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində abadlıq işlərinin aparılmasına dair cavabdehlər arasında hər hansı bir müqavilə bağlanmasa da digər ünvanlarda da məhz cavabdehlərin söküntü işlərinin həyata keçirdikləri təsdiq olunmur. Bu cür vəziyyətdə onlar törətmədikləri hüquq pozuntusuna görə mülki hüquqi məsuliyyət daşıya bilməzlər. Üçüncüsü, iddiaçının mülkiyyətində qeyd olunan qeyri-yaşayış sahəsinin olması və onun sonradan sökülməsi işin mübahisəsiz halıdır. Mübahisəli hal isə həmin obyektin hansı şəxsin sifarişi və hüquqi marağı əsasında sökülməsidir. İddiaçının iddia etməsinə görə ona məxsus qeyriyaşayış sahəsi X5 keçirilməsi ilə əlaqədar "Su idman Sarayı" kompleksinin tikintisi ilə bağlı sökülmüş və onun yerində park salınmışdır. Demək söküntünün və abadlıq işlərinin qanuni əsaslarla hansısa şəxs, o cümlədən hazırki iddia üzrə cavabdehlər tərəfindən aparılsa belə, bu o demək deyil həmin işləri yerinə yetirən(icra edən) şəxslər hazırki iddiaya cavab verməli olan şəxsdir. Əlbətdə ki, iddiaçı bu cavabdehlərə qarşı hazırki iddianı irəli sürməzdən əvvəl özü üçün bu məsələləri dəqiqləşdirməli və onlara qarşı olan iddiasının nə dərəcədə uğurlu olub-olmayacağını düşünməli idi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 1757/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2210/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2210/2021
29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver