Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2217/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5273/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.327.322 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5273/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 413.870 ABŞ dolları məbləğində borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməyən hissəsində heç bir araşdırma aparmamış, iş üzrə mühüm əhəmiyyətə malik olan şahid ifadələrinə, iş materiallarında olan bir sıra sənədlərə heç bir diqqət yetirməmişdir. Məsələn, iş üzrə şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, “xxxxxx” MMC-yə məxsus dəyirmanda çalışmışdır. Cavabdeh 2010-cu ildən, İddiaçı isə daha öncədən tanıyır. Şahid göstərmişdir ki, İddiaçı tərəfindən dəyirmanın fəaliyyəti ilə bağlı sonuncunun şəxsi vəsaiti hesabına həmin dəyirmanda yem sexi tikilmiş, buğda çəni və elevator qülləsi quraşdırılmışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, şahid ifadələrinə əsasən İddiaçı öz vəsaiti hesabına dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə sərf olunmuş vəsaitlər cavabdeh tərəfindən ona qaytarılmamışdır. Həmin vəsaitlərin qaytarılması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclası zamanı sübutlara baxış keçirilməsi və sübutların təqdim edilməsinə dair şifahi və yazılı vəsatətlərin verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi dəyirmanda tikilmiş yem sexi, orada quraşdırılmış buğda çəni və elevator qülləsinə baxış keçirilməsi üçün tədbirlər görməmiş, sübutlar təqdim edilməsi üçün onlara lazımi şərait yaratmamış, eksptizalar təyin etməmişdir. Halbuki, iddia ərizəsində onların irəli sürdüyü tələblər kifayət qədər əsaslandırılmış və iddia tələblərinin əsaslı və qanuni olmasını təsdiq edən bütün zəruri sübutların mövcud olduğu məhkəməyə bildirilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaq orqanının qərarından başqa digər sübutlara istinad etməmişdir. İstintaq orqanın qərarında isə İddiaçı ifadələrində göstərmişdir ki, 413.870 ABŞ dolları məbləğində pulu X7 olan borcunu qaytarmış və yekunda 164 min manat borcu qalmışdır. Məhkəmə qeyd olunan ziddiyəti aradan qaldıran hər hansı sübutu mülki iş materiallarına əlavə etməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə, cavabdehin izahatını dinləmədən, digər şahidlərin izahatını almadan nəticəyə gəlmişdir. Bu isə mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası DİN Baş İstintaq və X6 cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis kapitanı X3 xx.xx.2018-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, həmin iş cinayət işi materiallarının araşdırılması zamanı şahid qismində dindirilmiş Cavabdeh İddiaçı 413.870 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Həmin borcun 150.000 ABŞ dolları hissəsini sürücüsü vasitəsilə göndərərək ödədiyini bildirsə də, 150.000 ABŞ dolları borcu ödədiyinə dair mötəbər sübutlar təqdim etməmişdir. Buna baxmayaraq həmin qərarda göstərilmişdir ki, həmin pul vəsaiti onların sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuş və aralarında borc münasibətləri olmamışdır. Kollegiya iddia tələbi, eyni zamanda iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə məhkəməyə təqdim edilmiş cinayət işinin rədd olunması barədə xx.xx.2018-ci il tarixli qərar Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbləri dairəsinə daxil olmadığından, yəni qanuni qüvvəsini almış məhkəmə aktı olmadığından, sübut qismində qiymətləndirilə bilməz. İddiaçı isə əsaslandırdığı halları təstiq edən hər-hansı digər sübutu məhkəməyə təqdim etməmişdir. Görüdüyü kimi, cavabdehin iddiaçıya borcunun olması iş materialları ilə sübuta yetirilməmiş və iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qismən ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti rədd edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5273/2019 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti rədd edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5273/2019 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-2217/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2217/2020
18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver