Məhkəmə qərarları › İş №2(103)-2220/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2220/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2220/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dai rmülki iş üzrə Açar sözlər: (əmlaklar və ya dəyərinin ödənilməsi, mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X2 tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(006)-463/2021 saylı qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Yaşadığı binanın sökülməsi ilə əlaqədar iddiaçının ev əşyalarını cavabdeh sataraq pulunu ödəyəcəyini bildirsə də, onun nə əmlakını, nə də pulunu verməmişdir. 2.Buna görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (bir min iki yüz) manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və eləcə də onun hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin yayında yuxarıda qeyd etdiyi ünvandakı binanın sökülüb iki ilə onlara mənzil verilməsi ilə əlaqədar ev əşyalarını satmağı qərara almışdır. Bu ərəfədə, təsadüfən, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi 122 saylı evin birinci mərtəbəsində mebel təmiri edən məhkumluğu olmuş Cavabdeh görmüşdür. Ev əşyalarını satmağı barədə məsləhət almaq istəyərkən əşyaları götürüb, satdıqca pulunu verə biləcəyini söylədi. Mənzili tezliklə təhvil verməli olduqlarından onunla razılaşmışdır. Cavabdeh iyul ayı ərzində bir neçə dəfəyə Elşən adlı sürücü və köməkçi ilə əşyalarını (televizor, yemək stolu və 8 əd. stul, 7 əd. stul (5+2), pufık 2 əd., divan-kreslo 2 dəst (2 divan,4 kreslo), jurnal stolu böyük və kiçik, iki nəfərlik taxt, ölçüləri iki nəfərlik taxt boyda olan ən qalın DSP, paltar dolabı 2 əd.,kompyuter masası,ofis kreslosu böyük və kiçik, mətbəx stolu 3 əd., televizoraltlığı 2 əd., otaq qapısı 3 əd., plastik pencərə, əlüzyuyan) icarəyə götürdüyü ünvana daşımışdır. Mənzili avqust ayında təhvil verdikdən sonra Cavabdeh işlədiyi yerə gedərkən onun və ev əşyalarının orada olmadığını, onun kimi neçə-neçə insana borclu olduğunu evin sahibəsindən, yaxınlıqda yaşayanlardan eşitmişdir. Elə o gündən keşməkeşli günlər başladı. Belə ki, hər dəfə zənglərinə müxtəlif bəhanələr gətirərək pulu bu gün, sabah verəcəyini söyləmiş, dəfələrlə pulu vermək üçün görüş təyin eləsə də, gəlməmiş, zənglərinə cavab verməmiş, artıq bütün variantlardan istifadə etdiyi üçün, sonradan onun nömrəsini bloka atmışdır. Nəhayət, xx.xx.2018-ci il tarixində qohumu əsəbləşdiyini görüb öz telefonundan onun nömrəsini yığıb pulu nə vaxt verəcəyini soruşduqdan sonra, Cavabdeh ona zəng edib Qəbələdə olduğunu, gəlib pulunu verəcəyini bildirsə də, yenə dəfələrlə onu aldatdığından xx.xx.2018-ci il tarixində YRPİ-nin 29-cu Polis Bölməsinə müraciət etmişdir. xx.xx.2018-ci il tarixində pulu vermək istədiyini bildirsə də, bu günə qədər sözünə əməl etməmiş, yoxa çıxmış, yaxınları, anasının dediyinə görə həbs olunmuşdur. Yasamal rayon Pİ-si, 29-cu PB-nə Cavabdeh ona qarşı törətdiyi əməli əsil dələduzluq, AR CM-nin 178-ci maddəsinə əsasən özgə əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə olduğunu dəfələrlə bildirsə də, müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. 5.Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri Cavabdeh alınaraq ona verilməsini: 1 ədəd taxt (2 nəfərlik), 1 ədəd DSP, 2 ədəd divan, 4 ədəd kreslo, 2 paltar dolabı, 3 ədəd qapı, 2 ədəd ofis stul, 5 ədəd stol, 1 ədəd stol, və 8 ədəd stul, 2 ədəd pufik, 1 ədəd pəncərə, 1 ədəd televizor, 1 ədəd kompyuter şkafı, 2 ədəd jurnal stolu, 1 ədəd mətbəx stolu, 2 ədəd televizor altlığı, 1 ədəd əlüzyuyan, böyük və kiçik kreslo və 800 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 oktyabr 2021-ci il tarixli, 2(006)-463/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Cəmilə Musayeva) iddia tələbi qismən təmin edilərək, qətnamədə sadalanan əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyərinin; mənəvi zərərə görə 200 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 27 manatının Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İş materiallarında olan: 7."xxxx" MMC tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, H/01-PLS saylı rəydən görünür ki, 1 ədəd televizor, dəst yemək stolu və 8 ədəd stul, 7 ədəd stul, 2 ədəd pufik, iki divan 4 kreslo, 2 ədəd böyük və kiçik jurnal stolu, 1 ədəd ikinəfərlik taxt, 1 ədəd DSP, 2 ədəd paltar dolabı, 1 ədəd kompüter masası, 2 ədəd ofis kreslosu, 3 dəst mətbəxt stolu, 2 ədəd televizor altlığı, 3 ədəd otaq qpısı, 1 ədəd plastik pəncərə, 1 ədəd əlüzyuyanını qiyməti cəmi 1265 manat qiymətləndirilmişdir. 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, iddiaçının qızıdır. Onların mənzili söküldüyünə görə əşyaların bir qismini satmış, bir qismini isə hədiyyə vermişlər. Cavabdeh onların evinə gələrək, əşyaları pul qazanmaq məqsədilə götürmək istədiyini bildirmişdir. Əşyaları götürsə də, verdiyi sözə əməl etməmiş, hər dəfə gəlib müxtəlif vədlər veməklə anası olan iddiaçını aldatmışdır. Bir dəfə təsadüfən əşya lazım olduğuna görə dükana gedəndə orada öz əşyalarını görmüş və üzərinə müxtəlif qiymətlər var idi. Ümümiyyətlə, cavabdeh 2000 manat ödəməli idi. Həmin məbləğdən heç bir ödəniş edilməmişdir. 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında iddiaçının qonşusu olduğunu, Cavabdeh iddiaçının evinə gəldiyini, mebellərin onun tərəfindən evdən çıxarılmasını gördüyünü bildirmişdir. Əşyaların nədən ibarət olduğunu həmin vaxt onlar da evdən köçdükləri üçün dəqiq yadında olmadığını qeyd etmişdir. 10.İşin məhkəmə tərəfindən araşdırılmış halları ondan ibarətdir ki, cavabdeh əşyaları daha sonra satmaq məqsədilə almış, lakin aralarında olan danışıqlara əməl etmədən nə əşyaları, nə də ki, əşyaların satıldığı halda müqabilində qazandığı pulu iddiaçıya qaytarmışdır. 11.Məhkəmə qeyd etmişdir ki, baxılan mülki işdə iddiaçının tələb etdiyi əşyaların mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Hazırda məhkəmə araşdırması predmeti olan hallar cavabdeh tərəfindən həmin əşyaların iddiaçıdan götürülməsi, yəni bu əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olmasının cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olub-olmaması məsələsi təşkil edir. 12.İş materiallarında şahid ifadələrinin mübahisəli əşyaların cavabdeh tərəfindən alınıb qaytarılmamasını təsdiq edən yeganə sübut olmasına baxmayaraq məhkəmə, cavabdehin iclasın vaxtı barədə SMS və poçt göndərişi (məktub) vasitəsilə lazımi qaydada məlumatlandırıldığını lakin, işin baxılmasında iştirak etmədiyini, həmçinin iddiaçının istinad etdiyi dəlilləri təkzib edən heç bir sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, dəyəri 70 manat olan 1 ədəd taxt (2 nəfərlik), dəyəri 15 manat olan 1 ədəd DSP, dəyəri cəmi 350 manat olan 2 ədəd divan və 4 ədəd kreslo, dəyəri 160 manat olan 2 ədəd paltar dolabı, dəyəri cəmi 150 manat olan 3 ədəd qapı, dəyəri cəmi 30 manat olan 2 ədəd stul, dəyəri cəmi 50 manat olan 5 ədəd stul, dəyəri cəmi 100 manat olan 1 ədəd stol və 8 ədəd stul, dəyəri cəmi 30 manat olan 2 ədəd pufik, dəyəri 200 manat olan 1 ədəd televizor, dəyəri 25 manat olan 1 ədəd kompyuter şkafı, dəyəri cəmi 25 manat olan 2 ədəd jurnal stolu, dəyəri 60 manat olan 1 ədəd mətbəx stolu, dəyəri cəmi 30 manat olan 2 ədəd televizor altlığı, dəyəri cəmi 50 manat olan böyük və kiçik ofis kreslosu cavabdehdən alınıb iddiaçıya verilməli, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onların qeyd edilən dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 13.Məhkəmə, həmçinin qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Həmçinin əşyaların dəyəri ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli H/01-PLs nömrəli mütəxəssis rəyində öz əksini tapan məbləğlər hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Lakin məhkəmə eyni zamanda mütəxəssis rəyində 2 ədəd paltar dolabının qiyməti kimi müəyyən edilmiş məbləğ (20 manat) ilə razılaşmayaraq qeyd etməyi zəruri sayır ki, paltar dolablarının və rəy ilə müəyyən edilməmiş 2 ədəd stulun iddia ərizəsində qeyd edilən qiyməti hazırki bazar qiymətlərinə daha uyğundur. 14.Məhkəmə iddianı “əlüzyuyan və pəncərənin qaytarılması” hissəsində təmin etməyərək hesab etmişdir ki, iddiaçı sözü gedən əşyaların mövcud olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 15.Məhkəmə, iddiaçının özünə məxsus əşyalardan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olması ilə əlaqədar ona dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirmişdir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 221.2-ci maddələrinə, “Maddi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Cavabdeh 2000 (ikimin) manat pul məbləğinin (maddi və mənəvi ziyan daxil ), ödədiyi dövlət rüsumlarının alınıb ona verilməsi və cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə, 01.09; 23.09; xx.xx.2020-ci il və 06.09;04.10;xx.xx.2021-ci il tarixlərində məhkəmə iclaslarında tək iştirak etmişdir. Beləki,hakimə cavabdehin yaşadığı evin söküldüyü və onun harada yaşaması haqqında məlumat olmadığı bildirilən 48 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışını, eləcə də onun faktiki yaşadığı yerdən sorğusunaa verilmiş imtina məktubunu təqdim edib, onun harada yaşadığını şifahi izah edib,hətta xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında ona catacaq bildirişi aparıb anasına verdiyi və onun oğlum həbsdədir, həbsdən çıxandan sonra xanımın pulumu verəcək qeyd etdiyi bildirişin kötük hissəsini hakimə şəxsən təqdim etsə də, e-məhkəmə informasiya sisteminə daxil edilən sənədlərdən cavabdehə aid bildirişlərin sökülmüş evə ünvanlandığı məlum olur, qətnamədə is işə AR-sı MPM-nin 185.5-ci maddəsinə əsasən baxıldığı qeyd olunub.Cavabdehin anasına məhkəməyə yalan məlumat verdiyi üçün məsuliyyət daşıdığını xatirlatsa da o, əvvəllər məhkəmədə xadimə işlədiyini və bütün bunlari bildiyini və həqiqəti yazdığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən xx.xx.2020-ci il tarixli qərardadın düz 11 ay 14 gün ərzində icra olunduğu, qeyd olunan ünvandan isə şirkət və məhkəmənin eyni kücədə,üstəlik də birbirlərinə çox yaxin məsafədə yerləşdikləri məlum olur. Məhkəmə tərəfindən verilən tapşırıqlar müəyyən vaxt ərzində yerinə yetirilməlidir. xx.xx.2021-ci il tarixdə məhkəmə iclasinda hakim ona qiyabi qətnamə çıxara bilməsi üçün ərizəni imzalamağının lazim olduğunu bildirdiyindən köməkçisinin yazdığı ərizəni imzalasa da, hakim ekspert rəyi hazır olmadığından qətnaməni elan edə bilməyəcəyini, günorta telefon zəngindən sonra gəlməyini tapşırsa da,həmin günü köməkçi zəng edib əlavə məlumat veriləcəyini bildirmiş, xx.xx.2021 tarixdə daha iki zəngdən sonra nəhayət ki, xx.xx.2021-ci il tarixdə məhkəmə iclasının günortadan sonraya təyin edildiyi bildirdiyindən xx.xx.2021-ci il tarixində yenidən ərizə ilətam 2000(iki min) pul məbləginin və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılması ərizəsi ilə hakimə müraciət etmişdir. Hakimə sürücü E.X.Məmmədov və ev sahibi Ç.Cahangir oğlunun şahid qismində dəvət edilməsi üçün vəsatət versə də, hakim şahidə cinayət işində bildiriş göndərilir dediyindən, məcbur olub əsas şahidlərin dəsti-xəttləri ilə yazdıqları ifadəsini alıb məhkəməyə poçt vasitəsi ilə göndəmişdir. Qətnamədə şahid ifadələrinin yeganə sübut olduğu qeyd olunur. Halbuki, sürücünün, ev sahibinə izahatlarını, ilkin iddia ərizəsi ilə isə cavabdehin Whatsap mesajlarını və PB-nin cavab məktublarını da təqdim etmişdi. Cavabdehin ona həm maddi,həm də mənəvi ziyan vurduğunu,əmlakını mənimsəməsindən artıq 4 il ötdüyünü, onun iddiaçıya verəcəyi məbləğin ölkədə baş verən bahalaşmalarla əlaqədar dəyərini itirməkdə olduğunu və maddi durumunun pisləşdiyini, ona ödəniləcək pul məbləğinə ehtiyacı olduğunu, tibb müəssəsində ödədiyi qəbzləri də təqdim edərək 2000 manat pulun( maddi və mənəvi ziyan daxil) ödənilməsini xahiş etsə də, bütün bunların əvəzinə qətnamədə iclas katibinin iddiaçının adından yazdığı və ona imzalatdırdığı ərizəyə əsasən mənəvi ziyana görə 800 manat ödənilməsi onun xahişi kimi qeyd olunub.İşə baxılmasında məqsədli olaraq süründürməciliyə yol verilmişdir.Dəfələrlə məhkəmə iclası keçirilsə də,daha sonra iş ekspert rəyinə görə dayandırılmış, qərardadın icrası təcili yerinə yetirilməli olduğu halda rəy məqsədlı şəkildə tələb edilməmiş,iş iddiaçının əərizəsinə əsasən 10 aydan sonra yenilənmiş,nəhayət mürəkkəb olmayan iş üzrə qətnamə bir ildən sonra elan olunmuşdur. Məhkəmə çəkişmə prinsipinı təmin etməmiş,qərarını nəinki özünün təşkil etdiyi hüquqi dəlillərlə əsaslandırmış,hətta iclasın katibinə onun tələbinin əksinə yazdırdığı ərizəyə izmasının alınmasına nail olmuşdur. Məhkəmə cavabdehin iştirakını təmin etməməkdə maraqlı olmuş, işin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. İddiaçı tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış,qətnamədə şahid ifadələrinin yeganə sübut olduğu qeyd edilmiş,qətnamənin əsasina işin halları ilə uyğunlaşmayan, təşkil olunmuş fakt qoyulmuşdur.Qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması sayəsində, iddiaçını aldatmaqla çıxarılmışdır. Beləki, dəqiqləşmə adı altında iddia tələbi dəyişdirilmiş və hətta bunun üçün tədbir də görülmüş,əşyaların qiymətləri məqsədli dəyişdirilmişdir. Dəfələrlə hadisənin iştirakçısı olan şahidlərin çağırılması üçün vəsatət versə də,təmin olunmamış, beləliklə bilərəkdən iddianın müdafiəsində ona çətinlik yaşadılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 152.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 23.Maddə 157.2.Mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 29.Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, cavabdeh əşyaları daha sonra satmaq məqsədilə almış, lakin aralarında olan danışıqlara əməl etmədən nə əşyaları, nə də ki, əşyaların satıldığı halda müqabilində qazandığı pulu iddiaçıya qaytarmışdır. 30.İddiaçının tələb etdiyi əşyaların mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə araşdırması predmeti olan hallar cavabdeh tərəfindən həmin əşyaların iddiaçıdan götürülməsi, yəni bu əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olması, bunun cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması sübutlarla təsdiq olunmuşdur. 31.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 32.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və X7 haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 33.Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 34.X1 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 35.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və X7” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 36.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 37.Göstərilən qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, məhkəmə əmlaklar, həmin əmlaklar olmadıqda dəyərinin tutulması ilə bağlı hissədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. 38.Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə onun xx.xx.2021-ci il tarixdə təqdim edilmiş “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizəsi üzrə işə baxmış, prosessual pozuntu hallarına yol verilməsi müəyyən edilmir. 39.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 40.Kollegiya mənəvi zərərin məbləği ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirablar nəzərə alınmaqla, qətnamə mənəvi zərərin məbləği hissədə dəyişdirilməli, mənəvi zərərin məbləği 650 manat müəyyən edilməlidir. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(006)-463/2021 saylı qətnaməsi mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin, mənəvi zərərin məbləği 650 (altı yüz əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. . Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar