Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2221/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1559/2021 saylı iş üzrə qəbul etdiyi 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə vurduğu zərərlə əlaqədar iddiaçıya dəymiş 3000 (üç min) manat məbləğində olan maddi zərərin, mənəvi ziyan olaraq 10.000 (on min) manat pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2009-cu ildən bəri ona məxsus həmin mənzilə Cavabdeh məxsus mənzildən çirkab suları axıdılır. Belə ki, cavabdehə məxsus olan mənzil ünvan 2 ünvanında yerləşir. Həmin mənzildə hal-hazırda yaşayan cavabdehin atası X2 bu barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər heç bir tədbir görülməmişdir. Hər dəfə iddiaçının mənzilinə su axan zaman mənzili ciddi ziyan görmüşdür. Bu barədə mənzilin qeydiyyatda olduğu 15 saylı Mənzil Kommunal İstismarı Sahəsinə məlumat vermişdir. Onlar tərəfindən hər dəfə mənzilə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Belə ki, hər dəfəsində qonşuluq münasibətlərini və insanpərvəliyi əsas götürərək, dəymiş ziyanı aradan qaldırmışlar. Lakin cavabdeh bundan sui-stifadə edir. Belə ki, mənzilində yerləşən kanalzasiya borularını təmir etmir. Bunun nəticəsində də hər dəfə İddiaçı ziyan dəyir. Hal-hazırda su axma nəticəsində iddiaçıya məxsus olan mənzilin otağının tavan hissəsi yararsız hala düşmüşdür. Həmçinin suyun axıdılması nəticəsində bahalı çilçıraq elektrik qısaqapanması nəticəsində sıradan çıxmışdır. Mənzil hər zaman elektrik qısaqapanması nəticəsində yana bilər. Bu da gələcəkdə baş verə biləcək bədbəxt hadisədən xəbər verir. Cavabdehin qanunsuz və hüquqa zidd davranışı, eləcə də, nəzarət olunması vacib olduğu halda evindən keçən çirkab su borularını qəsdən nəzarətsiz saxlaması və problemin uzun müddət davam etməsi nəticəsində ona 3000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Mənzilə cavabdehin hüquqa zidd və qanunsuz əməlləri nəticəsində maddi ziyan dəyməsini və dəymiş ziyanın ödənilməsini cavabdehdən dəfələrlə şifahi olaraq tələb edilməsinə baxmayaraq, bugünə kimi heç bir nəticə verməmişdir. Ona məxsus olan mənzilə 11 ildən artıq bir müddətdir ki, cavabdeh tərəfindən mütəmadi olaraq maddi ziyan vurulur. Hər dəfəsində, o, cavabdehdən mənzilinə axıdılan suyun qarşısını almasını xahiş etsə də, cavabdeh buna məhəl belə qoymur. Bununla bərabər hələ də ona ziyan vurmaqda davam edir. Bütün bunlar ona və ailəsinə mənəvi olaraq zərbə vurur. Cavabdehin dəfələrlə öz mənzilindən çıxıb arxayın gəzməsi və onlara “nə edirsiz edin!” deməsi onu daha da qıcıqlandıraraq şərəf və ləyaqətimi alçaldır. Həmçinin sonuncu dəfə cavabdeh tərəfindən su axıdılması nəticəsində, qeyd edildiyi kimi elektrik qısaqapanması baş vermiş və bu zaman, o, və qızı bərk qorxmuşdular. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1559/2021 saylı iş üzrə qəbul etdiyi 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə maddi zərərə görə 956,2 manat, mənəvi zərərə görə 300 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1271,2 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 3 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 17 saylı evin 4 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsinin qoyulması, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-qanuni tikinti aparıb, restovrasiya edib, mətbəxi yataq otağı etmişdir. Bu tikintinin təsirindən sonra sızmalar başlamışdır. 100 illik binanın çuqun çirkli su borusuna müdaxilə etmək mümkün deyil. Nəsimi rayonu 15 saylı MKİS-nə şərait yaratmışlar, lakin heç nə edə bilməmişlər. Dəvət etdiyi ustalar sanitar qovşağı olan çuqun borudan sağa və sola dəmir borular lehimləndiyinə yalnız və 3-cü və 4-cü mərtəbədə ləğv olunmasını bildirmişlər. Ekspert müəyyən etməmişdir ki, həmin kanalizasiya xəttləri niyə və hansı təsirlərdən, istismar müddəti nə vaxta kimi olmalıdır. Eyni zamanda, müəyyən olunmalı idi ki, əgər 3-cü mərtəbədən axıntı olsaydı vurulmuş kafellər yaş olardı və yerindən qopmalı idi. Rəydə isə birbaşa göstərilir ki, göz ilə görünən heç bir qüsur aşkar olunmadı. Texniki avadanliqda, heç bir qəza olmamış, yararsız sanitar texniki avadanlıqlardan istifadə edilməmişdir. Mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi halı olmamışdır. Hətta paltaryuyan maşının yerini dəyişib tamam başqa yerə yerləşdirilmişdir. Yəni iradəsindən asılı olmayan hallara görə su sızması olmuşdursa buna görə onlar məsuliyyət daşımırlar. 4-cü mərtəbədən sızmaya görə onların mətbəxin divar kağızları qopmuşdur. Çuqun kanalizasiya xəttindən olan sızma yeri tam dəqiqləşdirilməmişdir. Mətbəx mebelinin altı yəni döşəməsini metlax ilə, divarı kafel ilə bağlayıb, paltaryuyan maşını o hissədən götürmüşlər. Onlardan nə asılıdır isə o işləri görmüşlər. Binaya xələl gətirən müdaxilə edə bilməzlər. Yalnız su sızması tikinti texniki ekspertiza ilə mümkün olub-olmaması müəyyən oluna bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, tərəflərə məxsus mənzillərin yerləşdiyi bina 100 ildən artıq müddətdir ki, istifadədir və mənzillərin qeyri-adi quruluşları vardır, bununla yanaşı iddiaçı tərəf mənzilin içərisində dəyişikliklər edərək, əlavə artırma etmiş və faktiki olaraq mətbəxinin yerini dəyişmişdir. Belə olan halda da cavabdehin mənzilindən su sızmaları olmuşdur, lakin cavabdehin atası iddiaçının evinin tavanını təmir etmişdir. Bundan sonra iddiaçı mənzilinə yenidən artırmalar etmişdir ki, bu dəfə onun evinə su sızmasında cavabdehin günahı olmamışdır. Digər tərəfdən qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin iştirakı lazımi qaydada təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehə məxsus mənzildən onun mənzilinə daimi olaraq su sızmaları olmuşdur. Həmçinin tərəfindən edilmiş dəyişlikər mənzilin texniki pasportunda öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, hal-hazırda da cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıdılır və həmin hallar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 01.09.2020-ci tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 14.05.2009-cu il tarixdə Nəsimi rayon 15 saylı MKİS-nin mühəndisi A.Q. Quliyev, sahə müvəkkili İ.Məmmədov və çilingər R.Qasımov tərəfindən tərtib olunmuş və imzalanmış akta əsasən ünvan 3 ünvanına su sızmasının səbəbi ünvan 4 ünvanında olan sanitar qovşağın nasazlığından qaynaqlanır. İş materiallarında olan 20.06.2015-ci il və 30.11.2020-ci il tarixlərində Nəsimi rayon 15 saylı MKİS-nin rəisi M.M.Əliyev, hesabdarı M.İ.Məmmədov və sahə nəzarətçisi M.M.Əliyev tərəfindən tərtib olunmuş və imzalanmış aktlara əsasən ünvan 3 ünvanına su sızmasının səbəbi ünvan 4 ünvanında olan sanitar qovşağın nasazlığından qaynaqlanır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1708 nömrəli, 16.07.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, mülki iş materiallarında aktların göstəricilərini, cavabdehin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, iddiaçının 03 saylı mənilinin kostruktiv elementləri (divar, tavan və s.) müxtəlif həcmdə qüsurların mövcudluğunu nəzərə alaraq, iddiaçının 03 saylı mənzilinə cavabdehin 04 saylı mənzilindən suyun sızması və sızan suyun səbəbinin cavabdehin mənzilinin sanitar qovuşağının kanalizasiya xətlərində yaranmış nasazlıq olduğu müəyyən edilmişdir. Tədqiq olunan ünvanda yerləşən 04 nömrəli mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 956,2 manat məbləğində müəyyən olunur (Aparılmış tədqiqatın dəyəri: 50 manat). Birinci instansiya məhkəməsi məhz yuxarıda qeyd olunanları əsas götürərək və Mülki Məcəllənin 1096-ci, 1097-ci, 1111-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə mühəndis-texniki ekspertizasın təyin edilmiş və təqdim edilmiş ekspert rəyindən görünür ki, iddiaçının 03 saylı mənzilinə cavabdehin 04 saylı mənzilindən suyun sızması və sızan suyun səbəbinin cavabdehin mənzilinin sanitar qovuşağının kanalizasiya xətlərində yaranmış nasazlıq olduğu müəyyən edilmişdir. Tədqiq olunan ünvanda yerləşən 04 nömrəli mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 956,2 manat məbləğində müəyyən olunur. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi düzgündür və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir, eyni zamanda qeyd edilməlidir ki, ekspert rəyi ilə sızan suyun səbəbinin cavabdehin mənzilinin sanitar qovuşağının kanalizasiya xətlərində yaranmış nasazlıq olması müəyyən edilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının evinə cavabdehin evindən mütəmadi olaraq suyun axıdılması nəticəsində ona mənəvi zərər dəymiş və dəymiş mənəvi zərərin 300 manat məbləğində qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər (yazılı və SMS bildirişlər) göndərilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1559/2021 saylı iş üzrə qəbul etdiyi 11 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamənin “mənzildəki nasazlığın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsindən qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2221/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2221/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver