Məhkəmə qərarları › İş №2(103)-2221/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2221/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2221/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, X16 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X5rşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqları alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyat sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və potentləşdirilməsini təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi, dövlət rüsumu və vəkil xərcinin cavabdehlərdən tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3813/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia edir ki, cavabdehlərdən ümumi dəyəri 148.000 manat olan tibbi avadanlıqlar almış, lakin avadanlıqlara dair sənədlər ona təhvil verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasına idxal olunmuş ümumi dəyəri 148.000 manat olan “Venus İegacy” (P/N, LE24004, S/N 600096), “Zimmer” (D-69231, **********), “Technispa” (SN00186C), “Vip Line” (EV260A) tibbi avadanlıqların (aparatların) ölkəyə idxal olunmuş tibbi avadanlıqların alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, ödəmə tapşırığının, keyfiyyət sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və patentləşdirilməsi təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi və 100.40 (yüz manat qırx qəpik) manat dövlət rüsumunun, 110 (yüz on) manat vəkil ilə müqavilə üçün ödədiyi 500 (beş yüz) manat pulun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “MedEra” hospitalın əməkdaşları Cavabdeh1, Cavabdeh3 və X12 iddiaçını aldadaraq 178.000 manat pulunu mənimsəmişlər, əvəzində isə ona lisenziyası olmayan estetik aparatlar vermişlər. Əri X2 İslam Respublikası vətəndaşıdır və o, hal-hazırda İranda yaşayır. İddiaçı həmin avadanlıqları gömrükdən keçirərək İran İslam Respublikasına apara bilmir. Belə ki, həmin avadanlıqların hansı ölkə tərəfindən idxal olunduğunu təsdiq edən sənədlər, Azərbaycan Respublikasının ərazisinə keçirilərkən təqdim edilmiş gömrük sənədləri və həmin adları qeyd edilmiş avadanlıqların lisenziyaları ona təqdim edilməmişdir. İddiaçı əvvəlcə ona təqdim edilmiş avadanlıqların işlək olduğunu bilsə də o, həmin klinikada işə başlayandan sonra avadanlıqların qüsurlu və nasaz olmasını bilmiş, bu barədə dərhal Cavabdeh1 məlumat vermişdir. Onun tələbi təmin olunmadığından o, bu barədə 2018-ci il tarixdə Binəqədi rayon 5-ci polis bölməsinə şikayət etmişdir. Onun ərizəsi Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Binəqədi RPİ İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Nəriman Atakişiyevin icraatında olmuş, xx.xx.2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Onun şikayəti əsasında həmin qərar ləğv edilərək Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru İlqar Həmidovun icraatında olaraq xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı bildirir ki, həyat yoldaşı İran İslam Respublikasının vətəndaşıdır. 2017-ci ilin mart ayında Binəqədi rayonu Ə.ünvan 1 ünvanda yerləşən Medera Hospitalına xəstə aparmışdır. Həmin hospitalda həyat yoldaşının həmyerlisi İİR-nın vətəndaşı Mohammad Hassani işləyir, hospitalın icraçı direktoru Cavabdeh1 yanına aparmışdır. Söhbət əsnasında Lalə xanım həkim kosmetoloq işlədiyini, onların hər ikisi ona hospitalda həkim kosmetoloq işləməsini təklif edərək 207-ci otaqda işləyəcəyini bildirmişlər. xx.xx.2017-ci ildə kosmetoloq kimi hospitalda işə başlamışdır. Cavabdeh1 ilə arasında olan razılaşmaya əsasən əvvəl gəlirin 60/40 faizi olmaqla işləməyə razılaşmışlar. İddiaçı Cavabdeh1 onunla əmək müqaviləsi bağlanmasını təklif etsə də, sonuncu müqavilə bağlanılacağını demiş, lakin onunla müqavilə bağlanmamış o işə başlamışdır. İddiaçı işə başlayanda hospitala özünə məxsus üztəmizləmə «Beathyinstrument» aparatını da gətirmişdir. İşlədiyi 207 saylı otaqda «Zimmer» və «Mary Cohr» kosmetoloji aparatları olmuşdur, Cavabdeh1 və Mohammad Hassani ona həmin aparatlarla işləməsini, aparatı xaricdən onlara 67.000 ABŞ dollarına gətirildiyini, həmin aparatları ona 48.000 manata verə biləcəklərini söyləmişlər. Lakin o, maddi imkanı olmadığını bildirmişdir. Lalə aparatı bacısı Sevdanın gətirdiyini, onunla danışıb qiymətini 37.000 manata verəcəyini demişdir. Bu söhbətlər olanda həyat yoldaşı X8 da yanında olmuşdur. Lalə və Məhəmmədinin təkidi ilə məcbur olub həmin aparatın pulun 10.000 manatını xx.xx.2017-ci ildə Medera hospitalında Cavabdeh1 otağında Mohammad Hassaninin şahidliyi ilə həyat yoldaşı ilə birlikdə cavabdehlərə vermişdir. xx.xx.2017-ci ildə yenə həyat yoldaşı ilə birlikdə Cavabdeh1 və Mohammad Hassaninin iştirakı ilə 27.000 manat pul vermişlər. O, işləməyə başlayan kimi Mohammad Hassani onunla tanış etdiyi İran İslam Respublikasının vətəndaşı Yunus adlı şəxs ona zəng vurub xarici ölkədən kosmetoloji aparatların gətirildiyini, alğı-satqısı ilə məşğul olduğunu bildirmişdir. xx.xx.2017-ci ildə o, Yunusa 6000 ABŞ dolları ona lazer aparatı gətirməsi üçün vermişdir. O, 6000 ABŞ dollarını əvvələr işlətdiyi Paris gözəllik salonunda Yunusa vermişdir. Lakin, Yunus aparatı gözəllik Salonuna gətirəndə salıb sındırdığı üçün ondan 6.000 ABŞ dolları pulunu geri tələb etmişdir. Hospitalda işləyən zaman Yunus ona zəng edərək sınmış aparatın-əvəzinə əlavə olaraq 17.000 manat verərsə, Çin istehsalı olan yeni lazer «Global İPL» aparatı verəcəyini demişdir. Yunus 6000 dollarını qaytarmadığı üçün məcbur olub razılaşmışdır. Həyat yoldaşı X13 hesabına 14.000 manat pul köçürmüşdür. Yunus həmin aparatı gətirib işlədiyi hospitalda vermişdir. Yunus ora gələndə Məhəmmədi və Lalə ilə tanış olduqdan sonra Cavabdeh1 və Mohammad Hassani ona bildirmişlər ki, Yunusun satdığı aparat keyfiyyətsizdir, yenidən 13.000 manat əlavə edib “Vip Line” aparatı ilə barter üsulu ilə dəyişə bilər. Pulun 11.000 manatını o yenə Cavabdeh1 otağında Mohammad Hassaninin və həyat yoldaşının iştirakı ilə vermişdir. Qalan 2000 manatı gəlirindən çıxmalı idilər. Elə həmin vaxt yenə Cavabdeh1 və Mohammad Hassani 48.000 manata arıqlamaq üçün aparatı ona məcburi aldırmışlar. Həmin aparatı 35.000 manatın həyat yoldaşı ilə birlikdə, Cavabdeh1 bacısı kimi təqdim etdiyi Sevdanın, Məhəmmədinin iştirakı ilə vermişdir. 10-15 gün müddətdən sonra ondan qalan pulunu istəmişlər. O, yenə özü və həyat yoldaşı ilə birgə 11.000 manatı Cavabdeh1 və Mohammad Hassaniyə onların birgə iştirakı ilə Cavabdeh1 iş otağında vermişlər. Qalan 2000 manatı yenə işlədiyi müddətdə gəlirindən çıxmışlar. O, pulları alanda Cavabdeh1 tərəfindən pulun alınması barədə ona qəbz verilmiş və Cavabdeh3 da onlarla birlikdə imza etmişdir. Lakin, sonradan ona Medera hospitalında işlədiyi üçün ona gəlir verilmədiyindən işdən çıxmışdır. İşdən çıxanda ona satdıqları aparatın pulunu geri tələb edəndə onlar ona pulu qaytarmaqdan imtina etmişlər. O da məcbur olub işdən çıxanda aparatı özü ilə aparmışdır. Yunisin, Mohammad Hassaninin, Cavabdeh3 və Cavabdeh1 onu aldadaraq satdıqları 148.000 manat dəyərində olan aparatların ölkəyə daxil olma sənədlərinin, gömrük və sair sənədləri İddiaçı təhvil verməmişlər. Vətəndaş İddiaçı “MedEra” hospitalın əməkdaşları Cavabdeh1, Cavabdeh3 və “MedEra” hospitalın İrandan sifariş verilən dərmanlarını çatdırılmasını təmin edən X12 tərəfindən ona ümumi dəyəri 148000 manat pulunu müqabilində satılmış, Azərbaycan Respublikasına gətirilmiş Tibbi Aparatlarin “VENUS LEGACY” (P/N LE24004, S/N LE600096), “ZİMMER” (D-69231,**********), “TECHNİSPA” (SN00186C),“VİP LİNE PLU”(EV260A) gömrükdən ölkəyə keçirilərkən idxal olunduğu ölkəni təsdiq edən sənədlərin, həmin aparatların Azərbaycanda işlədilməsinə dair verilmiş lisenziyaları və gömrükdən qanuni yolla keçməsini təsdiq edən digər sənədlərin ona təqdim edilməsini və ya həmin sənədləri təqdim etmək mümkün olmadığı halda ona 148.000 manata satılmış aparatları geri qaytararaq onun 148.000 manat pulunun özünə qaytarılmasını məhkəmədən tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3813/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında kosmetoloji avadanlıqların satılması ilə bağlı heç bir müqavilə bağlanmamışdır. İş materiallarından göründüyü kimi tərəflər sadəcə “VENUS LEGACY” kosmetoloji cihazın təhvil verilməsi və təhvil alınması öz imzaları ilə təsdiq etmişlər. İddiaçı cavabdehlər tərəfindən ona satılmış avadanlıqlarla bağlı sənədlərin (ölkəyə idxal olunmuş tibbi avadanlıqları alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin və s.) ona verilmədiyini iddia etsə də (hansı ki məhkəmə iclasında Cavabdeh3 avadanlıqla bağlı bütün sənədlərin iddiaçıya təhvil verildiyini iddia etmişdir), mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərinin yönəldiyi cavabdehlərin ona avadanlıqların sənədlərini verməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci, 600.2-ci, 601-ci, 601.2-ci maddələrinə, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 124.2, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şikayətçi İddiaçı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Nəriman Atakişiyevin xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayətə baxılaraq qəbul edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(001)-5/2022 saylı qərarı sübut kimi nəzərə alınmamış və qiymət verilməmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nəriman Atakişiyevin 04 iyul 2019-cu il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı Oktay qızının iddiası mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüquqi izah edilmişdir. Belə ki, şikayət və iş materialları araşdırılarkən aydın olmuşdur ki, tərəflər arasında mübahisə mülki xarakterli olmuşdur. Mübahisənin mülki xarakterli olduğunu, bu kimi xüsusatların mülki qaydada məhkəmə tərəfindən baxıldığını, bununla da materialda cinayət tərkibi yaranmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə ibtidai araşdırma aparmış şəxs kifayət qədər araşdırma aparmışdır, mümkün ola bilən bütün şəxslərin izahatları alınmış, cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlər yerinə yetirilmiş, sübutlar araşdırılmışdır. İbtidai araşdırma aparmış şəxs tərəfindən həmin şikayət üzrə tərəflərin mülki münasibətlərdə olmasına dair gəldiyi nəticə üzrə əsaslandırma aparılmışdır. Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nəriman Atakişiyevin 04 iyul 2019-cu il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı iddiası mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüquqi izah edilmişdir. Məhkəmədə iddiaçının cavabdehlər tərəfindən onu aldadaraq Əmək Müfəttişliyindən yoxlama gəldiyi üçün ondan iddia tələbində qeyd edilmiş tibbi avadanlıqları Medera Hospitaldan müvəqqəti çıxararaq yoxlama getdikdən sonra həmin avadanlıqları geri qaytarılmasına söz vermələrinə baxmayaraq İddiaçı bir daha həmin klinikaya buraxmadıqları faktı məhkəmədə cavabdehlərin vəkili və nümayəndəsi Xeyrənsə Babayevanın bəli elə bir fakt baş verdiyini etiraf edərək hətta klinkanın 5000 manat cərimə edilməsinə dair etiraf edici izahatlarına heç bir hüququ qiymət vermədiyindən qətnamənin əsaslandırma hissənində qeyd edilməmiş və nəticə işin hallarına gəlmədiyinə əsas verir Proses iştirakçılarının izahatı: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X1 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında tərəflər iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

576. Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Mülki Prosessual Məcəllə:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərdən iddia ərizəsində sadaladığı tibbi avadanlıqların (aparatların) ölkəyə idxal olunmuş tibbi avadanlıqların alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, ödəmə tapşırığının, keyfiyyət sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və patentləşdirilməsi təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsini iddia etsə də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında kosmetoloji avadanlıqların satılması ilə bağlı heç bir müqavilə bağlanmamış aralarında sadəcə “VENUS LEGACY” kosmetoloji cihazın təhvil verilməsi və təhvil alınmasını öz imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərinin yönəldiyi cavabdehlərin ona avadanlıqların sənədlərini verməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verilməsi onun ləvazimatlarının, eləcə də əşyaya aid olan sənədlərin də alıcıya verildiyi mənasına gəlir (Mülki Məcəllənin 568.2-ci maddəsi) və bunun əksini iddia edən tərəf sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olması və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası qiymət verərək onların formal mülahizələrdə ibarət olması qənaətinə gəlir. Belə ki, apelyator şikayətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(001)-5/2022 saylı Qərarı məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş, araşdırılmamış, iddiaçının bu məhkəmə prosesindən əvvəl indiki iddia tələbindəki xahişini vaxtilə polis orqanlarından da xahiş etməsinə qətnamədə heç bir hüquqi qiymət vermədən əsassız qətnamə qəbul etməsini göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, həmin qərar apellyasiya şikayətinə əlavə edilməklə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. İddiaçının qeyd etdiyi kimi istinad edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(001)-5/2022 saylı Qərarı ilə Binəqədi RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru Nəriman Atakişiyevin 04 iyul 2019-cu il tarixli qərarından şikayətçi İddiaçı Otğay qızının verdiyi şikayətin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X14 tərəfindən qəbul edilən 22 fevral 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Qərardan da görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nəriman Atakişiyevin 04 iyul 2019-cu il tarixli qərarı xx.xx.2021-ci ildə Binəqədi rayon prokuroru tərəfindən ləğv edilmiş, əlavə araşdırma aparılması üçün material yenidən Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru İlqar Həmidovun xx.xx.2021-ci il tarixli qərarı ilə “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında yeni Qərar qəbul edilmiş, həmin qərar xx.xx.2022-ci ildə Bakı şəhər Prokurorluğu tərəfindən ləğv edilmiş, xx.xx.2022-ci ildə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X9 icraatına verilmişdir. Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X14 tərəfindən qəbul edilən 22 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərardan da görünür ki, İddiaçı “MedEra” Hospitalın əməkdaşlarından verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərara əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasındakı münasibətlər mülki xarakterli olmaqla X7 tələbi ilə bağlı mübahisələri mülki məhkəmə icraatı qaydasında məhkəmə tərəfindən həll edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə ibtidai araşdırma aparmış şəxs tərəfindən kifayət qədər araşdırma aparılaraq, mümkün ola bilən bütün şəxslərin izahatları alınması, cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlərin yerinə yetirilməsi, sübutların araşdırılması, İbtidai araşdırma aparmış şəxs tərəfindən həmin şikayət üzrə tərəflərin mülki münasibətlərdə olmasına dair gəldiyi nəticə üzrə əsaslandırma aparılmasından sonra toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməklə İddiaçı iddiası mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüquqi izah edilməsi iddia tələblərinin əsasını təşkil edən halların əsaslı olması demək deyildir. Başqa sözlə, həmin qərarda cavabdehlərin iddiaçıya avadanlıqların sənədlərini verməməsini təsdiq edilməsi barədə hər hansı istinad olmadığı üçün bu qərar iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(001)-5/2022 saylı Qərarını qiymətləndirməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, bu qərar iddiaçının tələblərinin əsaslı olmasını deyil, əksinə əsassız olmasının təsdiqidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı bir daha həmin klinikaya buraxmadıqları faktı məhkəmədə cavavdehlərin vəkili və nümayəndəsi Xeyrənsə Babayevanın bəli elə bir fakt baş verdiyini etiraf edərək hətda klinkanın 5000 manat cərimə edilməsinə dair etiraf edici izahatları olub-olmamasından asılı olmayaraq bu hal mövcud olsa belə mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddianın əsaslı olmasına heç bir hüquqi təsiri yoxdur. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan (birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunandan sonra daxil olmuşdur) görünür ki, İddiaçı, Cavabdeh1ı, Cavabdeh3 və X11 tərəfindən Azərbaycan Respublikasına tibbi avadanlıq idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili öz izahatında qətnamədən verdiyi şikayətin dəlillərindən əlavə göstərmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sorğu versə də, cavabını gözləmədən qətnamə çıxartmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılan dövrdə həqiqətən məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sözügedən sorğu verilmiş, sorğuya cavab alınmadan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən halla bağlı həmçinin qeyd edir ki, göstərilən xüsusat apellyasiya şiayətinin dəlillərindən biri olmasa da, kollegiya iddiaçının nümayəndəsini buna dair izahatına qiymət verilməsini zəruri sayır. Həqiqətən də birinci instansiya məhkəməsi işə baxan zaman araşdırılmamış və tədqiq olunmamış sənədi qətnaməsində sadalamışdır. Lakin kollegiyanın qənaətinə görə qətnamə çıxararkən məhkəmənin həmin sənədi qətnamədə əks etdirməsi mahiyyəti üzrə qəbul edilmiş qətnamənin ləğvi üçün hüquqi əsas vermir. Kollegiya daha sonra bu qənaətə gəlir bu prosessual pozuntu o vaxt kobud pozuntu olaraq qətnamənin ləğvi üçün əsas ola bilərdi ki, bu sənəd iddianın təmin olunması üçün əsas yaradan hallardan biri olsun. Lakin sözügedən sənəd iş üçün ümumiyyətlə əhəmiyyət kəsb etməyən sənəd kimi qiymətləndirdiyindən apellyatorun izahatının bu dəlilini əsaslı saymır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlillərini əsassız sayır, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3813/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar