Məhkəmə qərarları › İş №2(103)-2222/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2222/2023

16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2222/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: istehlakçı hüquqları, hava nəqliyyatı, təyyarə bileti, beynəlxalq uçuş reysi, sərnişin daşınması müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı 06 oktyabr 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 19 dekabr 2022-ci il tarixinə saat 07:00 üçün Bakı - Praqa (gediş), 26 dekabr 2022-ci il tarixinə saat 17:10 üçün Praqa - Bakı (qayıdış) reyslərinə aviailetlər əldə almış, biletlərə 454,50 ABŞ dolları məbləğində pul ödəmiş, sonradan əlavə olaraq 216,37 manat ödəniş etməklə 26 dekabr 2022-ci il tarixli Praqa-Baku uçuşunu 02 yanvar 2023-ci il tarixli uçuşu ilə əvəz etmişdir.

2. İddiaçı “X3 Square” otelində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qalmaq üçün otaq rezervasiya etmişdir.

3. 05 noyabr 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı elektron poçt vasitəsilə müraciət olunaraq “19 dekabr 2022-ci il tarixli Bakı-Praqa uçuşunun təxirə salınması” barədə məlumat verilmiş, əlavə olaraq “Biz sizə bileti cəriməsiz başqa tarixə dəyişməyi və ləğv etməyi təklif edirik, yaranmış narahatçılığa görə üzr istəyirik” bildirilmişdir.

4. İddiaçı 11 noyabr 2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə elektron poçt vasitəsilə müraciət edərək uçuş tarixinin təxirə salınmasının səbəbini soruşmuş, ona verilən cavabda bildirilmişdir ki, “Qış cədvəlinə keçidlə əlaqədar, bəzi rəyslər təxirə salınmışdır.

5. İddiaçı 15 noyabr 2022-ci il tarixdə 1182,48 manat ödəniş edərək “X4” aviaşirkətindən 19 dekabr - 26 dekabr 2022-ci il tarixləri üçün Bakı Praqa və Praqa-Bakı reyslərinə uşuş biletləri almışdır.

6. İddiaçı Çexiya Respublikasında qalma imkanı (VİZA) 19 dekabr 2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olmuşdur.

7. İddiaçı "xxxx" QSC-nə aviabiletlər üçün ödəmiş olduğu pul vəsaiti ona geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, maddi zərərin əvəzi qismində 409,35 (dörd yüz doqquz manat otuz beş qəpik) manatın, 30 (otuz) manat dövlət rüsumunun və keyfiyyətsiz xidmətin nəticəsində dəymiş mənəvi ziyan qismində 100 (yüz) manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 06 oktyabr 2022-ci il tarixdə “QY4TPG” saylı sifarişə əsasən cavabdehdən “J2109” saylı 19 dekabr 2022-ci il tarixdə saat 07:00, Bakı - Praqa (gediş), “J2110” saylı 26 dekabr 2022-ci il tarixdə saat 17:10, Praqa - Bakı (qayıdış) avia biletləri əldə etmiş, bunun üçün 454,50 ABŞ dolları məbləğində pul ödəmiş, sonradan əlavə olaraq 216,37 manat ödəniş etməklə 26 dekabr 2022-ci il tarixli Praqa-Baku uçuşunu 02 yanvar 2023-ci il tarixli uçuşu ilə əvəz etmişdir. 05 noyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən ona (rəsmi elektron poçt vasitəsi ilə) “19 dekabr 2022-ci il tarixli Bakı-Praqa uçuşunun təxirə salınması” barədə məlumat verilmiş, əlavə olaraq “Biz sizə bileti cəriməsiz başqa tarixə dəyişməyi və ləğv etməyi təklif edirik” bildirilmişdir. Həmin tarixlərə (19 dekabr - 26 dekabr 2022-ci il) tərəfindən oteldə qalmaq üçün ödəniş olunduğu, həmçinin Çexiya Respublikasına gəlmək imkanının müddətinin (VİZA) 19 dekabr 2022-ci il tarixdən başlayaraq 8 gün təşkil etdiyi və cavabdeh tərəfindən uçuş tarixinin dəyişdirilməsi təklifi onu həm otelə ödədiyi puldan, həm də qalmaq imkanından məhrum etdiyi üçün, əlavə olaraq 1182,48 manat ödəniş edib “X4” aviaşirkətindən həmin tarixlərdə uçuş və qayıdış biletləri almışdır. 11 noyabr 2022-ci il tarixdə cavabdehə elektron poçt vasitəsilə müraciət edərək uçuş tarixinin təxirə salınmasının səbəbini bilmək istədikdə, sonuncu tərəfindən “Qış cədvəlinə keçidlə əlaqədar, bəzi rəyslər təxirə salınıb” bildirilmişdir. Cavabdehə pretenziya qaydasına müraciət edərək, aviabiletinin ləğv olunmasını və dəymiş ziyanın tələb edilməsini xahiş etmiş, lakin cavabdeh pretenziyaya cavab olaraq bir daha “Biz sizə bileti cəriməsiz başqa tarixə dəyişməyi və ləğv etməyi təklif edirik” cavabını vermişdir.

10. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmişdir.

11. Birinci instansiya məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təbəbinin təmin olunmaması qət edilmişdir.

12. Məhkəmə öz qənaətini aşağıda göstərildiyi şəkildə əsaslandırmıdır:

12.1. Tərəflərin izahatlarından aydın oldu ki, iddiaçıya ləğv edilmiş biletin əvəzi olaraq pul şirkət tərəfindən geri qaytarılmış, sonradan iddiaçı başqa şirkətdən bilet almış, hazırda da məhkəməyə müraciət edərək sonradan aldığı biletə görə ona dəyən maddi ziyana görə əlavə 409,35 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona geri qaytarılmasını xahiş edir. 12.2. Cavabdeh tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Bakı-Praqa uçuşu qış cədvəlinə keçidlə əlaqədar ləğv edilmiş və biletə görə iddiaçı tərəfindən ödənilən pulu ona geri qaytarmışdır. İddiaçı hazırda cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulduğunu iddia etsə də, istinad etdiyi bu hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməlidir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 12.3. Məhkəmə iddia tələbinin mənəvi ziyanın iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona cavabdeh tərəfindən keyfiyyətsiz xidmət göstərildiyini iddia edərək ona dəymiş 100 manat məbləğində mənəvi ziyanın geri qaytarılmasını xahiş edir. Halbuki, məhkəmə tərəfindən cavabdehin keyfiyyətsiz xidmət göstərməsi halı aşkar edilməmişdir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Mülki Məcəllənin 21-ci, Mülki Prosessual Məcəllənin 9.1-ci, 9.3-cü, 14.2-ci, 77-ci, 88-ci maddələrinə istinad etmişdir.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır (verilməmişdir).

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

19. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

20. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

21. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

22. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.

23. Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.

24. Maddə 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: 846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; 846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək.

25. Maddə 846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər.

26. Maddə 847.1. Əgər daşıma müqaviləsinin bağlandığı məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, müqavilə həm daşıyıcı, həm də sərnişin tərəfindən ləğv edilə bilər.

27. Maddə 847.2. Müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə xərcləri yarıbayarı çəkirlər. Qalan əlavə xərcləri sərnişin çəkir.

28. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

29. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

41. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

42. İddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, cavabdeh şirkət (daşıyıcı) uçuşdan təxminən 45 gün əvvəl ona bildiriş göndərərək daşıma müqaviləsinin ləğvini və ya dəyişdirilməsini təklif etmiş, iddiaçı da bununla faktiki olaraq razılaşaraq cavabdeh şirkətə ödədiyi məbləği (biletin dəyərini) geri almış, digər daşıyıcı ilə müqavilə bağlamaqla sonuncuya 409,35 manat əlavə ödəniş həyata keçirərək müvafiq daşıma xidmətindən istifadə etmişdir.

43. Bu baxımdan kollegiyanın qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-514/2023 saylı iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar