Məhkəmə qərarları › İş №2(103)-2222/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2222/2024

25.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2222/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: cehiz əmlak, qızıl-zinyət əşyaları, əsassız varlanma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 01.06.2022-ci il tarixdə Cavabdeh ilə X7 arasında nişan mərasimi keçirilmiş, toy mərasimi və nikahın bağlanması 25 iyun 2022-ci il tarixə planlaşdırılmışdır.

2. İddiaçı tərəfindən Cavabdeh toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilmiş, lakin nikah baş tutmamış, münasibətlər pozulmuşdur.

3. İddiaçı X3 anasıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 21a saylı evin 21 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh oğlu ilə nişanlı olduğu ərəfədə öz əmlakını ona məxsus həmin mənzilə yerləşdirmiş, lakin oğlu ilə Cavabdeh arasında nikah baş tutmamış, ailə qurmamışlar. Buna baxmayaraq, Cavabdeh əşyalarını götürmür, özünün ona verdiyi qızılları da qaytarmır. Cavabdeh əşyalarının onun mülkiyyətində olan mənzildə yerləşməsi mülkiyyət hüquqlarını pozur.

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə də müraciət etmiş, Cavabdeh qızıl-zinət əşyalarının - qiyməti 1200 manat olan 750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşlarının çəkisi 0,46 karat olan üzüyün; qiyməti 400 manat olan 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzüyün; qiyməti 7000 manat olan 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplektin (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində ona qaytarılması, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyəri kimi 8600 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilə nişanlı olmuş, nişan mərasimi 01 iyun 2022-ci il tarixdə keçirilmiş, toy mərasimini və nikahın bağlanması 25 iyun 2022-ci il tarixə planlaşdırılmış, lakin nikah baş tutmamış, toy olmamış, münasibət pozulmuşdur. Buna baxmayaraq Cavabdeh Sveta Əzimoav tərəfindən ona verilmiş qızılları qaytarmır.

8. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, planlaşdırılmış nikah ərəfəsində X4 xərclədiyi 27 700 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, onunla X7 arasında nikah olmuş, toy mərasiminin keçirilməsini və rəsmi nikahın bağlanmasını 25 iyun 2022-ci il tarixdə həyata keçirməyi planlaşdırmışlar. O, toy mərasiminin keçiriləcəyinə və rəsmi nikaha daxil olacağına mütləq şəkildə inansa da, toya az müddət qalmış Karl Əzimov rəsmi nikaha daxil olmaqdan imtina etmişdir. Karl Əzimov onu tam şəkildə özünə inandırmış, evlilik vədi ilə onu aldadaraq, ondan müxtəlif vaxtlarda pul istəmiş və ya dəyəri yüksək olan müxtəlif əşyaların alınmasını istəmişdir. Karl Əzimov müxtəlif vaxtlarda ondan maşın almaq üçün 17 000 manat (10 000 ABŞ dolları) məbləğində pul almış, 2400 manat dəyərində “İPhone 12 pro” modelli mobil telefonu, 900 manat dəyərində "Apple watch” saatını aldırmışdır. Bundan başqa, o, restoranın dekoru üçün "Dreamland” şirkətinə 3000 manat, restoran üçün 3600 manat, restoranın bağlatdırılması üçün 500 manat, fotoqraf üçün 300 manat pul xərcləmişdir. Lakin toy ərəfəsində Karl Əzimovun yoxa çıxması onu göstərir ki, o, onu özünə inandırıb aldadaraq əmlakını ələ keçirmək niyyətində olmuşdur.

10. Cəlilabad Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5284/2022 saylı mülki işlə birgə baxılması üçün bu məhkəməyə göndərilmişdir.

11. Sonradan İddiaçı tərəfindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilmiş, iddia tələbi əşyaların çıxarılması hissəsində azaldılmışdır.

12. İddiaçı nümayəndəsi qarşılıqlı iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, X1, o cümlədən Cavabdeh puluna ehtiyacı olmamışdır. Nərmin heç vaxt Karl Əzimova pul verməmiş, xərcləməmiş, əksinə Karl Nərminə pul xərcləmiş, hədiyyələr almışdır. Cavabdeh tələbdə göstərilən qədər pulu da yoxdur, anası ilə kirayədə yaşayır, anası da işləmir. Nərminin məqsədi İddiaçı və Karl Əzimovun hesabına əsassız varlanmaqdır.

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbində göstərilən qızıllar toy üçün Cavabdeh hədiyyə edilmişdi. Lakin toy baş tutmadığından həmin qızıllar İddiaçı qaytarılmalıdır. Qızılların Nərmində olması onun əvvəlki məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapır. Həminin, Nərminin anası ilə İddiaçı arasında telefon yazışmalarında Nərminin anası "qızım qızılları taxıb, güzgüdə özünə baxıb ağlayır” ifadəsini işlətmişdir. Digər tərəfdən, qızılların qaytarılması ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılmış, Cavabdeh qızılların qaytarılması tələb edilmiş, Nərminin polisə gətirdiyi qızıl-zinət əşyaları İddiaçı toy hədiyyəsi kimi ona verdiyi əşyalarla tamlıq təşkil etmədiyindən, qızılların hamısının qaytarılması tələb olunmuşdur. Nərmin isə gətirdiyi qızılları özü ilə aparmışdır. Qızıllar üzərlərində yarlıqları ilə birlikdə hədiyyə edilmiş, İddiaçı qızılları aldığı mağazadakı qiymətlərə uyğun hazırki iddia tələbinin həcmini müəyyənləşdirmişdir. Qarşılıqlı iddiada göstərilənlərlə bağlı heç bir sübut mövcud deyil.

14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi izahat verərək bildirmişdir ki, onda olan məlumatlara görə qızıllar İddiaçı qaytarılmışdır.

15. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı iddiasını qəbul edir, əşyalarını iddiaçının mənzilindən çıxarmağa razıdır. Həqiqətdə İddiaçı əşyaların götürülməsinə maneə yaradır və bunun yalnız ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qaytarılması müqabilində mümkün olduğunu bildirir. Halbuki, qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir və o, həmin əşyaları qaytarmaq niyyətində deyil.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı baldızıdır. Sveta ilə münasibətləri çox yaxındır. Karlla Nərminin həm "həri” mərasimində, həm də nişanında iştirak etmişdir. Toy mərasimi baş tutmadığından, tərəflərin münasibətləri pozulmuş, bundan sonra Sveta Nərminə verdiyi qızılları geri tələb etmişdir. Polisdəki icraat zamanı Nərmin qızılların az hissəsini polisə göstərmək üçün gətirmiş, lakin Sveta qızılları götürməyərək, bütün qızılların qaytarılmasını tələb etmişdir. Nərmin isə gətirdiyi qızılları özü ilə aparmışdır. Sveta tərəfindən Nərminə verilmiş qızıllar bir ədəd təkqaş brilyant qaşlı qızıl üzük, bir ədəd nişan üzüyü, bir dəst komplektdən ibarət olmuşdur.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilk iddiasının təmin edilməsi, qiyməti 1200 manat olan 750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşlarının çəkisi 0,46 karat olan üzüyün; qiyməti 400 manat olan 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzüyün; qiyməti 7000 manat olan 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplektin (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyəri kimi 8600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı "pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı oğlu ilə Cavabdeh arasında nişan mərasiminin olduğu, sonradan toyun baş tutmadığı, tərəflər arasındakı münasibətin pozulması işin aşkar halıdır. İddiaçı Cavabdeh toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verdiyi də işin mübahisələndirilməyən halıdır. Belə olan halda qızılların İddiaçı qaytarılmasını sübut etmə yükü məhz Cavabdeh üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmənin 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir və o, həmin əşyaları qaytarmaq niyyətində deyil.

19. Məhkəmə vurğulamışdır ki, ilk iddia tələbində qızıl-zinət əşyalarının növü, çəkisi, əyarı, qiyməti və s. göstəriciləri qeyd edilmiş, Cavabdeh həmin iddia ərizəsi ilə tanış olduqdan sonra məhkəmə iclasında qızılların ona hədiyyə verildiyini, qaytarmaq niyyətinin olmadığını bildirmiş, qızılların iddia ərizəsində göstərilənlərdən fərqli olmalarını, dəyərinin artıq göstərilməsini və s. mübahisələndirməmişdir.

20. Belə olan halda məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarının əsassız olaraq Cavabdeh tərəfindən İddiaçı qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirdə isə ümumi dəyəri kimi 8600 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

21. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, Cavabdeh 27 700 manat pulu İddiaçı oğlu Karl Əzimova xərclədiyini iddia etdiyi halda, bu pulu hansı əsasla İddiaçı tələb etməsi də məlum deyil. Buna görə də, qarşılıqlı iddia rədd edilməlidir.

22. Məhkəmə hesab etmişdir ki, ilk iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilməli (ödənilmiş) 106 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.7, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81-ci maddələrinə, "Mahmudov Rusiyaya qarşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

25. Şikayət belə əsaslandırılmışdır ki, nikaha girənədək gələcək gəlinə hədiyyə olunmuş qızıl-zinət əşyaları onun öz mülkiyyətidir. Bundan əlavə, iddia predmeti olan qızılların cəmi məbləğinin 8600 manat olması iddiaçının mülahizəsinə əsasən müəyyən edilmiş qiymətlərdir. Bu səbəbdən də işin tam və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli və ekspertin rəyi əsasında qətnamə qəbul edilməli idi.

26. Cavabdeh nümayəndəsi (vəkili) məhkəmə icıasında bildirmişdir ki, qızılzinyət əşyaları Cavabdeh deyil, Nərminin bildirdiklərinə görə, nikah Karl Əzimovun təqsiri üzündən baş tutmamışdır.

27. İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayəinə etiraz edərək bildirmişdir ki, təmsil etdiyi şəxs mübahisəni sülh yolu ilə nizama salmağa çalışmışdır. Sonradan polis orqanına müraciət etmiş, Nərmin qızıl-zinət əşyalarını ora gətirmiş, lakin hamısı olmadığına görə Sveta onları qəbul etməmiş və əşyalar nəticədə Nərmində qalmışdır. Həmin əşyaların Nərmində olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmiş, Nərmin özü də bunu məhkəmənin hazırlıq iclasında etiraf etmişdir. Nikah Nərminin hərəkətlərinə görə baş tutmamışdır. Qızıl-zinyət əşyaları İddiaçı tərəfindən Nərminə bağışlanmamışdır. Həmin əşyalar nikahın bağlanılması üçün verilmiş, lakin nikah baş tutmamışdır.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin “ilkin iddianın təmin edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, həmin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin İddiaçı aid edilməsi qət olunmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

29.1. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgun hüquqi qiymət verməməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. 29.2. Belə ki, hazırkı mübahisə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları ilə deyil, bağışlama ilə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında həll edilməlidir. 29.3. Əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxsin başqa şəxsin hesabına əmlak əldə etməsi ilə yanaşı, bu əmlakı heç bir qanuni əsas və ya müqavilə əsası olmadan əldə etməsi də müəyyən edilməlidir. 29.4. Hazırki halda isə işin faktiki halları ilə müəyyən edilir ki, qızıl-zinət əşyaları iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlanmışdır. Bununla da, cavabdeh həmin qızıl-zinət əşyaları üzərində mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. 29.5. Kollegiya həmçinin qeyd edir ki, nişan mərasiminin keçirilməsi ailənin mütləq qurulmasını ehtiva etmir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Yəni nikaha daxil olma ilə bağlı iddianın qaldırılması və ya onun məcburi icra olunması mümkün deyil. Odur ki, qızıl-zinət əşyalarının bağışlanması zamanı hədiyyə alan qarşısında belə bir öhdəlik müəyyən edilə bilməz. 29.6. Bundan başqa, Mülki Məcəllənin 673.1-ci maddəsində hədiyyə verənin bağışlamaqdan imtina edilməsi əsasları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə belə əsasların mövcudluğu müəyyən edilmir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

31. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilk iddianın rədd edilməsi üzrə gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsaslı və qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, nişan mərasiminin keçirilməsi ailənin mütləq qurulmasını ehtiva etmir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Yəni nikaha daxil olma ilə bağlı iddianın qaldırılması və ya onun məcburi icra olunması mümkün deyil. Odur ki, qızıl-zinət əşyalarının bağışlanması zamanı hədiyyə alan qarşısında belə bir öhdəlik müəyyən edilə bilməz. Bundan başqa, Mülki Məcəllənin 673.1-ci maddəsində hədiyyə verənin bağışlamaqdan imtina edilməsi əsasları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə belə əsasların mövcudluğu müəyyən edilmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır. İşin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, yuxarıda göstərilən qənaətə gələrkən toyun baş tutmaması halını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir. Qeyd edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması səhv tətbiq edilmişdir. Beləliklə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsində müəyyənləşdirilmiş məhkəmə qətnaməsinin qanuni və əsaslı olmalı olması barədə tələbə də cavab vermir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etdiyindən Cavabdeh apellyasiya şikayətinin iddia predmeti olan qızılların cəmi məbləğinin 8600 manat olmasının iddiaçının mülahizəsinə əsasən müəyyən edilmiş qiymətlər olduğu, bu səbəbdən də işin tam və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməli və ekspertin rəyi əsasında qətnamə qəbul edilməli olduğu barədə dəlillərini də araşdırıb hüquqi qiymət verməmişdir”.

d) Təkrar apellyasiya baxışı, izahatlar

32. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) isə Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla apellyasiya şikayətinin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

36. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

40. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

41. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

42. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilkin iddia tələbinin təmin olunması ilə bağlı hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü Cavabdeh qətnaməni yalnız həmin hissədə mübahisələndirmiş, özünün iddia tələbinin təmin olunmaması ilə bağlı hissədən şikayət verməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).

52. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi “750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşlarının çəkisi 0,46 karat olan üzüyün; 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzüyün; 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplektin (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi” tələbi üzrə düzgün nəticəyə gəlmişdir; kassasiya instansiyası məhkəməsi müvafiq iddia tələbi üzrə işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

54. Kassasiya instansiyası məhkəməsinin də vurğuladğı kimi, hazırki apellyasiya baxışının predmeti olan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091ci və 1092-ci maddələri təşkil edir. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması, bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir.

55. Lakin bu halda sübutetmə yükü, yəni cavabdehin onun hesabına sonradan aradan qalxmış əsasla varlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

56. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

57. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

58. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, “750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşlarının çəkisi 0,46 karat olan üzüyün; 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzüyün; 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplektin (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) iddiaçı tərəfindən cavabdehə hədiyyə edildiyinin sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt, yəni sözügedən qızıl-zinyət əşyasının ona hədiyyə edildiyi cavabdeh tərəfindən etiraf olunmuşdur.

59. Cavabdeh, mövcudluğunu etiraf etdiyi qızıl-zinyət əşyalarının iddiaçıya qaytarıldığına dair heç bir sübut təqdim etməmiş, əksinə, birinci instansiya məhkəməsində iştirak etdiyi hazırlıq iclasında bildirmişdir ki, qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir və onları qaytarmaq niyyətində deyil.

60. Bu mənada kollegiyanın qənaətinə görə, göstərilən qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən cavabdehə hədiyyə verildiyi və hazırda cavabdehdə qaldığı biri digərini tamamlayan mötəbər dəlillərlə sübuta yetirilmişdir.

61. Kollegiya, qızıl-zinyət əşyalarının qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, məhkəmə həmin nəticəyə iddiaçının bildirdikləri əsasında gəlmiş olsa da, iddiaçının qeyd etdiyi qiymətlər apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyi əsasında öz təsdiqini tapmışdır.

62. Həmin rəyə görə, 2022-ci ildə əşyaların qiymətləri iddia edildiyi məbləğlərdə olmuşdur, hazırda (2024-cü ildə) isə onların bazar dəyəri 10 800 manat təşkil edir.

63. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır.

65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-281/2023 saylı iş üzrə 20 aprel 2023-cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “qiyməti 1200 manat olan 750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşlarının çəkisi 0,46 karat olan üzüyün; qiyməti 400 manat olan 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzüyün; qiyməti 7000 manat olan 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplektin (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyəri kimi 8600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar