Məhkəmə qərarları › İş №2(103)-2222/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2222/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2222/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2222/2025 (Açar sözlər: kirayə haqqının ödənilməsi) Bakı şəhəri 13 may 2025-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 Hakim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-697/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2020-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət iddiaçıya məxsus əmlakın sökülməsindən sonra həmin qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verəcəyini, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1200 manat kirayə haqqını verməyi öhdəsinə götürmüşdür.

2. 07.08.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 6000 manat borcun olması barədə məlumatlandırmış, borcun tam olaraq 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

3. 07.08.2024-cü il tarixli, 127JRNE24359F2UC nömrəli qəbzdən görünür ki, X2 tərəfindən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul köçürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6.000 manat məbləğində pulun və vəkilə ödənilən 500 manat pulun, bundan əlavə 80 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 2 noyabr 2020-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mülkiyyətçiyə məxsus qeyri yaşayış-sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan faktiki sahəsi 85 kv.m (dövlət reyestr xidmətinin çıxarışında göstərilmiş 60.7 kv.m olan qeyriyaşayış sahəsinin əvəzinə, həmin qeyri-yaşayış sahəsində yerləşən yerdə inşa ediləcək 3cü giriş, 1-ci mərtəbənin, təmirli, 85 kv.m qeyri-yaşayış sahəsini müqavilənin arxasına əlavə olunmuş ümumi planda göstərilən 85 kv.m sahəsi olan, eni 9 metr, uzunluğu 9.4 metr, C.Hacıbəyli küçəsinə çıxışı olan mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüş və yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1200 manat kirayə haqqı ilə razılaşmışdır. Lakin cavabdeh müqavilədə qeyd edildiyi kimi üzərinə götürdüyü öhdəliyini yerinə yetirmir. Məhkəməyə müraciət etmək üçün ilk öncə Cavabdeh MMC-yə pretenziya məktubu göndərərək məktubda ona hər ay ödəniləcək məbləğin yəni son 5 ayın hər ay 1200 manat olmaqla, cəmi 6000 məbləğində pulun cavabdeh tərəfindən iddaçıya ödənilməsi barədə məlumat vermişdir. Pretenziya məktubundan sonra onlar ona hər 10 gündən bir pulu ödəyəcəklərini söz versələr də lakin ödəmirlər.

6. Daha sonra iddiaçının ərizəsi ilə o, əsl İddiaçı ilə əvəz edilmişdir. X2 iddiaçının nümayəndəsi kimi iddianı müdafiə edərək, xəstə olması və müalicəsi ilə əlaqədar xaricdə olacağını bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-697/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus bank çıxarışlarında 2023-cü ilə dair məlumatların əks olunmasına baxmayaraq, tərəf yalnız son 5 ayın pulunu almadığını bildirir. Qarşı tərəf isə məhkəmə iclaslarında təmsil edilmir və mövqeyini bildirmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır və müqavilənin tərəfi kimi cavabdeh üzərinə götürmüş olduğu şərtlərə əməl etməmiş, aylıq iddiaçıya ödəməli olduğu kirayə haqqını 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üçün ona ödəməmiş, nəticədə 3 ay gecikmə kimi ümumilikdə 3600 manat ümumi ödənilməli kirayə haqqı qalmışdır.

9. Tələbin vəkilə ödənilən 500 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə iddiaçının vəkilin göstərmiş olduğu hüquqi yardım ilə əlaqədar təsdiqedici hər hansı hesab, müqavilə və çıxarışı məhkəməyə təqdim etməməsi və sübuta yetirilməməsi səbəbindən təmin olunmasını mümkün hesab etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 77.1, 88, 217.3-cü maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-697/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi işə baxan birinci istansiya məhkəməsi iddiaçının mülki hüquqlarının məhkəmədən kənar müdafiə olunmasının mümkün olmadığına, iddiaçının pozulmuş hüquqlarının başqa yolla bərpa oluna bilməyəcəyinə diqqət yetirməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə icarə haqqı kimi ödənilməli olan 5 ayın icarə haqqının, yəni 6000 manat pil vəsaitinin cavadeh tərəfindən ödənilmədiyini və onun da mübahisələndirilən pul vəsaitini cavabdehdən başqa yolla almaq imkanın olmadığını qeyd etsə də, məhkəmə iddiaçının pozulmuş hüquqlarını tam şəkildə bərpa etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli Bank Respublika ASC-də olan İddiaçı məxsus pul hesabından çıxarış məlumatlarına əsasən 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üçün kirayə haqqı ödənilməmişdir. Lakin iş materiallarından göründüyü kimi ödənilməmiş kirayə haqqı 2024-cü ilin may, iyun, iyul, noyabr və dekabr aylarıdır və məhkəmə mübahisə predmetinin əsasını təşkil edən işin bu halını aydınlaşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi şəxs məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanan müqaviləyə əsasən ödənilməli olan icarə haqqının ödənilməsini xahiş etmişdir. Aprel ayından sonra sentyabra qədər ödəniş yoxdur. 2024-cü ilin oktyabr ayında iş məhkəmədə olan zaman iki ayın ödənişi edilir. Oktyabr və noyabr aylarının pulu ödənilir. Daha sonra isə 17 yanvarda ödəniş edirlər. İddiaçı müraciət edir ki, xəstədir, müalicə olunmalıdır, ona görə də iki ayın ödənişi edilir. 2024-cü ilin May, İyun, İyul, Avqust ayları üçün ödəniş olunmamışdır. Eyni zamanda məhkəməyə müraciət olunduğu dövrdə də ödəniş edilməmişdir. İddiaçı xəstə olmuşdur. Binanın şərikləri arasında razılaşmaya əsasən hər şərik öz üzərinə götürdüyü binada olan şəxslərin aylıq kirayə haqlarını götürməyi öhdəsinə götürür. İddiaçının əmlakının söküldüyü binada şərik başqa şəxs olduqdan sonra həmin şərik bildirmişdir ki, əvvəlki dövrlərə aid ödəniş ona aid deyildir. Bank hesabı çıxarışından görünür ki, may, iyun və iyul ayları üçün ödənişlər olmamışdır. 5 aylıq ödənilməyən icarə haqqı vardır. Bundan başqa vəkil ödənişi onlayn qaydada həyata keçirilmişdir. 500 manat ödəniş olunmuşdur, nəzərə alınmasını xahiş etmişdir. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olanşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnubərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 25.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 28.425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 29.425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 30.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 32.448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 33.448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 35.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 36.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr). 37.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 38.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (218.3-cü maddəsi). 39.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır (385.1.1-ci maddəsi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddianın təmin olunan” hissəsində qismən (prosessual hüquq normaları pozulduğundan) və “iddianın təmin olunmayan” hissəsində tam ləğv edilməli, həmin hissədə də iddia təmin edilməlidir. 41.İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında mülki qanunvericiliyə zidd olmayan özündə Mülki Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əks etdirən müqavilə (qarışıq müqavilə) bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh-şirkət (iddiaçıya məxsus əmlak tərəfindən söküldükdən sonra) təhvil verilmiş qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1.200 manat kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. 42.İş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 43 saylı müqavilə, həmçinin iddiaçının bank hesabına mütəmadi olaraq mədaxil olunan və təyinatı “xx.xx.2020-ci il tarixli, 43 saylı müqavilə üzrə kirayə haqqı” kimi göstərilən 1200 manat məbləğləri əks etdirən bank hesabından çıxarışlar əlavə edilmişdir. İddiaçı sözügedən sübutlara istinad edərək, son 5 ayın pulunu almadığını bildirir, hər ay üçün 1.200 manat olmaqla, cəmi 6.000 məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etdiyi müəyyən edilir.

43. İşə baxan birinci instansiya məhkəməsi pozuntunu qismən qəbul edərək qeyd etmişdir ki, iddiaçı tələbində haqlıdır, çünki müqavilənin tərəfi kimi cavabdeh üzərinə götürmüş olduğu şərtlərə əməl etməmiş, iddiaçıya ödəməli olduğu aylıq kirayə haqqını 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üçün ona ödəməmiş, nəticədə onun 3 ay gecikmə kimi ümumilikdə 3.600 manat ümumi ödənilməli kirayə haqqı qalmışdır. Məhkəmə, iddiaçıya 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üçün ödənilməmiş qalan kirayə haqqının tutulmasını mümkün saymışdır.

44. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, 2024-cü ilin oktyabr ayı üçün kirayə haqqını tutan məhkəmə tərəfindən prosessual hüquq normasının pozulmasına yol verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edən iddiaçı müraciət etməsindən əvvəl cari ilin son beş ayı (may, iyun, iyul, avqust, sentyabr) üzrə ödənilməyən kirayə haqqının cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir.

45. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

46. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.

47. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsində irəli sürülən tələblər ilə əhatə olunmayan məsələ üzrə Mülki Prosessual Məcəllənin 218.3cü maddəsinin tələblərinə zidd olaraq qətnamə qəbul etmiş, yəni iddia tələblərinin hüdudlarından kənara çıxmaqla prosessual qanun pozuntusuna yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edən iddiaçı müraciət etməsindən əvvəl cari ilin son beş ayı (may, iyun, iyul, avqust, sentyabr) üzrə ödənilməyən kirayə haqqının ödənilməsini xahiş etmiş, buna baxmayaraq məhkəmə tələb edilməyən, yəni 2024-cü ilin oktyabr ayı üzrə aylıq kirayə haqqınının tutulmasını əsaslı saymşıdır.

48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-697/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi 2024cü ilin oktyabr ayı üçün 1.200 manat məbləğində aylıq kirayə haqqının tutulması hissəsində ləğv edilməlidir.

49. Bundan başqa iddianın təmin edilməyən hissəsi ilə əlaqədar isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməklə, iddiaçını 2024-cü ilin may, iyun, iyul ayları üçün 1.200 manat məbləğində aylıq kirayə haqqının tutulmasını məhkəmədən tələb etməkdə haqlı olduğunu sayır.

50. Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

51. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş adına olan xx.xx.2023-xx.xx.2025 dövriyyəni əhatə edən "xxxx" ASC-dəki hesabdan çıxarışa əsasən müəyyən olunur ki, hazırda apellyasiya baxışının predmeti olan 2024-cü ilin may, iyun, iyul ayları üzrə xx.xx.2020-ci il tarixli, 43 saylı müqaviləyə əsasən cavabdeh tərəfidnən ödənişlər həyata keçirilməmişdir. Belə ki, istinad olunan hesabdan çıxarışdan - iddiaçıya xx.xx.2024-cü il tarixdə 1200 manat məbləğində edilmiş ödənişdən sonra həmin ilin may, iyun və iyul ayları üzrə ödənişlərin həyata keçirilmədiyi müəyyən edilir. 52.Beləliklə də, cavabdeh müqavilə şərtlərinə əsasən kirayə haqqı ödənişlərini vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 53.Belə olan halda, iddiaçı cavabdehdən aralarında bağlanmış müqavilənin lazımi qaydada icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, aralarında bağlanmış müqavilə üzrə iddiaçının özünə məxsus daşınmaz əmlakı təhvil verməsi cavabdehin həmin qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməsi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1200 manat kirayə haqqını ödəməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 54.Bundan başqa işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət etmək üçün vəkilin göstərdiyi yardıma görə birinci instansiya məhkəməsində - 500 manat məbləğində xərc çəkmişdir. 55.Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 56.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 57.Bu Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 58.Beləliklə, məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edildiyindən iddiaçı tərəfindən məhkəmə məsrəfləri vəkilin göstərdiyi hüquqi xidmət xərcinə görə 200 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin iştirak etdiyi iclasların və məhkəmədə prosessual hərəkətlərin sayı az olmuşdur. Bu baxımdan vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. 59.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-697/2025 saylı, 15 yanvar 2025ci il tarixli qətnaməsi qismən – “iddianın təmin olunan” hissəsində qismən - 1.200 manat (oktyabr ayı üzrə tutulmuş pul) hissəsində ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-697/2025 saylı, 15 yanvar 2025ci il tarixli qətnaməsi qismən - “iddianın təmin olunmayan” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh MMC-dən 3.600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərini təşkil edən 320 manat (dövlət rüsumu olaraq – 80+40 manat; vəkil xərci olaraq– 200 manat) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar