Məhkəmə qərarları › İş №2(103)-2223/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2223/2023

21.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2223/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC yə qarşı «kompensasiyanın, əldən çıxmış faydanın və s. ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006) 381/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Əliyev X5 rayonu, Çarxana kəndində yerləşən 2.2204 ha kənd təsərrüfatı təyinatlı topağın mülkiyyətçisi olmuşdur. “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə 30 milyon manat məbləğində pulun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən ümumi sahəsi 2.2204 ha olan torpaq sahəsinin 0.339859 ha hissəsini 7.423 manat müqabilində alıcı "xxxx" QSCnin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı məxsus Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0.399120 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ləki Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşdüyündən cavabdeh yenidən alqı-satqı müqaviləsinin bağlanmasını təklif etmiş, qiymətləndirici şirkətinin xx.xx.2020-ci il tarixli rəyinə əsaslanaraq həmin torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə isə 148 manat kompensasiya məbləğini Göyçay rayon Notariat Kontorunun "xxxx" ASC-nin Ağdaş filialında olan bank hesabına köçürmüşdür.Hazırda iddiaçı ona dəymiş zərəri və kompensasiyanı tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə 0,399120 ha torpaq sahəsinə görə 39.912 manat, 1098 ədəd alma ağacına görə 109.800 manat, əldən çıxmış faydaya görə 164.700 manat və dəymiş zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya və ailəsinə məxsus olan torpaqları Ləki-Qəbələ dəmir yolunun tikintisi ərazisinə düşmüşdür. İddiaçı kimi onun mülkiyyətində Qəbələ rayonunun Çarxana kəndində 2.22 ha torpaq sahəsi olmuşdur. Ailəsinin gəliri və dolanışığı əsasən bu torpaq sahəsi hesabına olmuşdur. Mülkiyyət hüququ ilə ona məxsus olan bu torpaq sahəsinin 0.339859 ha hissəsi birinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüşdür. Mülkiyyət hüququ ilə ailəsinə məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1224 alma ağacı olmuşdur. Qeyd olunan sahədə 1224 bar verən alma ağacının olmasını: xx.xx.2018-ci il tarixli, Qəbələ rayonunun Çarxana kənd İnzibati Ərazi üzrə nümayəndəsi Rəhim Qubadov, Qəbələ Rayon Hacalı Bələdiyyəsinin sədri İntiqam Dadaşov, Qəbələ Rayon Çarxana kənd sakinləri: Rövşən İsmayılov, İlham Əliyev, Gündüz Bayramov, Ədalət Əliyev və İddiaçı tərəfindən tərtib edilərək imzalanmış Akt da təsdiq edir. Qeyd olunan xx.xx.2018-ci il tarixli Aktın əsli sübut kimi məhkəməyə təqdim edilmişdir. Mülkiyyətində olan Qəbələ rayonunun Çarxana kəndində 2.22 ha torpaq sahəsinin Ləki- Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşən 0.339859 ha üçün "xxxx" QSC tərəfindən ona 7.423 manat məbləğində kompensasiya ödənilmişdir. Bu barədə iddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2019 cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" QSC tərəfindən ona 7.423 manat məbləğində ödənilən kompensasiya: 0.339859 ha torpaq sahəsi üçün torpağın qiyməti kimi 1.224 manat, 126 alma ağacı üçün isə 6.199 manat olmuşdur. Sonradan "xxxx" QSC tərəfindən dəmir yolunun yeri müəyyən hissələrdə dəyişmiş və onun 0.399120 ha torpaq sahəsi ikinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüşdür. "xxxx" QSC tərəfindən ona ikinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüş 0.399120 ha torpaq sahəsinə görə ümumi olaraq 7.103 manat məbləğində kompensasiya təklif olunmuşdur. Qeyd olunan-torpaq sahəsi qanunsuz olaraq taxıl sahəsi kimi qeydə alınmışdır. Halbuki ona məxsus 2,22 ha torpaq sahəsində 1.224 ədəd bar verən alma ağacları əkilmişdir və bütün ağaclar dəmir yolu tikintisi ilə əlaqədar məhv olmuşdur. Onunla "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışda torpaq sahəsi 1.2581 ha göstərilmişdir. Buna səbəb torpağın satılması və bununla bağlı bölgü planında yaranmış dəyişiklik olmuşdur. Hazırkı iddia ərizəsi ilə kompensasiyasını mübahisələndirdiyi 0,399120 ha torpaq sahəsi də Çıxarışda göstərilən 1.2581 ha torpaq sahəsinin içindədir. Təxmini qalan 62-63 sot torpaq sahəsinə yaxın günlərdə ayrıca Çıxarış veriləcəkdir və məhkəməyə təqdim edəcəkdir. Ona təklif olunan kompensasiya Azərbaycan Respublikasının qanunlarına və bazar qiymətlərinə uyğun deyil. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1224 alma ağacı olmuşdur. Birinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə 0.339859 ha torpaq sahəsi, ikinci dəfə isə 0.399120 ha torpaq sahəsi düşmüşdür. Lakin ona dəyən ziyan təkcə bu torpaqlarla əlaqədar olmamışdır. Belə ki, dəmir yolunun çəkilişi ilə və texnikaların hərəkti ilə əlaqədar demək olar ki, İddiaçı məxsus 2.22 ha torpaq sahəsi tam və bu torpaq sahəsində olan 1224 alma ağacı da tamamilə məhv olmuşdur. Bu ağaclardan 126 ağacın qiyməti ödənilsə də, qalan 1098 ağacın pulu hələ də ödənilməmişdir. Bununla da bir ailə əsas gəlirindən məhrum olunmuşdur. İndiki çətin dövrdə, dövlətin sahibkarlara, fermerlərə yardımlar etdiyi bir vaxtda dövlətin adından çıxış edən bir orqanın belə hərəkətləri heç bir halda başa düşülən deyil. Mülkiyyətində olan torpağın dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın, əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə qanunsuz olaraq taxıl sahəsi kimi qeydə alınmışdır. Halbuki ona məxsus 2,22 ha torpaq sahəsində 1224 ədəd bar verən alma ağacları əkilmişdir və bütün ağaclar dəmir yolu tikintisi ilə əlaqədar məhv olmuşdur. Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə onun birinci dəfə 0.339859 ha torpaq sahəsi, ikinci dəfə isə 0.399120 ha torpaq sahəsi olmaqla 73 sot torpaq sahəsi düşmüşdür. 0.339859 sot torpaq sahəsi üçün onların qarşılıqlı razılaşmaları əsasında bu sahədə olan torpaq sahəsinin və ağacların pulu ödənilmişdir (əslində açıq aydın görünür ki, həmin ödənişlər də istinad olunan normativ aktlara və torpağın, ağacların ədalətli bazar qiymətinə uyğun olmamışdır). Lakin, 0.399120 ha torpaq sahəsi üçün torpaq pulu və 1098 ağacın pulu bu günə kimi ödənilməmişdir. Ləki- Qəbələ dəmir yolunun tikintisi ilə əlaqədar 0.399120 ha torpaq sahəsinin hər sotu bu ərazidə ən azı 1000 manat təşkil edir. Bu əsasdan da ona bazar qiymətinə əsasən, torpaq sahəsinə görə 39.912 manat ziyan dəymişdir və bu pul cavabdehdən tutulmaqla ona ödənilməlidir. Dəmir yolunun çəkilişi və texnikaların hərəkti ilə əlaqədar demək olar ki, ona məxsus 2.22 hektar torpaq sahəsi və bu torpaq sahəsində olan 1.224 alma ağacı da məhv olmuşdur. Bu ağaclardan 126 ağacın qiyməti ödənilsə də qalan 1098 ağacın pulu həl də ödənilməmişdir. Hər bir alma ağacının qiyməti ən azı 100 manatdır. 1098 alma ağacı ilə əlaqədar ona 109.800 (1098x100=109.800 manat) manat zərər dəymişdir. Bir alma ağacının yenidən əkilərək bar verən vəziyyətə gətirilməsi üçün on azı 5 il lazımdır. Bir alma ağacı 1 ildə ən azı 30 kq olmaqla və qiyməti orta hesabla 1 manat olmaqla 30 manat gəlir gətirir. 1 ildə 1 alma ağacından orta hesabla ən azı 30 manat xeyir götürülməsi nəzərə alınarsa, 5 ildə 1098 alma ağacında əldən çıxmış fayda 164.700 manat təşkil edir. Azərbaycan Dəmir Yolları QSC tərəfindən Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşən 0.399120 ha torpaq sahəsinə görə 39.912 manat, 1.098 alma ağacına görə 109.800 manat, əldən çıxmış faydaya görə 164.700 manat pul məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Onun Azərbaycan Respublikasının vətəndaşı kimi Ləki-Qəbələ dəmir yolunun tikintisinə heç bir etirazı yoxdur. Lakin, bu dəmir yolunun tikintisi ilə əlaqədar ona dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada və bazar qiymətləri ilə onlara ödənilməlidir və bildiyinə görə bu ödənişlərin edilməsi üçün dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılıb. Mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar müraciətləri, mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəfələrlə şifahi və yazılı müraciətlər etmişdir. Lakin, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şifahi və yazılı müraciətlərinə ya cavab verməmiş, ya da natamam cavab vermiş və beləliklə də mülkiyyət hüquqlarını bərpa etməmişdir. Bu səbəbdən də pozulmuş hüquqqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006) 381/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 48.072 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatı, cəmi 48.076 manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 86 manatının İddiaçı, 14 manatının isə cavabdeh "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işdə sözügedən torpaq sahəsinin Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşməsi, mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasın mövcudluğu (“Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı), tikinti işlərinin həyata keçirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsul olduğu, buna iddiaçının etirazı olmadığı işin mübahisələndirilməyən hallarıdır. Mübahisələndirilən hal cavabdeh tərəfindən təklif edilən kompensasiyanın mülkiyyətin qiymətinə mütənasib (proporsional) olub-olmamasıdır. Məhkəmə araşdırmasının predmeti olan alınmanın təsirinə məruz qalmış əmlaka görə kompensasiya olaraq cavabdehin etdiyi təklifin mütənasiblik prinsipi baxımından iddiaçının “gözləntilərinə” uyğun olub-olmaması barədə məsələ məhkəmənin gəldiyi qənaətə görə aşağıdakı kimi həll olunmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmiş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə istinad edərək 1 sot torpaq sahəsi üçün 29,99 manat olmaqla, 39,912 dot torpaq sahəsi üçün ağlabatan olmayan 1.197 manat məbləğində kompensasiya təklif etmişdir. Halbuki “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun dövlət ehtiyacları üçün alınan əmlakın bazar qiymətinin müəyyən edilməsi qaydalarına aid müvafiq maddələrin tələblərinə görə torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə cavabdehin istinad etdiyi torpaq sahələrinin və əkin bitkilərinə görə əldən çıxan fayda barədə qiymətləndirici şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırki işdə sübut qismində qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/233 saylı eskpert rəyinə əsasən, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 1.500,0 manat, 1 hektar torpaq sahəsinin hazırki real bazar qiyməti isə təqribən 150.000,0 manat məbləğində (1500+1500+1500+1390):4 müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri saymışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin. Beləliklə işdə olan materiallarına əsasən məhkəmə dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalan torpağa görə ödənilməli olan kompensasiya məbləği ilə əlaqədar qeyd etmişdir ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin bazar qiymətinin təqribən 1.000,0 manat məbləğində müəyyən edilməsi ağlabatan, ədalətli və ən əsas iddiaçının-mülkiyyətçinin “gözləntilərinə” tam uyğun (iddia ərizəsində göstərilən məbləğə) hesab edilməli, alınan 0,399120 ha torpaq sahəsinə görə kompensasiya olaraq 39.912 manat iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə cavabdeh tərəfin mübahisəli torpaq sahəsində əkilmiş taxıla (alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya kimi) görə 148 manat kompensasiya məbləğinə münasibətdə iddiaçının hər-hansı etirazının olmadığını nəzərə alaraq hesab etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən təklif etdiyi məbləğdə pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavlər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən qeyd etməyi zəruri saymışdır ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilir. Beləliklə istinad olunan normativ-hüquqi akta əsasən 20% satınalma dəyəri o şəxslərə tətbiq olunur ki, onların əmlakı dövlət ehtiyacları üçün alınır. Məhkəmə qeyd olunan halların mövcudluğunu nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı hazırki mübahisəyə tətbiq edilməli, alınmanın təsirinə məruz qalan torpaq sahəsinin və üzərində əkilmiş taxılın ümumilikdə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla ödənilməlidir (39.912+148*20%=8.012). Məhkəmə iddianın “1098 ədəd məhv olmuş alma ağacına görə pul ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. İddiaçı iddia ərizəsində mülkiyyət hüququ ilə ona məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1.224 alma ağacının olduğuna, dəmir yolunun çəkilişi ilə əlaqədar bu torpaq sahəsində olan 1.224 alma ağacının tamamilə məhv olduğuna, bu ağaclardan 126 ağacın qiymətinin ödənildiyinə, qalan 1.098 ağacın kompensasiyasının hələ də ödənilmədiyinə istinad etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı ona məxsus olan ağacların məhv olmasını, ağacların ərizədə istinad etdiyi miqdarda olmasını, baş verməsi ehtimal edilən zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının məhkəmədə öz təsdiqini tapmayan hallarının müəyyən edilməsini təmin etmək üçün istinad etdiyi dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, hazırki işdə cavabdeh tərəfindən zərərin baş verməsinə səbəb ola biləcək qanuna zidd hərəkətə (hərəkətsizliyə) yol verilməsi faktını iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə (xx.xx.2018-ci il tarixli akt, X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt, X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt) əsasən müəyyən etmək mümkün olmamışdır. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ rayonu Çarxana kəndində yerləşən fərdi torpaq sahəsinin məhkəmə işi ilə əlaqədar verilən ərazisinin “Azersky” peykindən 2018, 2019 və 2020-ci illərə aid arxiv peyk təsvirlərinin müqayisəli təhlili nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsində 2018 və 2019-cu ilin noyabr ayının təsvirlərində qazıntıdan əvvəl torpaq sahəsinin şərq sərhədində bir ağacın mövcudluğunun göründüyünün, lakin 2020-ci ilin sentyabr ayının təsvirində qazıntı nəticəsində ağacın kəsildiyinin müşahidə edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə cavabdeh tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn (alma ağaclarına görə) əldən çıxmış faydanın hesablanması ilə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə, iddiaçının özünə məxsus torpaq sahəsinin düzgün qiymətləndirilməməsi, buna görə məhkəmə çəkişmələrinə məruz qalması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul etmişdir, lakin əsas tələblər qismən təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Qətnamədən narazı qalan cavabdeh təşkilat tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı obyektiv həqiqəti əks etdirmir. Belə ki, iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 10/1527 saylı ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ekspert mübahisəli torpaq sahəsinin qiymətini torpağın yerləşdiyi Qəbələ rayonunda olan bazar qiyməti ilə deyil, Zaqatala rayonunda yerləşən torpaq sahələrinin bazar qiymətlərinə əsasən müəyyənləşdirmişdir. Bu hal ekspert rəyinə əlavə edilmiş Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlarından çıxarışları ilə təsdiq olunur. Məhkəmə - əmtəəşünaslıq ekspertizasını keçirən qurum məhkəmənin qoyduğu tələbə riayət etmədən torpağa yuxarı qiymət qoymuşdur. Təəssüflər olsun ki, işə baxan hakim bu mühüm xüsusata heç bir əhəmiyyət verməmiş, həqiqətə zidd olan ekspert rəyini sübut kimi qəbul etmiş və torpağa 39.912,00 manat kompensasiya məbləği müəyyən etmişdir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/233 nömrəli və xx.xx.2022-ci il tarixli 9/5584 nömrəli iş üzrə olan ekspert rəylərində istinad olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X11 Mərkəzinin xx.xx.2022-ci il tarixli 01 nömrəli mütəxəssis rəyindən görünür ki, Qəbələ rayonunun, Çarxana kəndində yerləşən 1 (bir) hektar torpaq sahəsinin real bazar qiyməti 4000-6000 manat arasında dəyişməklə təşkil edir. Həmçinin 39.912,00 manat kompensasiya kifayət qədər böyük məbləğdir, həmin torpağın bazar dəyərindən qat-qat yuxarıdır. Ona görə də orta hesabla 1 (bir) hektarın dəyəri 5000,00 manat məbləğində olduğu halda sahəsi 39 sot olan torpaq sahəsinə hesablanmış 1197,00 manat məbləği bazar qiymətlərinə tam uyğundur, lakin bu hala məhkəmə tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa İddia ərizəsindən göründüyü kimi iddiaçının əkilən taxıla görə və hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqqın ödənilməsi barədə cavabdehə qarşı heç bir iddia tələbi olmamışdır. Lakin buna baxmayaraq məhkəmə iddiaçının tələblərindən kənara çıxaraq qanunsuz olaraq qeyd edilən məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun:

3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyacıdır. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsinin Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşməsi, mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasın mövcudluğu (“Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı), tikinti işlərinin həyata keçirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsul olduğu, buna iddiaçının etirazı olmadığı işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı isə - cavabdeh tərəfindən təklif edilən kompensasiyanın mülkiyyətin qiymətinə mütənasib olmamasıdır. Hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, ekspert mübahisəli torpaq sahəsinin qiymətini torpağın yerləşdiyi Qəbələ rayonunda olan bazar qiyməti ilə deyil, Zaqatala rayonunda yerləşən torpaq sahələrinin bazar qiymətlərinə əsasən müəyyənləşdirmişdir. Bu hal ekspert rəyinə əlavə edilmiş Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlarından çıxarışları ilə təsdiq olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasını keçirən qurum məhkəmənin qoyduğu tələbə riayət etmədən torpağa yuxarı qiymət qoymuşdur. Həmçinin mütəxəssis rəyindən görünür ki, Qəbələ rayonunun, Çarxana kəndində yerləşən 1 (bir) hektar torpaq sahəsinin real bazar qiyməti 4000-6000 manat arasında dəyişməklə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X12 Mərkəzinin xx.xx.2022-ci il tarixli 01 saylı məktubundan müəyyən edilir ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 01 ha torpaq sahəsinin bazar qiyməti 4000- 6000 manat arasında dəyişə bilər. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 01 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təxminən 1500 manat, 1 ha torpaq sahəsinin hazırki real bazar qiyməti təxminən 150.000 manat məbləğində (1500+1500+1500+1390):4 kimi müəyyən edilir. Bununla yanaşı işin faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində Qəbələ rayonu, Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsi olmuşdur. Həmin torpağın 0,339859 ha sahəsi Ləki-Qəbələ birxətli dəmir yolunun tikintisi gedən əraziyə düşmüş, buna görə Azərbaycan Dəmir Yolları tərəfindən torpaq sahəsinə görə 7423 manat, 126 ədəd alma ağacına görə 6199 manat, cəmi 13622 manat məbləğində kompensasiya məbləği ona ödənilmiş və xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Sonradan “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi” layihəsinin tikintisində zəruri dəyişikliklər edilmiş, layihənin altına daimi və müvəqqəti olaraq düşən torpaq sahələri müstəqil qiymətləndirici şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə qiymətləndirilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən 0,399120 ha torpaq sahəsi layihə altına düşmüş və nəticədə həmin torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə 148 manat kompensasiya məbləği Göyçay rayon Notariat Kontorunun "xxxx" ASC-nin Ağdaş filialında olan bank hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən təklif edilən kompensasiya məbləği, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X12 Mərkəzinin xx.xx.2022-ci il tarixli 01 saylı məktubunda qeyd olunan məbləğ, eləcə də birinci instansiya məhkəməsinə təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunan məbləğlər arasında nəzərə çarpacaq qədər fərqlər olmuşdur. Eyni zamanda istinad edilən ekspert rəyinə “Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlar” əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müəyyən edilmiş məbləğlər arasında ziddiyyət olduğundan eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyinə başqa ərazidə yerləşən torpaq sahələrinə dair internet resurslarında olan elanlar əlavə edildiyindən, həmin rəyin əsaslı olmasına dair şübhələr olduğundan apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 2,22 ha torpaq sahəsinin bazar dəyərinin və Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən torpaq sahələrinin 0.1 ha-nın hazırki real bazar dəyərinin nə qədər təşkil etməsi kimi sual qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli 10/2945 saylı rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən mübahisə predmeti olan torpaq sahəsinin 0.01ha (1sot)-nın hazırki orta bazar qiyməti təqribən 1450 manat (1200+1300+2000+1300)/4) məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilmişdir). Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinin ümumi sahəsinin 2.22ha (222sot) təşkil etdiyini nəzərə alaraq həmin həmin torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 319000 manat (222sot x 1450manat) məbləğində müyyən olunur. Beləliklə Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 2.22 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 319000 manat (222sot x 1450manat) məbləğində müyyən olunur. Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən torpaq sahələrinin 0.1 ha-nın hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 14500 manat (1450manat x 10sot(0.1ha)) məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası təqdim edilmiş ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, hazırki rəydə Qəbələ rayonu ərazisində yerləşən torpaq sahələrinin internet resurslarında olan elanlar əlavə edilməklə araşdırma aparılmış və sözügedən torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 319000 manat (222sot x 1450manat) məbləğində və Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən torpaq sahələrinin 0.1 ha-nın hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 14500 manat (1450manat x 10sot(0.1ha)) məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspertizanın nəticələri ilə Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 1.500,0 manat, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələri ilə isə 1450 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin məcburi olmamaqla rəyə digər sübutlar yanaşı hüquqi qiymət verilməsinə dair prosesual normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin bazar qiymətinin təqribən 1.000,0 manat məbləğində müəyyən etməsi həm iddiaçının tələbinə uyğun, həm də ağlabatan, ədalətli və ən əsas iddiaçınınmülkiyyətçinin “gözləntilərinə” tam uyğun (iddia ərizəsində göstərilən məbləğə) hesab edilməklə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, 39 912,00 (otuz doqquz min doqquz yüz on iki) manat kompensasiya kifayət qədər böyük məbləğ olmaqla torpağın bazar dəyərindən qatqat yuxarı olması və ona görə də orta hesabla 1 (bir) hektarın dəyəri 5 000,00 (beş min) manat məbləğində olduğu halda sahəsinin 39 (otuz doqquz) sot olan torpaq sahəsinə hesablanmış 1197,00 (bir min yüz doxsan yeddi) manat məbləği bazar qiymətlərinə tam uyğun olmasına dair apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsi alınan 0,399120 ha torpaq sahəsinə görə kompensasiya olaraq 39.912 manat vəsaitin iddiaçıya ödənilməsi barədə gəldiyi nəticəsi işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin - iddia ərizəsindən göründüyü kimi iddiaçının əkilən taxıla görə və hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqqın ödənilməsi barədə cavabdehə qarşı heç bir iddia tələbi olmaması barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi bu halda gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavlər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının tələbində bazar qiymətinin 20 faizi miqdarında əlavə haqqı tələb etməsə belə birinci instansiya məhkəməsinin həmin məbləği cavabdehdən tutması prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Çünki qanunvericiliyə əsasən hakim müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər və hazırki vəziyyətdə də sözügedən torpaq sahəsinin Ləki- Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşməsi, mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasın mövcudluğu (“Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı), tikinti işlərinin həyata keçirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsul olduğu, buna iddiaçının etirazı olmadığı işin mübahisələndirilməyən halları olduğundan, eləcə də, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndində dövlət ehtiyacları üçün alınana daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilməsi öz əksini tapdığından birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuş, başqa sözlə, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə gedişi dövründə iddia həcminin artırılması barədə ərizə verilməsindən asılı olmayaraq yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinin məzmunu imperativ olduğu üçün hazırki mübahisəyə tətbiq edilməsi zəruri olduğundan cavabdehin apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manatı cavabdeh "xxxx" QSC-dən tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006) 381/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manatı cavabdeh "xxxx" QSC-dən tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar