Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2223/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 aprel 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh 07 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 01 oktyabr 2019-cu il təvəllüdlü Güntən və 18 oktyabr 2021-cı il təvəllüdlü Mənsurə adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqların analarının himayəsində saxlanılması və uşaqlar 18 yaşına çatanadək onların saxlanılması üçün Cavabdeh aliment tutulması qət edilmişdir.
2. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1580/2023 saylı qətnaməsi ilə “Audi A7” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı, 2018ci il buraxılışlı, WAUZZZF22KN063582 ban nömrəli avtomobil üzərində İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında rəsmi nikah dövründə əldə olunmuş “AUDİ A7” minik markalı **-DL-*** dövlət nömrə nişanlı, AD730338 nömrəli xx.xx.2020-ci il tarixli şəhadətnaməsi olan 2018-ci buraxılış illi qara metallik rəngli, ban nömrəsi WAUZZF22KN063582 olan nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 (qırx doqquz min yeddi yüz əlli) manat pul vəsatinin, həmin məbləğə görə ödədiyi 239,25 manat dövlət rüsumunun və 300 manat vəkilin xidməti haqqına dair ödədiyi vəsaitin cavabdehdən alınmaqla ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi icraya yönəldilmiş olsa da, indiyə qədər icra olunmamışdır. Avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq indiyə qədər cavabdeh tərəfindən idarə olunmaqda davam etdirilir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2(001)-996/2025 saylı qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin əsasını təşkil edən avtomobil üzərində tərəflərin 1/2 hissədə payları, habelə həmin avtomobilin dəyəri artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit olunmuşdur. Hazırda isə iddiaçı əmlakdan düşən payına uyğun onun dəyərini tələb edir. Hazırda iddiaçının birgə nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 manat məbləğində pul vəsatini cavabdehdən tələb etmək hüququ vardır.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220, 225-ci, Ailə Məcəlləsinin 32.1, 32.3, 36.1, 37.1-ci maddələri, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 6.18, 6.19-cu bəndlərinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yəni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu məbləğ avtomobilin dəyərinin yarısı kimi nəzərdə tutulmuşdursa, iddia tələbində avtomobilin dəyərinin bölünməsi deyil, avtomobilin bölünməsi göstərilmişdir. Digər tərəfdən, avtomobil faktiki olaraq cavabdehin istifadəsindədir, cavabdeh tərəfindən satılaraq dəyəri mənimsənilməmişdir. Belə olan halda iddiaçı avtomobilin açıq hərracdan satılaraq dəyərinin paylara uyğun bölünməsini tələb edə bilərdi ki, hazırkı iddia tələbində də bu tələb mövcud deyil. Digər tərəfdən, avtomobilin dəyəri hazırki mübahisənin predmeti olmadığından, onun müəyyənləşdirilməsi üçün iddiaçı tərəfindən müstəqil qiymətləndiriciyə ödənilmiş pulun cavabdehdən tutulmasına heç bir əsas yoxdur. Göründüyü kimi, digər iş üzrə məhkəmə 49750 manat pul tələbinə acıq-aydın öz fikrini bildirmişdir. Nə həmin tələbi təmin etmiş, nə də ki, "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli rəyə hüquqi qiymət vermişdir. Belə olan halda, indiki iddia tələbində məhkəmənin həmin rəyə istinad etməsi və bu formada iddianı təmin etməsi anlaşılan deyildir, məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli mütəxəsis rəyini digər işdə İddiaçı özü təqdim etmişdir, lakin hakim həmin rəyi sübut kimi qəbul etməmişdir. Lakin indi isə həkim həmin qəbul olunmamış mütəxəssis rəyinə istinad edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 12.İddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13.Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
14.Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
15. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı:
Bənd 6.18. Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Bənd 6.19. Paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir.
Apellyasiya baxışının hədləri 16.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin ləğv olunmasını xahiş etməklə onu tam həcmdə mübahisələndirir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi rədd edilməlidir. 19.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. 20.Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. 21.İddiaçının tələbi avtomobilin ekspert rəyində göstərilmiş məbləğin yarısını, yəni 49750 manatın cavabdehdən alınması barədədir. 22.İddiaçı tələbini Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin başqa bir iş üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli qətnaməsi ilə avtomobil üzərində tərəflərin hər birinin 1/2 hissədə payının müəyyən edilməsi, cavabdehin isə həmin paya uyğun vəsaiti iddiaçıya ödəməməsi ilə əsaslandırır. 23.Birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslı olması barədə qənaətə gəlmişdir. 24.Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsi paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verildiyini, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bildiyini müəyyən etmişdir. 25.Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə Mülki Məcəllənin 221ci maddəsinin tələbinə uyğun həll olunmalıdır. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. 26.Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır. 27.Kollegiya cavabdehin mübahisəli əmlak üzərində mülkiyyət hüququnu davam etdirmək niyyətində olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi hazırkı formada təmin edilə bilməz. Belə ki, iddiaçı ilk növbədə payçının mülkiyyət hüquqlarının qorunması məqsədilə avtomobilin qapalı hərracda satılması, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılması barədə tələb irəli sürməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 29.MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş “AUDİ A7” minik markalı **-DL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (dəyəri 99.500.00 manat təşkil edən) dəyərinin ½ hissəsi həcmində 49750 (qırx doqquz min yeddi yüz əlli) manat pul vəsatinin, həmin məbləğə görə ödədiyi 239,25 manat dövlət rüsumunun və 300 manat vəkil xidmətinə görə ödədiyi vəsaitin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.