Məhkəmə qərarları › İş №2(103)-2229/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2229/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2229/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs qismində "xxxx" ASC, X14, X15, X9 cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X16 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs qismində "xxxx" ASC, X14, X15, X9 cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4262/2023 saylı 12 dekabr 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredi müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350000 (üç yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq X15 ilə bank arasında eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi ev 3 mənzil 15, X6 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi ev 5 mənzil 31, ünvan 1 ünvanda yerləşən 0.05 ha orpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin iddiaçıborc alanın xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən zamin X14 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehliyi üzərinə götürmüşdür.

2. İddiaçı müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürsə də, sonradan üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödəməli olduğu kredit məbləğini 90 təqvim günündən çox müddətdə banka ödəməkdən yayınmış, nəticədə "xxxx" ASC iddiaçının öhdəliyinin icrasını təmin etmək məqsədilə icra qeydinin verilməsi üçün Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı ("xxxx" ASC, X14, X15, X9 üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən “AĞ ŞƏHƏR TAKSİ MMC” barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredi müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350.000 (üç yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq X15 ilə bank arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi ev 3 mənzil 15, X6 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi ev 5 mənzil 31, ünvan 1 ünvanında yerləşən 0.05 ha orpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişlər.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4262/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Notariat ofisi isə maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMC-yə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs, Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır.

7. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Express Mail Service”in TA006459611AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində imza edilmişdir. Qəbul edənin soyadı göstərilməmişdir.

8. Eyni zamanda qeyd edilmişdir ki, borclu və ipoteka qoyanlara təqdim olunan bildirişlərdə borc məbləğləri arasında fərqlər mövcud olmuşdur. Belə ki, ipoteka qoyan X11 və X4 göndərilən bildirişlərdə xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 245.811,09 manat məbləğində borclu olmaları, borclu X12 göndərilən bildirişdə isə xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 246.036,04 manat məbləğində borclu olması qeyd edilmişdir

9. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a; “İpoteka haqqında” Qanunun 36.1 və 36.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4262/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə qətnaməsini onunla əsaslandırır ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır, Notariat ofisi isə maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMC-yə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan zaminlik müqaviləsi, üçüncü şəxs, Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” təqdim edilmədən icra qeydini aparmışdır. Məhkəmənin yalnış nəticəyə gəlməsini və işi tam hərtərəfli və obyektiv araşdırmamasına dair aşağıdakıları qeyd etmişdir. 1) Borcun mübahisəsiz olduğunu təsdiqinə dair: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun bu norması borc məbləğinin mübahisəli olmasını özündə ehtiva etmir borcun verilməsində tərtib edilən sənədlərin (kredirt müqaviləsi, ipoteka müqaviləsi və s.) mübahisəsizliyini təsdiqi ilə bağlıdır. Bununla bağlı “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrə qərarında həmin sənədlərin siyahısı göstərilmişdir ki, "xxxx" ASC icra qeydinin çıxarılması üçün elektron qaydada müraciət edərkən həmin sənədlərin surətini əlavə etmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 2) İddiaçı MMC-yə təqdim olunmalı bildirişə dair: tərəflərindən icra qeydinin aparılacağı ilə bağlı icra qeydi bildirişi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən (Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin təsdiq etdiyi bildiriş formasına uyğun olaraq tərtib edilərək xx.xx.2023-cü il tarixində Ağ Şəhər Taksi MMC-yə göndərilmiş və xx.xx.2023-cü il tarixində çatdırılmışdır (qoşmada bax: qəbz) . Göründüyü kimi məhkəmə bu halı da araşdırmadan yanlışlığa yol vermişdir. Elektron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən ərizəyə Ağ Şəhər Taksi MMC-yə göndərilən bildiriş və çatdırılmasını təsdiq edən qəbz əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 3) Üçüncü şəxs Əlizadə Cavidlə bağlanan zaminlik müqaviləsinə dair: Elektron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən elektron ərizəyə zamin X7 zaminlik müqaviləsi əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 4) Maliyyə arayışına dair: Elektron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən elektron ərizəyə Maliyyə arayışı əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). 5) Əlizadə İlqarla bağlanan ipoteka müqaviləsinin təqdim edilməsinə dair: Elektron Notariat informasiya sisteminə tərəfindən müraciət edilərkən elektron ərizəyə Əlizadə İlqar ilə bank arasında bağlanılmış ipoteka müqaviləsi əlavə edilmişdir (qoşmada bax: Elektron Notariat informasiya sisteminə edilən ərizə). Əlizadə İlqar ilə bank arasında bağlanılmış ipoteka müqaviləsi olmadan Notariusun necə icra qeydinin çıxarması məhkəmədə heçmi sual yaratmadı?! Görünür ki, məhkəmənin hazırkı işi ya araşdırmaması ya da araşdırmaq üçün maraqlı olmaması nəticəsində əsassız olaraq icra qeydini ləğv etmişdir. 6) Bundan başqa məhkəmə qətnamənin 8-ci səhifəsində ipoteka predmetinə tutmanın yönəldilməsini mübahisələndirmişdir. Halbuki, iddia ərizəsində ipotekanın tutmaya yönəldilməsi mübahisələndirilməmişdir. Çünki ipoteka qoyanlar X15 və X6 ayr-ayrılıqla Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3610/2023 saylı xx.xx.2023-cü il tarixli qənaməsi ilə İddiaçı X8 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən şikayət verən X15 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəmsinin 2(103)-678/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)- 6827/2023 nömrəli qənaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən şikayət verən X6 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəmsinin 2(103)- 6827/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)- 6827/2023 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli,e-2(004)-6827/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 7) Bundan başqa məhkəmə qətnamənin 8-ci səhfəsində ipoteka qoyanlar X11 və X4 göndərilən bildirişlərlə zamin X12 göndərilən bildirişin borc məbləği hissəsində fərqin olduğunu əsas gətirən məhkəmə bu halı mübahisəli borc kimi qiymətləndirmişdir. Halbuki, bildirişlərin göndərilmə tarixində olan fərqlərə məhkəmə diqqət yetirməmişdir. Halbuki, Mərkəzi Bakın Lisenziyası ilə fəaliyyət göstərən bank proqramı kreditlər üzrə hesablanan faizləri hər gün yeniləyir və iki bildiriş arasındakı fərq təbii haldır. Bundan başqa “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən (Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.) bildiriş göndərilmiş və 20 gün müddətinə borc barədə hər hansı bir yazılı etirazı olmamışdır və bu günədədə hər hansı bir etiraz barədə müraciəti daxil olmamışdır. Məhkəmə araşdırma aparmadan qanunu səhv təfsir edərək borcun mübahisəliliyini ayrı-ayrı tarixlərdən tərəflərə göndərilən bildirişlərin məbləği ilə hesab etmişdir, halbu ki, həmin bildirişlərin sonuncu cümləsinə diqqət yetirilərdisə orda 20 günlük etiraz müddəti və icra qeydinin çıxarılacağı tarixədək hesablanacaq əlavələrində tələb ediləcəyi barədə xəbərdarlıq öz əksini tapmışdır. 8) Bundan başqa məhkəmə qətnamənin 9-cu səhifəsinin 5-ci abzasında Bakı şəhəri 43 Saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən borcun məbləğinin mübahisəsiz olduğunu araşdırılmadan “AFB Bankı ASC-nin xeyrinə borclular İddiaçı MMC-dən, X5, habelə X1, X23 (ipoteka qoyanlar yanlışlıqla borclu kimi göstərilməklə) oğlundan 232247,39 manat əsas borc, 16787.25 manat faiz borcu, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat pulun tutulmasına dair aparılmış xx.xx.2023-cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə icra qeydinin aparılması qeyd edilmişdir. Halbuki, İcra qeydinin forması və məzmunu real vaxt rejimində Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsi tərəfindən “Elektron Notariat” informasiya sitemi vasitəsi ilə tərtib edilmişdir. Yəni bütün notariatlarda icra qeydinin forması eynidir. Bundan başqa məhkəmə ipoteka qoyanların borclu kimi göstərilməsinə toxunmuşdur ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsinin hakimi icraatında olmuş Nəsimi Rayon İcra şöbəsinin “icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə” mülki işə baxaraq 8(006)-381/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadı ilə Borclu İddiaçı MMC (vəkili-nümayəndəsi Vəkil) tərəfindən verilmiş “icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” barədə şikayət təmin edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı MMC apellyasiya şikayəti etmiş və Bakı Apellyasiya Məhkəməsinin hakiminin sədrliyi ilə keçirilən məhkəmə iclasında 8(103)- 25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin qeyd etmişdir ki, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrə qərarında həmin sənədlərin siyahası göstərilmişdir ki, "xxxx" ASC icra qeydinin çıxarılması üçün elektron qaydada müraciət edərkən həmin sənədlərin surətini əlavə etmişdir. Elektron notariata müraciət ərizəsi və qoşmalar apellyasiya şikayətinə əlavə ediləcəkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. 14.İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X13 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərərk, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4262/2023 saylı 12 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. 15.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 21.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 23.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 25.470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 26.739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun

27.36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 28.36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi potekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 29.36.4-cü maddəsinə əsasən, tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 30.38.1-cü maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 31.39.3-cü maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun

32.76-cü maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 33.79-cu maddəsinə əsasən, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının

34.161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ənazı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edənsənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinəmüraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. 35.162-ci bəndinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaqhüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

36.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Siyahıya əsasən İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

40. Belə ki, iddia tələbi xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə verilmiş icra qeydinin ləğv olunması barədədir. İddiaçı tələbinin əsası kimi qeyd edilən müqavilə üzrə borcun mübahisəli olduğuna, eləcə də icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilməməsinə, MMC-nin borclu olduğu halda ipoteka qoyan kimi qeyd edilməsinə istinad etmişdir.

41. İşdə olan sənədlərdən, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən sorğu edilmiş notariat işindən görünür ki, tərəflər arasında etibarlı borc, zaminlik və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə, yəni şərtləndirilmiş vaxtda icra etmədiyindən borc verən müqavilə tərəflərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.

42. Belə ki, qanunvericiliyə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir.

43. İşdən görünür ki, tələbkar da notariusa icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim edib, notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydi verib. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

44. Qeyd edilməlidir ki, qanunverici, 20 gün müddəti ona görə müəyyən edib ki, icra qeydinin aparılacağına və ya borcun məbləğinə dair hər hansı etirazı olarsa, borclu həm kredit müqaviləsini, həm də borcun məbləğini ayrıca məhkəmə qaydasında mübahisələndirə bilsin. Tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, habelə bildiriş poçt göndərişi rəsmi olaraq xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməyib.

45. Bundan başqa ikollegiya qeyd edir ki, ipoteka qoyanlar X15 və X6 ayrayrılıqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 saylı xx.xx.2023-cü il tarixli qənaməsi ilə iddiaçı X8 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən şikayət verən X15 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəmsinin 2(103)-678/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e- 2(004)-6827/2023 nömrəli qənaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən şikayət verən X6 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəmsinin 2(103)-6827/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023cü il tarixli, e-2(004)- 6827/2023 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(004)-6827/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

47. Borclu İddiaçı MMC-nin “Nəsimi Rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə” şikayəti 8(006)-381/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadı ilə təmin edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı MMC-nin apellyasiya şikayəti 8(103)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

48. Bu baxımdan məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, icra qeydi aparıldıqdan sonra qanunda göstərilən əsaslar olmadığı halda icra qeydi ləğv edilə bilməz və borclu bu halda yalnız icra qeydində göstərilən məbləği və ya bu icra qeydinin verilməsinə səbəb olmuş kredit müqaviləsini ayrıca məhkəmə qaydasında mübahisələndirə bilər.

49. Belə olan halda kollegiya xx.xx.2023-cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi ilə əlaqədar ərizənin “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş bəzi müddətlərə riayət edilmədən ipotekanın qeydiyyatını aparan dövlət orqanına təqdim edilməsi və ya bildirişin yol verilmiş texniki səhvlərdən dolayı qüsurlu olması ümumilikdə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun formada verilmiş icra qeydinin ləğv edilməsi, ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmadığına görə, yolverilməzdir və iddiaçı üçün borcun qaytarılması yönəmində öz vəzifələrindən faktiki sui-istifadəyə şərait yaradır. Notariat orqanının bu hallara yol verilməsi o demək deyil ki, borcun tutulması “məhkəmə qaydasında” ipoteka predmetinə yönəltməlidir. İddia edilən dəlillər isə ipoteka haqqında qanunvericiliyin tətbiqi üzrə notariat orqanının hərəkətlərinə aid mülki məsuliyyət həddini müəyyən edən vəzifələri əhatə etmir.

50. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən istinad olunan halların formal olmasına baxmayaraq, iddianı əsassız olaraq təmin etmişdir. Halbuki məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.

51. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.

52. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı ( "xxxx" ASC, X14, X15, X9 üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

53. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4262/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı ( "xxxx" ASC, X14, X15, X9 üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar