Məhkəmə qərarları › İş №2(103)-2231/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2231/2025

15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2231/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1242/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dərs ili başlamazdan əvvəl məcburi köçkün statusumun tanınması və bu barədə müvafiq vəsiqənin verilməsi tələbi ilə Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə 20 sentyabr 2022-ci il tarixli müraciəti, həmin müraciətə edilmiş imtina barədə məhkəmədə iddianın təmin olunması nəzərə alınaraq ödədiyi 1700 manat təhsil haqqının geri qaytarılması və təhsilini başa vuranadək qanunvericiliyin tələbinə əsasən təhsil haqqının ödənilməsindən azad olunması barədə öhdəliyin cavabdeh Bakı Slavyan Universiteti rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, babasının ailə üzvləri, o cümlədən X2 1980-ci ildə Ağdam şəhərindəki dövlətə aid mənzildən Xankəndinə köçərək Qarabağ hadisələrinin başlandığı dövrə kimi Admiral İsakov küçəsi 8, mənzil 24 ünvanındakı mənzildə yaşamış və pasport qeydiyyatında olmuşdur. Babasının ailəsi məcburən Xankəndindən Bakıya köçərkən X2nun 12 yaşı olub. O vaxtdan ünvan 1 ünvanında yaşayırlar. Babasının, nənəsinin, atasının, anasının, əmisinin və bibisinin – yəni babasının ailə üzvlərinin hər birinin 1988-ci ildən Xankəndidən məcburi köçkün statusları və vəsiqələri vardır. X2 21 yanvar 2003-cü ildə məcburi köçkün statusu olmayan X4 ilə ailə həyatı qurmuş, onların birgə nikahdandan xx.xx.2005-ci ildə o, anadan olmuşdur. 2022-ci ilin avqustunda test imtahanlarından uğurla keçərək Bakı Slavyan Universitetinin Sosial Elmlər fakültəsinə (jurnalistika ixtisası üzrə) ödənişli əsaslarla qəbul olmuşdur. O vaxt 17 yaşı olmuşdur. Təhsil haqqında Azərbaycan Respublikası Qanununa görə (Maddə 14.8-1.,14,8-1,6) dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlarının ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. X2 dərslərin başlamasından 1 ay əvvəl - 20 avqust 2022-ci ildə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək həddi-buluğa çatmamış övladları İddiaçı və X5 məcburi köçkün statuslarının tanınmasını və onlara müvafiq vəsiqələrin verilməsini xahiş etdi. Universitetdə təhsil haqqının ödənişini tələb edən əməkdaşa bildirmişdir ki, o, məcburi köçkündür, statusunun tanınması və müvafiq vəsiqənin verilməsi xahişi ilə qaçqınkoma müraciət etmişlər, imtina cavabı alsalar da məhkəmədə mübahisələndirəcəklər. Əməkdaş təkid etmişdir ki, ödəniş mütləq edilməlidir, statusu rəsmi tanınsa ödədiyi vəsait qaytarılacaq. Ailənin maddi durumu qənaətbəxş olmadığından vəziyyəti babasına danışmışdır, o, hələ dərslər başlamamış – 9 sentyabr 2022-ci ildə öz 4127 .... .... 0469 nömrəli bank kartından yarım illik təhsil haqqı məbləğini (851,28 manat) təqdim edilmiş hesaba ödəmişdir. Xeyli müddətdən sonra, komitədən 8 sentyabr 2022-ci il tarixli 01/4832 tarixli imtina cavabı almışlar və imtinadan Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq 2-1(112)-5633/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Beləliklə, məhkəmə mübahisələri onlardan asılı olmayan səbəbdən uzanası olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3552/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qanunazidd qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu arada universitetin tələbi ilə babası Nümayəndə1 27 may 2023-cü il tarixdə özünün 4105 .... .... 4217 nömrəli bank kartından 1-ci kursun 2-ci yarım illiyinə aid 851,28 manatı da ödəmişdir. 2013/2014-cü tədris ilində 2-ci kursda oxuyarkən universitetdə ondan təhsil haqqı tələb edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinə prosessual müddətdə təqdim etdikləri kassasiya şikayəti ilə, nəhayət, ədalətə nail olmuşlar. Məhkəmənin İnzibati Kollegiyası iş üzrə 2-1(102)-1120/2024 №-li xx.xx.2024-cü il tarixli yeni qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2023-cü il tarixli, 2-1(103)- 3552/2023 nömrəli qərarı ləğv edilmişdir, ataları Xankəndi şəhərindən məcburi köçkün X7 olduğu və Xankəndində mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olmadığı üçün 18 yaşı tamam olmamış oğulları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı və 25 aprel 2007-ci il təvəllüdlü X5 “məcburi köçkün” statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsi barədə kassasiya şikayətləri tam təmin edilmişdir. Bundan sonra Qaçqınların və X6 üzrə Dövlət Komitəsi onun və qardaşının məcburi köçkün statusunun tanınmasını qərara alaraq hər birinə müvafiq vəsiqə verilmişdir. Məhkəmə proseslərinin bu qədər uzun çəkməsi məhz Bakı İnzibati Məhkəməsnin iddiaya düzgün hüquqi qiymət verməməsi, Bakı Apellyasiya Məhkəməsinin də bu səhvi təkrar etməsi ucbatından baş vermişdir. Odur ki, bu hakimlər barədə Məhkəmə-Hüquq Şurasına şikayət etmək qərarına gəlmişlər. Qaçqınkomdan məcburi köçkün vəsiqəsini alan kimi cavabdeh Bakı Slavyan Universitetinin rəhbərliyinə müraciət edərək 1-ci kursda dərslər başlamamışdan əvvəl məcburən ödədikləri 850,0 və sonra ödənən 850,0 – cəmi 1700 manat təhsil haqqının babasının bank kartına qaytarılmasını xahiş etmişdir. Ərizəsini qəbul etməyərək bildirmişlər ki, müraciətlərə yeni dərs ili başlayanda baxılacaqdır. Lakin, o, həm elektron poçt, həm də Azərpoçt vasitəsilə universitetin rəhbərliyinə tələb olunan sənədlərin surətlərini də əlavə etməklə 10 iyul 2024cü il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. 3 ay yarımdan sonra dərslər başlanmışdır, rəsmi ərizəsinə isə heç bir cavab verilməmişdir. Dəfələrlə dekanlığa ərizəsinin aqibəti barədə xəbər verilməsini, heç olmasa rəsmi imtina cavabı yazılmasını xahiş etsə də nəticə olmamışdır. Nəhayət vəziyyəti babasına bildirmişdir. O, Azərbaycan Respublikasının əməkdar jurnalisti Nümayəndə1 24 sentyabr 2024-cü ildə BSU rektoru cənab Anar Nağıyevə rəsmi informasiya sorğusu ilə müraciət edərək cavablandırılmasını xahiş etmişdir. Yenə də BSU rəhbərliyindən səs çıxmamışdır. Babası 2-ci dəfə, 30 oktyabr 2024cü ildə rektora eyni məzmunda təkrar sorğu göndərmişdir. Aramsız telefon zənglərindən, ciddi tələblərdən sonra, nəhayət, 18 noyabrda poçt vasitəsilə BSU-nun hüquqşünası Nümayəndə2 xx.xx.2024-cü il tarixli 15-01-542 №-li hüquqi cəhətdən əsaslandırılmamış qanunazidd bir cavab məktubunu ala bilmişdir. Məktubda qeyd edilir ki, guya tələbə hansısa təqdimatla tanış edilmişdir, halbuki bundan xəbəri olmamışdır. Cavab məktubunda o da qeyd edilmişdir ki, “Təhsil haqqında” Qanunda, universitetin nizamnaməsində və digər normativ hüquqi aktlarda məhkəmə prosesi yekunlaşanadək təhsil haqqı ilə bağlı möhlət verilməsi nəzərdə tutulmamışdır. Onda sual olunur, bəs hansısa qanunda, yaxud normativ hüquqi aktda, eləcə də BSU nizamnaməsində məhkəmə prosesi yekunlaşanadək təhsil haqqı ilə bağlı möhlət verilməsi qadağan edilmişdir? Bundan əlavə, o, qanuni statusa malik məcburi köçkün ailəsində dünyaya gəlmişdir. Ona məcburi köçkün statusu yeni verilməmişdir, məhkəmə qaydasında tanınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1242/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasova) iddia qismən təmin edilmiş, Bakı Slavyan Universitetindən 2022-2023 təhsil ili üzrə ödənilmiş 1700 manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mübahisənin həllinə dair ehtimallara deyil, təkzibolunmaz, mötəbər sübutlara istinad etməklə hüquqi qiymət verməlidir, həmçinin bildiririk ki, universitet tərəfindən ilk tədris ili üçün tələbəyə təhsil haqqı ilə bağlı möhlət verilməmiş, tələbə tərəfindən müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq təhsil haqqı tam ödənilmişdir. Qətnamədə aşağıdakı maddələrə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Lakin Bakı Slavyan Universiteti özü-özünü maliyyələşdirən ali təhsil müəssisəsidir. Ödənişli əsaslarla təhsil alan tələbələrə illik təhsilhaqqı qarşılığında təhsil xidməti göstərir. "Təhsil haqqında" Qanunun 14-8.1-ci maddəsinə əsasən təhsil haqqından azad edilmiş tələbələrin təhsil haqqı dövlət büdcəsi tərəfindən, yəni bu halda Elm və Təhsil Nazirliyi tərəfindən universitetlərə ödənilir. Mövcud vəziyyətdə iddiaçının universitetə təhsil haqqından azad olunma ilə bağlı rəsmi müraciət tarixindən, yəni xx.xx.2024-cü il tarixindən əvvəlki dövr Elm və Təhsil Nazirliyi tərəfindən ödənilmədiyinə görə tələbənin özü tərəfindən ödənilməlidir. Bu səbəblə yuxarıda qeyd olunmuş maddələr hüquqi şəxsin vəziyyətinin pisləşməsi səbəbindən işin hallarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1242/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 2.0.2.-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, ödədiyi təhsil haqqının ona geri ödənilməsini tələb etmişdir. Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir. Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ödədiyi təhsil haqqının geri qaytarılması ilə bağlı Universitetə - hazırkı iş üzrə cavabdehə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina olunduqda isə inzibati icraat qaydasında məhkəmə müdafiəsindən istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1242/2025 nömrəli 06 fevral 2025ci il tarixli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar