Məhkəmə qərarları › İş №2(103)-2236/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2236/2020

18.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2236/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi və vəkili X3, Tərcüməçi: X2 qızınıniştirakları ilə İddiaçı cavabdeh “X19 AnoniOrtaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7552/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X19 AnoniOrtaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahilş etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, xx.xx.2017-ci il tarixində Bakı-İstanbul-Lüksemburq istiqaməti üzrə təyyarəyə bilet almışdır. Bakıdan İstanbula təyyarə reyisni “xxxx” QSC həyata keçirməli, İstanbul-Lüksemburq təyyarə reysini isə X15 Aviaşirkəti həyata keçirməli idi. Bakı-İstanbul reysi üzrə uçuş xx.xx.2018-ci il tarixdə heç bir gecikmə olmadan xxxx tərəfindən icra edilmişdir. Səyahətin ikinci mərhələsi - İstanbuldan Lüksemburqa: Təyyarənin yerli vaxt ilə xx.xx.2018-ci il saat 14:45-də X10 1-ci terminalından (Türkiyə) uçması planlaşdırılmışdır. Təyyarənin yerli vaxt ilə saat 16:10-da Lüksemburq hava limanına çatması planlaşdırılmışdır. Lakin burada X16 əməkdaşlarının səhlənkarlığı və sərnişinlərə etinasızlığı baş vermiş və nəticə etibarı ilə o, öz təyyarəsinə minə bilməmişdir. Belə ki, vaxtı-vaxtında reys üzrə qeydiyyatdan keçdikdən sonra o və bir neçə sərnişin X10 tələblərinə uyğun olaraq 1 saat 45 dəqiqə əvvəl hava limanında olmuş və yükü yoxlanılmışdır. Halbuki, tranzit olaraq Türkiyədən keçdiyindən və səyahətini davam etdirdiyi üçün birbaşa növbəti təyyarəyə köçürülərkən yükün təkrar yoxlanılmasına ehtiyac olmamışdır. Bundan sonra digər sərnişinlərlə birlikdə təyyarayə minmək üçün hava limanının əməkdaşlarının dediyi Çıxış Qapısının (GATE) yanında gözləmədə olmuş, uzun bir müddət keçdikdən sonra X16 əməkdaşları yaxınlaşaraq bildirmişlər ki, təyyarəyə keçid qapısı dəyişdirilmişdir və onları başqa istiqamətə yönləndirmişlər. Bundan sonra o və bir neçə sərnişin həmin çıxış qapisına yaxınlaşdıqda bildirilmişlər ki, guya onlar çıxış qapısına vaxtında yaxınlaşmamışlar, həmçinin təyyarə tamamilə dolmuşdur və buna görə də minmələrinə icazə verilməmişdir. O, aviadaşıyıcının nümayəndələrinə irad bildirsə də, onlar tərəfindən heç bir köməklik edilməmiş, bir sərnişin kimi hüquqları faktiki olaraq tapdanmışdır. O, işgüzar səfərini nəzərə alaraq, növbəti reyslə uçmalı olduğunu bildirsə də, X16 əməkdaşları tərəfindən yalnız yeni bilet aldıqdan sonra uça biləcəyini bildirilmişlər. X19 öz əməkdaşlarının səhlənkarlığını, onların günah ucbatından təyyarəyə minməməyini nəzərə alaraq ona əvəzsiz olaraq yeni bilet verməli olduqları halda ondan yeni bilet almasını tələb etmişlər. O, məcbur olaraq növbəti günə bilet almışdır. Bundan başqa. X12 nə ödənişsiz qida ilə, nə də qalmaq yeri ilə təmin etmədi. O, faktiki olaraq xarici ölkədə heç bir təminat və şərait olmadan qalmağa məcbur edildi. Bu azmış kimi ona yeni bilet satılanda da cavabdehin əməkdaşları tərəfindən haqsızlığa yol verilmiş, biletin alınması üçün ondan 470 avro pul alınmışdır. Sonradan verilmiş qəbzdə isə biletin dəyərinin 468 ABŞ dolları olması göstərilmişdir ki, bu da həmin gün ki məzənnəsi ilə ondan 400 türk lirəsi artıq alınmasına dəlalət etmişdir. X8 bağlanmış sərnişin daşıma müqaviləsinə və heç beynəlxalq qanunlara məhəl qoymadan hüquqlarını kobud şəkildə pozmuşdur. Bunun da nəticəsində o, iş görüşməsinə nəticə etibarı ilə gecikmiş və işgüzar nüfuzuna da xələl dəymişdir. Dəfələrlə bu barədə X9 mərkəzi ofisinə email vasitəsilə etdiyi müraciətlər cavabsız qalmışdır. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7552/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını və sübutları düzgün qiymətləndirməmiş, məhkəmə yalnış olaraq Mülki Məcəllənin 848-ci maddəsinə istinad edərək iddia müddətinin ötürülməsi nəticəsinə gəmişdir. Halbuki həmin maddədə göstərilən 1 aylıq müddət daşıyıcıya pretenziya irəli sürülməsi ilə bağlıdır və iddiaçı vaxtında cavadehin əməkdaşlarına pretenziya bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək izahatlarında göstərmişlər ki, iddiaçı vaxtında hava limanına gələrək uçuş üçün qeydiyyatdan keçsə də, uçuşa 12 dəqiqə qalmış ona uçuş qapısının dəyişdirildiyi bildirilmiş, sonradan o, həmin qapıya yaxınlaşsa da cavadehin əməkdaşları tərəfindən təyyəradə artıq yer olmadığı bildirərək ona təyyarəyə minməyə icazə verilməmişdir. O, işgüzar görüşünün olduğunu və növbəti uçuşla getmək istədiyini bildirmiş, cavadehin nümayəndələri isə bunun yalnız yeni bilet aldıqdan sonra mümkün olduğunu bildirmişlər. O, yeni biletin alınması üçün 470 avro ödəniş etmiş, lakin qəbzdə bildetin dəyəri 468 ABŞ dolları göstərilmişdir. Yəni, həmin vaxt yerli məzənnə nəzərə alındığında iddiaçıdan 400 türk lirası artıq pul alınmışdır. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, əvvəlcədənmüəyyənləşdirilmiş təyyarəyə keçid qapısının dəyişdirilməsi barədə cavabdehin əməkdaşlarının səhlənkarlığı səbəbindən ona vaxtında məlumat verilməmiş və təyyarəyə minməkdən məhrum olmuşdur. Lakin iddiaçı bu hal ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəf istinad etdiyi halı sübut edə bilmirsə, sübutetmə vəzifəsini icra etməmiş olur, və beləliklə məhkəmə tərəfindən müvafiq hal sübut edilməmiş kimi qiymətləndirilərək rədd edilməlidir. İddiaçıya təyyarəyə keçid qapısının dəyişdirilməsi barədə cavabdeh tərəfindən yetərli məlumat verilmişdir. Hava limanlarında uçuşlardan qabaq müxtəlif səbəblərdən keçid qapılarının dəyişdirilməsi normal və gözlənilən haldır. Sərnişinlərin bu hallarla bağlı çətinliklə qarşılaşmaması üçün keçid qapılarının dəyişdirilməsi ilə bağlı hava limanında olan monitorlarda davamlı olaraq məlumatlar əks etdirilir. Hava limanlarının ərazisinin böyüklüyünü nəzərə aldıqda, aydın məsələdir ki, sərnişinlərə tək-tək bu barədə məlumat verilməsi qeyri-mümkün olardı. İddiaçının dəyişdirilmiş keçid qapısına vaxtında yaxınlaşmadığını görən X16 əməkdaşları iddiaçıya şəxsən yaxınlaşaraq onun təyyarəyə vaxtında minməsinə kömək etməyə cəhd etmiş, lakin nəticədə o, öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, uçuş vaxtında keçirilmiş və uçuşa yazılmış (qeydə alınmış) sərnişinlərin əksəriyyəti uçuşda iştirak etmiş, iddiaçı isə təyin olunmuş vaxtda uçuş qapısına yaxınlaşmadığı üçün uçuşdan kənarlaşdırılmış və onun uçuş bileti ləğv edilmişdir. X19 tərəfindən bütün sərnişinlərə, o cümlədən iddiaçıya təyyarəyə minmə qapısının dəyişdirilməsi barədə məlumat verilmişdir. Uçuşa yazılmış sərnişinlərin əksəriyyətinin uçuşda iştirak etməsi faktı isə cavabdeh tərəfindən verilmiş məlumatın və görülmüş digər tədbirlərin yetərli olmasını açıq-aydın göstərir. Eyni zamanda, nəzərə alınmalıdır ki, qapı dəyişikliyi uçuşa bir neçə saat qalmış baş vermişdir. Yəni İddiaçının qapının dəyişdirildiyinə fikir vermək və ya bu barədə məlumat almaq üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. İddiaçı özünün ehtiyatsız davranışları nəticəsində təyyarəyə minmə qapısının dəyişdirilməsi barədə uçuş məlumat monitorlarında göstərilən məlumatlara laqeyd münasibət göstərdiyindən, qapı dəyişikliyi barədə vaxtında məlumat almamışdır (almadığını iddia edir) və bu səbəbdən də cavabdeh tərəfindən onun daşınması mümkün olmamışdır. Belə olan halda, X19 iddiacının daşınmamasına görə və iddiaçıya bu səbəbdən dəymiş hər hansı zərərə görə məsuliyyət daşıya bilməz. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 848-ci maddəsinə istinad edərək iddia müddətinin ötürülmüş olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verməklə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Belə ki, Mülki Məcəllənin 848-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət daşıyıcıya pretenziya irəli sürülməsi ilə bağlıdır və həmin müddəti iddia müddəti kimi qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, tərəflər arasında sərnişin daşıma müqaviləsi bağlandığından hazırki mübahisəyə müqavilə öhdəlikləri üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarında da göründüyü kimi iddiaçı bileti xx.xx.2017-ci il tarixdə almış, uçuş isə xx.xx.2018-ci il tarixə nəzərdə tutulmuşdır. İddiaçı uşuşdan istifadə edə bilməmiş, bu barədə cavabdehə elektron poçt vasitəsi ilə isə xx.xx.2018-ci il tarixdə pretenziya bildirmişdir. İddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə verilmişdir. Göründüyü kimi iddiaçı qanunvricilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan hallarına görə, iddiaçı Bakı – İstanbul və İstanbul – Lüksenburq marşurutu üzrə xx.xx.2017-ci il tarixdə Bakı şəhərində aviabilet almışdır. Bakı – İstanbul reysi üzrə uçuşları “xxxx” QSC, İstanbul – Lüksenburq istiqaməti üzrə uçuşları isə “X19 X17 Sözləşməsi” Şirkətinin yerinə yetirməsi nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı – İstanbul reysi üzrə avia uçuş həyata keçirərək X11 (İstanbul) enmişdir. İddiaçının növbəti uçuş marşurutu xx.xx.2018-ci il tarixində İstanbul şəhərindən (X18) Lüksemburq şəhərinə nəzərdə tutulmuş, lakin təyyarəyə giriş (minmə) qapısına vaxtında çatmaması səbəbindən iddiacı İstanbul – Lüksemburq istiqaməti üzrə sərnişin təyyarəsinə buraxılmamış, bu səbəbdən həmin istiqamət üzrə iddiaçı yenidən avia uçuş həyata keçirmək üçün xx.xx.2018-ci il tarixində 468 ABŞ dolları ödəməklə yenidən aviabilet almışdır. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.2-ci maddəsinə əsaəsn sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Mülki məcəllənin 846.1-ci maddəsinə əsasən daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. Həmin məcəllənin 846.2-ci maddəsinə əsasən daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: 1.daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək;

2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. Həmin məcəllənin 846.3-cü maddəsinə əsasən əgər müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə uyğun ləğv edilərsə, sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər. Bu halda daşıyıcı daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Əgər göstərilmiş nəqliyyat xidmətləri müqavilənin ləğvi nəticəsində sərnişin üçün maraq doğurmursa, daşıyıcı daşımanın qalıq dəyərini almaq hüququnu da itirir. Həmin məcəllənin 846.4-cü maddəsinə əsasən əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırki işdə isə iddiacı cavabdehin qanunsuz hərəkətlləri nəticəsində maddi ziyana uğradığı iddiasını biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya xüsusilə qeyd edir ki, “X19 AnoniOrtaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məhkəməyə ünvanladığı “xx xxxxxx 2018-ci il tarixli TK 1355 nömrəli İstanul-Lüksenburq uçuşu ilə əlaqədar” xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, uçuş vaxtı saat 14:45, uçuş üçün təyyarəyə minik qapısı isə ilk olaraq 204 nmrəli qapı müəyyən edilmişdir. Saat 13:19-da X18 tərəfindən minik qapısı 204-dən 302 nömrəli qapıya dəyişdirilmiş, qapılar arasından 35-40 dəqiqəlik məsafə olmuşdur. Uçuş üçün qeydiyyatdan keçmiş 121 nəfərdən iddiaçı da daxil olmaqla 7 nəfər uçuşda iştirak etməmişdir. Göründüyü kimi uçuş üçün qeydiyyatdan keçmiş 121 nəfərdən 114 nəfərin uçuşda iştirak etməsi cavabdeh şirkət tərəfindən uçuş qapsının dəyişdirilməsi barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə dəlalət edir. Gəldiyi bu qənaətə uyğun olaraq kollegiya, iddiaçının mənəvi ziyan tələbi ilə bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddi ərizəsinin verilməsi üçün və apellyasiya şikayəti verərkən ödədiyi rüsum məbləğləri onun özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçıapellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7552/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh “X19 AnoniOrtaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumları onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev

Əsli ilə düzdür: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar