Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2236/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-ə qarşı “pul tələbi və borcda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ““pul tələbi və borcda payların müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-6878/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “pul və borcda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (Əlizadə) onun əvəzinə ipoteka kreditinə və sığorta haqqına ödədiyi 5794.54 manat pulun tutularaq ona verilməsinə və Cavabdeh2 ASC tərəfindən öhdəlik bölgüsünün aparılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbinin dəlilləri ondan ibarət olmuşdur ki, o, cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızı ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuş və bu nikahdan 29 sentyabr 2007-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlib. Cavabdehlə birgə nikahda olduqları dövrdə 30 mart 2012-ci il tarixdə, 28 il müddətinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən ev 17 mənzil 49 saylı 2 otaqlı evi ipoteka krediti ilə, ayda 168,37 manat cavabdehlə birgə ödəmək şərti ilə almışlar. Xətai Rayon Məhkəməsinin 2(011)-7324/2015 saylı 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək evin bölünməsi və mülkiyyət hüququnun verilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-7863/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmişdir. Cavabdeh həmin mənzilin 2040 cı ilədək, ayda 168.37 manat ödəmək şərti ilə Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edildiyini bildiyi, həmin kreditin onunla birgə ödəməyi öz öhdəsinə götürdüyünü bildiyi halda, öz payına düşən 50% hissəsini ödəməkdən qərəzli yayınır, həmin ipoteka krediti hər ay 168.37 manat olmaqla onun tərəfindən ödənilir. Bundan başqa Cavabdeh2 ASC-ilə bağlanılmış ipoteka müqaviləsinin şərtlərinə əsasən, həm ipoteka ilə yüklü edilən mənzil hər il 61 (altmış bir) manat məbləğində mənzil sğortası edilməli, həm də bankda ipoteka kredit borcunu cavabdehlə birlikdə ödəməyi müqavilə əsasında öz öhdəmizə götürdüklərinə görə, hər il 160.69 manat məbləğində “həyat sığortası” ödənilməlidir. Birgə nikah dövründə əldə edilmiş mənzil Turanbank” ASC-də ipotekada olduğu üçün, 30 mart 2040-cı il tarixinə qədər hər ay 168.37 manat kredit borcunu və hər il üçün 221.69 manat sığorta borcları cavabdehlə birgə ödənməlidir. Çünki həmin mənzil birgə mülkiyyətdədir və cavabdehin də həmin mənzilə onunla bərabər mülkiyyət hüququ var, bundan da başqa kredit müqaviləsi üzrə cavabdeh də Turanbank” ASC qarşısında onunla birgə kredit ödənişi öhdəliyi götürmüşdür. Bu da əsasdır ki, cavabdeh də hər ay mənzilin aylıq kredit borcunun və hər il sığorta məbləğinin 50% hissəsini ödəsin. Dəfələrlə Cavabdeh1 ipoteka kreditinin aylıq ödənişinin yarı hissəsini tələb etsə də cavabdeh bu ödənişdən qərəzli şəkildə imtina etdiyinə görə 2018-ci ilin sonlarında Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, rəsmi nikah pozulduğu gündən16 oktyabr 2015-ci il tarixdən 2018-ci ilin noyabr ayı daxil olmaqla İpoteka krediti üçün ödənilmiş məbləğin və sığorta ödənişinin yəni onun payına düşən 50% hissəsinin cəmi 3446.35 manat cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi təqdim edərək guya həmin mənzilin onun tərəfimdən kirəyə verilməsi və kirayədən əldə olunmuş 4500 manatın 50% hissəsinin yəni 2250 manatın məndən tutularaq cavabdehə verilməsini xahiş etmişdir. Lakin heç bir sübut və dəlil təqdim etməyən cavabdeh öz anasını şahid qismində məhkəməyə gətirərək ad və soyadını Dilarə Vəliyeva kimi təqdim edərək evin kirayə verilməsini sübut etməyə çalışmışdır. Məhkəmə zalında müəyyən olunmuşdur ki, şahid qismində iştirak edən şəxs cavabdehin anasıdır və Dilarə Vəliyeva olması barədə sənədi yoxdur. Xətai rayon Məhkəməsi onun təqdim etdiyi bütün sənəd və sübutların natoriat qaydada təstiq olunmuş formasını işə tikərək xx.xx.2018-ci il tarixdə 2(011)-7038/2018 saylı qətnamə ilə onun iddiasını təmin etdi. Cavabdeh həmin qətnamədən Apellyasiya məhkəməsinə şikayət etdi. Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(103) 2579/2019 saylı qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-7038/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(103)-2579/2019 saylı qətnaməsidən Ali məhkəməyə şikayət vermiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-4751/2019 saylı qətnaməsi ilə Bakı Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli iş № 2(103)-2579/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 7038/2018 saylı qətnaməsi ilə 3446.35 manat cavabdehdən alınaraq ona ödənilmişdir. 2018-ci ilin noyabr ayından 2024-cü ilin yanvar ayı daxil olmaqla Cavabdeh1 əvəzinə İpoteka kreditinə və sığorta ödənişlərinə görə ümumilikdə 5794.54 manat pul ödəmişdir, həmçinin bundan sonra da 2040-cı ilə qədər də ödənişlər həyata keçirilməlidir və buna görə də bundan sonra banka ödənilməli olan pul öhdəliyinə də tərəflərin ½ hissədə payı müəyyən edilməlidir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-6878/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin qismən təmin edilməsi, 009/İK/B-12 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarix daxil olmaqla iddiaçı tərəfindən ödənilmiş 10270,60 manat məbləğin ½ hissəsini təşkil edən 5135,30 manat Cavabdeh1 alınaraq İddiaçı verilməsi, 009/İK/B-12 saylı xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü ildən xx.xx.2040-cı il tarix daxil olmaqla hər ay üzrə ödənilməli olan 168,37 manat məbləğ üzərində tərəflərin ½ hissədə öhdəliyinin müəyyən edilməsi, iddia tələbinin Cavabdeh2 ASC-yə münasibətdə və digər hissələrdə təmin edilməməsi və Cavabdeh1 71 (yetmiş bir) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Cavabdehlər qətnaməni mübahisələndirməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, sığortanın illik ödənişləri barədə müqavilələrin surətləri təqdim olunmasına baxmayaraq Cavabdeh1 əvəzinə ödədiyi əmlak və həyat sığorta ödənişləri nəzərə alınmamışdır. İddiada qeyd etdiyi Cavabdeh2 ASC tərəfindən öhdəliyin bölünməsi tələbi icra olunmamışdır. Cavabdeh2 ASC-ilə bağlanılmış ipoteka müqaviləsində, alqı-satqı müqaviləsində və ödəniş cədvəlində hər iki tərəfin imzası var və hər tərəfin üzərinə eyni öhdəlik düşür. Lakin Cavabdeh2 ASC-nin nümayəndəsinin “öhdəlik bölünməməlidir” sözünün heç bir qanuni əsası yoxdur. Belə ki, Cavabdeh1 ilə birgə hikahda olarkən, ailə başçısı olaraq ödənişləri həyata keçirməli idi. İndi isə nikah pozulub və məhkəmə tərəfindən ev bölünüb evə bölünmə barədə çıxarış verilib. Belə olduğu halda ipoteka kreditinin aylıq ödənişi və sığorta ödənişləri bölünməli və yenidən ayrıca ödəniş cədvəlləri tərtib olunmalıdır. 2018-ci ilin 01 dekabr tarixindən 2024-cü ilin Fevral ayı nəzərə alınmaqla 5 il 3 ay, yəni 63 ay Cavabdeh1 (Əlizadə) əvəzinə İpoteka kreditinə 5303.67 manat sığorta ödənişlərinə 584.74 manat, ümumilikdə 5888.41 manat pul ödəmişdir. Buna görə də cavabdeh X3 onun əvəzinə ödədiyi 5888.41 (beş min səkkiz yüz səksən səkkiz) manat (qırx bir) qəpik pul tutularaq ona ödənilməli, eyni zamanda ipoteka fondu və Cavabdeh2 ASC tərəfindən öhdəlik bölgüsünün aparılması barədə qətnamə çıxarılmalıdır. Digər tərəfdən sığorta ödənişlərinə dair qəbzlər son məhkəmə iclasında tələb edildiyi üçün işə baxan hakimdən vaxt istəmiş, lakin məhkəmə iclasını təxirə salınmayaraq qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi də iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında bildirdi ki, mənzilə görə öhdəliyin bölünməsinə etiraz etmir, özünə düşən hissənin aylıq ödənişini ödəyə bilər.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, bununla belə nümayəndə elektron kabinet vasitəsi ilə ərizə verərək, iş yükünün çox olması səbəbindən apellyasiya şikayətinə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. xx.xx.2012-ci il tarixli 009/İK/B-12 nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Kreditor-İpoteka saxlayan Turanbank” ASC-nin Binəqədi filialı, Alıcı-İpoteka qoyan İddiaçı, X2 və Birgə X1 arasında razılaşmaya əsasən, Satıcı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, b. 17, 5 mərtəbəli, 4 bloklıı binanın 4-cü blokunun 5-ci mərtəbəsində verləşən, 2 otaqlı 49 saylı mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 40 000 (qırx min) manatdır, mənzilin dəyərinin 6 000 (altı min) manatı Alıcı-İpotekaqoyanm özü tərəfindən, 34 000 (otuz dörd min) manatı isə Kreditor İpoteka saxlayan tərəfindən “30” mart 2012-ci il tarixli 009/İK/B-12 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı İpotekaqoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış “30” mart 2012-ci il tarixli 009/İK/B-12 № li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor İpoteka saxlayana ipotekaya verir. Həmin müqaviləyə əsasən kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək 168.37 manat məbləğində bərabər hissələrlə ödənilməlidir.
10. xx.xx.2012-ci il tarixli 009/İK/B-12 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Kreditor Cavabdeh2 ASC-nin Binəqədi filialı, və birgə borcalanlar İddiaçı və X7 arasında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzilə dair daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalanlarlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminätlılıq əsasında 34 000 (otuz dörd min) manat məbləğində 336 (üç yüz otuz altı) ay müddətinə kredit verir. Borcalanlar kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Kredit Borcalanlara Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, mənzil 49 (bundan sonra yaşayış sahəsi) ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir. Bu müqavilə üzrə Borcalanlarm öhdəliklərinin icrasının təminatı aşağıdakılardır: Borcalanlara və ya bu müqavilə üzrə borclu olmayan üçüncü şəxsə məxsus olan yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi; İpoteka ilə yüklii edilmiş daşınmaz əmlakın məhv olma və zədələnməsi riskinin sığortası (irəlidə- əmlak sığortası). Bu zaman Kreditor faydalanan şəxsdir; Borcalanlarm həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi üzrə sığortası (irəlidə-həyat sığortası). Bu zaman Kreditor faydalanan şəxsdir. İlk ödəniş üçün tarix xx.xx.2012-ci il son ödəniş üçün isə xx.xx.2040-cı ildir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 1100 nömrəli reyestr kitabının 99507 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7324/2015 saylı, 16 oktyabr 2015ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında olan xx.xx.2006-cı il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan övladları anası X4 yanında saxlanılması və onun saxlanılması üçün hər ay 110 manat məbləğində alimentin İddiaçı X4 xeyrinə tutulması qət edilmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7863/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İsayeva (Əlizadə) Fərqanə Lətif qızının ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və ipoteka müqaviləsinin dəyişdirilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, 17 nömrəli evin 49 nömrəli mənzili aralarında bölünərək həmin mənzilin ½ hissəsi üzərində X4 mülkiyyət hüququ tanınmış, X7 övladı ilə birlikdə həmin mənzilə köçürülmüş, İddiaçı İsayeva (Əlizadə) Fərqanə Lətif qızına qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) 7038/2018 saylı, 02 noyabr 2018-ci il il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızına qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızından xx.xx.2012-ci il tarixli, 009/İK/B-12 saylı alqı-satqı və ipoteka müqaviləsi üzrə aylıq kredit borclarının ödənilməsinə görə 3446.35 manat məbləğində pul vəsaitin alınaraq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı Cavabdeh2 ASC-nin də üçüncü şəxs qismində cəlb olunduğu “mənzil kirayəsindən əldə edilmiş gəlirin yarısının verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya məhkəməsinin 2(103)-2579/2019 saylı 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-7038/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli iş 2(102)-4751/2019 saylı qərarı ilə Bakı Apellyasiya məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(103)-2579/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. 11.07.2023-cü il tarixli Aktdan görünür ki, X4 övladı X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, 17 nömrəli evin 49 nömrəli mənzilə köçürülməsi təmin edilmişdir.
16. Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ pay əsasında İddiaçı və X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
17. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görürünür ki, 009/İK/B-12 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarix də daxil olmaqla 10270,60 manat məbləğ Cavabdeh2 ASC-yə ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
18. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
19. 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
20. 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
21. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
22. 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
23. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
25. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
26. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
27. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. 387.1-ci maddəsinə əsasən, öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər.
30. 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
31. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
33. 502-ci maddəsinə əsasən, birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır.
34. 503-cü maddəsinə əsasən, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.
35. 509-cu maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
45. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
47. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən, iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, hazırkı işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar, onlar arasındakı nikah xx.xx.2015-ci il tarixində pozulmuşdur, birgə nikahda olduqları xx.xx.2012-ci il tarixdə mübahisə predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 17, 49 saylı mənzil ipoteka və kredit müqavilələri əsasında alınmışdır, həmin müqavilə üzrə hər iki tərəf, yəni İddiaçı və Cavabdeh1 Cavabdeh2 ASC qarşısında borcalanlar olmuşdur, müqavilə 28 il müddətinə (xx.xx.2012 ci il tarixdən xx.xx.2040 tarixə qədər) bağlanmışdır, tərəflər arasında nikah pozulduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7863/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, 17 nömrəli evin 49 nömrəli mənzili aralarında bölünərək həmin mənzilin ½ hissəsi üzərində X4 mülkiyyət hüququ tanınmış və X7 övladı ilə birlikdə həmin mənzilə köçürülməsi müəyyən edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7038/2018 saylı, 02 noyabr 2018-ci il il tarixli qətnaməsi ilə cavabdeh İsayeva (Əlizadə) Fərqanə Lətif qızından xx.xx.2012-ci il tarixli, 009/İK/B-12 saylı alqı-satqı və ipoteka müqaviləsi üzrə aylıq kredit borclarının ödənilməsinə görə 3446.35 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir, hazırda mübahisəli mənzil üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüquqları müəyyən edilmiş, Cavabdeh1 övladı ilə birlikdə həmin mənzilə köçürülmüşdür, ipoteka müqaviləsi üzrə aylıq ödənişlər xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarix daxil olmaqla iddiaçı tərəfindən 10270,60 manat məbləğində ödəniş həyata keçirilmişdir.
50. Hazırda iddiaçı apellyasiya şikayətində bildirir ki, Cavabdeh2 ASC-ilə bağlanılmış ipoteka müqaviləsində, alqı-satqı müqaviləsində və ödəniş cədvəlində hər iki tərəfin imzası var və hər tərəfin üzərinə eyni öhdəlik düşür. Lakin Cavabdeh2 ASC-nin nümayəndəsinin “öhdəlik bölünməməlidir” sözünün heç bir qanuni əsası yoxdur.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin - iddianın qeyd olunan hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, xx.xx.2012-ci il tarixli 009/İK/B-12 nömrəli kredit müqaviləsi üzrə İddiaçı və Cavabdeh1 birgə borclular (borcalanlar) olmuşlar və müqavilədə öhdəliyin borcalanlar tərəfindən ayrı-ayrılıqa yerinə yetirilməsi müəyyən edilməmişdir, həmçinin ödənilməli olan kredit ödənişləri barəsində tərəflərin ½ hissədə öhdəliyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə olan halda müəyyən edilir ki, iddia tələbi qeyd olunan hissədə əsassız olmuşdur.
52. Göründüyü kimi ödənilməli olan kredit ödənişləri barəsində tərəflərin ½ hissədə öhdəliyi məhkəmə tərəfindən müəyyən edildiyindən, eləcə də, tərəflər müqavilə üzrə birgə borclu olduğundan, həmçinin həmin hissədə öhdəliyin hər bir tərəfə münasibətdə ayrıca yerinə yetirilməsi müqavilə üzrə müəyyən edilmədiyindən apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmuşdur.
53. Digər tərəfdən, iddiaçı tələbində eləcə də apellyasiya şikayətində sığorta haqqına görə ödədiyi məbləğin cavabdehdən tutulmasını xahiş etsə də, bu barədə sübutları qanunla müəyyən edilmiş qaydada rayon məhkəməsinə təqdim etməmişdir.
54. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilərini nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
55. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-6878/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.