Məhkəmə qərarları › İş №2(103)-224/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-224/2020

10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-224/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-426/2018 saylı işi üzrə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona 2006-cı ildən 2016-cı ilin dekabr ayına kimi əmək haqqının hesablanıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 2.2, 2.3; Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 5, 42, 49, 83, 87-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh fırmasında 2006-cı ildən nəzarətçi vəzifəsində işləmiş, 2016-cı ilin dekabr ayından işdən çıxarılmışdır. İşlədiyi müddət ərzində cavabdeh ona heç vaxt əmək haqqı ödəməmiş, o, Təbrik restoranında müxtəlif firmalara məxsus şirələrin və digər içkilərin qəbulu ilə məşğul olmuş, həmın işinə görə firmalar ona vəsait ödəmiş və o, bu vəsaitlə öz tələbatını ödəmiş və bu şərtlərlə 2016-cı ilədək fırmada işləmişdir. Cavabdeh firmada işlədiyi müddət ərzində o, əmək haqqı almaması barədə heç bir orqana şikayət etməmiş, firmanın rəhbərliyinə yazılı qaydada müraciət etməmişdir. Bundan başqa o, restoranda işləyən inzibatçıları kömək etmiş bu işinə görə də ona pul vəsaiti ödənilmişdir. Bununla da aylıq qazancı 300-400 manat olmuşdur. O, işlədiyi dövrlər üçün əmək haqqını tələb etdikdə ona artıq həmin firmada işləmədiyini, hara istəyirsə şikayət etməsini bildirmişlər. O, Cavabdeh firmasının əməkdaşlarına həmin firmada işləməsi barədə ona arayış verildiyini və həmin rəsmi arayışa əsasən bankdan kredit də götürdüyünü bildirmişdir. Cavab olaraq ona həmin arayışın saxta olduğu və onu özünün düzəltdiyini bildirmişlər. O, məcbur olub əmək müfəttişliyinə müraciət etmiş, onun qanunsuz olaraq işdən çıxarılmasına görə cavabdehin cərimələndiyi bildirilmişdir. Lakin ona əmək haqqı barədə heç bir sənəd təqdim edilməmişdir. Məhkəməyə əmək haqqı barədə təqdim etdiyi arayışın əsli bankda olduğundan həmin sənədin əslini məhkəməyə təqdim edə bilmir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-426/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın ona aid olan hisssədə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi; ƏM-in 49, 83-cü maddəsinin 2-ci bəndi; MPM-in 14.2, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh firması firmasında 2006-cı ildən nəzarətçi vəzifəsində işləmişdir. Lakin 2016-cı ilin dekabr ayından onu işdən çıxarmış və ona demişlər ki, daha sən bizdə işləmirsən. O, cavabdehdən işlədiyi dövrlər üçün əmək haqqını tələb etdikdə ona bildirdilər ki, “sən bizdə işləməmisən sənin adın belə bizim idarədə keçmir. Get hara istəyirsən şikayət elə. O, onlara demişdir ki, axı o, onların firmasında işləməyi barədə ona arayış vermişlər və o da həmin rəsmi arayışa əsasən bankdan kredit də götürmüşdür. Ona bildirmişlər ki, bu arayış da saxtadı və onu özün düzəltmisən”. O, məcbur olub əmək müfəttişliyinə müraciət etmiş, ordan ona rəsmi olaraq bildirmişlər ki, onun qanunsuz olaraq işdən çıxarmalarına görə cavabdehi cərimələmişlər. Lakin əmək haqqı barədə onlara da heç bir sənəd təqdim etməmişlər. Çünki belə bir sənəd yoxdur. Ona bu illər ərzində bir manat belə əmək haqqı verməmişlər. İşə baxan hakim işin bu halını heç ağartmamış və cavabdehlərin əmək müfəttişliynə verdikləri sənədlərə hüquqi qiymət verməmişdir. Bundan əlavə ona cavabdeh tərəfindən möhürlənmiş arayış əsasında Bankdan kredit verilmişdir. Əgər həmin arayış saxtadırsa, onda onların firmasının möhürüdə saxta sayılmalıdır. Arayışa vurulan möhürə əsasən arayışın düzgünlüyü müəyyən olunur. Cavabdeh isə arayışın saxta olmasını bildirsədə, ora möhürün necə vurulduğunu izah edə bilməmişdir. Möhür vəzifəli şəxsə təhkim olunur və onun icazəsi olmadan heç bir arayışa vurula bilməz. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən isə əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o tərəflərin imzaladığı gündən qüvvəyə minir. İşçi bu Məcəllənin tələbləri pozularaq yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir. Əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yol verilməzdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş gün işçiyə verilməlidir. Cavabdeh bu halların heç birinə riayət etməmiş və qanun tələblərini pozmuşdur. Məhkəmə işi tam araşdırmadan, cavabdehin verdiyi izahatını tam olaraq qətnaməyə köçürmüş və qətnaməni də həmin izahat əsasında yazmışdır. Verilmiş izahatlara tənqidi yanaşmadan birtərəfli qaydada işə baxaraq qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-426/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilən suallara cavabında qeyd etdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etdiyi üçün, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə 5000 manat cərimə edilmiş, qərardad qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh firmasının nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı Cavabdeh firmasında zallardan birinin administratoru işləyib, işəmuzd olaraq hər toy olanda ona 26 manat məbləğində pul verilib. İddiaçının Banka təqdim etdiyi arayışlarda imza direktorun deyildir. Həmin arayışların məzmunları da fərqlidir. Arayışlardan birində iddiaçının xx.xx.2006-cı ildən, digərində 2012-ci ildən işləməsi qeyd olunur. İddiaçı işlədiyi dövrdə mal qəbulu ilə məşğul olan şəxslərin əlində olan həmin blaklardan istifadə edilməklə, arayışlar tərtib etdirmişdir. Əsas isə əmək müqaviləsinin sistemdə olan məlumatlarıdır. Bundan əlavə iddiaçıya bütün əmək haqqı ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 3.2-ci bəndinə əsasən iddiaçı öz üzərinə öhdəlik götürmüşdür ki, Cavabdeh firmasına qarşı hər hansı pretenziya və ya iddia tələbi olmayacaqdır. Əgər həmin şərti pozarsa, 5000 manat cərimə olunacaqdır. Lakin iddiaçı öz üzərinə götürdüyü öhdəliyi pozduğu üçün, yəni hazırkı iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etdiyi üçün, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə 5000 manat cərimə edilmiş, qərardad qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi, iddiaçının psixoloji durumunun yoxlanılmasına da zərurət vardır. Xahiş etdi ki, iddia tələbi təmin edilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-426/2018 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli 34 saylı əmək müqaviləsinin surətindən müəyyən olunur ki, işəgötürən “Faiq- S” firması işçi X3 Təbrik şadlıq evində baş inzibatçı işinə qəbul etmişdir. Həmin müqaviləsinin 4-cü bəndindən müəyyən olunur ki, işəgötürən aylıq tarif (vəzifə) maaşı əsasında işçiyə xx.xx.2012-ci il tarixdən başlayaraq hər işlənmiş toy günü üçün 26 manat məbləğində əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin əmək müqaviləsinin surətindən daha sonra müəyyən olunur ki, müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh firmasının xx.xx.2012-ci il tarixli 98 saylı əmrindən müəyyən olunur ki, X6 xx.xx.2012-ci il tarixdən Cavabdeh firmasına administrator vəzifəsinə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən müəyyənləşdirilmişdir. Cavabdeh firmasının xx.xx.2016-cı il tarixli 166/16 saylı əmrindən müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən müəyyən olunur ki, Cavabdeh firması İddiaçı ilə xx.xx.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi - bağlamış, müqaviləyə əsasən İddiaçı əməyinin ödənilməsi işəmuzd olmaqla, aylıq əmək haqqı 26 manat müəyyən olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh firması İddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam vermişdir. Cavabdeh firmasının xx.xx.2014-cü il tarixli 30 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı 2012-ci il tarixdən Cavabdeh firmasına məxsus “Təbrik” şadlıq evində nəzarətçi işləyir və əmək haqqı 700 manat təşkil edir. Cavabdeh firmasının xx.xx.2015-ci il tarixli 63 saylı arayışının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixdən Cavabdeh firmasına məxsus “Təbrik” şadlıq evində nəzarətçi işləyir və əmək haqqı 500 manat təşkil edir. İddiaçı Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttiçliyinə ünvanladığı xx.xx.2017-ci il tarixli izahatından müəyyən olunur ki, o, Cavabdeh firmasında son 3 ildə əmək haqqını ala bilmədiyini göstərmişdir. Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli 480 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh firmasının təqdim etdiyi sənədlərdən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verilməsi, lakin, əmək qanunvericiliyinin tələbi pozularaq əmək müqaviləsinə düzgün xitam verilmədiyindən Cavabdeh firmasının rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq İnzibati Xəta haqqında protokol tərtib edilməsi, eyni zamanda əmək haqqının verilib-verilməməsi barədə Cavabdeh firmasına məktub ünvanlanmasına baxmayaraq bu günədək firma rəhbərliyi tərəfindən heç bir cavab verilməməsi, qeyd edilənlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı bildirilmişdir. Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2017-ci il tarixli 000172 saylı inzibati xəta haqqında protokolunun surətindən müəyyən olunur ki, Cavabdeh firmasının direktoru X11 həmin firmanın sabiq işçisi X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozmaqla xitam verdiyindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta törətmişdir. Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2017-ci il tarixli 000172 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki, Cavabdeh firmasının direktoru X11 həmin firmanın sabiq işçisi X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq xitam verdiyindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta Törətdiyinə görə 1800 manat cərimə olunmuşdur. İş materiallarından Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 1925/2017 saylı qərardadından müəyyən olunur ki, ididaçı Cavabdeh Firmasının direktoru X13, cavabdehlər X14 v İddiaçı arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişi Cavabdeh Firması (1-ci tərəf) ilə X14 və İddiaçı (2-ci tərəf) arasında yaranmış–Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1925/2017 saylı iş üzrə qeyd olunan mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi daşıyır. 1-ci tərəf 2-ci tərəflə barışıq razılaşması haqqında müqavilənin bağlanmasını və bu müqavilə üzrə 2-ci tərəfin götürdüyü öhdəlikləri nəzərə alaraq, 2-ci tərəfə qarşı qaldırdığı iddia tələblərindən imtina edir. 1-ci tərəf bu müqavilədə 2-ci tərəfin üzərinə düşən öhdəliklərin icrasını qəbul edir və göstərilən əsasla Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1925/2017 saylı iş üzrə qeyd olunan iddia tələbləri ilə birlikdə gələcəkdə 2ci tərəfə qarşı hər hansı bir pretenziya və ya iddia tələbinin olmayacağına dair öhdəlik götürür. 2-ci tərəf 1-ci tərəfin məhkəmədə qaldırdığı iddia tələbindən imtinasını qəbul edir. 2-ci tərəf 1-ci tərəf ilə aralarında yaranmış mübahisə ilə bağlı hazırda və gələcəkdə 1-ci tərəfə və onun istənilən vəzifəli şəxslərinə (əməkdaşlarına) qarşı hər hansı bir pretenziya və iddia tələbinin olmayacağına dair öhdəlik götürür. Bu müqavilə imzalandığı və məhkəmə tərəfindən təsdiq olunduğu an qüvvəyə minir və hər hansı bir tərəfin təqsiri üzəndən müqavilə icra olunmazsa, öhdəliyi pozmuş tərəf təqsirli şəxs hesab olunmaqla, təqsirli şəxsin əmlakı hesabına digər tərəfin xeyrinə 5000 manat cərimə ödənilir. Bu müqavilə imzalanarkən, hər iki tərəfin iradə ifadəsi nəzərə alınmış, yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış başqa əqdi pərdələmək məqsədi daşımır. Su-istifadə, zorakılıq və aldatma gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmışdır. Bu müqavilə hər iki tərəfin arzuladığı və şəxsən özlərinin razılıq verib, bəyəndikləri müqavilədir. İddiaçı Cavabdeh Firmasının cavabdehlər X12 və İddiaçı qarşı cavabdehləri hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz hərəkətlərinə son qoyulması, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və qeyri-əmlak zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 24229 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi Cavabdeh Firması tərəfindən təqdim edilən arayışın ksero-surətində İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh Firmasına məxsus Təbrik şadlıq evində nəzarətçi işlədiyi və aylıq əmək haqqının 500 manat təşkil etməsi əsaslı hesab edildiyi təqdirdə ödənilməli olan əmək haqqı məbləği 61000 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi dövr əmək məzuniyyətinə çıxmadığı halda isə İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə ödənilməli olan məbləğ 3684,21 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh firmasına qarşı əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair mülki iş ilə əlaqədar İddiaçı 2014-2016-cı illər üzrə əmək haqqısının hesablanmasının məhkəməyə bildirilməsi barədə şifahi sorğuya 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baxıldı. Bununla əlaqədar bildiririk ki, İddiaçı xx.xx.2017-ci il tarixli müraciəti əsasında Cavabdeh firmasının rəhbərliyinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə təqdim etdiyi İddiaçı əmək müqaviləsinin İX bəndində işçinin imza atmadığı məlum olmuşdur. Həmçinin bir tərəfli qaydada bağlanılmış əmək müqaviləsi olduğu halda əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Cavabdeh firması tərəfindən əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinin (Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir) və 44-cü maddəsinin 3-cü hissəsinin (Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələbləri gözlənilmədən Cavabdeh firmasının rəhbərliyi tərəfindən əmək müqaviləsinin tərəfi olan İddiaçı imzası ilə təsdiq olunmayan əmək müqaviləsi birtərəfli qaydada bağlanılmışdır. Belə ki, gözlənilmədən Cavabdeh firmasının rəhbərliyi ilə İddiaçı imzası ilə təsdiq olunmamış əmək müqaviləsi üzrə əmək haqqı barədə sorğunuzun icrası mümkün olmamışdır. Həmçinin bildiririk ki, ölkə iqtisadiyyatında son illər ərzində baş verən devalvasiyaları, İddiaçı Cavabdeh firmasında əmək fəaliyyətinə başladıqdan sonrakı dövrdə “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarını (xx xxxxxx 2013-cü il tarixli 3112 nömrəli; xx xxxxxx 2017-ci il tarixli 2608 nömrəli; xx xxxxxx 2017-ci il tarixli 3545 nömrəli; x xxxxxx 2019-cu il tarixli 937 nömrəli; xx xxxx 2019-cu il tarixli 1265 nömrəli), eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir) nəzərə alaraq İddiaçı işlədiyi 2014-2016-cı iş illəri üzrə əmək haqqının hesablanması zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin elan etdiyi Azərbaycan üzrə orta aylıq əmək haqqı məbləğinə əsaslanmağı məqsədəuyğun hesab edirik. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçının hansı müddət ərzində Firmada işləməsini müəyyən etməli, bunun üçün işə əlavə edilmiş arayışların həqiqiliyini müəyyən etmək zərurəti yaranarsa məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini təmin etməli, iddiaçının firmada işlədiyi dövrü müəyyən etmək üçün müvafiq qurumlara sorğular verməli, iddiaçının firmada işlədiyi dövr müəyyən edildiyi halda həmin dövr üçün əmək haqqının hesablanması üçün zərurət yaranarsa məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi təmin edilməli, iddia müddətinin tətbiqi ilə bağlı məsələyə qiymət verən zaman qərarın əsaslandırıcı hissəsində qeyd edilən maddi hüquq normalarına istinad edilməli, araşdırılan sübutlarla AR MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iş materiallarında olan Cavabdeh Firması tərəfindən “xxxxxxxxxxxx” ASC-yə ünvanlanmış xx.xx.2014 və xx.xx.2015-ci il tarixli arayışlarda imza və möhürün firmaya məxsus olubolmamasının müəyyən olunması üçün kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin-texniki ekspertizaları təyin edilmişdir. İş materiallarından məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 21983 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 24-25-ci vərəqlərində olan xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli arayışlarda Cavabdeh Firmasının Direktoru” qrafasındakı imzalar-X13 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarından sənədlərin texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 21983/22143 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx xxxxxxx 2014-cü il tarixli və xx xxxxxxx 2015-ci il tarixli arayışlarındakı möhür əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx xxxxxxx 2014-cü il tarixli və xx xxxxxxx 2015-ci il tarixli arayışlardakı möhür əksi müqayisəli tədqiqat aparmaq üçün ekspertizaya təqdim edilmiş Cavabdeh Firmasına məxsus möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. ƏM-nin 42-ci maddəsinin2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-nin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. ƏM-nin 44-cü maddəsinin 2-ci hissəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. ƏM-nin 44-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. ƏM-nin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. ƏM-nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. ƏM-nin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən buMəcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı X6 xx.xx.2012-ci il tarixdə cavabdeh “Faiq- S” firması ilə bağlanmış əmək müqaviləsi əsasında Təbrik şadlıq evində baş inzibatçı işinə qəbul etmişdir. Əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmasa da, xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinindən görünür ki, məlumatlar sistemə yerləşdirilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli arayışlarda Cavabdeh Firmasının Direktoru” qrafasındakı imzalar-X13 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğundan, həmin arayışlarda iddiaçının Cavabdeh Firmasında işləməsinin tarixləri və əmək haqqının məbləğləri bir-birinə ziddiyət təşkil etdiyindən, mötəbər sübut kimi qəbul oluna bilməz. İddiaçı həmin arayışları Banka təqdim edərkən, həmin arayışlarda olan məlumatların birbirinə ziddiyyət təşkil etməsini görmüş, məqsədi həmin arayışlar əsasında Bankdan kredit götürmək olmuşdur. Həmin arayışlarda Cavabdeh Firmasının möhürünün olması, arayışların Firma tərəfindən verilməsi kimi qəbul edilə bilməz. Kollegiya ekspert rəyi və işdə olan digər sübutlara müqayisəli şəkildə qiymət verərək hesab edir ki, cavabdeh tərəfin xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli arayışların iddiaçı işlədiyi dövrdə mal qəbulu ilə məşğul olan şəxslərin əlində olan həmin blanklardan istifadə edilməklə, arayışlar tərtib etdirməsi ilə bağlı dəlilini inandırıcı hesab edir. Qeyd olunanlara əsasən kollegiya sistem məlumatlarını digər sübutlarla birlikdə tədqiq edərək, həmin məlumatlar iddiaçının Cavabdeh Firmasında xx.xx.2012-ci il tarixdən işləməsinin mötəbər sübutu kimi qəbul olunmalıdır. Həmçinin iş materiallarında olan əmr və sistem məlumatlarından müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, müəyyən olunur ki, İddiaçı Cavabdeh Firmasında xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək işləmişdir. Kollegiya iddiaçının əmək haqqının hesablanması ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından sistem məlumatlarından da, göründüyü kimi, İddiaçı əməyinin ödənilməsi işəmuzd olmaqla, aylıq əmək haqqı 26 manat müəyyən olunmuşdur. Belə ki, iddiaçının işlədiyi yer Təbrik şadlıq sarayı olmaqla, toy mərasiminin keçirildiyi zalda baş inzibatçı olmuşdur. Onun əməyinin ödənilməsi işəmuzd olmaqla, yəni hər toy günü üçün 26 manat əmək haqqının ödənilməsindən ibarət olmuşdur. İddiaçı Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanladığı xx.xx.2017-ci il tarixli izahatından müəyyən olunur ki, o, Cavabdeh firmasında son 3 ildə əmək haqqını ala bilmədiyini göstərmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının yazılı izahatı nəzərə alınmaqla, ona xx.xx.2014-cü ilə kimi əmək haqqının ödənilməsi həyata keçirilmiş, həmin tarixdən xx.xx.2016-cı il tarixədək əmək haqqı ödənilməmişdir. ƏM-nin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-nin 142-ci maddəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan arətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia aydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. ƏM-nin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı 2016-cı ilin iyul ayının 14-də öz hüquqlarının pozulduğunu bilmişdir. Bu kassasiya instansiyası məhkəməsinin qərarında da vurğulanmışdır. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulduğunu bildiyi gün, xx xxxx 2016-cı ildir. ƏM-nin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Kollegiya qeyd edir ki, iddiaçının əmək haqqı ilə bağlı tələbinə bir illik iddia müddəti tətbiq edilməli, iddia qismən təmin olunmaqla, xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016-cı il tarixədək ödənilməmiş əmək haqqı hesablanmaqla ona ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1677 saylı rəyinə əsasən hər toy günü üçün 26 manat əmək haqqı ödənilməsi və toy günlərinin saylı ilə bağlı işdə olan arayış məlumatları nəzərə alınmaqla, İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək olan dövr üçün ödənilməli olan son haqq-hesabın məbləği 3123,24 manat (əmək haqqı 2938,0 manat, istifadə etmədiyi məzuniyyətə görə ödənilməli olan məbləğ 185,24 manat) təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək olan dövr üçün ödənilməli olan 3123,24 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli qərarında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə bağlı hesab etmişdir ki, iş üzrə tərəflər arasında olan iddia tələbi Cavabdeh Firmasının İddiaçı və digərlərinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərə son qoyulması, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və qeyri-əmlak zərərinin ödənilməsi” barədə olmuşdur. Həmin işdən iddiaçının cavabdeh firmaya qarşı əmək haqqının ödənilməsi barədə tələb irəli sürməsi və bu tələblə bağlı tərəflər arasında razılıq əldə edilməsi, əmək haqqı tələbi ilə bağlı iddiaçının gələcəkdə cavabdeh təşkilata qarşı iddia qaldırmaması öhdəliyinin götürməsi müəyyən edilmir. Ona görə də, istinad olunan qərardad iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran və iddia tələbini rədd edilməsinə əsas olan hal sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 427,65 manatın (50+124+53,65+200) 43 manatı cavabdehdən, 384,65 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)- 426/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh firmasından İddiaçı xeyrinə 3123,24 (üç min yüz iyirmi üç manat iyirmi dörd qəpik) manat pul məbləği tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 427,65 (dörd yüz iyirmi yeddi manat altmış beş qəpik) manatın 43 (qırx üç) manatı Cavabdeh firmasından, 384,65 (üç yüz səksən dörd manat altmış beş qəpik) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar