Məhkəmə qərarları › İş №2(103)-224/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-224/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-224/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(011)-1839/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında ASC-nin xeyrinə 31136 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan “İsuzu SAZ NP 37” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 11.06.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 11.07.2019-cu il tarixli cinayət işinin başlanmasınln rədd edilməsi haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 37004 manat müəyyən edilmiş, 27.08. 2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 36004 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığortaçı tərəfindən sığortalıya ödənilmiş 31136 manat məbləğində vəsaitin "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(011)- 1839/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 22411 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 21,30 manat hissəsinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 71 manatının Cavabdeh2, 29 manatının iddiaçı "xxxx" ASC-dən tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində işin faktiki halları sadalanmaqla, göstərilmişdir ki, maddi hüquq normaları pozulmuşdur. Məhkəmə iddianı qismən təmin edərkən, ekspert rəyinə istinad etmiş, ekspert rəyi ilə qüsur aktı arasında yaranmış fərqin aradan qaldırılması üçün araşdırma aparmamışdır. Ekspert rəy verərkən, nəqliyyat vasitələrinin dəyişdirilmiş ehtiyat hissələrini bazar dəyərindən aşağı qiymətləndirmişdir. Həmçinin təmir-bərpa işlərinin dəyərini də ağlasığmaz dərəcədə aşağı qiymətləndirmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, hadisə yerində çəkilmiş şəkillərdən, eləcə də video çəkilişdən görünür ki, evakuatorun qabaq hissəsində yalnız kabinkada içəri batma zədəsi olmuşdur, bu cür zədələnmə isə icbari sığorta tərəfindən ödənilmiş məbləğ təmir bərpa xərclərini tam şəkildə qarşılamasına kifayətdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Lakin iddiaçı Şirkət tərəfindən təqdim edilmiş qüsur aktında göstərilən 36004 manat məbləğində pul vəsaitinə yeni evakuator alınması mümkündür. Məhkəmə nəzərə almamışdır ki, 18.05.2020-ci il tarixli, 9/530 saylı ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş 22.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə almmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75 KD” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28279,0 manat müəyyən edilmişdir. Xətai RPİ-nin müstəntiqinin bir tərəfli və qərəzli qəbul etdiyi qərarının ləğv olunub işə yenidən baxılması üçün Cavabdeh1 Baş Prokurorluğu şikayət vermiş, hazırda araşdırma aparılır. İstintaq dövründə YNH-nə və dəymiş ziyanın qiymətləndirilməsinə görə məhkəmə texniki ekspertiziya aparılmamışdır. “İsuzu NPR 75K.D” markalı **-JP-*** avtomaşınında dəyişdirilmiş ehtiyyat hissələrinin alınmasını təsdiq edən heç bir çeklər belə istintaq və məhkəmə prosesində təqdim edilməmişdir. Qiymətləndirmə maraqlı tərəfin servisində özlərinin bildiyi kimi uydurma olaraq aparılmış və formal şişirdilmiş qiymətləndirmə aktı təqdim edilmişdir. Məhkəmənin tədqiq etdiyi 18.05.2020-ci il tarixli, 9/530 saylı ekspert rəyində “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı Evakuatorun deyil, “İsuzu NPR 75 KD” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ASC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Ekspert rəyi ilə razılaşmadığını bildirərək, nəzərə alınmamasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi-vəkili ASC-nin apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, öz apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Sonuncu ekspert rəyinin nəzərə alınmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan MC-Mİ-0178/18 saylı avtonəqliyyat vasitələrinin (CASCO) sığortası şəhadətnaməsinin və ona 1 saylı əlavənin surətindən görünür ki, "xxxx" QSC-yə məxsus “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti tərəfindən 19.04.2018-ci il tarixdən 18.04.2021-ci il tarixinədək sığortalanmışdır. AB seriyalı, 899549 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İsuzu SAZ NP 37” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. 01.06.2019-cu il tarixli yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “İsuzu SAZ NP 37” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil sərnişindaşıma məqsədi ilə 01.07.2019-cu il tarixədək Cavabdeh1 təhkim edilmişdir. İşdə olan inzibati xəta haqqında iş üzrə qərarlardan müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 (06.09.2019-cu il tarixli qərar) və X1 (24.05.2021-ci il tarixli qərar) Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəatnın törədilməsində təqsirli bilinərək, hər biri ayrı-ayrılıqda 200 manat inzibati cərimə edilmişlər. T.Rəhimov həmin qərarı mübahisələndirsə də, Bakı Apelyasiya Məhkəməsinin 22.06.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 27.08.2019-cu il tarixli sığorta aktından və ona əlavə olunmuş ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti tərəfindən dəymiş ziyana görə 1000 manat azadolma məbləği çıxıldıqdan sonra, faydalanan şəxs "xxxx" MMC-nin hesabına 36004 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və şəxsi hesabına köçürmə həyata keçirilmişdir. İş materiallarında olan 15.11.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 22.08.2019-cu il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatına əsasən ("xxxx" Şirkəti tərəfindən verilmişdir), “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 37004 manat müəyyən edilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.5). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə isə yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Kollegiya hesab edir ki, Cavabdeh2 tutulmalı olan məbləğ düzgün müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin 03.03.2020-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.05.2020-ci il tarixli, 9/530 saylı ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş 22.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtobusun təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28279 manat müəyyən edilmişdir (i.v.71). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə 03.03.2020-ci il tarixli qərardadında və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.05.2020-ci il tarixli, 9/530 saylı ekspert rəyində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı “**-JP-***” əvəzinə texniki səhv olaraq **-RZ-*** göstərilmişdir. Cavabdeh2 tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Rəhman Kərimovun 24.06.2019-cu il tarixli qərarı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.07.2019-cu il tarixli 16650 saylı ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X3” MMC tərəfindən tərtib edilmiş 18.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 15378 manat (dəyişilməli hissələrin qiyməti-10378 manat, təmir-bərpa işlərinin qiyməti-5999 manat); dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 12593 manat (dəyişilməli hissələrin qiyməti- 7593 manat, təmir-bərpa işlərinin qiyməti-5000 manat) müəyyən edilmişdir (i.v.128). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.07.2019-cu il tarixli 16650 saylı ekspert rəyi ilə “X3” MMC tərəfindən tərtib edilmiş 18.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən müəyyən edilmiş məbləğ ilə (12593 manat) 18.05.2020-ci il tarixli, 9/530 saylı ekspert rəyi ilə "xxxx" ASC tərəfindən təqdim edilmiş 22.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən müəyyən edilmiş məbləğ (28279 manat) arasında kəskin fərq olduğu üçün Bakı Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(103)-4237/2021 saylı qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.09.2021-ci il tarixli 9/4621 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan “X3” MMC-nin 18.06.2019-cu il tarixli ziyan aktındakı və "xxxx" ASC-nin 22.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14020,0 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27.01.2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2016-cı il buraxılışlı “İsuzu NPR 75 K.D” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədi ilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)-4237/2021 nömrəli mülki iş materiallarında olan nöqsan aktları əsasında hesablanır. “X3” MMC-nin "xxxx" ASC-yə ünvanladığı 29.03.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 18.06.2019-cu ildə "İsuzu NPR75K" markalı, **- JP-*** dövlət qeydiyyat nişanlı, (VİN JAANPR75KF********) yük avtomobilinə ilkin baxış keçirilərək, zərər aktı tərtib edilmişdir. Vizual baxışa əsaslanaraq tərtib olunmuş deffek Aktının qəzalı avtomobil sökülərək hazırlanacaq Deffek aktı ilə fərqlənəcəyi ilə bağlı müştəriyə verilmişdir. İlkin baxışa əsaslanaraq qeyd olunan yük avtomobilinə 17616,40 AZN məbləğində ehtiyyat hissələrinin və işçiliyin məbləği təyin edilmişdir. 08.08.2019-cu il tarixdə sözü gedən yük avtomobilinin tam şəkildə sökülməsinə və ətraflı baxış keçirilməsinə zərurət yarandığından, yük avtomobili "X3" MMC-nin servisində tam sökülərək yekun qiymətləndirilmə aparılmışdır. Ətraflı qiymətləndirmə zamanı məlum olmuşdur ki, yük avtomobilində ilkin baxışla görünməyən, tam və qismən sıradan çıxmış ehtiyyat hissələri də mövcuddur. Həmin yük avtomobilinin qəzadan əvvəlki vəziyyətinə gətirilməsi üçün "X3" MMC tərəfindən verilən ehtiyyat hissələri və işçilik haqqına əsaslanan yekun zərər məbləği 43.774,53 AZN təşkil etmişdir. Əlavə məlumat üçün bildiririk ki, "İsuzu NPR75K" markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, (VİN JAANPR75KF********) yük avtomobilinə təyin edilmiş ilkin zərər aktı, avtomobilin ətraflı demontaj edilməsindən sonra təqdim edilən yekun zərər aktının təsdiq edilməsi ilə öz qüvvəsini itirir. Təqdim edilmiş "X3" İsuzu MMC-nin 08.08.2019-cu il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərərin həcmi 43.774,53 manat müəyyən edilmişdir. Göründüyü kimi, “X3” MMC tərəfindən verilmiş 18.06.2019-cu il tarixli zərər aktına əsasən müəyyən edilmiş məbləğ avtomobilə vizual baxışa əsaslanaraq, ilkin baxış keçirilməsi nəticəsində müəyyən edilmiş, bundan sonra MMC tərəfindən zərurət olduğundan yük avtomobili "X3" MMC-nin servisində tam sökülərək yekun qiymətləndirilmə aparılmış və yekun zərər aktına əsasən dəymiş zərərin məbləği 43774,53 manat müəyyən edilmişdir. Qeyd olunan hallar nəzərə alınaraq mübahisənin düzgün və obyektiv həlli üçün Kollegiyanın 01.11.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.11.2021-ci il tarixli 9/8217 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan “X3” MMC-nin 18.06.2019-cu il tarixli ziyan aktındakı və "xxxx" ASCnin 22.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13926,0 manat müəyyən edilmişdir. Beləliklə, Kollegiya əlavə ekspertizanın nəticəsi olan ekspert rəyini mötəbər sübut hesab edərək, müəyyən edilmiş 13926,0 manat məbləği əsas götürür. Göründüyü kimi "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən ödənilmiş icbari sığorta üzrə ödəniş (13926-4868=9058) çıxılmalı, həmçinin 1000 manat da şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalan 8058 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1839/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulmalı olan sığorta ödənişi 8058 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat (100+100) məbləğində pul vəsaitinin 100 manatı iddiaçı "xxxx" ASC-dən, 100 manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar