Məhkəmə qərarları › İş №2(103)-2240/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2240/2025

19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2240/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1898/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadından iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1898/2025 nömrəli 10 yanvar 2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi bu qərardadı iddiaçılardan biri yəni, İddiaçı1 tərəfindən dövlət rüsumunun ödənilməməsi əsası kimi göstərmişdir. Belə ki, iddiaçılardan ikincisi İddiaçı2 müharibə veteranı olduğu üçün o, dövlət rüsumu ödəməkdən azaddır. Həmçinin məhkəmə qəbul etdiyi qərardadda iddiaçıların ayrı-ayrılıqda tələbinin nə olduğunu göstərmədiyinə istinad etmişdir. İddiaçılar hesab etmişdir ki, məhkəmənin bu qərardadı əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinin özündən də görünür ki, iddiaçıların tələbi vahid bir tələbdir. Yəni, hər ikisinin cavabdehlərdən etdiyi tələbin mahiyyəti eyni olmaqla bir vəhdət təşkil edir. Bu baxımdan da iddiaçıları ayrı-ayrı iddiaçılar kimi təqdim etmək tamamilə məntiqsizdir. Eyni zamanda belə bir yanaşma müharibə veteranı statusuna malik olan digər İddiaçı2 qarşı da “Veteranlar haqqında” AR Qanununun və həmçinin “Dövlət rüsumu haqqında” AR Qanununun tələblərinin tətbiq edilməməsi deməkdir. İşin hallarından da görünür ki, digər İddiaçı1 İddiaçı2 doğma bacısıdır. Yəni, onlar birinci qrup qohum olmaqla yanaşı, ailə üzvləri sayılırlar. Yəni, İddiaçı1 da müharibə veteranı olan İddiaçı2 bacısı və ailə üzvü olmaqla, həmin bu güzəştlərdən istifadə edə bildiyi halda, məhkəmə bunu nəzərə almamış və əsassız olaraq ondan da dövlət rüsumunu ödəməsini tələb etmişdir. Ona görə də bu qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Eyni zamanda iddiaçıların iddia ərizəsi bundan əvvəlki prosesdə icraata qəbul edilmiş və bir ilə yaxın məhkəmə prosesi davam etmişdir. Lakin sonuncu məhkəmə iclasında məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, məhkəmə tərəfindən ərizə əsassız olaraq nəzərə alınmamış və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadla, həm də bu qərardadla iddiaçıların hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də bu qərardad ləğv edilməlidir. Bu qanunun tələbinə görə müharibə veteranları dövlət rüsumu ödəməkdən azaddırlar. Lakin əfsuslar olsun ki, həmin bu iddia ərizəsində iddiaçılar bacıqardaş olaraq birlikdə iddia ərizəsi versələr də və iddialarının vahid şəkildə və eyni olduğu halda məhkəmə əsassız olaraq iddiaçılardan dövlət rüsumu ödənilməsini tələb etmişdir. Bununla da məhkəmə tərəfindən bu qanunun tələbləri pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1898/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1898/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, digər İddiaçı1 dövlət rüsumunu ödəməsi və ya onun dövlət rüsumundan azad edilməsi hallarına dair hər hansı sübutun olması iddia ərizəsinə əlavə edilməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Eyni zamanda iddiaçılar iddia ərizəsində cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 müştərək qaydada maddi ziyana görə 450000 manat, mənəvi ziyana görə 200000 manat olmaqla, ümumilikdə 650000 manat olmaqla pulun tutularaq onlara ödənilməsini xahiş etsələr də, hər bir iddiaçıya ayrılıqda ödəniləcək məbləği dəqiq göstərməmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən geri qaytarmışdır. Bu səbəbdən iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1898/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1898/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar