Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2243/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: “pul tələbi, əsassız varlanma, etirafedici ifadə, sübutetmə yükü”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6222/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X2 tərəfindən Cavabdeh xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, barəsində 24 iyul 2023-cü ildə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2023-cü ildə ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş, Nərimanov Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, müstəntiqin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, icraata xitam verilməsi və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun həbsdən azad edilməsi haqqında qərarına əsasən cinayət işi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar ləğv edilib, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad edilmişdir. İstinatq orqanı hesab edib ki, toplanmış sübutlar Cavabdeh CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət deyildir, yəni cinayət işi üzrə təqsirliliyini sübuta yetirmək mümkün deyildir. Cinayət işindəki istintaq materialları, o cümlədən izahatında, üzləşdirmə və dindirmə protokolları ilə təsdiq olunur ki, Cavabdeh çoxsaylı şəxslərlə yanaşı, İddiaçı da 14500 manat aldığını, 1500 manatını qaytardığını, 13000 manat borcu qaldığını etiraf etmişdir(i.v.61-62;77- 80;105-106;110-112;149-153).
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 14000(on dörd min) manat və 132(yüz otuz iki) manat dövlət rüsumuna görə xərcin əvəzi alınıb onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərib ki, Cavabdeh ilə 2020-ci ildə tanış olub, özü Bakı şəhərində "Dərnəgül bazarı" kimi tanınan ərazidə sürücü vəzifəsində işləyir. Bazarda sexlərdə və ya mağazalardan yüklərin daşınmasını müştərilərin ünvanlarına çatdırmaqla məşğul olmuşdur. Cavabdeh bazarda tikinti materiallarının satışı ilə məşğul olduğundan ara sıra mağazasına yük daşımanı həyata keçirmiş və beləliklə cavabdehlə tanışlıqları dərinləşmişdir. 2021-ci ilin yanvar ayında əlaqə saxlayaraq sağlamlığında ciddi problemlərin olması ilə bağlı Bakı şəhərində yerləşən "Medical Plaza” tibb müəssisəsində müalicə aldığını bildirmiş və gecə saat 4 radələrində maddi cəhəddən kömək etməyini xahiş etmiş və müalicə xərclərini tam qarşılamışdır. 2021-ci ilin yay aylarında bazar ətrafinda olan kafelərin birində nahar etdikləri zaman cibində toplam 10 000 manat olmuş, pulu müdirinə seyfdə saxlaması üçün verəcəyini bildirmiş, cavabdeh öz növbəsində pulu ona verəcəyi təqdirdə xeyli gəlir əldə edə biləcəyini bildirmiş, iddiaçı da həmin gün cavabdehə 10 000 (on min) manat, 4-5 ay sonra isə əlavə 4500 manat, cəmi 14500 manat verib. Həmin pul vəsaitindən 500 manat qaytarmışdır. Cavabdehdən pulunun geri qaytarılmasını tələb edib, heç bir nəticə əldə edə bilmədiyi üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə rəsmi şikayət vermişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6222/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 13000 (on üç min) manat tutularaq İddiaçı ödənilməsi; iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 (yüz iyirmi doqquz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh cinayət işinin istintaqı zamanı iddiaçı ilə üzləşdirilən zaman İddiaçı borclu olduğu 14500 manat məbləğində pul vəsaitindən müəyyən vaxtlarda ödəniş etdiyindən hazırda 13000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Eyni zamanda məhkəmə iddiaçının ibtidai istintaq zamanı verdiyi hazırkı iddia ərizəsi ilə eyni məzmunlu ifadəsinə istinad edərək qeyd edir ki, xx.xx.2023-cü il tarixli, № 230705 saylı üzləşdirmə protokoluna əsasən Cavabdeh öz izahatında qeyd etmişdir ki, İddiaçı tanıyır, Elxana olan 14500 manat məbləğində borcunun 500 manatını iyun-iyul aylarında, qalan 14000 manat məbləğində pulun 1000 manatını isə 22 avqust 2023-cü il tarixdə qaytardığını qeyd etmişdir. Qeyd edilən cinayət işinin materiallarından da görünür ki, cavabdeh iddiaçıdan 14500 manat pulu götürdüyünü qeyd etmiş, bu məbləğdən 1500 manat qaytardığını qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı 13000 manatın qaytarılması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən cavabdeh tərəflər arasında razılaşma əsasında iddiaçıdan pul almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pulun ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə tərəflər arasındakı razılaşma əsasında pul almasına dair hüququndan istifadə etmiş, lakin həmin pulun qaytarılmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Buna görə də iddiaçı verilmiş pulun geri qaytarılmasını, tərəflər arasında öhdəliyin vicdanla yerinə yetirilməsini tələb etməkdə haqlıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş edərək göstərib ki, iddiaçının ona 14500 manat pul verdiyini təsdiq edən heç bir sübutu məhkəmə iclasında tədqiq edilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi, iddiaçı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Məhəmməd Tağıyevin 09 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi, icraata xitam verilməsi və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qəti-mkan tədbirinin dəyişdirilməsi və onun həbsdən azad edilməsi haqqında” qərarı ilə razılaşmış, ondan şikayət verməmişdir. Həmin qərar bu gün qüvvədədir. Həmin qərarla müəyyən edilmişdir ki, cavabdehin hərəkətlərində heç bir cinayət əməli yoxdur. Məhkəmənin qətnaməsini əsaslandırmaq üçün yeganə istinad etdiyi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi İstintaq Şöbəsində təzyiq altında alınmış, xx.xx.2023-cü il tarixli, № 230705 saylı üzləşdirmə protokoludur. Məhkəmə həmin protokolu əsas tutsa da, nəzərə almamışdır ki, həmin şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçı tərəfin iddia etdiyi kimi, əgər cavabdehə 10.000 manat pul verirsə və cavabdeh onu qaytarmadan ona əlavə 4.500 manat pul verməsi ağlabatan deyil. Məhkəmə hazırki qətnaməni qəbul edərkən iddiaçının məhkəmə prosesinə gətirilməsini təmin etməmiş, iddiaçını cavabdehə qarşı irəli sürdüyü tələbi üzrə dindirməmiş, nəticədə məhkəmə cavabdehin konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozaraq qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən iddiaçının iddia etdiyi pul vəsaitini hansı tarixdə, harada və hansı şəraitdə verilməsini müəyyən etmək üçün iddiaçının məhkəmə iclasında iştirakını təmin etməmiş, beləliklə də, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfin mübahisəli pul vəsaitini verdiyini təsdiq edən heç bir sübuta əsaslanmadan iddianı qismən təmin etməklə məhkəmə baxışının prinsiplərini pozmuşdur. Məhkəmə iddiaçının cavabdehə nə vaxt, hansı məqsədlə, niyyətlə pul verdiyini təsdiq edən heç bir sübuta əsaslanmamışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili X4 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdilər.
8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından təmin edildiyi hissədə iddia haqlı sayılır.
18. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
20. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
21. Əvvəla, öhdəlik yalnız hansısa razılaşma yaxud əqd bağlanması nəticəsində yaranmır. Cavabdehin iddiaçı qarşısında olan öhdəliyi əsassız varlanmadan yaranmışdır. Başqa sözlə, cavabdeh sonradan aradan qalxmış əsasa görə iddiaçının hesabına varlanmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Çünki cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamışdır. Burada iddiaçının cavabdehə verdiyi vəsaitin üç min manatdan artıq olmasına görə sadə yazılı formada əqdin bağlanmasına da zərurət olmamışdır. Çünki onlar arasında həqiqi borc münasibətləri olmuş olsa belə, yazılı əqdin bağlanmaması cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyinin icra etməsini istisna etmir.
22. Cavabdehin barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı izahatında, eləcə də İstintaq Şöbəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə də iddiaçıdan 14500 manat aldığını, 1500 manatını qaytardığını, 13000 manat borcu qaldığını özünün yazdığı və imzası ilə təsdiq etdiyi ifadəsində etiraf etmişdir(i.v.61-62;77-80;105-106;110-112;149- 153). Başqa sözlə, cavabdeh iddiaçıdan 14500 manat aldığını etiraf və təsdiq edib. Demək ki, cavabdehin cinayət təqibi zamanı etirafedici izahatı və ifadələri iddiaçını hazırkı iş üzrə də bu halları sübut etmək yükündən və əlavə sübut təqdim etmək vəzifəsindən azad edib. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmur.
23. İddiaçının cinayət işinin icraatına xitam verilməsi barədə qərarla razılaşması və ondan şikayət verməməsi ona mülki mühakimə icraatı qaydasında hazırkı iddianı irəli sürməyə maneə deyildir. Yəni, həmin qərarın bu gün də qüvvədə olması cavabdehin mülki mühakimə icraatı qaydasında iddiaçının qarşısında yaranmış öhdəliyinə xitam vermir. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyində cinayətin əlamətlərinin olmaması yaxud təqsirliliyinin sübuta yetirilməməsi onu hazırkı iddia üzrə mülki hüquqi məsuliyyətdən azad edə bilməz. Cavabdehin cinayət mühakimə icraatı zamanı izahatları və ifadələri təzyiq altında verməsi dəlili də inandırıcı və ağlabatan deyil, özünü müdafiə xarakteri daşıyır. Çünki nə həmin icraat zamanı nə də hazırkı iddia zamanı belə bir halı göstərməmişdir. Düzdü xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatı anlaqsız vəziyyətdə verdiyini göstərib, ancaq yenə təzyiq altında verdiyini deməmişdir. Apellyasiya şikayətində bu cür dəlildən istifadə etməsi isə anlaşılan olmamışdır. Bununla yanaşı, təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə özünün yazdığı ifadəsində iddiaçının ona tələb etdiyi məbləği verdiyini təsdiq etmişdir. Bütün bunlardan sonra şikayətində fərqli dəlilə istinad etməsi isə onun uğurlu olduğuna haqq qazandırmır.
24. İddiaçının məhkəmə iclaslarında nümayəndə və vəkillə təmsil olunması onun hüququdur və bunu ona qadağan etmək olmaz. Düzdü, məhkəmə tərkibi onun məhkəmə iclasında şəxsən iştirakını zəruri hesab edə bilərdi. Lakin bunun üçün hər hansı bir əsas və zərurət olmadı. Bir daha qeyd olunur ki, iddiaçı cavabdehə hansı tarixdə, harada və hansı şəraitdə pul verməsini göstərib, cavabdeh də cinayət mühakimə icraatı zamanı bu halları təsdiq və etiraf etmişdir. Ona görə də iddiaçının istinad etdiyi hallar sübuta yetirilmiş sayılır. Demək ki, hazırkı iş üzrə məhkəmə baxışının hansısa prinsipinin pozulmasından söhbət gedə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın qanuni əsası barədə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuşdur. Demək ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi müqavilədən irəli gələn, o cümlədən borc münasibətlərini tənzimləyən normalarına istinad etmişdir. Yəni, cavabdehin iddiaçı qarşısında öhdəliyi yarandığı qənaətinə gəlmişdir. Burada, məhkəmənin cavabdehin iddiaçı qarşısında müqavilələrdən, o cümlədən borc müqaviləsindən yaranan öhdəliyin əmələ gəldiyi qənaəti açıq-aşkar əsassız görünməyə bilər. Ancaq nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iki dəfəyə cəmi 14500 manat verilmişdir, hazırkı iddianın da qanuni əsası dəyişmiş olur. Göstərilənlərə baxmayaraq, istər müqavilədən əmələ gələn, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır. Ona görə də nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır və mahiyyəti üzrə düzgündür, deməli yalnız formal mülahizələrə görə ləğv edilməsinə də məhkəmə tərkibi lüzum görmür.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
27. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6222/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6222/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.