Məhkəmə qərarları › İş №2(103)-2245/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2245/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2245/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (Olimpus Park) qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)-2100/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (Olimpus Park) (bundan sonra, iddiaçı) qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 500.000 manat məbləğində maddi, 100.000 manat dəyərində mənəvi ziyan, 31 manat dövlət rüsumu və 151 manat xidmət haqqı olmaqla, cəmi 600.182 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 79,60 kv.metr yaşayış sahəsinin 1/5 hissəsinin mülkiyyətçisidir. Həmin ərazidə cavabdeh MMC tərəfindən söküntü işləri aparılsa da, mülkiyyətçi kimi onunla müqavilə bağlamadan, mənzilinin pulunu bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mənzilin giriş-çıxışını uçurub dağıtmaq, pəncərələrinin şüşələrini və dəmir reşotkalarını qırıb dağıtmış, mənzilin qapılarını yerindən çıxarmaq və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaq yolu ilə mənzil yararsız vəziyyətə salınmışdır. Bunun nəticəsində günlərlə yağan leysan yağışlar birbaşa mənzilə tökülür, eyni zamanda su xətti sıradan çıxarılmış, mənzilin tavanı üstünə uçmağa başlamışdır. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xəttləri, mənzildə olan əşyalar və mebellər tam tam yararsız hala salınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymiş, bu barədə müxtəlif təşkilatlara, hüquq mühafizə orqanlarına müraciət etsə də, cavabdeh onun mənzil, yaşamaq və xüsusi mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)- 2100/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia qismən təmin olunaraq, cavabdeh MMC-dən iddiaçının xeyrinə maddi ziyana görə 60000 manat, mənəvi zərərə görə 15000 manat və 10 manat dövlət rüsumunun tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manatın cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunması, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razı olmamasını, məhkəmə tərəfindən maddi və mənəvi zərərin məbləğinin düzgün müəyyən olunmamasını və s. göstərmişdir. Cavabdeh apellyasiya şikayətini – qətnamənin iddianın təmin olunan hissələrində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, məhkəmə tərəfindən iddia olunun maddi zərərin iddiaçıya kim tərəfindən vurulması, cavabdehin bunda təqsirinin olub-olmaması istiqamətində heç bir araşdırmanın aparılmaması, mənəvi zərərlə bağlı gəldiyi nəticənin əsaslandırılmaması və mötəbərliliyi şübhə doğuran, rəy vemrək hüququ olmayan MMC-nin xx.xx.2021-ci il tarixli rəyinin əsas götürülməsi və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak 1/5 hissədə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mənzilin sahəsi 79.60 kv.m-dir. Həmin əmlaka 5/1 hissədə İddiaçı payı qeydiyuyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan ərazidə yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə Cavabdeh MMC-yə həvalə edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 6 nömrəli Obyektin Tikintisə İcazədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və S.Zeynalov küçələrinin kəsişməsində 9200 kv.m hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilə koda dair AZE 002021 seriyalı Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. İşdə olan 03 iyun 2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisəli sahəyə baxış keçirilərkən ərazi cavabdeh tərəfindən hasarlanmış, orada qazıntı işləri aparıldığı müəyyən edilmişdir. Mübahisəli sahə qismən sökülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinin 1/5 hissəsinin qiymətləndirmə ekspertizası aparılan zaman həmin evin tikinti şirkəti tərəfindən dağınıqlığı çəkilmiş fotoşəkil əsasında həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən söküntü zamanı 184944.1 manat məbləğində smeta xərclərində hesablanmış ziyan dəymişdir. Qeyd olunan əmlakın tam təmir olunaraq, hazırki vəziyyətə gətirilməsinə 184944.1 manat məbləğində smeta xərcləri hesablanmış və tam təmirdən sonra mənzilin ümumi bazardakı likvid dəyəri 300000 manat təşkil edir. İddiaçı payına uyğun olaraq həmin əmlakın 5/1 hissəsinin dəyəri 60000 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – İddiaçı ünvan 1 ünvanında yerləşən 79,60 kv.metr yaşayış sahəsinin 1/5 hissəsinin mülkiyyətçisidir. Həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli, 6 nömrəli Obyektin Tikintisə İcazədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və S.Zeynalov küçələrinin kəsişməsində 9200 kv.m hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair AZE 002021 seriyalı Şəhadətnamə ilə Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində 3 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Bununla belə məhkəmə tərəfindən 03 iyun 2021-ci il tarixdə keçirilən yerli baxış zamanı MMC-nin direktoru Asif Quliyev söküntü işləri aparılarkən "N-Turan” MMC mülkiyyətçi kimi İddiaçı ilə müqavilə bağlamadan, mənzilinin pulunu bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan mənzilin giriş-çıxışını uçurub dağıtmaqla bağlamış, pəncərələrinin şüşələrini və dəmir reşotkalarını qırıb dağıtmış, mənzilin qapılarını yerindən çıxarmış və mənzilinin üstündə olan tikililəri söküb dağıtmaqla mənzilini yararsız vəziyyətə saldığı müəyyən edilmişdir. Mənzilin su xəttini sıradan çıxarmaqla suya bağlamış, nəticədə mənzilin tavanı üstünə uçmağa başlamışdır. Həmin mənzildə yaşamaq qeyri mümkündür. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində mənzilin qaz, su və işıq xəttləri tam yararsız vəziyətə salınmışdır. Bu hal 03 iyun 2021-ci il tarixdə mübahisəli sahəyə keçirilən yerli baxış zamanı da müəyyən edilmişdir. Mənzilində olan əşyalar və mebellərə baxış keçirilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində əmlakın bir hissəsi məhv edildiyindən iddiaçının hüquqları pozulmuş, mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Göründüyü kimi cavabdehin təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən əmlakın dəyərinin iddiaçıya ödənilməsi ədalətli və əsaslı hesab edilməlidir. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinin 1/5 hissəsinin qiymətləndirmə ekspertizası aparılan zaman həmin evin tikinti şirkəti tərəfindən dağınıqlığı çəkilmiş fotoşəkil əsasında həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən 79.60 kv.m yaşayış sahəsinə cavabdeh "xxxx" MMC tərəfindən söküntü zamanı 184944.1 manat məbləğində smeta xərclərində hesablanmış ziyan dəymişdir. Qeyd olunan əmlakın tam təmir olunaraq, hazırki vəziyyətə gətirilməsinə 184944.1 manat məbləğində smeta xərcləri hesablanmış və tam təmirdən sonra mənzilin ümumi bazardakı likvid dəyəri 300000 manat təşkil edir. İddiaçı payına uyğun olaraq həmin əmlakın 5/1 hissəsinin dəyəri 60000 manat təşkil edir. Məhkəmə müvafiq ekspert rəyini işin digər halları ilə birlikdə qiymətləndirərək əmlaka vurulmuş maddi zərərə görə 60000 manat məbləğində pulun iddiaçıya cavabdeh tərəfindən ödənilməsini məqbul hesab edir. Birinci instansiya məhkəməsi iddianı mənəvi ziyan hissədə də qismən təmin etmiş, işin hallarını məcmu şəkildə qiymətləndirərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanı 15000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, iddiaçının paylı mülkiyyətində olan mənzilin məhz cavabdeh tərəfindən sökülməsi və həmin ərazidə hündürmərtəbəli binanın inşa olunması işdə olan sübutlarla tam təsdiq olunur. Cavabdehin apellyasiya şikayətində bu halı mübahisələndirməsi isə açıq-aşkar əsassız olmaqla formal mülahizələrə söykənmişdir. Apellyasiya şikayətlərindən həmçinine görünür ki, tərəflər əsasən dəymiş zərərin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğlərindən narazı qalmışlar. Cavabdeh həmçinin "xxxx" MMC-nin rəyinin mötəbər olmamasını göstərmişdir. Qeyd edilənlərə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 10/2529- 9/2792 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 79,60 kv.metr olan mənzil tamamilə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. Eyni zamanda qeyd edilən mənzil tamamilə söküldüyündən həmin mənzilə hansı məbləğdə ziyan dəyməsini (əvvəlki vəziyyətin bərpa olunmasına nə qədər vəsait tələb olunmasını) müəyyən etmək mümkün olmadı. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında göstərilən qiymət ilə hazırki bazar qiyməti arasında fərqin az olması nəzərə alınaraq həmin qiymətləndirmə hesabatında göstərilən məbləğ reallığı əks etdirir. İşin hallarından göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılan zamanı iddiaçının paylı mülkiyyətində olan mənzil hələ tam sökülməmiş (həmin vaxtı müvəqqəti təminat tədbirinin də seçilməsinə baxmayaraq, mənzil sonradan tam olaraq sökülmüşdür), bu səbəbdən də mənzillə bağlı müvafiq qiymətləndirmə daha obyektiv və reallığı əks etdirməklə aparılmışdır. Bu hal hazırki ekspertiza rəyi ilə təsdiq olunmuş, işdə olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında göstərilən qiymətin reallığı əks etdirməsi müəyyən olunmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, maddi zərərin daha az olmasını əsaslandıra bilməmişdir. Eyni zamanda, iddiaçı da məbləğin daha artıq olmasını əsaslandıra və sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X4rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və beləı müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (konvensiyanın) normalarını, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini (oxşar işlər üzrə mövqeyini) nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi mülkiyyətin ədalətli əvəzinə (kompensasiyasına) yönəlmişdir. Bu səbəbdən də cavabdeh iddiaçıya məxsus sökdüyü əmlakın ədalətli əvəzini ödəmək vəzifəsini daşıyır. Belə olan halda isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh MMC-dən iddiaçının xeyrinə maddi ziyana görə 60000 manat tutulması” hissəsində razılaşır və hesab edir ki, qətnamə həmin hissədə əsaslı və ədalətlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia mənzildə olan əşyaların dəyərinə dair hissədə əsassız olmuşdur. Çünki, iddiaçı həmin hissədə tələbinin əsaslandıra və sübut edə bilməmiş, əşyalarını götürə bilməməsi, eləcə də onların dəyəri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası mənəvi ziyan hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və ədalətli hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə cavabdehin təqsirli hərəkətləri ucbatından iddiaçının mülkiyyətindən məhrum olması, dolayısı ilə dərin sarsıntı və iztirab keçirməsi şübhəsizdir. Belə olan halda, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə və mənəvi zərərin məbləği hissəsində gəldiyi nəticəni əsaslı hesab edərək, bu hissədə apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və mənəvi ziyana görə 15000 manat tutulmasını ağlabatan, ədalətli və qanuni sayır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Olimpus Park) qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)-2100/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)-2100/2021 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh MMC-yə (Olimpus Park) aid edilsin, sonuncudan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar