Məhkəmə qərarları › İş №2(103)-2255/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2255/2023

06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2255/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Məmmədova (Nəzirova) Nigar Qüdrət qızı və Cavabdeh10 qarşı “kommunal xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(004)-3445/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(004)- 3445/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh3 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamənin ona aid hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olmalıdır. Həmin qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi qədər ödənilməlidir. Belə ki, iddia qiyməti 35046,0 (otuz beş min qırx altı) manat məbləğində olduğu üçün birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumu 195,14 manat müəyyən edilir. Yəni apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 97,57 manat təşkil etməli idi. İşin materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, cavabdeh Faiq Əziz oğlu tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh Faiq Əziz oğlu qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən göstərilənlər nəzərə alınmaqla cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(004)- 3445/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin . Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar