Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2257/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti və Medistyle Hospitala qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti və Medistyle Hospitala qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7270/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçının mərhum qızı X4 09 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Cavabdeh1 MMC-yə işə qəbul edilmişdir. X1 30 noyabr 2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə “Bulvar hotel”ə karantin dövründə həkim və tibb bacılarının işdən sonra onların qalmaqları üçün xüsusi olaraq ayrılmış yerə gedərkən ağır yol-nəqliyyat hadisəsi baş vermiş və həmin vaxtı birgə işlədikləri üç nəfər iş yoldaşları ilə birlikdə X4 da faciəli surətdə həlak olmuşdur. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə X3 ölüm haqqında şəhadətnamə verilmişdir. Medistyle Hospital tərəfindən 30 noyabr 2020-ci il tarixdə X4 ilə aralarında olan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) xitam verilmişdir. 09 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı mərhum qızı X2 qanun üzrə vərəsəsi hesab edilmişdir. 2.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı verilmiş 18 fevral 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən X6 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş sənədlərdə Yeganə Məmmədovanın 30 noyabr 2020-ci il tarixdə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyi və vərəsələrinə müavinətin ödənilmədiyi müəyyən edilmişdir. Həmin müavinətin hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh1 MMC-nin rəhbərliyinə tərəflərindən rəsmi məktub göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Medistyle Hospitala və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə onun mərhum qızı X2 orta aylıq əmək haqqının azı üç misli miqdarında, dəfn xərcləri üçün 350 manat və mənəvi zərərə görə isə 10.000 manat məbləğində, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətindən 5000 manat məbləğində sığorta ödənişinin hər gecikdirilmiş günlər üçün altı ay (180 gün) ödənişin 0,1 faizi həcmində dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, koronavirus pandemiyası ilə mübarizəyə hələ təhsillərini tam başa vurmayan Azərbaycan Tibb Universitetinin tələbələri qoşulmuşlar və həmin tələbələrin sırasında müalicə-profilaktika fakültəsinin tələbəsi X4 da 9 avqust 2020ci il tarixli əmək müqaviləsinə əsasən Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Cavabdeh1 MMC-yə işə qəbul edilmişdir. X1 30 noyabr 2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə “Bulvar hotel”ə karantin dövründə həkim və tibb bacılarının işdən sonra onların qalmaqları üçün xüsusi olaraq ayrılmış yerə gedərkən ağır yol-nəqliyyat hadisəsi baş vermiş və həmin vaxtı birgə işlədikləri üç nəfər iş yoldaşları ilə birlikdə X4 da faciəli surətdə həlak olmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsindən iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, mərhum X2 ailəsinə onun yeganə hüquqi varisi kimi iddiaçıya aidiyyəti təşkilatlar heç bir maddi yardım göstərmək təşəbbüsündə olmamışlar. Dəfələrlə müraciət edildikdən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bir il dörd aydan sonra, 2022-ci ilin aprel ayının 18-də sığorta ödənişini həyata keçirmişdir. Medistyle MMC-nin müdiriyyəti müavinətlə bağlı müraciətlərə müxtəlif vaxtlarda fərqli cavablar vermiş və 12 aprel 2022-ci il tarixli vəkil sorğusuna verdiyi cavabda İddiaçı mərhum X2 hüquqi varisi olması barədə sənədlərin müraciətə əlavə edilmədiyi bildirilmişdir. Qeyd edilən sənədlər təqdim edildikdən sonra Medistyle Hospital yol-nəqliyyat hadisəsinin iş vaxtından sonra vaş verməsinə istinad edərək qanunda nəzərdə tutulan müavinətin ödənilməsindən imtina edilmişdir. Medistyle hospitalın müdiriyyəti iddiaçının yeganə övladının dəfn xərci ilə əlaqədar müraciətini də təmin etməmiş, sonradan 200 manat məbləğində ödəniş etmək qərarına gəlsə də, həmin məbləğ iddiaçı tərəfindən qəbul edilməmişdir. Medistyle hospitalının müdiriyyəti öz hərəkətləri ilə iddiaçıya mənəvi zərər də vurmuşlar.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7270/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Medistyle Hospitaldan iddiaçının mərhum qızı X2 orta aylıq əmək haqqının üç misli miqdarında müavinət, mənəvi zərərə görə 4000 (dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə iddiaçının mərhum qızı əmək müqaviləsi əsasında Medistyle hospitalda işçi kimi çalışdığından, onun vəfatı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, hazırkı iş üzrə iddiaçı da mərhumun qanun üzrə vərəsəsi olduğundan iddiaçı cavabdeh Medistyle Hospitaldan mərhum qızının orta əmək haqqının üç misli miqdarında müavinət tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə mərhum X2 orta aylıq əmək haqqının üç misli miqdarında müavinət tutulmalıdır. Məhkəmə iddia tələbinin iddiaçının mərhum qızı X2 dəfn xərcləri üçün 350 manat pulun cavabdeh Medistyle hospitaldan tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı övladının ölümü onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Doğma qızının ölümü ilə keçirdiyi mənəvi iztirablarla yanaşı, onun ölümündən dərhal sonra Medistyle Hospital tərəfindən ödənişlərin həyata keçirilməməsi, iddiaçının pul vəsaitini ala bilmək üçün get-gələ salınması, iddiaçının Medistyle Hospitalın hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, doğma qızının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və qızının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 4.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab etmişdir. Məhkəmə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətindən 5.000 manat məbləğində sığorta ödənişinin hər gecikdirilmiş günlər üçün altı ay (180 gün) ödənişin 0,1 faizi həcmində dəbbə pulunun tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.9, 17.1.4, 17.1.7, 18.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7270/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, X2 xx.xx.2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə gedərkən ağır yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində üç nəfər iş yoldaşları ilə birlikdə faciəli surətdə həlak olması iş vaxtından sonra baş vermiş yol-nəqliyyat hadisəsi olduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinin təsiri altına düşmür. Lakin Məhkəmə tərəfindən mübahisəyə yanlışlıqla Əmək Məcəlləsinin 77.7-ci maddəsi tətbiq edilmişdir. Belə ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 21 və 23-cü maddəsinə istinad edilsə də bunun nədən ibarət olmasını və mənəvi zərərin vurulmasını təsdiq edən sübuta istinad etməmişdir. Halbuki, mənəvi zərərin vurulmasını təsdiq edən sübut yoxdur. Məhkəmə mənəvi zərərin vurulmasını əsaslandırarkən sanki, yol-nəqliyyat hadisəsinin Medistyle Hospitalın təqsirindən baş verməsi kimi qiymətləndirərək mənəvi zərərin tutulması barədə qətnamə qəbul edib. İddiaçı ona mənəvi zərər vurulmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı ona 10.000 manat məbləğində mənəvi zərər iddia etsə də bunu əsaslandırmamışdır. Məhkəmə isə sübut təqdim edilmədən tələbi qismən təmin etmiş və iddiaçıya dəymiş mənəvi zərərin məbləğini necə müəyyən etdiyini əsaslandıra bilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı məhkəməyə apellyasiya şikayətinə etiraz ünvanlamış, etiraz onunla əsaslandırılmışdır ki, apellyatorun apellyasiya şikayətinin əsaslı olması üçün qətnamədə müəyyən edilmiş faktların sübutlarla təsdiq edilməsi müəyyən edilməlidir.Hansı ki, qəbul edilmiş qətnamədə həmin halların heç biri mövcud deyildir. Apellyasiya şikayətində o da qeyd edilir ki, məhkəmə mənəvi ziyanla əlaqədar iddianı qismən təmin edərkən MM-nin 21 və 23-cü maddələrinə əsasən həmin ziyanın nədən ibarət olmasını və mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir. Halbuki, mənəvi zərər istər iddia ərizəsində, istərsə də mübahisələndirilən məhkəmə qətnaməsində kifayət qədər əsaslandırılmışdır. Cavabdeh "xxxx" MMC-nin müdiriyyəti qanun üzrə ona veriləcək müavinətdən uzun müddət müxtəlif bəhanələrlə boyun qaçırmış, nəhayət, sonda xx.xx.2022-ci il tarixdə sorğuya vermiş olduği cavabda göstərmişdir ki, müavinətlə əlaqədar müraciətinə onun mərhum Yeganə Məmmədovanın hüquqi varisi olmağına dair heç bir sənəd əlavə edilməmişdir. Cavabdehin tələb etdiyi həmin sənədin - mərhum qızınının qanun üzrə vərəsəsi olmağına dair şəhadətnamənin təsdiq edilmiş surəti tərəfindən təqdim edilməsindən sonra da cavabdeh yol-nəqliyyat hadisəsinin iş vaxtından sonra baş verməsinə istinad edərək qanunda nəzərdə tutulan müavinətin ödənilməsindən imtina etmişdir. Halbuki, yer kürəsini bürümüş bəşəri bəlaya - koronovirus pandemisiyasına qarşı mübarizəyə həmçinin, könüllü olaraq qoşulmuş tibb işçiləri inzibati qaydada müəyyən edilmiş ciddi rejim qaydaları çərçivəsində fəaliyyət göstərməklə,İş vaxtını başa vurduqdan sonra onlar üçün məxsusi olaraq ayrılmış "Bulvar Hotel"ə gedərkən qəzaya uğramışlar və belə bir şəraitdə yeganə övladı - qızı Yeganə Məmmədova həyatdan məhrum olmuşdur. Cavabeh “ Medistyle " hospitalının müdiriyyəti övladı Yeganə Məmmədovanın hələ tibb təhsilini tam başa vurmamış könüllü surətdə bu bəşəri bəla ilə mübarizə işinə qoşularaq, gənc yaşında həyatını itirməsinə və baş vermiş hadisədən iki ildən də çox bir müddət keçməsinə baxmayaraq qanunda nəzərdə tutulan müavinəti belə ödəməkdən imtina etməklə ona eyni zamanda mənəvi cəhətdən də sarsıdıcı zərbə vurmuşdur. Buna görə də hesab edir ki, apellyatorun birinci instansiya məhkəməsinin iddia üzrə qəbul etdiyi qətnamədən vermiş olduğu şikayətinin heç bir hüquqi əsası yoxdur.
Proses iştirakçılarının izahatı
11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, şikayətdə qeyd olunan hallar əsassız olduğu üçün apellyasiya şikayəti təmin edilməməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Cavabdeh1 hospitalının müdiriyyəti dəfn xərci ilə əlaqədar müraciətini də təmin etməmişdir. Sonradan 200 manat məbləğində ödəniş etmək təklif edilsə də, o razılaşmayıb. Qızının orta aylıq əmək haqqı 1500 manat idi. Mənəvi zərəri pul ödəməmələri nəticəsində onu incitdiklərinə görə tələb edib.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndində qeyd edilir ki, işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
14. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndində qeyd edilir ki, Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
15. Mülki Məcəllənin 23.1-ci maddəsində qeyd edilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, “...mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli, 07 nömrəli qərarında qeyd edilir ki, “...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı və digər cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdeh Medistyle Hospitala münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iddiaçı hazırkı iddiasında Cavabdeh1 MMC-dən qızının vəfatı ilə bağlı müavinətin və ona dəymiş mənəvi zərərin ödənilməsini xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək Cavabdeh1 MMC-dən orta aylıq əmək haqqının üç misli miqdarında müavinət, mənəvi zərərə görə 4000 (dörd min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
25. Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının mərhum qızı X2 vəfat etməsinə səbəb olan yol-nəqliyyat hadisəsi iş vaxtından sonra baş verdiyi üçün ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən sığorta ödənişi ödənilməməlidir.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, X4 Cavabdeh1 MMC-nin işçisi olmuş və onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir.
27. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək qanunvericiliyin tələbinə əsasən işçinin vəfatı ilə əlaqədar ona orta aylıq əmək haqqının 3 misli miqdarında ödəniş edilməsi işçinin vəfatının hansı səbəbdən baş verməsi ilə şərtləndirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir.
28. Cavabdehin digər dəlili ondan ibarətdir ki, iddiaçı ona cavabdehin təqsiri üzündən mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə sübutlar təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli, 07 nömrəli qərarında qeyd edilir ki, “...Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.). Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”.
30. İş materiallarından göründüyü kimi, İddiaçı övladı X2 vəfatı ilə əlaqədar olaraq fiziki və mənəvi sarsıntılar keçirmişdir. Digər tərəfdən Cavabdeh1 MMC ona ödənilməli olan ödənişi etməməklə iddiaçının onun təqsiri üzündən mənəvi sartıntılar keçirməsinə səbəb olmuşdur. Beləliklə, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi qənaətinə gəlməklə ödənilməli olan kompensasiya məbləğini düzgün müəyyən etmişdir.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7270/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev