Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2257/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh AR İN yanında ƏMDX-nın DƏDKR PHŞnin 1 saylı BƏİ-yə qarşı “payların naturada müəyyən edilərək bölgünün tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “payların naturada müəyyən edilərək bölgünün tanınması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 və onların nümayəndə və vəkili Vəkil iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə payların naturada müəyyən edilərək bölgünün tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Məhkəmənin 16 noyabr 2023-cü il tarixli hazırlıq iclasında X1 və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Şeyda Məhərrəmova) ilə iddia təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyəri olan 200 (iki yüz) manat iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. (VÖEN **********, Hesab AZ34CTRE********************).
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların nümayəndə və vəkili Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 2/4 hissədə, X1 1/4 hissədə, X3 1/16 hissədə və İddiaçı2 3/16 hissədə paylı mülkiyyətdədir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 16- 16/2-10/1408 nömrəli, 13 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, A.Xələfov küçəsində yerləşən 48 saylı evin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin tikililərinin tərəflərin faktiki istifadəsinə uyğun olaraq bölünməsinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16- 16/2-10/4846 nömrəli, 05 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, A.Xələfov küçəsində yerləşən 48 saylı evin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, tərəflərin istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı sahələrin olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texniki parametrlərinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin tikililərinin tərəflərin və X2 faktiki istifadəsinə uyğun olaraq bölünməsinin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
15. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
16. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
17. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
27. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
29. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
33. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 2/4 hissədə, X1 1/4 hissədə, X3 1/16 hissədə və İddiaçı2 3/16 hissədə paylı mülkiyyətdədir.
34. İddiaçılar həmin paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki iş materiallarından görünür ki, həmin iddia tələbi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönəlmişdir.
35. MM-in 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
36. Göründüyü kimi, hazırkı paylı mülkiyyətçilərin öz paylarının ayrılması barədə iddia tələbi digər paylı mülkiyyətçilərə qarşı yönəlməli olsa da, hazırkı iddia tələbi üzrə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi qoyulmuş, yəni iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
38. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
39. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.
40. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.
41. Bütün yuxarıda sadalananlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir.
42. Odur ki, Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
45. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
46. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
47. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
49. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci olan iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi (əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən) təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatının cəmi dəyəri olan 200 (iki yüz) manat iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.