Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2258/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: birgə nikah dövründə alınmış əmlakın satışından əldə edilmiş pulun bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(011)-4042/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. İddiaçı ilə Cavabdeh1 12 may 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Tərəflər arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(006)-2044/2019 saylı qətnaməsinə əsasən ləğv edilmişdir.
3. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bümyadzadə küçəsində yerləşən tikiliyə dair "xxxx" MMC tərəfindən hazırlanmış 02 oktyabr 2019-cu il tarixli hesabat cədvəlinə əsasən tikilinin bazar dəyəri 89600 manat müəyyən edilmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(025)-589/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilmiş tikinti işlərinə görə 11914,80 manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 manat və 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, mübahisə premdeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2020-ci il tarixli, 26819 saylı ekspert rəyi ilə Bakı şəhərində yerləşən İddiaçı Vagif qızına məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16085,20 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdən sifarişçi tərəfindən icraçıya ödənilmiş pulun 28000 geri qaytarmalı olan hissəsi 11914,80 manat təşkil edir.
5. Cavabdeh2 ilə X6 arasında bağlanılmış 13 fevral 2017-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın Alqı-Satqı Müqaviləsi”nə əsasən satıcı Cavabdeh2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili 60000 manat qiymətinə alıcı X4 satmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən ona məxsus olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən üçüncü şəxslərə satılaraq, iddiaçıya vurulmuş maddi zərərə görə 35000 manat, ödənilmiş dövlət rüsumuna görə 195 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Ramana qəsəbəsi, keçmiş yod zavodunun yaxınlığında yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xəbəri olmadan üçüncü şəxsə, sonuncu isə dördüncü şəxsə – X1. Hazırda sözügedən fərdi yaşayış evində X9 ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edilmiş və şikayət ərizəsi əsasında müvafiq qaydada araşdırılma aparılmışdır. Həmin fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar iddiaçı ilə X5 arasında 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi bağlanılmış, lakin sonuncu fərdi yaşayış evinin tikintisini tam başa çatdırmadığından ona qarşı “müqavilə üzrə öhdəliklərin tam icra edilmədiyinə görə vurulmuş maddi və mənəvi zərər” tələbi ilə məhkəməyə müraciət edilmiş və iddia qismən təmin edilmişdir. Cavabdehlər tərəfindən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi real bazar qiymətindən dəfələrlə aşağı qiymətə üçüncü şəxslərə satılmış və nəticədə iddiaçıya maddi zərər vurulmuşdur.
8. Cavabdeh X15 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən iddiaçıya məxsus olan torpaq sahəsini tərəflərin nikah dövründə əldə etmişlər. Həmin torpaq sahəsinin hər hansı sənədləri mövcüd olmamışdır. Daha sonra anası mülki iş üzrə Cavabdeh2 özünə məxsus olan mənzili satmış və ona evin tikintisi üçün 30000 manat məbləğində pul vermişdir. Həmin pul İddiaçı Oqtay adlı şəxsə evin tikintisi üçün vermişdir, Oqtay da evin tikinisini başa çatdırmamışdır. Həmin evi və torpaq sahəsini ayrıldıqlarına görə satmışdır, satışdan əldə edilmiş pulu da xərcləmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(011)- 4042/2022 nömrəli ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 nikah dövründə Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən iddiaçıya məxsus olan torpaq sahəsini almış və həmin torpaq sahəsinn üzərində tikili inşa etmişlər. Tərəflər 2019-cu ildə boşanmışlar. Bundan sonra Cavabdeh1 torpaq sahəsini və üzərində olan tikilini 20000 manata satmışdır. İddiaçı sözügedən torpaq sahəsi və tikilinin özünə məxsus olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Digər tərəfdən Cavabdeh1 tikilinin onun anası tərəfindən verilmiş 30000 manat pulun hesabına inşa edildiyini bildirsə də, bu halı təsdiq edəcək yetərli sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə Cavabdeh2 məxsus olan mənzilin alqı-satqısı ilə bağlı müqavilə təqdim edilsə də, satışdan əldə edilmiş pul vəsaitinin məhz Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin üzərində tikilinin inşası üçün sərf edildiyi sübuta yetirilmir. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı və Cavabdeh1 birgə nikah dövründə satın aldıqları Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin və üzərində inşa edilmiş tikinlinin satışından əldə edilmiş 20000 manat məbləğində vəsaitinin ½ hissəsinin, yəni 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 Airf oğlundan tutularaq İddiaçı ödənilməlidir. Torpaq sahəsi və üzərində inşa edilmiş tikili alqı-satqısına Cavabdeh2 aidiyyəti müəyyən edilmədiyinə görə, iddia ona münasibətdə təmin edilmir. İddiaçı torpaq sahəsinin onun məlumatı olmadan, bazar qiymətindən aşağı qiymətə satıldığına görə ona 35000 manat məbləğində ziyanın vurulduğunu iddia etsə də, formal olaraq ehtimallara əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 37.1, 37.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, iddia təmin edilən hissədə ləğv olunaraq iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının torpaq sahəsi və onun üzərində inşa olunmuş yaşayış evi üzərində ümumiyyətlə, subyektiv hüququ olmamışdır. Belə ki, sözü gedən torpaq sahəsi məhz onun tərəfindən alınmış, bu zaman hər hansı bir hüquq müəyyənedici sənədi olmamış, həmin əmlak daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamışdır. Bundan savayı, həmin torpaq sahəsi üzərində təmir-tikinti işləri məhz anası Cavabdeh2 vəsaitləri hesabına aparılmış, həmin zaman ona məxsus mənzilin alqı-satqısından əldə edilmiş gəlirlər hesabına ərsəyə gətirilmişdir. Buna dair alqı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı ümumiyyətlə, həmin torpaq sahəsinin alınmasına və ya üzərində tikinti-təmir işlərinin aparılmasına hər hansı vəsait sərf etməmişdir. Belə olan halda iddiaçının həmin torpaq sahəsinin və onun üzərində inşa edilən evin ona məxsus olduğunu iddia etməsi sadəcə absurd yanaşma olmaqla, hər hansı bir intellektual-kommunativ əhəmiyyətə malik deyildir. Bundan savayı, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Beləliklə, qanunun dili ilə desək, mübahisələndirilən fərdi yaşayış evi özbaşına tikilidir və birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi yolverilməzdir. Belə olduğu halda məhkəmə yanlış qənaətə gəlmiş, heç bir hüquqi əsas olmadan yekun akt qəbul etmişdir. O, iddiaçı ilə 2005-ci ildə nikaha daxil olmuş, nikah dövründə, 2005-2012-ci illər ərzində Xaçmaz rayonu ərazində yaşamış, birgə təsərrüfat aparmışlar. Öz evləri olmadığından 2012-ci ildə fərdi yaşayış evinin tikilməsi məqsədilə tərəfimdən 5 sot ölçüdə olan torpaq sahəsi alınmış, həmin torpaq sahəsi üzərində tikinti aparmaq üçün maddi vəsaitimin olmaması səbəbindən işləmək və qazanc əldə etmək məqsədilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində mebel ustası vəzifəsi üzrə çalışmış, müəyyən miqdarda gəlir əldə etmişdir. İddiaçı isə Xaçmaz rayonu ərazisində yaşamaq istəmədiyini, Bakı şəhərinə gəlmək istədiyini bildirdikdə o, işləyib əldə etdiyi gəlir hesabına Bakı şəhərində yaşayıb, birgə təsərrüfat apara bilmələri məqsədilə 2015-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi almışdır. Lakin bütün vəsaitini torpaq sahəsinin alınması üçün xərclədiyindən aldığım hər iki (Xaçmaz rayonu və Bakı şəhəri ərazisində yerləşən) torpaq sahəsi üzərində tikinti-təmir işləri aparmağa kifayət qədər maddi imkanı olmamışdır. Daha sonra, anası Cavabdeh2 özünə məxsus olan mənzili satmış, əldə etdiyi 60000 manat məbləğində pul vəsaitinin yarısını, yəni 30000 manat məbləğində olan pul vəsaitini ona tikinti-təmir işləri apardıqdan sonra onlarla birgə yaşayıb, təsərrüfat aparmaq şərti ilə vermişdir. Həmin pul vəsaiti dayısına məxsus Bakı şəhəri ərazisində yerləşən fərdi yaşayış evində saxlanılmışdır. Daha sonra, 13 aprel 2017-ci il tarixdə İddiaçı 30000 manat məbləğində olan pul vəsaitini onun məlumatı olmadan götürmüş və öz adından X5 ilə tikinti-təmir işlərinin aparılması məqsədilə xidmət müqaviləsi bağlamışdır. İddiaçı ilə aramızda bağlanmış nikaha 2019-cu ildə xitam verilmişdir. Nikaha xitam verildikdən sonra onlar faktiki olaraq ayrı yaşamış, birgə təsərrüfat aparmamışlar. Nikahları pozulduqdan sonra o, öz vəsaitləri hesabına alınmış, Cavabdeh2 vəsaitləri hesabına tikinti-təmir işləri aparılmış torpaq sahəsini və üzərində tikilmiş fərdi yaşayış evini satmışdır. Birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz. Amma özbaşına tikili kimi səciyyələndirilən əmlak birgə nikah dövründə müəyyən vəsait hesabına tikilibsə, bir neçə il tərəflər birgə yaşayıblarsa, birgə təsərrüfat aparıblarsa, onda əmlakın deyil, o evin tikilməsinə sərf olunmuş pulun bölgüsü baş verir, hər kəs bu vəsaitin yarısını bölgüsü baş verir, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı belə bir hüququ yoxdur. Çünki o, sözü gedən torpaq sahəsinin alınması, eyni zamanda onun üzərində tikinti-təmir işlərinin aparılması üçün ümumiyyətlə, xərc çəkməmişdir. Məhkəmə yekun akt çıxararkən iddiaçının öz adından xidmət müqaviləsi bağlaması nüansına diqqət yetirmiş, fəqət o müqavilənin bağlanması üçün əldə etdiyi pul vəsatini necə əldə etdiyi xüsusatına diqqət yetirməmişdir. Halbuki o pul vəsaiti məhz onun anasına məxsus mənzili satması nəticəsində əldə etdiyi pul vəsaiti olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın tam rədd olunmasını məhkəmədən xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır; Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər; Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər; Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarı: 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin iddia təmin edilən hissədə ləğv olunaraq iddianın tam rədd edilməsi xahiş edildiyinə görə, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. Tərəflərin nikahda olduqları dövrdə mübahisə predmeti torpaq sahəsinin alınması, üzərində inşa olunan tikiliyə vəsaitin həmin dövrdə sərf olunması, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra həmin əmlakın Cavabdeh1 tərəfindən satılması işin halları ilə təsdiqini tapdığından və mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qeyd olunan xüsusatları işin mübahisələndirilməyən halları kimi qiymətləndirir.
25. Cavabdeh tərəfindən iddiaya etirazın və apellyasiya şikayətinin əsasını təşkil edən hallar aşağıdakılardır: - torpaq sahəsinin məhz onun tərəfindən alınması, iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına və ya üzərində tikinti-təmir işlərinin aparılmasına hər hansı vəsait sərf edilməməsi; - torpaq sahəsi üzərində təmir-tikinti işlərinin anası Cavabdeh2 vəsaiti sonuncuya məxsus mənzilin alqı-satqısından əldə edilmiş gəlirlər hesabına aparılması - 13 aprel 2017-ci il tarixdə İddiaçı 30000 manat məbləğində olan pul vəsaitini onun məlumatı olmadan götürməsi və öz adından X5 ilə tikinti-təmir işlərinin aparılması məqsədilə xidmət müqaviləsi bağlaması.
26. Mübahisələndirilən hallarla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, istər torpaq sahəsi, istərsə də üzərində inşa edilmiş tikili qeydə alınmasa da, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi mövcud olmuşdur və Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malik oldğuundan birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur.
27. Digər tərəfdən torpaq sahəsində təmir – tikinti işlərinin aparılması ilə bağlı müqavilənin məhz iddiaçı tərəfindən bağlanması da tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində sərəncam verdiyini təsdiq edir. İddiaçının 13 aprel 2017-ci il tarixdə 30000 manat məbləğində olan pul vəsaitini onun məlumatı olmadan anasından götürməsi işin halları ilə təsdiqini tapmadığından, həmin dövrdə bununla bağlı mübahisənin mövcudluğu, cavabdehlər tərəfindən hər hansı iddianın qaldırılması halı mövcud olmadığından məhkəmə kollegiyası qeyd olunan xüsusatı inandırıcı hesab etmir.
28. İşin hallarını Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.11-ci bəndi baxımından qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər torpaq sahəsi və tikili cavabdeh tərəfindən satıldığından iddiaçı həmin əmlakların faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia əsasında tərəflərin ümumi əmlakı hesabına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini cavabdehdən tutmaqla düzgün nəticəyə gəlmişdir.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(011)- 4042/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(011)- 4042/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev