Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2262/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və əldən çıxmış faydanın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 5.000 ABŞ dolları, 3.000 manat, əldən çıxmış fayda kimi 1.000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 5.000 ABŞ dolları, 3.000 manat, əldən çıxmış faydaya görə 528 manat, dövlət rüsumunun əvəzi kimi 528 manat, dövlət rüsumunun əvəzi kimi 126,09 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia belə əsaslandırılıb ki, 2021-ci ilin noyabr ayında iddiaçı özünə məxsus 5.000 dollar və 3.000 manat pulu bir müddət evində saxlamaq, sonra geri qaytarmaq üçün cavabdehə (bacısına) verib, lakin cavabdeh pulu qaytarmayıb. Cavabdeh iddiaya etiraz edib, etirazı belə əsaslandırıb ki, pul 5.000 ABŞ dolları və 3.000 manat deyil, 3.000 dollar və 5.000 manatdır, həmin pul hər iki tərəfin nənəsi vəfat etdikdən sonra ondan miras qalıb. Müəyyən olunur ki, iddiaçı 5.000 dollar və 3.000 manat pulu saxlamaq üçün cavabdehə verib. Bu, 2 sübutla təsdiq olunur: iddiaçının izahatı və cavabdehin etirafı ilə. Belə ki, cavabdeh 41-ci Polis Bölməsində izahat verərkən ona belə sual verilib: “Bacınız tərəfindən Sizə etibar olunmuş 5.000 dollar və 3.000 manatı qaytarmaqdan nəyə görə imtina edirsiniz?” Cavabdeh suala belə cavab verib: “Qaytarmaqdan imtina etmirəm, nə vaxt bacım mənim xahişimi yerinə yetirsə, o vaxt pul qaytaracam”. Həmin sual və cavab birlikdə qiymətləndirildikdə etiraf kimi qəbul olunur. Yəni cavabdeh etiraf edib ki, iddiaçı özünə məxsus 5.000 dollar və 3.000 manat pulu saxlamaq üçün ona etibar edib. Cavabdehin pulu özündə saxlaması əsassız varlanma sayılır. Belə ki, iddiaçı pulun qaytarılmasını tələb etdiyi andan cavabdeh başqasının pulunu hüquqi əsas olmadan özündə saxlayan şəxs sayılır. Ona görə də məhkəmə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 5.000 dollar və 3.000 manat pulun qaytarılmasını qət edib. Əldən çıxmış fayda kimi 1.000 manat tutulması barədə tələb əsassızdır. Bu tələb iddia ərizəsində ümumiyyətlə əsaslandırılmayıb. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək əldən çıxmış fayda kimi 528 manat tutulmasını qət edib. Lakin həmin maddənin əldən çıxmış faydaya aidiyyəti yoxdur. Əldən çıxmış fayda - şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdir, “zərər” anlayışı ilə əhatə olunur (Mülki Məcəllə, maddə 21.2). İddiaçı 5.000 dollar və 3.000 manat pula münasibətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir barədə heç bir sübut təqdim etməyib, ümumiyyətlə, iddia ərizəsində bunu əsaslandırmayıb. Ona görə də həmin tələbə aid hissədə qətnamə ləğv edilməli və tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - əldən çıxmış faydaya görə 528 manat tutulması hissəsində ləğv edilsin və həmin hissədə tələb rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2262/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2262/2023
31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver