Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2266/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 4353/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilməsi qət edilmişdir.
2. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır.
3. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-267/2019/011 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır.
4. xx.xx.2023-cü il tarixli KAZİMOFF GROUP tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 00000698 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan sözügedən müqaviləyə xitam verilmişdir.
5. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və təhvil-təslim aktından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 1590 manat məbləğində malı "xxxx" MMC-dən təhvil almışdır.
6. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdə İF/04951 saylı müqavilə əsasında götürmüş olduğu 1200 manat məbləğində kredit borcunu xx.xx.2019-cu il tarixində tam şəkildə ödəmişdir və heç bir borc qalmamışdır.
7. xx.xx.2022-ci il tarixli "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3333,00 manat olan, 036- EMB-0025-21 saylı kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə borcunu tam bağlamış və hal-hazırda bu müqavilə üzrə heç bir borc qalmamışdır.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən evin xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payları müəyyən edilmişdir.
9. Bakı şəhəri, Suraxanı rayon İHB Qaraçuxur qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, həqiqətən o, 2005-ci ildən 2022-ci ilin noyabr ayınadək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 1-ci döngə, 15E saylı evdə qeydiyyatsız yaşamışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3593/2024 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqlarının müəyyən edilməsi” tələbinə dair Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4353/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xəbəri olmadan boşandıqdan sonra, yəni 2018-2022-ci ilədək birgə yaşadıqları dövrdə Cavabdeh ondan (İddiaçı) istifadə edərək, aldığı pulların miqdarı, ümumilikdə 15.427 (on beş min dörd yüz iyirmi yeddi) manat miqdarında pul vəsaitinin və əlavə olaraq 10.000 (on min) manat mənəvi ziyana gorə kompensasiyanın cavabdehdən alınaraq ona (iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 24 aprel 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 19 yanvar 2005-ci il tarixidə doğulmuş X2 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X8 anaları Cavabdeh yanında qalması, İddiaçı 18 sentyabr 2018-ci il tarixdən başlayaraq, 19 yanvar 2005-ci il tarixdə doğulmuş X2 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə üzrə İcra sənədi Abşeron Rayon İcra şöbəsində icraata alınmışdır. Həmin qətnamə üzrə tələbkar ondan aliment tələbini etmədiyindən, eyni zamanda qeyd olunan qətnamənin mövcud olmasından ümumiyyətlə xəbəri olmadığından tələbkar ilə bir evdə 2022-ci ilin noyabr ayına qədər uşaqları ilə birlikdə yaşamışdır. Yasamal rayonu İcra şöbəsinin icraata başlama haqqında qərarını və bildirişi ona Abşeron rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən 15 mart 2023-cü il tarixdə imzası ilə qəbul etmişdir. Belə ki, o, Qarabağ müharibəsi qazisidir. Cavabdeh nikahın pozulmasına dair 18 sentyabr 2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən də tələbkar ilə bir evdə 2022-ci ilin noyabr ayına qədər uşaqları ilə birlikdə yaşamışlar. Onun qazancı ailəsinə və uşaqlarına, evin təmirinə (5000 (beş min)) manat, evə aldıqları əşya və avadanlıqların banklara olan kreditlərinin ödənilməsinə (ümumilikdə 7147 (yeddi min yüz qırx yeddi)) manat xərcləmişdir. “ABC telecom MMC”-nin 17 aprel 2023-cü il tarixli arayışından göründüyü kimi, 22 iyun 2019-cu il tarixdə 1024 (min iyirmi dörd) manat məbləğində məhsul (cavabdehə telefon almış) kredit götürmüş və hazırda borcu yoxdur. “X4 İDK” LLC-nin 17 aprel 2023-cü il tarixli arayışından göründüyü kimi, 03 dekabr 2018-ci il tarixdə 1200 (bir min iki yüz) manat məbləğində kredit götürmüş (kombi), kredit borcunu 09 dekabr 2019-cu il tarixdə tam şəkildə ödəmiş və hazırda borcu yoxdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 sentyabr 2022- ci il tarixli arayışından göründüyü kimi, 07 yanvar 2021-ci il tarixdə 3.333.00 (üç min üç yüz otuz üç) manat məbləğində kredit götürmüş (mebel almış), kredit borcunu 19 yanvar 2022- ci il tarixdə tam şəkildə ödəmiş və hazırda borcu yoxdur. "xxxx" MMC-nin 20 aprel 2023-cü il tarixli arayışından göründüyü kimi, 04 mart 2020-ci il tarixdə 1.590 (min beş yüz doxsan) manat məbləğində kredit götürmüş (su təmizləyici sistemi almış), kredit borcunu 10 mart 2021-ci il tarixdə tam şəkildə ödəmiş və hazırda borcu yoxdur. Həmin dövrlərdə o, Dərnəgül MTK-da mühafizə xidmətinin rəisi vəzifəsində işləmiş, bütün maaş və əlavə gəlirləri birgə yaşadıqlarına görə cavabdeh mənimsəmişdir. Bundan əlavə yaşadıqları evdə 2018-2022-ci illərdə təmir işlərini aparmışdır. Belə ki, cavabdeh həyətdə olan ona (iddiaçıya) məxsus tikinti materialları olan 3 düymə 6 metrəlik boruları (6x150=900 manat), 3 xətli 120 metr elektrik kabeli (1800 (min səkkiz yüz) manat), 2,5 tonluq su çəni (200 (iki yüz) manat), dəmir idman ləvazimatlarını (200 manat), çarpayını qonşuya 180 manata satmışdır. Bütün bu işləri bitirdikdən sonra cavabdeh onu birlikdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, 1-ci döngə ev 15E-də 2022-ci ilin noyabr ayında bütün evlərin və çöl giriş qapılarının açarlarını dəyişərək onu evinə buraxmamışdır. Bütün olanlardan başqa cavabdehin evlə həyətyanı torpaq sahəsinə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestrindən öz adına onun xəbəri olmadan çıxarış almasını aşkarlamışdır. Bundan sonra o, Suraxanı rayon məhkəməsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə və daşınmaz əmlakın üzərində hüquqlarının olmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 16(010)-76/2022 saylı Qətnaməsi ilə iddia tələbi təmin olunaraq onun qeyd olunan fərdi yaşayış evi üzərində ½ hissədə payı müəyyən edilmiş, icra sənədi icra olunmuşdur.
13. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, cavabdehin ona 20.000 manata yaxın aliment borcu vardır və aliment borcunu ödəmir. Hazırkı iddia tələbini isə o məqsədlə qaldırıb ki, aliment ödənişindən yayınsın. O, bir müddətdir ki, İddiaçı icra şöbəsinə şikayət etmiş və alimentin ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı isə qeydiyyat yerini dəyişməklə icra şöbələrindən qaçmış və hazırkı iddia tələbi isə onun aliment öhdəliyindən yayınması üçün istifadə etdiyi bir üsuldur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla (Cavabdeh ilə) nikahı Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, lakin 2022-ci ilin noyabr ayına kimi birlikdə yaşamışlar. xx.xx.2018-ci il tarixdən 2022-ci ilin noyabr ayınadək ona və ailəsinə pul xərcləmiş, evin təmirinə 5.000 manat, əşya və avadanlıqlara ümumilkdə 7.147 manat, xx.xx.2019-cu il tarixdə 1.024 manata ona kreditlə telefon almış, xx.xx.2018-ci il tarixdə kreditlə 1.200 manata evə kombi almış, krediti xx.xx.2019-cu il tarixdə tam bağlamış, xx.xx.2021-ci ildə evə 3.333 manata mebel almış, xx.xx.2022-ci ildə krediti ödəmiş, xx.xx.2020-ci il tarixdə 1.590 manat kredit götürüb su təmizləyici sistem almış və xx.xx.2021-ci il tarixdə tam ödəmişdir. Həmin evdə 2018- 2022-ci illərdə təmir işləri aparmışdır. Əlavə olaraq guya o, (cavabdeh) 900 manat boru, 1.800 manata elektrik kabeli, 200 manat su çəni, 200 manat idman ləvazimatları, 180 manat çarpayı satmışdır. Evdə təmir işləri bitəndən sonra guya onu evə buraxmamışdır. Hazırda iddiaçı ondan 15.427 manat və 10.000 manat mənəvi ziyana görə kompensasiya tələb edir. Belə ki, iddia tələbi əsassızdır və dəlilləri uydurmadır. İddiaçı ilə o, xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşlar, lakin nikahları Nizami rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2018-ci ilin avqustsentyabr ayından o, nikahın pozulması ilə bağlı məhkəməyə iddia vermiş, münasibətləri kəskin olmuşdur. İddiaçı ümumiyyətlə işləməmiş, onun qazancı olmamış, evə və ailəyə baxmamış və mütəmadi olaraq onları söyüb-təhqir etmişdir. İlham daim sərxoş olurdu, hədə-qorxu gəlirdi, əlində bıçaqla onları ölümlə hədələyirdi. Nikahın pozulmasından sonra onun 2022ci ilin noyabr ayınadək onunla bir evdə qalması uydurmadır. İddiaçı nikah pozulandan bir müddət sonra evə gəlməmişdr. 2018- 2022-ci il tarixlərdə İddiaçı ona və ailəsinə heç bir məbləğdə pul xərcləməyib. İddiaçı evin təmirinə, evə əşya və avadanlıqların alınmasına da pul xərcləməyib. xx.xx.2019-cu il tarixdə o özü telefon almış, lakin, iddiaçının adına sənədləşdirmə aparılmış, ilkin ödəniş kimi 150 manat o, öz bir bank kartı ilə (Kapitalbank) ödəniş etmişdir. Daha sonra isə hər ay özü ödənişləri ödəmişdir. İddiaçı telefona görə heç bir ödəniş etməmişdir. Telefonu həmin vaxt 700 manata almışdır. xx.xx.2018-ci il tarixdə evə alınmış kombi onun adına sənədləşsə də, pulunu tam həcmdə özü ödəmişdir. xx.xx.2021-ci il tarixdə evə alınmış mebelin pulunu də tam həcmdə özü ödəmişdir. xx.xx.2020-ci il tarixdə 1590 manata su təmizləyici sistem alması ilə bağlı həqiqətən də İddiaçı 1200 manata öz pulu ilə yeganə aldığı əşya olmuşdur. İddiaçı 2018-2022-ci illərdə evdə heç bir təmir işləri aparmayıb. İddiaçının oğlu Məhəmmədəlinin adından işə əlavə etdiyi ərizəsi mötəbər deyildir. Belə ki, oğlu hərbi xidmətdə olarkən İlham özü yazılı şəkildə ərizə tərtib etmiş, oğlunu aldadıb ki, guya alimentdən imtina edir, oğlunu bu adla aldadıb imza etdirmişdir. İşə əlavə edilmiş aktın da iddia tələbinin əhatə etdiyi 2018-2022-ci il dövrünə aidyyəti yoxdur, onun mətnindən aydın olur ki, guya o, evin tikintisinə pul xərcləyib. Onun 900 manat boru, 1.800 manata elektrik kabeli, 200 manat idman ləvazimatları satmağı tamamilə uydurma və yalandır. 180 manatlıq çarpayı isə özü qonşuya vermiş, hazırda qonşu da həmin çarpayını İlhama qaytarmağa hazırdır. İddiaçı o, heç bir vaxt mənəvi zərər vurmamışdır, əksinə iddiaçı ona uzun illərdir ki, mənəvi zərər vurmaqla məşğuldur. O, alimentdən yayınmaq üçün alimentin məbləğinə uyğun məbləğdə ona qarşı iddia tələbilə müraciət etmişdir. Belə ki, İddiaçı iddia edir ki, evə kombi, mebel, su təmizləyici almış, evi təmir etdirmiş, eyni zamanda o, yazır ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsilə evə ½ hissədə payı tanınmışdır. Onun bu iki dəlili bir-birinə ziddir, payı tanındığı evin əşyasının pulunu nə üçün ondan almalıdır, hansı ki, həmin əşyaların (kombi, mebel) pulunu o, ödəmişdir. İddia tələbi əsassız olsa da belə iddia müddətinin keçməsini də qeyd edir. İddiaçı iddia tələbində konkret tarix göstərir ki, xx.xx.2018-ci ildə kombi, xx.xx.2019-cu ildə telefon, xx.xx.2020-ci ildə su təmizləyici, xx.xx.2021-ci ildə mebel aldığını qeyd etmişdir. xx.xx.2018-ci ildən 6 il, xx.xx.2019-cu ildən 5 il 5 ay, xx.xx.2020-ci ildən 4 il 9 ay, xx.xx.2021-ci ildən 3 il 11 ay müddət keçmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı 15427 manat məbləğində pulun və 10000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İş üzrə Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır, onlar birlikdə döyüş bölgəsində olmuşlar və hələ də dostluq edirlər. İddiaçı ailəsində mübahisələr tez-tez olurdu. İddiaçı həmişə maddi durumu yaxşı olmuş və onun özünün şəxsi üç-dörd ədəd avtomobili olmuşdur. İddiaçı demişdir ki, həyat yoldaşı onun xəbəri olmadan nikahın pozulması ilə bağlı iddia qaldırmış və tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Onların yaşadıqları həmin mübahisəli evi İddiaçı özü təmir etdirmişdir. Həmin torpaq sahəsindəki evi 2000-ci il tarixdə İddiaçı cavabdehin adına almış və orada ev tikmişdir.
15. İş üzrə Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. O, İddiaçı evində olmuşdur. İddiaçı həmişə öz evi və ailəsi üçün əlindən gələni etmək üçün çalışırdı. İddiaçı evində gedən təmirlə bağlı həmin ustalara xidmət haqqı üçün pul ödəyirdi.
16. İş üzrə Şahid3 əvvəlki iclasda ifadə verərək bildirmişdir ki, İddiaçı onun atası, Cavabdeh isə onun anasıdır. Hər ikisi onun valideynləridir. Lakin İddiaçı dedikləri əsassızdır. Həmin mübahisəli evə kombi sistemi İddiaçı tərəfindən çəkilməmişdir. Qeyd etdiyi kredit götürülmüş mobil telefonun ödənişlərini isə anası olan Cavabdeh ödəmişdir. O, özüdə həmin ünvanda anası ilə birlikdə 2016-cı ilə kimi yaşamışdır.
17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 386, 1091, 1092, -ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 217.3, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx.xx.2023-cü il tarixli KAZİMOFF GROUP tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 00000698 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan sözügedən müqaviləyə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və təhvil-təslim aktından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 1590 manat məbləğində malı "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdə İF/04951 saylı müqavilə əsasında götürmüş olduğu 1200 manat məbləğində kredit borcunu xx.xx.2019-cu il tarixində tam şəkildə ödəmişdir və heç bir borc qalmamışdır. xx.xx.2022-ci il tarixli "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3333,00 manat olan, 036-EMB-0025-21 saylı kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2022- ci il tarixdə borcunu tam bağlamış və hal-hazırda bu müqavilə üzrə heç bir borc qalmamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnamədə qeyd edir ki, o "iddiaçı tərəf müqavilə azadlığından istifadə edərək və öz iradə ifadəsinə uyğun olaraq müqavilələr bağlamış, həmin müqavilələr əsasında aldığı pul vəsaitini evin təmirinə və zəruri əşyaların alınmasına sərf etmişdir". Bu cümlə hansı sübuta əsasən qeyd olunmuşdur. Məhkəməyə rəsmi sənəd təqdim etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(010)-4353/2022 saylı qətnaməsində cavabdeh etiraf etmişdir ki, "evin tikilməsində iddiaçının əziyyəti olmuş, pul xərcləmişdir. Evin tikinti işlərinin pulunu iddiaçı vermişdir. Evin tikintisi zamanı hər biri fiziki iş görmüş, evi birlikdə pillə-pillə tikmişlər. Onu da qəbul edir ki, iddiaçı özünə məxsus maşınları sataraq ailəyə xərcləmişdir". Həmin Qətnaməni qoşmaya əlavə etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
25. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
26. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırki halda, iddiaçı qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
47. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
49. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.
50. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh arasında nikah bağlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 24 aprel 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 19 yanvar 2005-ci il tarixidə doğulmuş X2 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X8 anaları Cavabdeh yanında qalması, İddiaçı 18 sentyabr 2018-ci il tarixdən başlayaraq, 19 yanvar 2005-ci il tarixdə doğulmuş X2 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan əlavə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 4353/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, tərəflər arasında nikah pozulduqdan sonra 2018-2022-ci illər ərzində onlar birlikdə yaşayaraq birlikdə təsərrüfat aparmışlar. Həmin müddət ərzində o evin təmirinə və zəruri əşyalara ümumilikdə 15.427 manat pul vəsaiti xərcləmişdir. Bundan əlavə iddiaçının iddiasına görə cavabdeh həyətdə olan iddiaçıya məxsus tikinti materiallarını, idman ləvazimatlarını satmaqla ona zərər yetirmişdir.
51. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4353/2022 saylı qətnaməsinə əsasən tərəflərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payları müəyyən edilmiş və həmin pul vəsaiti iddiaçı tərəfindən evin təmirinə, əşya və avadanlıqların alınmasına sərf edilsə belə, həmin evə dair iddiaçının ½ hissədə mülkiyyət hüququ mövcuddur. Bu o deməkdir ki, iddiaçı öz mülkiyyətində olan mənzilə istifadəsi zəruri olan avadanlıqlar almışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı özünün mülkiyyətində olan mənzilə alınmış əşyaların dəyərini cavabdehdən tələb etməkdə haqlı deyildir. Eyni zamanda, iddiaçı nisyə alqı-satqı müqaviləsini, kredit müqavilələrini və maliyyə arayışlarını məhkəməyə təqdim edərək əldə etdiyi pul vəsaitini evin təmirinə və zəruri əşyaların alınmasına sərf etdiyini bildirsə də, yuxarıda qeyd olunan hala (həmin evə dair iddiaçının ½ hissədə mülkiyyət hüququnun mövcudluğu) əsasən şikayətin qeyd olunan dəlili əsaslı hesab edilmir.
52. Kollegiya iddiaçının mənəvi zərərin əvəzi kimi 10 000 manat tələb etməsi hissəsinə münasibətdə hesab edir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki halda iddia tələbi əsaslı hesab olunmadığından mənəvi zərərin mövcudluğu da istisna olunur.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.