Məhkəmə qərarları › İş №2(103)-2271/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2271/2024

02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2271/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(008)-6836/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı **********10010 nömrəli abonent kodu ilə ünvan 1 ünvanına dair Cavabdehndə qeydiyyata alınmışdır. Abonentin saldosundan görünür ki, onun qeydiyyatda keçmiş bir qaz qurğusu var – PQ-4 (4 gözlü qaz plitəsi). İddiaçınin evinə xx.xx.2023-cü il tarixdə Zenner tipli G4T Smart markalı **********1435 №-li sayğac quraşdırılmşıdr. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən «abonentin təbii qazdan qeyri-qanuni qeydiyyatda olmayan ünvanın sayğacından istifadə etdiyinə» görə dəymiş ziyanın hesablanması və ödənilməsi qərar alınmışdır. xx.xx.2023-cü il tarixli tələbnamə ilə iddiaçıya itirilmiş 51840 kub metr qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin qaza görə iddiaçıya 6220,80 manat zərər hesablanmışdır. Hazırda iddiaçı əsassız hesablanmış borc məbləğinin silinməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərc-150 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 28 aprel küçəsində fərdi yaşayış evi var. Həmin ünvanda da təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********10010. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. Həmin ünvanda daimi yaşayış olmur. Ünvanına quraşdırılan sayğac artıq 1 ildir ki, istismardadır. Elektron sayğacdır və karta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, ona cavabdeh tərəfindən müvafiq sənədlər təqdim edimişdir. Belə ki, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akt tərtib edilmişdir. Akta əsasən, təbii qazdan qeyri-qanuni qeydiyyatda olmayan ünvanından sayğacından istifadə edildiyi göstərilmişdir. Bu əsasla xx.xx.2023-cü il tarixli tələbnamə ilə ona 6220,80 manat borc yazılmışdır. Sözügedən akt tamamilə əsassız və saxtadır. Sayğac cavabdehin nümayəndələri tərəfindən quraşdırılıb və xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Ödənişlər də vaxtında edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(008)- 6836/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi, pzulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 150 manat xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması, 35,50 manat dövlət rüsumunun Cavabdehndən dövlət mədaxilinə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı barədə akt tərtib edilərkən eyni zamanda həmin sayğaca abonent X2 barədə göstəricilər qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, bu ziddiyyətə görə iddiaçı məsuliyyət daşımır və bu halın araşdırılması və yoluna qoyulması birbaşa cavabdeh təşkilatın öhdəsindədir. Bundan başqa, cavabdeh Qaydalarda nəzərdə tutulmayan üsulla zərər hesablamışdır. Birinci instansiya məhkəməsi mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçıya məxsus ünvanda quraşdırılmış və birliyin abonent bazasında qeydiyyatda olan sayğacın çıxarılaraq yerinə həmin ünvanda qeydiyyatda olmayan qaz sayğacının quraşdırıldığı və həmin sayğac vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmiş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin akt əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni ünvanında qeydiyyatda olan sayğacı qeydiyyatda olmayan sayğacla əvəz etməklə təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək,əsassız qətnamə qəbul etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt, akt tərtib edilən zaman çəkilmiş fotoşəkillər və iş materiallarında olan digər sübutlar (tələbnamə, abonent saldosu) birliyə vurulmuş zərəri sübut edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də məlum olur ki, birliyin abonent bazasında iddiaçıya məxsus ünvan üzrə “ZENNER G4T SMART” tipli **********435 nömrəli qaz sayğacı qeydiyyata alınmışdır. Lakin iddiaçı istifadə etdiyi təbii qazın dəyərini ödəməkdən yayınmaq üçün ünvanında qeydiyyatda olan qaz sayğacını çıxararaq yerinə başqa ünvanda quraşdırılmış və birliyin abonent bazasında digər şəxsin adına qeydiyyata alınmış qaz sayğacını quraşdıraraq təbii qazdan qanunsuz istifadə etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacının qanunsuz olaraq digər sayğacla əvəz edilməsinə dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirildiyi halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan təmin etmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan da məlum olur ki, birliyin abonent bazasında X1 adına qeydiyyatda olan, lakin iddiaçının ünvanında aşkar edilmiş sayğac üzrə 2023-cü ilin aprel və may aylarında sayğac göstəriciləri götürülməmiş, həmin sayğac da elə iddiaçının ünvanında xx.xx.2023-cü il tarixində aşkar edilmişdir. Digər tərəfdən iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni onun ünvanında qeydiyyatda olan qaz sayğacının başqa ünvanda və başqa şəxsin adına qeydiyyatda olan sayğacla əvəz edilməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” qanun: Maddə 13 (8-ci bənd). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, iddiaçı **********10010 nömrəli abonent kodu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi– 0411-0010 ünvanına dair Cavabdehndə qeydiyyata alınmışdır. Abonentin saldosundan görünür ki, onun qeydiyyatda keçmiş bir qaz qurğusu var– PQ-4 (4 gözlü qaz plitəsi). Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçının evinə xx.xx.2023-cü il tarixdə Zenner tipli G4T Smart markalı **********1435 №-li sayğac quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən «abonentin təbii qazdan qeyri-qanuni qeydiyyatda olmayan ünvanın sayğacından istifadə etdiyinə» görə dəymiş ziyanın hesablanması və ödənilməsi qərar alınmışdır. xx.xx.2023-cü il tarixli tələbnamə ilə iddiaçıya itirilmiş 51840 kub metr qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin qaza görə iddiaçıya 6220,80 manat zərər hesablanmışdır. 51840 kub metr qaz aşağıdakı qaydada hesablanmışdır: 6 kub metr qaz sayğacının nominal dəyəri x 24 saat orta günlük iş rejimi x 360 gün + 51840 kub metr. Bundan başqa cavabdeh tərəfindən iddiaçının sayğacının yerləşdiyi yerin koordinatları göstərilməklə aktda qeyd olunan «qeydiyyatda olmayan ünvanın sayğacı”nın fotoşəkli təqdim edilmişdir. Həmin fotoşəkildən sayğacın tipi Natek, markası AG4TC, nömrəsinin ilk üç rəqəmi 250 olduğu görünür. İddiaçı ilə eyni ünvanda oğlu X4 adına (abonent kodu **********00001) xx.xx.2020-ci il tarixdə Natek tipli G4 mexanika markalı 40012622 № li saygac quraşdırılmışdır. X1 adına olan saldodan isə görünür ki, mexanik tipli sayğac xx.xx.2020-ci il tarixdə quraşdırılmış və cavabdeh tərəfindən həmin sayğaca 2023-cü ilin yanvar ayından avqust ayına qədər mütəmadi olaraq baxış keçirilmiş və göstəricilər qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, qeyd olunan ziddiyyətə görə iddiaçı məsuliyyət daşımır və bu halın araşdırılması birbaşa cavabdeh təşkilatın öhdəsindədir. Həmçinin cavabdeh qaydalarda nəzərdə tutulmayan üsulla zərər hesablanmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır və qeyd edir ki, zərər qaydalarda nəzərdə tutulan üsulla hesablansa idi belə, yuxarıda qeyd edilən işin faktiki müəyyən edilmiş halları baxımından iddiaçı bu zərərə görə məsuliyyət daşıyıcısı kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçının istifadə etdiyi təbii qazın dəyərini ödəməkdən yayınmaq üçün ünvanında qeydiyyatda olan qaz sayğacını çıxararaq yerinə başqa ünvanda quraşdırılması və birliyin abonent bazasında digər şəxsin adına qeydiyyata alınmış qaz sayğacını quraşdıraraq təbii qazdan qanunsuz istifadə etməsi halı müəyyən edilməmişdir. Həmin hal təqdim edilmiş cavabdeh tərəfindən iddiaçının sayğacının yerləşdiyi yerin koordinatları göstərilməklə aktda qeyd olunan «qeydiyyatda olmayan ünvanın sayğacı”nın fotoşəklindən də görünür. Belə ki, həmin fotoşəkildən sayğacın tipi Natek, markası AG4TC, nömrəsinin ilk üç rəqəmi 250 olduğu görünür. Göründüyü kimi iddiaçı tərəfindən qaz sayğacının qanunsuz olaraq digər sayğacla əvəz edilməsi halı iş materialları ilə müəyyən edilməmiş, cavabdeh tərəfindən isə bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini məhkəmə kollegiyası qanunauyğun hesab edir. Belə olan halda məhkəmə kollegiyası cavabdeh tərəfindən aktda göstərilən iddiaçı tərəfindən qaz sayğacının qanunsuz olaraq digər sayğacla əvəz edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün cavabdeh Azəriqaz İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə hər hansı sübut olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan normanın tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pozulmuş hüquqlarımın bərpası ilə bağlı çəkdiyi xərcin - 150 manatın tutularaq ona ödənilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(008)- 6836/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar