Məhkəmə qərarları › İş №2(103)-2271/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2271/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2271/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2271/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-59/2025 nömrəli 06 yanvar 2025ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 1 ünvanının 1 otağının payçısı İddiaçıdır.

2. xx.xx.2022-ci il tarixli Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 saylı Mənzil Kommunal İstismarı Sahəsinin aktından görünür ki, İddiaçı 3 saylı mənzilində olan otağının bir hissəsinə divar qonşusu Cavabdeh 11 saylı mənzilinin hamamından naməlum səbəbdən həmin 3 saylı mənzilin otağına şirkab su axıntısı aşkar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə dəymiş maddi zərərə görə 1000 (bir min) manatın və mənəvi zərərə görə 1000 (bir min) manatın alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövləti Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, **********20- 05101-093003 Reyestr nömrəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, bina 3 “B” ünvanında yerləşən 3 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçı ilə eyni binada, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 2 ünvanında yaşayır və iddiaçı ilə divar qonşusudur. Cavabdehin hamamı iddiaçının qonaq otağı ilə yan-yanadır. Cavabdeh, hamamından axan çirkab suları üçün nəzərdə tutulmuş tikinti normalarını (kanalizasiya xəttinin düzgün quraşdırlmaması) ciddi şəkildə pozması səbəbindən hamamdan axan çirkab suları iddiaçının mənzilini yararsız hala salmışdır. Bu hallar mütəmadi olaraq baş verdiyindən İddiaçı 12 il ərzində 3 dəfə evini təmir etdirmiş, qonşusu - Cavabdeh çirkab sularının axıntısının qarşısını almağı xahiş etmiş, Cavabdeh çirkab sularının onun hamamından axmadığını bildirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində yerləşən 3 “B” nömrəli bina Sabunçu rayon MKTB-nin 69 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin balansında olduğu səbəbindən iddiaçı Seyidova X3 rəhbərliyinə şikayət etmiş və xx.xx.2022-ci il tarixdə Sabunçu rayon MKTB-nin 69 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin nümayəndələrinin iştirakı ilə 3 “B” nömrəli binanın 11 nömrəli mənzilinə baxış keçirilmiş, Cavabdeh yaşadığı mənzilin hamamından qonşusu - İddiaçı mənzilinin otağına çirkab suyunun axıntısı aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. İddiaçı Cavabdeh təcili olaraq mənzilinə axan çirkab suyunun qarşısını almağı xahiş etmiş, cavabdeh əvvəl razı olmuş və sonradan fikrindən dönərək çirkab sularının qarşısının alınması üçün heç bir hərəkət etməmişdir. Belə olan təqdirdə İddiaçı Cavabdeh dəymiş maddi zərərin ödənilməsini tələb etmiş, cavabdeh isə zərəri ödəməkdən imtina etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və cavabdeh qəsdən hamamın suyunu açıq saxlayaraq qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlər etməyə başlamışdır. Beləliklə, İddiaçı maddi zərərdən əlavə mənəvi zərər də dəymişdir. Belə ki, iddiaçının son günlər ərzində keçirdiyi əsəb və stressə görə səhhəti ilə bağlı problemlər yaranmış, mənəvi əzab çəkmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zəzərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş maddi zərər ilə birlikdə, yaxud maddi zərər vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, maddi vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1469 nömrəli, xx.xx.2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilin divarlarında və döşəməsində su sızma ləkələrini, eləcə də mülki iş materiallarına olan xx.xx.2022-ci il aktın məlumatlarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilinə bitişik şəkildə yerləşən 11 saylı mənzildən suyun sızması müəyyən olunur, 11 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri gizli şəkildə olduğundan onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, 3 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Mənzildə görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 494 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/6952 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, 11 saylı mənzilin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, mülki iş materiallarına əlavə edilmiş məlumatları, həmçinin baxış zamanı aparılmış eksperimentlə müşahidə olunanları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.kəngərli küçəsində yerləşən 3 “B” saylı binanın 3 saylı mənzilə həmin mənzilə bitişik şəkildə yerləşən 11 saylı mənzilin mətbəx tikilisinin kanalizasiya xətlərindən su axıdıldığı və nəticədə 3 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7186 nömrəli, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, bina 3 “B” ünvanında yerləşən 3 nömrəli mənzilə Cavabdeh məxsus olan mənzildən axan çirkab suları nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1707 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-59/2025 nömrəli 06 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, Cavabdeh 1000 manat dəymiş zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, 250 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin qeyd etmişdir ki, ilk təyin edilmiş ekspertizanının rəyi məhkəyə daxil ona zaman iddiaçıya 494 manat ziyan dəymiş olduğu müəyyən edilmişdir, lakin su sızmanın hansı qonşu tərəfindən olması müəyyən edilməmişdir. Bundan sonra keçirilən məhkəmə iclası zamanı cavabdeh iddiaçının divarına su sızma ehtimalı olan kanalzasiya xətlərini təmir etdirdiyini, lakin bundan sonra iddiaçının evinə yenidən su sızması olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra məhkəmə yenidən, yəni cavabdehi su xətlərini təmir etdikdən sonra təkrar tikinti texniki və əmlaka dəyən ziyanın məbləğini müəyyən edilməsi üçün ekspertizalar təyin edilmiş və bundan sonra iddiaçının məzilinin divarına dəymiş ziyan cavabdehin mənzilinin mətbəx tikilisinin kanalizasiya xətlərindən olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin istifadəsində olan məznilin su xətlərinin nasaz olması səbəbindən iddiaçının mülkiyyətində olan mənzilə dəymiş ziyan aradan qaldırılmalıdır. Bundan sonra məhkəmə dəymiş ziyanın məbləğinə münasibət bildirərək qeyd etmişdir ki, ekspertiza rəyindən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzilə Cavabdeh məxsus olan mənzildən axan çirkab suları nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1707 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsində dəymiş maddi ziyan olaraq 1000 manat tələb etmiş olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir.

10. Mənəvi zərər iddianı rədd edən məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı məxsus mənzilə bitişik, yəni su sıza biləcək daha 3 mənzil də vardır. Məqsədi odur ki, suyun sızdığı yer dəqiq müəyyən edilsin. Yanlışlıqla onun mənzilindən çirkab suyunun İddiaçı evinə axıdılması müyyən edilsə də, su onun mənzilindən axıdılmadığına görə bu problemin onun tərəfindən həll edilməsi mümkün deyildir. O, iddiaçının mənzilinə hansı mənzildən suyun axıdıldığı dəqiq müəyyən edilməsi və bu problemin birdəfəlik olaraq öz həllini tapması üçün əlindən gələni etməyə çalışır. Hətta su sızmasını dəqiq müəyyən edən xüsusi cihaz gətizdirib, su axıdılan yeri dəqiq müəyyən etdirmək də istəyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamədən iddianın (mənəvi zərərə aid hissədə) təmin edilməyən hissəsindən şikayət verilməmişdir.

28. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, bina 3 “B” ünvanında yerləşən 3 nömrəli mənzilə Cavabdeh məxsus olan mənzildən axan çirkab suları nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1707 manat məbləğində müəyyən olunmuşdur.

31. Lakin birinci instansiya məhkəməsi iddianı ekspert rəyini əsas götürərək iddia tələbi həddində maddi zərərin məbləğini 1000 manat müəyyən etmişdir.

32. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

33. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

34. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan mənzilə cavabdehə məxsus olan 11 saylı mənzildən su sızması baş vermişdir.

35. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi ilə təsdiqini tapır.

36. Həmçinin iş materiallarına əlavə edilmiş videodiskdə olan görüntülərə baxış keçirdikdə müəyyən edilir ki, eskpertiza tədqiqatı zamanı ekspert tərəfindən aparılan eksperiment nəticəsində iddiaçının mənzilinə məhz cavabdehin mənzilindən çirkab suyun axması müəyyən edilmişdir.

37. Cavabdehin apellyasiya şikayətində su sızmasını dəqiq müəyyən edən xüsusi cihaz gətizdirib, su axıdılan yeri dəqiq müəyyən etdirmək məsələsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh bu işləri öz vəsaiti hesabına da apara bilərdi.

38. Kollegiya cavabdehin nəzərinə çatdırır ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, 11 saylı mənzilin konstruktiv elementlərində qüsurlar əmələ gəlmiş, həmin qüsurların su sızmaya xarakterik olduğu, mülki iş materiallarına əlavə edilmiş məlumatları, həmçinin baxış zamanı aparılmış eksperimentin müşahidə olunanları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.kəngərli küçəsində yerləşən 3 “B” saylı binanın 3 saylı mənzilə həmin mənzilə bitişik şəkildə yerləşən 11 saylı mənzilin mətbəx tikilisinin kanalizasiya xətlərindən su axıdıldığı və nəticədə 3 saylı mənzilə ziyan vurulduğu müəyyən olunur.

40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır.

41. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-59/2025 nömrəli iş üzrə 06 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar