Məhkəmə qərarları › İş №2(103)-2280/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2280/2025

02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2280/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş uzrə Açar sözlər: apellyasiya şikayətinin qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş uzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 nömrəli, 20 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8550 manat məbləğində pulun və ödədiyi 105,50 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 6350 manat məbləğində borcun tutulması, Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78 manat məbləğində pul tutulması qət edilmişdir.

3. Qətnamə 13 dekabr 2024-cü il tarixdə işdə iştirak edən şəxslərin, o cümlədən Cavabdeh elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur.

4. 17 fevral 2025-ci il tarixdə həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 nömrəli, 20 fveral 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 saylı iş üzrə 29 noyabr 2024-cü il qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

6. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə 13 dekabr 2024cü il tarixdə yerləşdirilmişdir. Lakin Cavabdeh 17 fevral 2025-ci il tarixdə (yəni müddət keçdikdən sonra) apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür

7. Həmin qərardaddan cavabdeh şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 20 fevral 2025-cü il tarixli, 2(006)-4490/2024 saylı qərardadı maddi və prosessual hüquq normalarını pozduğu üçün ləğv edilməklə tərəflərindən verilən apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əsas kimi “xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə 13 dekabr 2024-cü il tarixdə yerləşdirilmişdir.” qeyd etmişdir. Yaradılmış elektron məhkəmə sistemini mövcud olmasına istinad edən məhkəmə, həmin məhkəmə informasiya sistemində Cavabdeh həmin yerləşdirmənin cavabdeh tərəfindən açılıb oxunub oxunmamasına fikir nə üçün vermir? Belə ki, Cavabdeh ASAN imzanı korono dövründə taksi fəliyyəti ilə məşğul olmaq üçün açmış, ümumiyyətlə məhkəmə elektron sistemindən istifadə etməmişdir. Məhkəmə tərəfindən isə ümumiyyətlə qətnamənin kağız formatında göndərilməsi təmin edilməmişdir. Məhkəmə qətaməsinin mövcud olmasından xəbər yalnız icra məmuru tərəfindən cavabdeh icra məmuru tərəfindən dəvət edildikdən sonra məlumatlı olmuş, bundan sonra 13 fevral 2025- ci il tarixində qətnamə üçün məhkəməyə getmiş, müraciətindən sonra qətnamə Cavabdeh verilmiş, bundan sonra Cavabdeh hüquqlarının müdafiəsi üçün hüquqi xidmətdən istifadə üçün vəkilə müraciət etmiş, 17 fevral 2025-ci il tarixdə vəkilə etibarnamə vermiş, müqaviə bağlanmış və qətnamədən apellyasiya şikayəti məhkəməyə vəkilin elektron məhkəmə sistemi ilə təqdim edilmişdir. Məhkəmə qəradadında elktron kabinetə yerləşdirmişdir yazmaqla kifayətlənmiş, elektron kabinetdə cavabdeh tərəfdən həmin qətnaməni görüb, görməməsi və oxunub oxunmaması hissəsində fikir bildirməmişdir. “Elektron Məhkəmə” İnformasiya sisteminin tətbiqinə başlandıqdan sonra məhkəmələrə daxil olan “prosessual müddətin bərpası barədə” ərizələrin bir qismi onunla əsaslandırılır ki, işdə iştirak edən şəxs elektron kabnetdən ya istifadə etmir, ya da istifadə etməyi bacarmır. Odur ki, cavabdehin elektron kabinetdən istifadə edə bilməməsi (kabinetə daxil olan sənədlərlə tanış ola bilməməsi və s.) müddətin ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini və məhkəmə aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi üsulları nəzərdə tutulmuşdur. Məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə 20 noyabr 2008-ci il, M.Məmmədovun şikayəti üzrə 24 iyun 2016-cı il tarixli Qərarları). Qətnamənin məhkəmə tərəfindən elektron məhkəmə siteminə yerləşdirilməsi hələ onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. Belə məhkəmə elektron sitemində yerləşdirmənin göndərilən prosessual şəxs tərəfindən oxunub ounmamasına diqqət edilməlidir. Qətnamənin rəsmi qaydada verilməsini təsdiq edən hal Mülki Prosessual Məcəllənin 135.2 və 135.3-cü maddələrində göstərilən şəxslər tərəfindən imzalanmış qəbzin və ya sənədin kötüyünün işə əlavə edilməsidir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 nömrəli, 28 fveral 2025-ci il tarixli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi 13 dekabr 2024-cü il tarixdə elektron kabinetinə yerləşdirərək rəsmi qaydada çatdırılmışdır, apellyasiya şikayəti isə 17 fevral 2025-ci il tarixdə, yəni 2 ay 4 gün sonra vermişdir.

12. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MPM-nin 10-1.3-cü maddəsi məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılmasının elektron kabinet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur və həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

13. Həmçinin məhkəmə kollegiyası şikayətin məhkəmə tərəfindən yüklənmiş məlumatın (məhkəmə aktlarının) tərəfin elektron kabinetə yükləndikdən sonra əlavə olaraq da onun tərəfindən oxunub-oxunmamasının yoxlanılması vəzifəsinin olması ilə bağlı qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2020-ci il tarixli 1043 nömrəli Fərmanının 6.1.15-ci bəndinə əsasən müəyyən edilmişdir ki, informasiya sisteminin funksionallığına dair tələblərdə məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS məlumatlandırma) çatdırılması nəzərdə tutulmuşdur ki, burada da elektron kabinet, email, sms bir seçim olaraq qeyd edilmişdir.

14. AR MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından da göründüyü kimi, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqqlı olaraq prosessual müddətlər keçdikdən sonra verilən şikayəti geri qyatarmışdır.

15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 nömrəli, 20 fevral 2025-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4490/2024 nömrəli, 20 fveral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar