Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2282/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-326/2025 nömrəli qətnaməsindən cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 20.000 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat tələb olunub. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 6.900 manat cavabdehin vasitəsilə dövlət büdcəsindən iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə, yəni mənəvi zərərin əvəzi kimi 6.900 manat pul tutulmasına aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı AR Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub, Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona bəraət verilib, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılıb. Cinayət təqibinin həyata keçirildiyi müddətdə iddiaçı 1 gün şübhəli şəxs kimi tutulub, 1 il 10 ay 12 gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilib. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, nəticədə isə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Birinci instansiya məhkəməsinin qətnaməsində mənəvi zərərin əvəzi 6.900 manat müəyyən edərkən qətimkan tədbirinin tətbiq edildiyi 1 il 10 ay 12 gün 23 aya bərabər tutulub və hər ay üçün 300 manat hesablanıb (23 ay x 300 manat = 6.900 manat). Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” AR Qanununun 5 və 7-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-326/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2282/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2282/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver