Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2285/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Adif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X3 və Xacmaz rayon İcra şöbəsi üçüncü şəxs qsiminə cəlb edilməklə) qiymətləndirmənin nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5673/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (X3 və Xacmaz rayon İcra şöbəsi üçüncü şəxs qsiminə cəlb edilməklə) “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus «Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdeh tərəfindən qiymətləndirilməsi barədə 30.07.2021-ci il tarixli, QXM-3101 saylı qiymətləndirmə hesabatlarının (qiymətləndirmənin nəticələri barədə hesabat) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qətmnaməsi ilə iddiaçıdan 113.100 ABŞ dolları və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 30 manat tutularaq X1 ödənilməsi qət edilmişdir. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə iddiaçıya məxsus avtobus və 8 ədəd torpaq sahəsi üzərinə həbs qoyulmuş və qərarının icrası Xaçmaz rayon İcra şöbəsinə tapşırılmışdır. İcra şöbəsinin 16.06.2021-ci il tarixli qərarına əsasən iddiaçıya məxsus qeyd olunan əmlakın qiymətləndirilməsi cavabdehə həvalə edilmiş, lakin cavabdeh tərəfindən nə nəqliyyat vasitəsi, nə də 8 ədəd torpaq sahəsi düzgün qiymətləndirilməmiş, qoyulmuş qiymət əsassız və real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Belə ki, qiymətləndirmə obyekti olan «Temsa Safari SD Avtobus» markalı nəqliyyat vasitəsinin texniki sənədlərindən göründüyü kimi, nəqliyyat vasitəsinin buraxılış (istehsal) ili 2010-cu il olmaqla, kifayət qədər yenidir. Həmçinin, nəqliyyat vasitəsinin texniki vəziyyəti də tam saz vəziyyətdə olmaqla, istismara tam yararlı və görünüşcə yenisindən demək olar ki, fərqlənmir. Hətta, cavabdeh qiymətləndirici tərəfindən avtonəqliyyat vasitəsinin texniki qeydiyyat sənədlərinə belə istinad edilməmiş, onun istismar vəziyyəti qiymətləndirilməmişdir. İddiaçının müraciəti əsasınd bəhs olunan nəqliyyat vasitəsinin qiymətləndirilməsi “X2” MMC tərəfindən də həyata keçirilmiş və ona 80000 manat müəyyən edilmişdir. Bundan əlavə, ölkəmizdə avtonəqliyyat vastələrinin satışı ilə bağlı hamının tanıdığı, populyar “Turbo.az” saytında olan məlumatlardan göründüyü kimi, “MAN” markalı, 2008-ci buraxılış ili olan “Temsa” modelli safari avtobusunun satış qiyməti (bazar qiyməti) 200 000 manat müəyyən edilmişdir. Bundan başqa, torpaq sahələrinin qiymətləndirməsi ilə bağlı da “X2” MMC-nin müəyyən etdiyi qiymətlərlə ikiqat fərq vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)- 5673/2021 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia rədd olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, hazrıkı mərhələdə əmlakın qiymətləndirilməsinin nəticələri barədə hesabtların mübahisələndirilməsi icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2(103)-11129/2019 saylı icra vərəqəsinə əsasən, İddiaçı 113.100 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq X1 ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Xaçmaz rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbə tərəfindən 15.07.2020-ci il tarixli qərarla icra icraatına başlanılmış, tələb könüllü icra müddətində icra edilmədiyi üçün icra sənədinin icrası ilə bağlı 05.08.2020-ci il tarixdə borclu İddiaçı məxsus 8 ədəd torpaq sahəsinin və 2 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Həmin Məhkəmənin 08.09.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, tələbkar X3 qeyd olunan qərardaddan apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 16.10.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 13.11.2020-ci il tarixdə yenidən borlcuya məxsus daşınar və daşınmaz əşyaların üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə Xaçmaz Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, həmin Məhkəmənin 26.02.2021-ci il tarixli qərardadı ilə təqdimat tam təmin olunmuş, borclunun bu qərardaddan verdiyi apellyasiya şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunaraq, rayon məhkəməsinin qərardadı nəqliyyat vasitələrinin birinə aid hissədə ləğv olunmuş, qalan hissədə («Temsa Safari SD Avtobus» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Şabran rayonu, Dəvəçi kəndi və Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 8 ədəd ümumi sahəsi 2,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması) dəyişdirilmədən saxlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus üzərinə həbs qoyulmuş daşınar və daşınmaz əşyaların qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət olunması haqqında qərar qəbul olunmuş və Cavabdeh MMC-yə göndərilmişdir. Qeyd olunan əmlak qiymətləndirildikdən sonra, qiymətləndirmə rəyindən narazı qalan borclu qiymətləndirmənin nəticələrinin ləğv olunması üçün şikayət vermiş, buna görə də, həmin əşyaların açıq hərracda satılması və icra sənədinin icra edilməsi mümkün olmamışdır (əsas: Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra şöbəsinin 16.03.2022-ci il tarixli, 194/2022 saylı məktubu). Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı məxsus icra icraatı çərçivəsində üəzrinə həbs qoyulmuş əmlak barəsində hərrac keçirilməmiş (əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil və tələbkar X3 da izahatlarında bu halı təsdiqləmişlər) və borclu qeyd olunan daşınar və daşınmaz əşyaların ilkin satış qiymətini hərracın keçrilməsinədək olan dövr ərzində mübahisələndirimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. MPM-in 418-1-ci maddəsinə əsasən, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə borclunun əmlakının ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, işə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (X3 və Xacmaz rayon İcra şöbəsi üçüncü şəxs qsiminə cəlb edilməklə) qiymətləndirmənin nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5673/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5673/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ yalnız icra qaydasında həll oluna bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2285/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2285/2022
16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver