Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2288/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Socar Petroleum QSC-nin nümayəndələri Nümayəndə2 və X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Socar Petroleum QSC-yə və Cavabdeh3 qarşı “aktın qanunsuz hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2520/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Socar Petroleum QSC-yə və Cavabdeh3 qarşı aktın qanunsuz hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının qanunsuz hesab edilməsi və iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi kimi qeyd olunan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçının vəsatəti əsasında Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı MMC-nin direktoru Nümayəndə3 işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 mənzil 46 ünvanında qeydiyyatda olan Cavabdeh3 mülkiyyətində olan **-DG-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser-Prado” markalı minik avtomobilinin, **-ZA-*** dövlət qeydiyyat nişanlı “Odaz 9370” yarımqoşqunun, 10-OF348 dövlət qeydiyyat nişanlı “Kamaz” 5410 markalı yük avtomobilinin, **-ZG-*** dövlət qeydiyyat nişanlı “Groenewegen” yük yarımqoşqunun, **-UL-*** dövlət qeydiyyat nişanlı “Kamaz” 5410 markalı yük avtomobilinin, **-CV-*** dövlət qeydiyyat nişanlı “Kamaz” 5410 markalı yük avtomobilinin, **-FZ-*** dövlət qeydiyyat nişanlı “Audi Q2” markalı minik avtomobilinin, **- LS-*** dövlət qeydiyyat nişanlı “Lexus LX570” markalı minik avtomobilinin, **-OX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Bens E220 CDİ” markalı minik avtomobilinin, **-OK-*** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı minik avtomobilinin, **-ZD-*** dövlət qeydiyyat nişanlı “Trailer S38EL1C” yarımqoşqunun, 10- GE-462 dövlət qeydiyyat nişanlı “Kamaz” 5410 markalı yük avtomobilinin, **-ZE-*** dövlət qeydiyyat nişanlı “Odaz 9370” yarımqoşqunun, **-ZE-*** dövlət qeydiyyat nişanlı “Odaz 9370” yarımqoşqunun, **-ZA-*** dövlət qeydiyyat nişanlı “Stokota” yarımqoşqunun, **-HJ-*** dövlət qeydiyyat nişanlı “Daf XF95430” markalı yük avtomobilinin, **-EX-*** dövlət qeydiyyat nişanlı “Mercedes” 1848 markalı yük avtomobilinin üzərinə həbs qoyulması xahiş etmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkilinin verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh3 hazırki mülki işlə heç bir əlaqəsi yoxdur, həmin mülki işdə heç bir yerdə imzası aşkar edilməmiş, iddiaçının nümayəndəsi və İddiaçı MMC-nin heç bir rəhbər şəxsi, işçisi Cavabdeh3 üzdən tanımır, onunla heç bir işləri olmamış, aralarında müqavilə bağlanmamış, heç bir işdə ortaq və ya şərik olmamışlar. Bununla belə birinci instansiya məhkəməsi iddianın ilkin uğurluluq ehtimalını nəzərə almadın iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3, həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayətin məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və iddianı təmin etmə tədbirinə dair iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayəti əsassız hesab etdiyini bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Socar Petroleum QSC-nin nümayəndələri isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iddianı təmin tədbirinin tətbiqinə dair ərizə təmin olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar iş materiallarında mövcud deyildir. Xüsusilə qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların təqdim edilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının ərizəsində görülməsi xahiş edilən iddianı təmin tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamış, həmçinin Cavabdeh3 hazırki iddia tələbinə cavab verməli şəxs olduğunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya o ehtimalı da nəzərə alır ki, ərizə birinci instansiya məhkəməsinə daxil olduğu zaman hakim həmin halın mövcud olub-olmadığını bilməmiş ola bilərdi; lakin mübahisələndirilən qərardaddan verilən şikayətin əsas dəlili kimi irəli sürülən həmin hala qiymət verilməmiş olmasına haqq qazandırmaq mümkün deyildir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur, buna görə də mübahisələndirilən qərardad ləğv edilərək həmin ərizə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2520/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2288/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2288/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver