Məhkəmə qərarları › İş №2(103)-2288/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2288/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2288/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 37000 ABŞ dolları əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birlikdə ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa razılaşmışdır. Onlar ortaq pul qoyub Rusiyada mağaza açmaq və Cavabdeh da həmin mağazanı işlətməsi qərarına gəlmişlər. Mağazadan gələn gəlir isə onların arasında bölünməli idi. O, mağazanın açılmağı üçün 37000 ABŞ dolları pulu Cavabdeh verdi və mallar satıldığı zaman onun payına düşən pulu ona göndərməyini dedi. Mağazanın açılmağına və Cavabdeh həmin mağazanı işlətməyinə baxmayaraq 8 il ərzində ona heç bir pul göndərməmişdir. Hər dəfə o, pulunu tələb edəndə mağazanın vəziyyətinin pis olduğunu, düzələn zaman verəcəyini deyirdi. Bundan sonra o, Cavabdeh onun etibarından istifadə edərək pulu aldığını və onu aldatdığını, pulunu heç vaxt qaytarmayacağını anladı. Buna görə də Cavabdehla danışaraq artıq ortaqlığı dayandırmaq istədiyini, mağazanın açılmağı üçün ödədiyi 37000 ABŞ dollarını geri qaytarmasını bildirdi. Lakin dəfələrlə bildirməyinə baxmayaraq Cavabdeh onun pulunu geri qaytarmaqdan imtina edir, hər dəfə müxtəlif bəhanələr irəli sürür. Aralarında olan razılaşmanı poza və pulunu Cavabdeh geri qaytara bilmədiyinə görə bu mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun etibarından istifadə edərək onu aldatmış, 37000 ABŞ dollarını ondan alaraq mağaza açmışdır, lakin razılıqlarına uyğun olaraq ona aid olan pulu 8 ildir göndərməkdən imtina edir. Aralarında olan razılaşma şifahi şəkildə bağlanmışdır və onun tərəfindən Cavabdeh ödənilən pul məbləğini, onun bu məbləği qaytarmaqdan imtina etməsi, müxtəlif bəhanələr deməsini sübut edən yazışmalar, səs yazıları vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, bununla da əsassız qətnamə qəbul etmişdir. Cavabdeh tərəf ilə arasında yazılı borc müqaviləsi bağlanmasa belə 37000 ABŞ dolları pulu Cavabdeh verməyini sübut edəcək “whatsapp” sosial şəbəkəsindəki sms-lər mövcuddur. Məhkəmə həmin sms-ləri nəzərə almamış, iddia tələbini rədd etmiş, qətnamə onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti olan halın, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olmasının onun məhkəməyə sübut qismində təqdim etdiyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurəti əsasında qiymətləndirilə bilmədiyini, məhkəmə araşdırması zamanı təqdim edilmiş sms-lərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Halbuki məhkəmə tərəfindən həmin “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətlərinin həqiqiliyinin müəyyən edilməsi istiqamətində heç bir araşdırılma aparılmamış, heç bir ekspertiza həyata keçirilmədən hakim öz şəxsi mülahizələri əsasında və cavabdeh tərəfin “həmin fotoşəkillər saxtadır” deməsi ifadəsi ilə işə bitərəf yanaşaraq belə bir qənaətə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı tərəf “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurətini məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə bu sms-lərin saxta olduğunu bildirmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən əsasların mövcudluğu sübut olunmur. Çünki hazırkı mübahisənin predmeti olan hal, yəni tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olması iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi “whatsapp” sosial şəbəkəsindəki sms-lərin fotosurəti əsasında qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sms-lərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən: 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik iddianın əsasını təşkil edən halların sübut edilməsi yükünü iddia edən tərəfin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiacı İddiaçı apelyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə sübutetmənin bütünlüklə iddiaçının üzərinə qoyulması qanunun tələbindən irəli gəlməməklə, məhkəmənin əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən: 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi pulun cavabdehin mülkiyyətinə veilməsinə dair sübut etmək yükünü iddiaçının daşıdığını, lakin İddiaçı bu halı sübuta yetirə bilmədiyi qənaətinə gəlib, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəf ilə arasında yazılı borc müqaviləsi bağlanmasa belə 37000 ABŞ dolları pulu Cavabdeh verməyini sübut edəcək “whatsapp” sosial şəbəkəsindəki sms-lər mövcuddur. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayətində göstərilən bu dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Beləki, həmin “whatsapp” sosial şəbəkəsindəki sms-lər cavabdehin iddiaçıya borcu olmasını təsdiq edən mötəbər sübut hesab edilmir. Bundan başqa, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı, 23 dekabr 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6722/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar