Məhkəmə qərarları › İş №2(103)-2288/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2288/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2288/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinin geri qaytarılması ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, pozulmuş hüquqlarının müdafiə olunmasını xahiş etmiş, məhkəmənin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyi, nəticə hissəsində iddiaçının cavabdehlərə qarşı hansı tələbi irəli sürməsi, onlardan nəyi tələb etməsi aydın göstərilmədiyi əsas göstərilməklə geri qaytarılması qərara alınmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət də mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilmədən və əlyazma formasında kağız daşıyıcıda verildiyindən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərardaddan şikayət vermiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə onun hüquqlarının pozulma səbəbinə aydınlıq gətirməmişdir. 1996-cı ilin yanvar ayında qəbul edilmiş qanun insan və vətəndaş hüquqlarının pozulmasına gətirib çıxarıb. Azərbaycan Respublikası demokratik Respublikadır və dövlətin əsas prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində öz əksini tapmışdır. Konstitusiyanın 130-cu maddəsinə müvafiq olaraq, onun pozulmuş hüquqları ilə bağlı iddiasına mütləq baxılmalıdır. Şikayət məhkəmənin 16 fevral 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 149.2-ci maddəsinə görə iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 152.1.1-ci maddəsinə görə isə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Kollegiya hesab edir ki, iddiaçı nə iddia ərizəsinin formasına, nə də məzmununa əməl etməmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq onun iddia ərizəsini və şikayətini geri qaytarmışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5644/2023 saylı iş üzrə 25 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar