Məhkəmə qərarları › İş №2(103)-2289/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2289/2022

20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2289/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehin yaşadığı, lakin əvvəllər ona məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, bina 20, mənzil 102-nin təmirinə xərclədiyi 30.000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə öz növbəsində qarşılıqlı iddia verərək mənzildə olan əmlakını talan etməsi, uzun müddət qanunsuz olaraq ona məxsus mənzili zəbt etməsi nəticəsində ona vurulan ziyanın əvəzi kimi təxminən 34000 manat məbləğində pul vəsaitinin X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. X6 öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən İddiaçının hüquq varisi qismində tanınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-488/21) ilkin iddia qismən təmin edilmiş, 15.365 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 15.380 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia digər hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Cavabdeh Nazilə Səfərova apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küşəsi, bina 20, mənzil 102-də yerləşən 3 otaqlı evi alqısatqı müqaviləsi ilə "xxxx" MMC-dən alaraq, 2019-cu ilin dekabr ayınadək ailəsi ilə birlikdə göstərilən ünvanda yaşamışdır. 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar mənzili boşaldaraq Cavabdeh təhvil vermişdir. Hansıki o, bu evə köçəndən sonra, həmin evi 2 il ərzində təmir etdirərək, təmirə 30.000 manat xərc çəkmişdir. Odur ki, bu çəkdiyi xərc ona qaytarılmalıdır. Onun vicdanlı sahib olmağı Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında da göstərilmişdir. Odur ki, bu evin təmirinə çəkdiyi xərci tələb edir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2018-ci il tarixli qətnaməsində mübahisəli mənzilin ona - Cavabdeh mənsub olması öz əksini tapmışdır. Qətnamədən kassasiya şikayəti verilmiş, şikayət təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Qətnaməyə əsasən bu vaxta qədər 102 saylı mənzili qanunsuz zəbt etmiş Nizami Vahidovun mənzilə sahiblik iddiasını təsdiqləyən sənədlərin saxta və qeyri-qanuni olması sübuta yetirilmiş, onun qeyd edilən mənzilə dair sərəncam vermək hüququ olmadığı halda 01 avqust 2014-cü il tarixində X4 ilə həmin mənzilə dair bağladığı müqavilə Mülkü Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından əhəmiyyətsiz olmaqla etibarsız əqd olması üzə çıxmışdır. Qətnamə icraya yönəldilmiş, lakin mənzili qeyri-qanuni zəbt edərək orada məskunlaşmış Razim Cəfərovun ailəsi mənzili boşaltmaqdan imtina etmişlər. Min bir bəhanələrlə qanuni qüvvəsini almış məhkəmə qərarını yerinə yetirməkdən boyun qaçıraraq və ancaq bir ildən sonra hüquq mühafizə orqanlarının və icra məmurlarının səyi nəticəsində mənzil Razim Cəfərov tərəfindən boşaldılaraq onun istifadəsinə verilmişdir. Razim Cəfərov mənzili boşaldarkən ona mənsub bütün əmlakı, ev əşyalarını Xətai rayonu İcra məmurları, sahə polis idarəsinin nümayəndəsinin iştirakı ilə mənzildən götürmüş və bu barədə akt tərtib edilmişdir. Uzun müddət Cəfərovun ailəsi əmlakın daşınması xərclərini çəkmək imkanları olmadığını bəhanə gətirərək mənzili boşaltmaqdan imtina etmələri səbəbdən əmlakın daşınması xərcləri təxminən 900 manata yaxın pul vəsaiti onun tərəfindən ödənilmişdir. Bundan başqa Razim Cəfərovun ailəsi mənzilini zəbt etmələri səbəbindən ailəsilə uzun müddət yad evində kirayə qalmalı, onun mənzilini saxta sənədlərlə zəbt etdiklərini sübuta yetirmək üçün, məhkəmələrə müraciət edərək vəkil xidmətindən istifadə etməli, bütün məhkəmə proseslərində o, məhkəmədə təmsil olunması üçün ayrı-ayrı vəkillərə və vəkillər kollegiyasının xəzinəsinə pul vəsaiti xərcləməli olmuşdur. Ona məxsus mənzildə hər hansı bir təmir işinin aparılması ilə bağlı onun Cəfərovlar ailəsi ilə heç bir razılığı olmamışdır və iddiaçının ondan hər hansı bir təmir pulu istəməsini ən azından səhv kimi qiymətləndirmək olar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətçinin qanuni əsasla əldə etdiyi mənzilini saxta sənədlərlə ələ keçirib uzun illər orada yaşamaqla iddiaçı cavabdehə mənzildən istifadə ilə bağlı heç bir haqq ödəməmiş və cavabdeh və ailəsi bu illər ərzində başqa ünvanlarda kirayədə yaşamaqla xeyli miqdarda maddi ziyana uğramışlar. İddiaçı tərəfindən mənzilin təmirinə çəkilmiş xərclər mülkiyyətçinin iradəsi əleyhinə olmuş və öz yaşayışlarını təmin etmək məqsədi ilə həyata keçirilmişdir. Odur ki, burada cavabdehin əsassız varlanmasından söhbət gedə bilməz. Həmçinin, iddiaçı tərəfindən mənzil təmir olunduqdan sonra uzun müddət həmin mənzildə yaşanıldığına görə mənzilin təmiri köhnəlib bəzi yerlərdə hətta yararsız hala düşdüyünə görə mənzil cavabdeh tərəfindən iddiaçıdan geri alındıqdan sonra əsaslı təmir edilmişdir. Məhkəmə iddiaçını mənzilin dəyərini tam olaraq “Hasil“ MMC-yə ödədiyinə görə vicdanlı sahib kimi tanımış, lakin "xxxx" MMC-nin həmin mənzilə dair sərəncam vermək hüququnun olmadığını nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmış və Bakı Apellyasiya məhkəməsi öz qətnaməsi ilə qeyd olunan mənzillə bağlı Razim Cəfərovla "xxxx" MMC arasında bağlanmış müqaviləni Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız əqd hesab etmişdir. İddiaçı mənzili qanunsuz olaraq zəbt edərkən həmin mənzildə cavabdeh tərəfindən təmir işləri həyata keçirilirmiş və bu səbəbdən də mənzilin içərisində cavabdeh tərəfindən təmirin tam olaraq həyata keçirilməsinə yetəcək miqdarda tikinti materialları alınıb yığılıbmış. İddiaçı tərəfindən mənzil zəbt edildikdən sonra təmir işləri həyata keçirilmiş olsa da uzum müddət həmin mənzildə yaşadıqlarına görə təmir köhnəlib yarasız hala düşmüş və cavabdeh 2019-cu ilin dekabrında icra vərəqəsinin icrası ilə öz mənzilinə köçürüldükdən sonra mənzildə yenidən təmir işlərinə başlayaraq xeyli miqdarda pul xərcləyərək mənzili yenidən təmir etmiş, mənzilə mərkəzi istilik (kombi) sistemi qurulmuş və qapı və döşəməsi yenilənmişdir. İddiaçı tərəfindən qaldırılmış pul tələbinə dair iddia əslində Cavabdeh qarşı deyil, iddiaçını aldadaraq başqasına məxsus olan mənzili ona satan Nizami Vahidova və "xxxx" MMC-yə qarşı qaldırılmalı idi. X7 həmin mənzilin satılmasında və R.Cəfərov tərəfindən mənzildə təmirə xərclərin çəkilməsində Cavabdeh heç bir təqsiri olmamışdır. Məhkəmənin istinad etdiyi ekspert rəyində mənzilə qurulmuş istilik sistemi radiatorlar 520 manat məbləğində qiymətləndirilmiş və həmin xərclər iddiaçıya aid edilmişdir. Halbuki,"xxxx"MMC tərəfindən verilmiş zəmanət talonu və Ödəniş Cədvəlindən görünür ki, radiatorlar və Kombi cavabdeh tərəfindən alınaraq mənzilə quraşdırılmışdır. Cavabdeh və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı qətnaməni mübahisələndirmədiyindən və qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, mübahisəli mənzilə dair sərəncam vermək hüququ olmadığı halda "xxxx" MMC ilə X4 arasında 01 avqust 2014-cü il tarixdə həmin mənzilə dair müqavilə bağlanmış, müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən etibarsız hesab edilmişdir. Həmin məhkəmə aktlarına əsasən həmçinin mübahisəli mənzilin Cavabdeh istifadəsinə verilməsi və onun bu mənzilə köçürülməsi qət edildiyi üçün X4 uzun müddət ərzində yaşadığı mənzildən çıxarılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək mənzilin təmirinə yaşadığı dövr ərzində sərf etdiyi xərcin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilən hissəsində mövqeyini Mülki Məcəllənin 157.7, 1091, 1092, 1094-cü maddələri ilə əsaslandırmış, belə qənaətə gəlmişdir ki, mənzil X4 tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olmuş, o, həmin mənzili təmir etdirməklə orada uzun müddət yaşamış, mənzil qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mülkiyyət hüququ ilə Cavabdeh təhvil verilmişdir. Beləliklə, sonuncu X2 mənzilin təmirinə çəkdiyi xərc hesabına qanuni əsas və ya müqavilə əsası olmadan varlanmışdır və sonuncu təmirə sərf etdiyi pulu ondan geri tələb edir. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Adı çəkilən normaların məzmunundan görünür ki, hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Müvafiq təmir xərclərinin dəyərini müəyyən etmək məqsədilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 10.08.2021-ci il tarixli, 10/985 saylı rəyi ilə mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 17.162,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin məhkəmə, ekspert rəyində quraşdırılma ilə birlikdə dəyəri müəyyən edilən (1.500 manat) şpon qapıları və (297 manat) plastmas qapı-pəncərələrinin MTK tərəfindən yox, məhz ilkin iddia üzrə iddiaçı tərəfindən quraşdırılmasının sübuta yetirilmədiyini, həmçinin bu əmlakın ayrıla bilməyən yaxşılaşdırmalara aid olduğunu nəzərə alaraq şpon qapıları və plastmas qapı-pəncərələrinin dəyərini ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdən çıxmış, ümumi 15.365 manat təmir xərcinin cavabadehdən tutulmasını qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın təmin olunan hissəsində gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdeh öz etirazında (apellyasiya şikayətində) istinad etdiyi faktları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə öz mövqeyini iddiaçı tərəfindən ona maddi zərər vurulmasına məhz X2 qanunsuz hərəkətlərinin səbəb olmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi, habelə tələbin əsasını təşkil edən faktların preyudisial əhəmiyyətli olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının və qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi faktları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanuni qüvvəsini almış çox saylı məhkəmə aktları ilə müəyyən edilən hallardan görünür ki, mübahisəli mənzillə bağlı epizod üzrə cinayət işi başlanılmış, "xxxx" MMC-də baş vermiş cinayət xarakterli əməllərə dair araşdırma aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X3 Cinayət Məcəlləsinin 178.3.2, 213.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunan halların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və bu hallar artıq müəyyən edilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar