Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-229/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadə katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-561/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Ağdam rayon Təhsil şöbəsinin nümayəndəsi X10 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 149 saylı Ağdam orta məktəbin direktoru Möhsümova Arzu Əfqan qızı ilə 22 sentyabr 2005-ci il tarixdə bağlanmış və 28 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri 48 saylı Dövlət notariat kontorunda 3M-58 saylı reyestrlə qeydə alınmış əvəzsiz istifadə müqaviləsinin ləğv edilərək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan–Binəqədi şosesi, 6E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, 3 mərtəbəli qeyri–yaşayış binasından Ağdam rayon 149 saylı köçkün tam orta məktəbinin bütün işçilərini və avadanlıqlarını, o cümlədən müəllim və şagirdlərin özlərinə məxsus əşyalarla birlikdə çıxarılaraq həmin sahənin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan–Binəqədi şosesi, 6E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, 3 mərtəbəli qeyri–yaşayış binasının 1-ci mərtəbəsinin bir hissəsi və 2-ci mərtəbəsinin əksər hissəsi Ağdam rayonu 149 saylı köçkün tam orta məktəbi tərəfindən 2002-ci ildə zəbt edilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Ağdam rayonu 149 saylı köçkün tam orta məktəb binasının texniki vəziyyəti haqqında 23 dekabr 2015-ci il tarixdə tərtib edilmiş akta əsasən binada yükdaşıyan və arakəsmə divarlarda keçici çatların yarandığı, zirzəmilərdə çökmələr və qabarmaların müşahidə olunduğu, bu səbəbdən binanın qəza vəziyyətində olduğu və istifadənin təhlükəli olduğu qeyd edilmişdir. Ağdam rayonu 149 saylı köçkün tam orta məktəbdə 480 nəfər şagird, 98 nəfər müəllim və 15 nəfər texniki işçi heyətinin olduğu qeyd olunur. Məktəbin zəbt etdiyi sahə 580 kv.m təşkil edir. Zəbt olunan sahə iddiaçının mülkiyyətində olduğuna görə qəzalı vəziyyətdə olan bu sahədə gözlənilmədən baş verə biləcək istənilən hadisənin ağır nəticəsi üçün məsuliyyəti o, daşıyacaqdır. 22 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən qeyri–yaşayış sahəsi əvəzsiz istifadəyə verilərkən iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hazırda onun təsisçisi və direktoru olduğu "xxxx" MMC həmin binanın bir hissəsində işçi heyətini də yerləşdirmiş, həmin binaya hədsiz ehtiyac yaranmışdır. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq onlar həmin sahənin boşaltmaqdan imtina etmiş və buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-561/2019 saylı 30 oktyabr 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Murad oğlunun Ağdam rayon 149 saylı köçkün tam orta məktəbinə və Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və qeyri–yaşayış sahəsinin boşaldılması barədə iddiasının təmin edilməsi, 149 saylı Ağdam orta məktəbin direktoru X5 ilə İddiaçı arasında 22 sentyabr 2005-ci il tarixdə bağlanmış və 28 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri 48 saylı Dövlət notariat kontorunda 3M58 saylı reyestrlə qeydə alınmış əvəzsiz istifadə müqaviləsinin ləğv edilməklə Bakı şəhəri Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan–Binəqədi şosesi, 6E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, 3 mərtəbəli qeyri–yaşayış binasından Ağdam rayon 149 saylı köçkün tam orta məktəbinin bütün işçiləri və avadanlıqlarını, müəllim və şagirdlərin özlərinə məxsus əşyalarla birlikdə çıxarılaraq həmin qeyri–yaşayış sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Ağdam rayon Təhsil şöbəsinin nümayəndəsi X10 oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərini pozduğu üçün ləğv edilməlidir. Belə ki, Ağdam rayonu Azərbaycan Respublikasının işğal altında olan rayonlarından biridir və həmin rayonda yaşayan əhali, həmçinin orada fəaliyyət göstərən idarə və təşkilatlar Bakı və ətraf ərazilərdə yerləşdirilmişlər. Ağdam rayon 149 saylı köçkün tam orta məktəbi də Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 6E ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaçqın və ya məcburi köçkünün statusunu almış şəxsə müəyyən edilmiş qaydada təhsil almağa təminatlar verilir. Tərəflər arasında bağlanmış 22 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan -Binəqədi şossesi,6E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, 3 mərtəbəli qeyri-yaşayış binasının 2-ci və 3-cü mərtəbələri, eyni zamanda məktəbin idman meydançası kimi istifadə olunan həyətyanı sahəsi məktəbin istifadəsində qalır, torpaqlar işğaldan azad olunanadək və yaxud ünvan 4 ünvanda yeni məktəb binası tikilib məktəbin istifadəsinə verilənədək məktəb bu binada fəaliyyətini davam etdirəcəkdir.Həmin müqavilənin 6-cı bəndinə əsasən müqavilədə göstərilən şərtlərin pozulmasına görə məsuliyyət İddiaçı üzərinə düşür. Lakin İddiaçı sonradan üzərinə düşən öhdəliyi icra etməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Ağdam rayon Təhsil şöbəsinin nümayəndəsi X10 oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılımış və yaxın zamanlarda məktəbə yer verilməsi bardə məsələnin müzakirə olunacağına söz verilmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Ağdam rayon Təhsil şöbəsi, Ağdam rayon 149 saylı köçkün tam orta məktəbi, üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd olunan tərəflərin məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakənə heç bir üzürlü səbəb olmadan təmin etmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-561/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan–Binəqədi şosesi, 6E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, 3 mərtəbəli qeyri– yaşayış binası Muradov Qabil Murad oğlunun mülkiyyətindədir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyətinin 29 noyabr 2017-ci il tarixli məktubundan görünür ki, Ağdam rayon Təhsil şöbəsinin verdiyi rəsmi arayışa əsasən 149 saylı köçkün tam orta məktəbin ərazidə müvafiq binaya köçürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Ağdam rayonu 149 saylı köçkün tam orta məktəb binasının texniki vəziyyəti haqqında 23 dekabr 2015-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki,...binanın istifadə olunmayan hissəsində yükdaşıyan və arakəsmə divarlarda çatlar yaranmışdır. Çatların eni bəzi yerlərdə 8:12 mm-ə qədərdir. Binanın istifadə olunmayan hissəsinin zirzəmisində çökmələr və qabarmalar müşahidə olundu. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qərara alındı ki, binanın istifadə olunmayan hissəsi qəza vəziyyətindədir və istifadəsi təhlükəlidir. İş materiallarında olan Ağdam rayonu 149 saylı köçkün tam orta məktəbin direktoru ilə İddiaçı Murad oğlu arasında bağlanmış 22 sentyabr 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, binanın 2-ci və 3-cü mərtəbələri, eyni zamanda məktəbin idman meydançası kimi istifadə olunan həyət yanı sahəsi məktəbin istifadəsində qalır, torpaqlar işğaldan azad olunanadək və yaxud 149 saylı Ağdam köçkün orta məktəbinə hazırda yerləşdiyi ərazi qədər məktəbin yerləşdiyi ünvanda yeni məktəb binası tikilib məktəbin istifadəsinə verilənədək məktəb bu binada fəaliyyətini davam etdirəcəkdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyətinin 17 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, 149 saylı Ağdam köçkün tam orta məktəbi 1993-cü ildən Bakı şəhərində, 2002-ci ildən isə Muradov Qabil Murad oğlunun mülkiyyətində olan binada fəaliyyət göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan xüsusat iddianın rədd olunması üçün əsas hesab edilə bilməz. Etirazın əsasını təşkil edən 2-ci xüsusatla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. - 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. - 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Tərəflər arasında bağlanmış 22 sentyabr 2005-ci il tarixli müqavilədə kirayə müddətini əvəzsiz istifadə məqsədlərinə əsasən müəyyənləşdirmək mümkün olmadığından kirayəyə verənin əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb etmək hüququ mövcuddur. Həmçinin, əvəzsiz istifadəyə verilmiş daşınmaz əmlakdan ümumilikdə 17 il, əmlakın üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alındıqdan isə 14 il ərzində kirayəçi tərəfindən istifadə edilmişdir, hal–hazırda isə həmin əmlakdan mülkiyyətçinin özü tərəfindən istifadəsinə ehtiyac yaranmışdır. Qeyd olunan xüsusatlar yuxarıda göstərilən normalara əsasən mülkiyyətçiyə müqavilənin ləğv etmək üçün əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 saylı sərəncamının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. İşin halları ilə tam təsdiq olunur ki, Ağdam rayon 149 saylı köçkün tam orta məktəbi 2002-ci ildə mübahisə predmeti olan qeyri – yaşayış sahəsində məskunlaşdığından qeyd olunan sərəncamın da təsiri altına düşmür. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycan qarşı” iş üzrə qərarı ilə də qaçqın, yaxud məcburi köçkün statusunun mülkiyyətçinin mülkiyyət hüququnu pozmasına əsas olmaması, bunun əksinin Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinin pozulması kimi qiymətləndirilməsi müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinin ləğv edilməli, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından Ağdam rayon 149 saylı köçkün tam orta məktəbinin bütün işçiləri və avadanlıqları çıxarılaraq həmin sahənin iddiaçıya qaytarılmalıdır. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə əsasən qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. İlk öncə qeyd edilməlidir ki, apellyasiya şikayətinin hazırkı dəlili başqa bir iddia tələbinin əsasını təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, işin halları ilə tam təsdiq olunur ki, Ağdam rayon 149 saylı köçkün tam orta məktəbi 2002ci ildə mübahisə predmeti olan qeyri–yaşayış sahəsin-də məskunlaşdığından “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 saylı sərəncamının təsir dairəsinə düşmür. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, İddiaçı məhkəməyə müraciət etməklə tərəflər arasında bağlanmış 22 sentyabr 2005-ci il tarixli müqavilənin 6-cı bəndinə göstərilən şərtləri poşmuşdur. Kollegiya apelyasiya şikayətinin qeyd olunan dəlilini də əsasız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış 22 sentyabr 2005-ci il tarixli müqavilə əvəzsiz istifadə müqaviləsi olduğundan qanunvericiliyin tələbi baxımından kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb etmək hüququ vardır. Göründüyü kimi, qanunvericilik mülkiyyətçiyə müqavilənin ləğv etmək üçün əsas verir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-561/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ağdam rayon Təhsil şöbəsinin nümayəndəsi X10 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-561/2019 saylı 30 oktyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-229/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-229/2021
18.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver