Məhkəmə qərarları › İş №2(103)-2290/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2290/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2290/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı («X3 Agentliyi» PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi ziyanın ödənilməsi” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı («X3 Agentliyi» PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4613/2023 saylı işi üzrə 22 dekabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyanın və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (sonradan, «X3 Agentliyi» PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) 1950 manat maddi ziyanın, 3000 manat mənəvi ziyanın, 71 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4613/2023 saylı işi üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş 71 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. 2.İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Məhkəmə iclasında iştirak edən «X3 Agentliyi» PHŞ-nin Kürdəmir filialının aparıcı müfəttişi X10 qeyd etmişdir ki, ərazinin enerji təchizatı 35/10 KV Zərdab Yarımstansiyasından çıxan SUMİ21 hava xəttindən qidalanan ******* saylı 400 KV gücünə malik transformatorda standart 10 KV qoruyucu ayırıcının olmasını və transformatorda heç bir qüsurun olmamasını müəyyən etmişlər. Transformator 2018-ci il tarixdə yenidən qurulmuşdur. Transformatordan vətəndaşın evinə kimi olan 380 metrlik kabel xəttinin birbaşa vətəndaşa məxsus olan həyətin giriş qapısında mövcud olan sayğaca daxil olduğunu və qeyd edilən kabeldə də heç bir qüsurun olmamasını müəyyən etmişlər. Sayğacın çıxışında 40 Amperlik qoruyucu açarın mövcud olmasını müəyyən etmişlər. Vətəndaşın iştirakı ilə ona məxsus olan həyətə baxış keçirmişlər və iddiaçıya məxsus olan avtomatik tənzimləyici, soyuducu və digər elektrik əşyalarının yararsız vəziyyətə düşdüyünü müəyyən etmişlər. Elektrikdə heç bir qüsurun olmadığını müəyyən etmişdir. Vətəndaşın iştirakı olmadan elektrikdə ölçmələr həyata keçirmişlər və transformatorda 210 KV gərginlik müəyyən etmişlər ki, bu hal da normal haldır; - «X3 Agentliyi» PHŞ-nin Kürdəmir filialı məhkəmənin sorğusuna 18 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı 35/10 kV-luq «Zərdab» yarımstansiyasından çıxan 10 kV-luq «SMU-2T» hava xəttindən qidalanan ******* nömrəli 400 kVA gücündə transformator yarımstansiyasından (TYS) çıxan 0,4 kV-luq kabel xətti vasitəsilə təmin olunur. Qeyd etmək lazımdır ki, sözügedən ərazinin 10 və 0.4 kV-luq elektrik şəbəkəsi 2018-ci ildə yenidən qurulmuşdur. Baxış zamanı TYS-nin 10 və 0,4 kV- luq tərəflərində ayıncılan və standart qoruyucuların mövcud olduğu aşkar olunmuşdur. TYS-dən vətəndaşa məxsus fərdi yaşayış evinədək olan məsafə təqribən 390 metr təşkil edir. Yaşayış evinin girişində tipi VİKO-M580, zavod nömrəsi 03429597, alt qapaq möhürü 776128 olan hesablaşma elektrik sayğacı quraşdırılmışdır. Sayğacın çıxışında açma cərəyanı 40 A olan avtomat açar mövcuddur. TYS-nin 0,4 kV-luq çıxışında xx.xx.2023-cü il tarixində saat 1220 radələrində gərginlik həddi ölçülərkən fazalar üzrə 221 V, 223 V, 218 V, vətəndaşa məxsus fərdi yaşayış evinin hesablaşma elektrik sayğacının ekranında isə 214 V olduğu müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, sözügedən ərazinin enerji təchizatının təmin olunduğu 35/10 kV-luq «Zərdab» yarımstansiyasında və yarımstansiyanın qidalandığı 110/35/10 kV-luq «Ucar» yarımstansiyasında fəaliyyətdə olan TYS-lərdə gərginliyin tənzimlənməsi qurğusu mövcuddur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2023-ci il tarixli, 2(006)-4613/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097; Mülki Prosessual Məcəllənin 14.2, 88, 384.0.2, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Zərdab rayonunun V.Alxasov küçəsində 2023-cü ilin yay fəslinin isti günlərində avqust ayının təxminən 28-də işığın gücü 220 volt əvəzinə 130-136 volt olmuşdur. Bu, təbii ki, bütün elektrik avadanlıqlarına ziyan vururdu. Belə olan halda tək onun deyil, həmçinin qonşuluqda yaşayan bir neçə ailənin də elektrik avadanlıqlarını sıradan çıxarmışdır. Bütün elektrik avadanlıqlarının istifadə qaydası vardır. Yəni əksər elektrik avadanlığı 220 volta nizamlanmışdır. Həqiqətən elektrik enerjisinin gərginliyinin davamlı aşağı olması və günün istənilən saatında yanıb-sönməsi səbəbindən onun və digər qonşuların elektrik avadanlığı sıradan çıxmışdır. Bu da haqlı olaraq narazılığa səbəb olmuşdur. Onun evində Türkiyə istehsalı olan elektrik enerjisinin gərginliyinə nəzarət edən aparat vardır. Gərginlik də az olan vaxt o həm şəkil, həm də video çəkib götürmüşdür. Elə bu sübutları da məhkəməyə təqdim etmişdir. Şəxsən ona dəyən ziyanın həcmi çox böyükdür. Belə ki, elektrik enerjisinin verilişindəki bu problemlər səbəbindən 10000 gücündə elektrik transformatoru, 24000 gücündə kondisioneri, ventilyatoru və soyuducusu sıradan çıxmışdır. Eyni zamanda qonşuları Mikayılova Mulxisənin soyuducusu və Kərimov Qalibin paltaryuyan maşını da yuxarıda qeyd etdiyi səbəblərdən dolayı sıradan çıxmışdır. Bundan sonra o, cavabdehə xx.xx.2023-cü il tarixli şikayət göndərmişdir ki, gəlib hadisə ilə tanış olsunlar və onun məişət əşyalarını ekspertizaya göndərsinlər. Lakin müraciətinə əsasən 4 ay sonra təxminən dekabr ayında “Aran” RETSİ-nin işçiləri gəldilər. Onlar onun əlində olan sübutlarla foto və videolarla tanış oldular. Eyni zamanda usta da çağırmışdır ki, məişət avadanlıqlarına dəymiş zərərlə bağlı məlumat versin. O da ətraflı məlumat verdi. Eyni zamanda qonşulardan Salikova Lətifə elektrik enerjisinin gərginliyinin az olduğu üçün çörək bişirə bilmədiyini də dedi. Cavabdehin yerli nümayəndələrinin son sözü belə oldu ki, 30 nəfərin imzası ilə şikayət məktubu ünvanlayın gəlib transformatorunuzu yeniləsinlər. Ona dəymiş ziyanın əvəzinin ödənməsindən isə ümumiyyətlə imtina etdilər. Cavabdehin qeyri-qanuni hərəkətləri ucbatından onun əmlakına maddi ziyan dəymişdir. Təbii ki, əmlakına ziyan dəyən insan stress keçirdir, əsəbləşir, narahat olur. Ona görə də ona həm də mənəvi ziyan dəymişdir. Cavabdeh abonentlə müqavilə bağlayanda 220 volt gərginliyin verilməsi barədə öhdəlik götürür. Əgər bu öhdəliyi yerinə yetirə bilmirsə, onun heç bir günahı yoxdur. Məhkəmə işə baxarkən bir neçə maddi hüquq normasını pozmuşdur. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3 Agentliyi” PHŞ-nin Kürdəmir filialının seçilməsi birinci instansiya mıəhkəməsi tərəfindən atılan ən səhv addımlardan birincisidir. “X3 Agentliyi” PHŞ necə müstəqil və neytral tərəf ola bilər?! Həmin hüquqi şəxs elə cavabdeh deyəni deyir. X1 da məhkəmə işinin içərisində elektrik avadanlıqlarının elektrik enerjisinin verilişindəki nöqsanlarla bağlı sıradan çıxması barədə izahatı vardır. Daha sonra o, təkidlə sıradan çıxmış məişət əşyalarının ekspertizasını tələb etsə də birinci instansiya məhkəməsi buna məhəl qoymamışdır. Kondisionerlərin içində qoruyucu olur ki, gərginlik zəifləyəndə o qoruyucu özü yanır ki, kondisioner özü bütövlükdə tələf olmasın. Əgər sıradan çıxmış məişət avadanlıqları ekspertizaya verilsəydi onda əsl səbəb və səbəbkarlar bəlli olardı. Ümumiyyətlə, elektrik enerjisinin zəif olmasını özünə məxsus olan cihazla ölçmüş və bunu məhkəmənin baxış iclasında da ölçərək göstərmışdır. Elektrik enerjisinin onun evdəki gərginliyinin elektriki ölçən cihazla ölçdüyü fotoşəkillə müqayisə də etmişdir. Lakin birinci instansiya məhkəməsi onun dediklərinə əhəmiyyət belə vermədi. Çünki öz qərarını artıq vermişdi. Məhkəmədə üçüncü şəxs qismində çıxış edən nümayəndə bildirdi ki, elektrik enerjisinin gərginliyi Ucar rayonundan nizamlanıb verilir. Məhkəmə bunu əsas götürsə də, bu, həqiqəti əks etdirmir. O, elə iki gün əvvəl şahidi olduğu bir məsələni bildirmişdir. Yəni hətta dekabr ayında belə rayon ərazisində işığın gərginliyinin zəif olduğu ərazilər var. Məhkəməyə təqdim etdiyi sübutlar içərisində dekabr ayında elektrik enerjisinin gərginliyinin tənzimlənməməsinə dair sübutlar çoxdur. Dekabr ayının 19-da Zərdab rayonunun Burunlu kəndində Hümmətova Zinyətin evində olarkən elektrik enerjisinin gərginliyinin çoxaşağı olmasının şahidi olmuş və qeydə almışdır. Çəkdiyi video və şəkillərləri də məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin işə baxmağından, yetərincə araşdırma aparmamasından, verdiyi sübutları dəyərləndirməməsindən narazı qalaraq işə yenidən baxılması üçün yuxarı dövlət orqanlarına şikayət ərizələri ünvanlamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Birinci instansiya məhkəməsi təqdim etdiyi sübutlara qiymət verməmişdir. Cavabdeh onun əmlakına vurduğu ziyanın əvəzini tam həcmdə ödəməyə borcludur. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi təqdim etdiyi sübutları nə araşdırmamış, nə də qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək 2023-cü ilin avqust ayında elektrik enerjisinin 220v verilməli olduğu təqdirdə , normadan aşağı verildiyini və bu səbəbdən onun evindəki bir neçə məişət əşyasının tamamilə yararsız hala düşdüyünü , sonradan özünün çağırdığı usta ilə bərabər "xxxx" ASC-nin ərazi üzrə əməkdaşlarının da iştirakı ilə mənzilə baxış keçirildiyini və həqiqətən də usta tərəfindən cavabdehin təqsiri ucbatından məişət əşyalarının yararsız hala düşdüyünün təsdiq edildiyini, hətta bu barədə ustanın yazılı izahatının da iş materiallarında mövcud olduğunu, bundan əlavə əşyaların yararsız vəziyyətə düşməsi ilə bağlı videoçəkiliş və fotoları da məhkəməyə təqdim etdiyini, lakin məhkəmə tərəfindən təqdim etdiyi sübutlara qiymət verilmədiyini bildirmiş, həmçinin “ X2 Agentliyinin” birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini də düzgün hesab etmədiyini, çünki onların hazırkı mübahisəyə obyektiv yanaşmasının qeyri-mümkün olduğunu, cavabdehin mövqeyindən çıxış etdiklərini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 5.Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini əsassız hesab etdiyini, "xxxx" ASC tərəfindən elektrik enerjisinin verilməsində hər hansı pozuntu olmadığını, iddiaçı tərəfindən məhkəməyə həmin məişət cihazlarının "xxxx" ASC-nin təqsiri ucbatından yararsız hala düşməsi ilə bağlı hər hansı sübut təqdim edilə bilmədiyini qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 Agentliyi “ PHŞ-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Mülki Məcəllnin 385-390, 442, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 385 - 390-cı maddələrinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilməlidir ki, ilkin olaraq iddiaçı tərəfindən onun hansı elektrik avadanlıqlarının məhz elektrik cərəyanında çatışmazlıq səbəbindən nasaz vəziyyətə düşməsi mötəbər sübutlarla təsdiq edilməmişdir ki, məhkəmə tərəfindən işığın verilməsində cavabdehin pozuntu törədilməsi araşdırılsın. 9.Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan suiistifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 10.Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 11.Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 12.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 –cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4613/2023 saylı işi üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar