Məhkəmə qərarları › İş №2(103)-2291/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2291/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2291/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.560 (iki min beş yüz altmış) manat dəymiş maddi ziyanın, 5.000 (beş min) manat mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7.590 (yeddi min beş yüz doxsan) manatın onun xeyrinə tututlması, mənzilə axıdılan suyun qarşısının alınması üçün su borularının, kanalizasiya xətlərinin dəyişdirilməsi və təmir edilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 84v saylı evin, 6 saylı mənzilində yaşayır və həmin daşınmaz əmlak ona məxsusdur. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 84v saylı evin, 9 saylı mənzilin sahibidir. Cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq neçə illərdir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdeh özünəməxsus olan mənzilin şaxtasından yaşadığı sahəni su ilə daşqın etmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir, evin dəhlizi və mətbəxin bütün divar kağızları qopmuş, mətbəx mebeli yararsız vəziyyətə düşmüş, tavanın və divarların sıvağı qopmuş, elektrik naqilləri xətləri sıradan çıxmış, dəhliz hissədə bərbad vəziyyətə düşmüşdür. Ümumi nəticədə ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidən qurma və bərpa işləri hazırkı vaxta qədər 2.560 (iki min beş yüz altmış) manat müəyyən edilmişdir. Həmin xərclər mənzil sahəsinin tam təmir edilməsinə kifayət edici deyil, lakin faktiki olaraq aşağıda qeyd etdiyi xərclər mənzildə görülən işləri əks etdirir: mətbəx mebeli- 1500 manat; rezapal-560 manat; mətbəxin tavanında alçıpan və alçıpan üçün alınmış materiallar-100 manat; materialların çatdırılması-100 manat; usta pulu-300 manat; mətbəx-süpürgəlik-50 manat; mətbəx divar kağızı-50 manat təşkil edir. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində oldu. Cavabdehin qanunsuz və səhlənkar hərəkətlərinə görə dəymiş maddi ziyan və mənəvi ziyan ödənilməlidir. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1180 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu onun xeyrinə tututlması barədə qətnamə çıxarılmasını xahiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 1.180 (bir min yüz səksən) manat maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, Cavabdeh ekspertiza tədqiqatı dəyəri olan 100 (bir yüz) manat pulun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsində onun Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci maddələrində, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 6, 14, 18, 355, 385, 405- ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. İddiaçı öz ərizəsində də qeyd etmişdir ki, onun mənzilinin şaxtasından axan suyun nəticəsində iddiaçının mənzilinə ziyan dəymişdir ki, bu özü - özlüyündə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməzdi. Belə ki, yaşadıqları binanın şaxtası, mülkiyyət hüququ üzrə onun mülkiyyətində deyildir. Binanın şaxtasında baş vermiş hər hansı nasazlıq Mənzil Kommunal İstismar Sahəsinin nəzarəti altında olduğundan hesab edir ki, şaxtadan qaynaqlanan hər hansı ziyan tələbinə MKİS məsuliyyət daşımaqdadır. Bundan əlavə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının 1430/1431 saylı, xx.xx.2020-ci il tarixli rəyində də əks olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 84V saylı evin 6 saylı mənzilinə axmış suyun, həmin binanın 9 saylı mənzilində yaşayan sakinlər tərəfindən yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə nəticəsində, o cümlədən boru xətlərində yarana bilən nasazlıqlardan baş verə bilməsi qeyd edilmişdir. Burada da məhkəmənin diqqətindən yayınmışdır ki, çoxmənzilli yaşayış binalarının sanitar-qovşaq avadanlıqları, binada yaşayan digər sakinlərin ortaq bir əşyası olduğundan, hesab edir ki, MKİS-nin mühəndisləri tərəfindən müdaxilə edilməli və onların nəzarəti altında dəyişdirilməli idi. İşə baxan hakim tərəfindən buna qiymət verilməmiş, nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaşının və cavabdehin apelyasiya şikayətlərində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti 83 saylı MKİS-in rəisi F.Heydərov, mühəndisi H.İsayev, fəhləsi M.Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 84v saylı evin, 6 saylı mənzilində yaşayan İddiaçı müraciətinə əsasən mənizlə texniki baxış keçirilmiş, texniki baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən 9 saylı mənzildən 6 saylı mənzilin mətbəx hissəsinə su keçmişdir. Suyun keçməsi nəticəsində mətbəxdə divar kağızları, mətbəx mebelinin və mətbəxin tavan hissəsinin yarasız hala düşməsinə gətirib çıxarmışdır. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamenti 83 saylı MKİS-in rəisi F.Heydərov, mühəndisi H.İsayev, fəhləsi M.Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 84v saylı evin, 6 saylı mənzilinə dəymiş ziyan-mətbəx mebeli-1500 manat; rezapal-560 manat; mətbəxin tavanında alçıpan və alçıpan üçün alınmış materiallar 100 manat; materialların çatdırılması-100 manat; usta pulu-300 manat; mətbəx-süpürgəlik-50 manat; mətbəx divar kağızı-50 manat; usta pulu-300 manat təşkil edir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1430/1431 nömrəli xx xxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 83 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 84v saylı evin 6 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 9 saylı mənzildən sızması, suyun sızmasının isə 9 saylı mənzildə yaşayan sakinlər tərəfindən yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsi, o cümlədən boru xətlərində yarana bilən nasazlıq səbəbindən baş verə bilməsi müəyyən edilir. Su sızma nəticəsində, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 84v saylı evin 6 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud olan bazar qiymətlərinə uyğun olaraq 542,0 manat məbləğində müəyyən edilir. Su sızma nəticəsində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 84v saylı evin 6 saylı mənzilində olan istifadədə olmuş əşyalara dəymiş ziyan nəzəri olaraq təxminən 1.180,0 (min yüz səksən) manat müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 84v saylı evin, 6 saylı mənzilinə üst mərtəbədə yerləşən 9 saylı mənzildən su sızması baş verməsi nəticəsində iddiaçıya maddi zərər vurulmasını, həmin faktın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1430/1431 nömrəli xx xxx 2020-ci il tarixli ekspert rəyi ilə təsdiq edilməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyində göstərilən məbləğdə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlili kimi binanın şaxtasında baş vermiş hər hansı nasazlığın Mənzil Kommunal İstismar Sahəsinin nəzarəti altında olduğundan, şaxtadan qaynaqlanan hər hansı ziyan tələbinə MKİS-nin məsuliyyət daşıması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi həmin dəlillə bağlı iddia tələbi olmadığından apelyasiya şikayətinin həmin dəlili əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-446/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar