Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2293/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X8 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı1 MTK-nın nümayəndəsi X3, Mütəxəsis Talıbzadə Rövşən Erazim oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-291/2019 saylı qətnaməsindən İddiaçı1 MTK və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar İddiaçı1 MTK və İddiaçı2 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 87520 manat pulun əsassız varlanmaya görə faydalanmanın əvəzi olaraq alınaraq iddiaçılar "İddiaçı1” MTK və İddiaçı2 ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 107 saylı sərəncamı ilə İddiaçı2 ASC-nin istifadəsində olan Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə (Xətai prospekti 42) 0,3 ha torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsi və tikintisinə razılıq verilmişdir. İddiaçı2 ASC-nin sifarişi əsasında binanın tikintisini İddiaçı1 MTK həyata keçirmişdir. Binanın tikintisi başa çatdırılmış və təyinatı üzrə istifadəyə yararlı olduğundan, müvafiq komissiya tərəfindən istismara qəbul edilmişdir. Binanın birinci mərtəbəsində yerləşən 80 kv.metr qeyri-yaşayış sahəsi 2011-ci ilin mart ayında razılaşma əsasında İddiaçı1 MTK tərəfindən həmin binadan mənzil almış Cavabdeh icarəsinə verilmişdir. Aylıq icarə haqqı 1500 razılaşdırılmışdır. Dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən imtina etmişdir, cavabdehin İddiaçı1 MTK-ya icarə haqqı üzrə 72000 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsinə nail olmaq üçün İddiaçı1 MTK məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Binəqədi rayon Məhkəməsinin 2(001)- 94/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 MTK-nın cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilmiş və icarə haqqı olaraq 72000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı1 MTK-nın xeyrinə verilmişdir. Həmin məhkəmə işi ilə bağlı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, müvafiq qeyri-yaşayış sahəsi 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna qədər mübahisəsiz olaraq cavabdehin istifadəsində olmuş və o, həmin sahədən sahibkarlıq məqsədləri üçün istifadə etmişdir. Eyni zamanda araşdırılam sübutlarla müəyyən edilmişdir ki, cavabdehin cəmi 48 ay istifadəsində olan sahənin orta kirayə haqqının dəyəri 2011- 2014-cü illər üzrə 23-25 manat, 2015-2016-cı ilin iyun ayı üzrə 18- 20 manat təşkil edir. Beləliklə, cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə nəticəsində müvafiq dövrlər üzrə bir kvadrat metr üçün ən aşağı kirayə haqqı qiymətləri əsas götürülərsə, 85720 manat (2011-ci ilin mart ayından 2014-cü ilin sonuna kimi 46 ay x 80 kv.m x 23 manat = 84640 manat və 2015-ci ilin yanvar və fevral ayı üçün 2 ay x 80 kv.m x 18 manat = 2880, cəmi 87520 manat) dəyərində faydalanması əslində mübahisəsizdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-94/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2296/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 MTK-nın cavabdehə qarşı 72000 manat pul tələbinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı1 MTK ilə cavabdeh arasında icarə müqaviləsinin bağlanmasını sübut etməli olan iddiaçı həmin icarə müqaviləsinin bağlanması faktını sübut edə bilməmişdir. Belə ki, mübahisəli daşınmaz əmlaka dair tərəflər arasında yazılı formada, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi mövcud deyildir və cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonradan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin 2(102)-5733/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. İstər apellyasiya məhkəməsi, istər Ali Məhkəmə həmin iş üzrə müvafiq nəticələrə gələrkən, iddiaçı tərəfindən cavabdehə qarşı pul tələbinin əsaslı olması ilə əlaqədar yalnız İddiaçı1 MTK-nın istinad etdiyi qanuni əsası, yəni tərəflər arasında icarə müqaviləsinin bağlanmasının qanuniliyi yoxlamış və müvafiq nəticələrə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Burada da bir tərəfincavabdehin digər tərəfin-İddiaçı1 MTK-nın hesabına faydalanması mübahisəsizdir. Belə hallar əsassız varlanma ilə əhatə edilir ki, bu da öhdəliyin yaranması üçün müstəqil qanuni əsasdır. Tərəflər arasında yaranmış münasibətlər ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının qeyriyaşayış sahəsindən istifadə etməklə faydalanaraq varlanmışdır. Bu varlanmanın müqavilə əsasının olmaması yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir. Lakin bu heç də o anlama gəlmir ki, cavabdeh həmin faydalanma nəticəsində əldə etdiklərini İddiaçı1 MTK-ya qaytarmamalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-291/2019 saylı qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1 MTK və İddiaçı2 ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, 5600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 MTK-ya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi ilə əlaqədar birgə iddiaçılar İddiaçı1 MTK-nın və İddiaçı2 ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbi”nə dair iddialarından imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətin onunla əsaslandırılır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, əsassız varlanma ilə bağlı iddia müddəti ötürülməklə vrilməsinə düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf onu aldadaraq, oranı təmir etdirmiş, onun Türkiyədə olmasından istifadə edərək, əmlaklarının bir qismini çıxarıb çölə ataraq, ona satacaqlarını vəd etdiyi obyekti özləri üçün İddiaçı1 market kimi istifadə etmişlər. Belə ki, ona 24002 manat maddi ziyan vurmaları Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq olunmasına baxmayaraq, məhkəmə iddiaçı hüquqi şəxsin müddət ötürməklə verdiyi iddiasını icraatına götürüb baxmış, əsassız olaraq qismən təmin etmişdir. Bu kimi pozuntular onun hüquq və vəzifələrinin pozulması ilə nəticələnmiş, düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı tərəf əsassız varlanma ilə bağlı 2 illik iddia müddətini ötürmüşdür. İddiaçılar iddia ərizəsində 2011-ci ilin mart ayından 2015ci ilin fevral ayının sonuna qədər olan dövr olan dövr ərzində hüquqlarının pozulmasını iddia edirlər, lakin iddianı 3 il sonra, xx xxxxxx 2018-ci ildə məhkəməyə təqdim etmişlər. Ona görə də, hesab edir ki, iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsinə görə məhkəmə tərəfindən iddiaçıların iddiasından imtina olunması barədə qərar çıxarılmalıdır. Qətnamədən İddiaçı1 MTK apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, İddiaçı1 MTK-nın Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair iddiasının təmin edilərək, cavabdehdən 87520 manat pulun İddiaçı1 MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi qanunun tətbiqi baxımından düz olsa da, işin faktiki hallarının obyektiv və qərəzsiz qiymətləndirilməsi baxımından əsassız varlanma nəticəsində geri qaytarılmalı olan əldə edilənlərin məbləğinin düzgün müəyyən edilməsi hissəsində əsassızdır. Düzdür, məhkəmə hüququn tətbiqi zamanı tərəflər arasında olan münasibətlərə düzgün qiymət verərək, cavabdehin müəyyən müddət ərzində İddiaçı1 MTK-ya məxsus qeyri-yaşayış sahəsindən faydalanmasını əsassız varlanan kimi dəyərləndirmiş və bunun dəyərinin geri ödənilməli olduğunu göstərmişdir. Lakin məhkəmə iddianı təmin edən sübutlara qiymət verərək belə hesab etmişdir ki, cavabdeh 7 ay mübahisəli qeyri-yaşayış sahəsində istifadə edərək əsassız olaraq varlanmağa görə 5600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, İddiaçı1 MTK-ya verilməlidir. Halbuki, iddiaçıların məhkəməyə təqdim etdiyi sübutlar, xüsusən şahid ifadələri ilə cavabdehin qeyri-yaşayış sahəsindən 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna kimi istifadələrində olması və beləliklə faydalanması sübuta yetirilmişdir. Şahid ifadələri ilə müəyyən olunur ki, cavabdeh qeyri-yaşayış sahəsini 4 il istifadə etmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı mühüm xüsusatlara diqqət yetirməmiş, səhv olaraq işin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallarla bağlı səhv nəticəyə gəlmişdir. Mübahisələndirilə bilməyən hallardan biri də cavabdehin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunan həmin qeyri-yaşayış sahəsini almaq məqsədi ilə artıq 2011-ci ilin əvvəllərindən təmirə götürdüyünü iddia etmişdir. İş məhkəmədə olandan 8 ay sonra cavabdeh tərəf işin aidiyyatı üzrə göndərilməsi ilə bağlı ərizə ilə müraciət etməklə, işin icraatını əngəlləməyə çalışmış, buna görə məhkəmə qərardadı ilə 2000 manat cərimələnmişdir. Məhkəmə 7 aylıq istifadə müddəti üçün 2014-cü ilə görə 1 kv.m istifadə haqqının ortalama qiyməti olaraq 10 manat müəyyən edərək, aylıq icarə haqqının 800 manat olması nəticəsinə gəlməsi də anlaşılan və məntiqli deyil. Əvvəlki məhkəmə mübahisəsi üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh qeyri-yaşayış sahəsini 2011-ci ilin mart ayından 2015-ci ilin fevral ayının sonuna kimi mübahisəsiz qaydada istifadə etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin 48 ay istifadəsində olan sahənin orta kirayə haqqının dəyəri 2011-2012-2013-2014-cü illər üzrə 23-25 manat, 2015-2016-cı ilin iyun ayı üzrə 18-20 manat təşkil edir. Beləliklə, cavabdehin həmin qeyri-yaşayış sahəsinin istifadəsi nəticəsində ən aşağı kirayə haqqı qiymətləri əsas götürülərsə, 87520 manat dəyərində faydalanması əslində mübahisəsizdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X14 və vəkili X4 öz apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə kollegiyasının iclasında İddiaçı1 MTK-nın vəkili X22 öz apellyasiya şikayətlərini müdafiə edərək, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 MTK-nın nümayəndəsi X11 öz apellyasiya şikayətlərini müdafiə edərək, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, əvvəllər İddiaçı1 MTK-da komendant olmuşdur. İndi isə mühəndis işləyir. Cavabdeh 2011-ci ilin fevral-mart aylarında 80 kv.m yer verilmişdi. Onlar desələr də, də Cavabdeh müqavilə bağlamadı və müqaviləsiz işlədi. Həmin yerdə mərmər qranit satışı həyata keçirirdi. Hazırda da reklam lövhələrindən 2-3 dənəsi qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən İddiaçı1 MTK-da yaşayır. Cavabdeh orada mərmər qranit satışı həyata keçirirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 2007-ci ilin mart ayından İddiaçı1 MTK-da mühasib işləyir. Binada qeyri-yaşayış sahəsi var idi. Cavabdeh oranı 4 ilə yaxın işlədib demək olar ki. Müqavilə bağlamadan fəaliyyət göstərirdi. Həmin yerdə mərmərqranit satışı həyata keçirirdilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən İddiaçı1 MTK-da 112 saylı mənzildə yaşayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, həmin mağazada satıcı işləmişdir. Cəmi 4 ay mağazada işləmişdir. Aman doktorla uzun müddət işləmişdir. Mühasib olduğu üçün mağazaların hesabatını aparmışdır. 2014-cü ilin əvvəllərində, təxminən fevral ayında doktor ona demişdir ki, yaşadığı yeni tikilinin İ mərtəbəsində bir mağaza götürmüşdür. Oranı mərmər mağazası kimi işlətmək istəyir, amma hələ ki, təmir etdirir. Bildiyinə görə, oranı may ayınadək təmir etdirdilər. May ayının axırı, iyun ayının əvvəllərində oranı açdılar. Eldəniz adlı bir satıcı da təyin etmişdilər. Amma 4-5 ay müddətində o mağazadan satışla əlaqədar heç bir məlumat gəlməmişdir. Təxminən avqustun axırı, sentyabrın əvvəlində eşitmişdir ki, heç bir satış olmadığından doktor oranı bağlamışdır və ona da belə bir məlumat vermişdir. Yəni o mağaza ilə heç bir satış olmadığından hesabat olmamışdır. Bunu dəqiqliyi ilə bilir, çünki o barədə heç bir sənəd vermədilər. O, həmin mağazada heç vaxt olmamışdır, işləmirdi deyə ora getməyin marağında deyildi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, həmin mağazanın təmir işlərini görmüşdür. Ondan sonra da orada fəhlə kimi işləyəcəydi. Lakin alver olmadığından işləyə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, sözügedən mağazada 2014-cü ilin may ayının axırı, iyun ayının əvvəlindən avqust ayının sonusentyabr ayının əvvəlinə qədər satıcı kimi işləmiş və işlədiyi müddətdə mağazada 1 manatlıq belə alver etməmişdir. Yanında olan MTK-nın nümayəndəsi Abbasov İlham 4 ay ərzində onunla bərabər orada əyləşmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mağaza 2010-cu ilin sonu, 2011-ci ilin mart aylarına qədər işləmişdir. Mağaza mərmər-qranit mağazası kimi fəaliyyət göstərirdi. Məhkəmə ilkin olaraq iddiaçıların hər ikisinin hazırki tələblə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edərək aşağıdakıları qeyd etmişdir: Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşin hallarından da göründüyü kimi İddiaçı2 ASC-nin mübahisə ilə bağlı hər-hansı hüquqlarının pozulması, ümumiyyətlə mübahisəyə aidiyyəti müəyyən edilmir. Belə ki, İddiaçı2 ASC mübahisəli obyektin yerləşdiyi binanın tikintisini digər İddiaçı1 MTK-ya sifariş etmişdir, bunun müqabilində isə MTK binadan mənzillər və mübahisəli qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı1 MTK-ya məxsus olması işin mübahisəsiz halıdır. Bu hal Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2296/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə də təsdiq olunmuşdur. Birgə iddiaçı olan hüquqi şəxslərin idarə heyətinin sədrinin eyni şəxs olması İddiaçı2 ASC-yə hazırki mübahisədə iddia qaldırmağa əsas vermir. Odur ki, İddiaçı2 ASC-nin iddiası hazırki mübahisədə cavabdehdən nəyisə tələb etmək üçün subyektiv hüququ olmaması əsası ilə təmin edilə bilməz. Kollegiya hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, məhkəmə cavabdehin yazılı ərizəsi əsasında bildirdiyi məlumatları onun etirafı kimi qiymətləndirərək Cavabdeh İddiaçı1 MTK-ya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,Xətai prospekti, 787-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsində olan 80 kv.metr qeyri-yaşayış sahəsindən 7 ay müddətində, yəni 2014-cü ilin əvvəlindən 2014-cü ilin avqust ayına qədər istifadə etməsini sübut edilmiş hesab edir. Beləliklə məhkəmə hesab edir, cavabdeh 7 ay mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edərək əsassız olaraq varlandığına görə 5600 manat məbləğində (80x10x7=5600) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 MTK-ya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə iddia tələbinin əldən çıxmış faydanın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilməli, həmin hissədə işdə olan sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində qeyd olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 82.3-cü maddəsinin tələbi baxımından Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən iddiaçının razılığı ilə istifadə etməklə müəyyən təmir-tikinti işlərini görməsi, təmirə çəkilən xərclərlə bağlı 24002 manatın Cavabdeh xeyrinə İddiaçı1 MTK-dan tutulması, İddiaçı1 MTK ilə Cavabdeh arasında icarə müqaviləsinin olmaması mülki işin mübahisəsiz hallarına aiddir. Bundan başqa, tərəflərin izahatları ilə də müəyyən edilir ki, cavabdeh həmin qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Belə ki, həmin sahədən istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həmin qeyri-yaşayış sahəsinə vəsait xərcləyərək təmir etdirməsi cavabdeh tərəfindən də təkzib edilmir. Mülki işin mübahisələndirilən halı isə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən hansı müddətdə istifadə etməsi və hansı əsasla sahiblik etməsidir. Belə ki, cavabdehin nümayəndəsi X14 izahatlarında bildirmişdir ki, onun oğlu Cavabdeh həmin qeyri yaşayış sahəsini alğı-satqı əsasında almışdır və cəmi 4 ay həmin obyektdən istifadə etmiş, lakin qazanc əldə etməmişdir. Kollegiya qeyd edir ki, şahid ifadələri və tərəflərin izahatları arasında ziddiyyətlər mövcuddur. Belə ki, İddiaçı1 MTK tərəfindən dəvət olunmuş şahidlərin ifadələri cavabdehin həmin qeyri yaşayış sahəsində 2011-ci ilin mart ayından 2015-ci il ilin fevral ayının sonuna qədər istifadə etməsini göstərsə də, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi və məhkəməyə yazılı qaydada təqdim edilmiş izahatlarında isə 2014-cü ildə obyekti təmir elətdirərək həmin ilin may ayından işə başladıqlarını və 4 ay müddətində istifadə etdiyini və təxminən avqust ayında mağazanı bağladığını bildirmişdir. Kollegiya bu ziddiyətin aradan qaldırılması ilə bağlı qeyd edir ki, eyni tərəflər arasında qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2296/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, “cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən iddiaçının razılığı ilə 2011-ci ilin mart ayından istifadə etməklə müəyyən təmin-tikinti işlərini görməsi faktı Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (mağazada fəhlə işləmiş) X1 və (mağazada elektrik işlərini görmüş) Seyidov İzzət Hörmət oğlunun şahid ifadələri və ekspert rəyi ilə təsdiq edilməklə işin mübahisəsiz hallarındandır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarda X19 Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Belə olan halda, cavabdehin qeyri-yaşayış sahəsindən 2011-ci ilin mart ayından istifadə etməsi qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, mötəbər sübut kimi qəbul olunmalıdır. Cavabdehin qeyri-yaşayış sahəsindən 2011-ci ilin mart ayından hansı vaxta kimi istifadə etməsini müəyyən edərkən kollegiya qeyd edir ki, cavabdehin yazılı ərizəsi əsasında bildirdiyi məlumatları onun etirafı kimi qiymətləndirərək Cavabdeh İddiaçı1 MTK-ya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşən binanın birinci mərtəbəsində olan 80 kv.metr qeyri-yaşayış sahəsindən 2014-cü ilin avqust ayına qədər istifadə etməsini sübut edilmiş hesab edir. Beləliklə müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini 2011-ci ilin mart ayından 2014-cü ilin avqust ayına kimi (həmin ay daxil olmaqla) istifadə etmişdir. Cavabdehin həmin qeyri-yaşayış sahəsini alğı-satqı əsasında əldə etməsi dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edə bilməmiş və bu halın mövcudluğu da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2296/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə təkzib olunmuşdur. Odur ki, cavabdehin İddiaçı1 MTK-ya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsi işin halları ilə müəyyən edildiyindən tərəflər arasında öhdəliyin yaranıb-yaranmaması, yaranmışsa hansı əsasla yaranması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onuniştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəliyin olmaması iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2296/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, Apellyasiya instansiyası Məhkəməsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli, 2(001)-94/2016-cı il saylı qətnaməsini ilkin iddiaya münasibətdə “icarə müqaviləsinin” mövcud olmaması əsası ilə ləğv etmiş, İddiaçı1 MTK-nın Cavabdeh qarşı “icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi tələbi barədə” ilk iddiası təmin edilməmişdir. Kollegiya qeyd edir ki, MTK ilə Cavabdeh arasında müqavilə münasibətləri olmasa da, öhdəliyin yaranmasının digər əsasları yoxlanılmalıdır. Belə ki, iddia tələbinin hüquqi (qanuni) əsasını müəyyən etmək məhkəmənin vəzifəsidir. MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1 və 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin iddiaçıya zərər vurması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, İddiaçı1 MTK mübahisəli qeyri-yaşayış sahəsini könüllü şəkildə cavabdehin istifadəsinə vermiş, cavabdehin əmlakdan istifadə ilə bağlı iddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxaran hər-hansı hüquqazidd və təqsirli hərəkətləri olmamışdır. Odur ki, iddia bu əsasla təmin edilə bilməz. Kollegiya hesab edir ki, cavabdeh İddiaçı1 MTK ya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməklə əsassız olaraq varlanmışdır. Belə ki, MM-nin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh 2011-ci ilin mart ayından 2014-cü ilin avqust ayına kimi (həmin ay daxil olmaqla) 41 ay müddətində mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməklə əsassız olaraq varlanmışdır. Cavabdeh həmin obyektdən istifadə etdiyi müddətdə gəlir əldə etmədiyini bildirsə də, bu hal təsdiq olunmuş olsa belə,cavabdehin əsassız olaraq varlandığını təkzib etmir. Belə ki, cavabdeh İddiaçı1 MTK-ya məxsus əmlakdan hüquqi əsas (qanuni əsas, müqavilə əsası) olmadan istifadə edərək faktiki olaraq icarə haqqına qənaət etməklə əsassız olaraq varlanmışdır. Mübahisəli obyektin yerləşdiyi ərazini, ticarət baxımından gəlirliliyini, daşınmaz əmlak bazarında həmin ərazi üzrə icarə haqqının müəyyən edilməsi və məhkəməyə məsləhət verilməsi üçün “X20” MMC-dən mütəxəsis dəvət olunmuşdur. Mütəxəsis Talıbzadə Rövşən Erazim oğlu yazılı rəyində bildirdi ki, Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə yerləşən binanın 1-ci mərtəbəsində olan 80 kv.m-lik qeyri-yaşayış sahəsinin 2011- 2014-cü illər üçün 1 kv.m-nin orta aylıq icarə haqqı 11,0 manat təşkil edir. Kollegiya hesab edir ki, mütəxəsis rəyi kifayət qədər əsaslandırılmış, qeyri-yaşayış sahəsinə baxış keçirilməklə, əmlaklarla bağlı bazar şəraitində internet məlumatları və digər müqayisəli təhlillər aparılmaqla verilmişdir. Beləliklə kollegiya hesab edir, cavabdeh 41 ay mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edərək əsassız olaraq varlandığına görə 36080 manat məbləğində (80kv.m x 11 manat x 41 ay=36080) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 MTKya verilməlidir. İddia müddətinin tətbiq olunması ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş ərizəyə və apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya hesab edir ki, ərizə əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsində 2 illik kəsici müddət müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi ərizədə qeyd edir ki, hazırki mülki işin məhkəmənin icraatına 2018-ci ildə (xx xxxxxx 2018-ci il) daxil olduğunu nəzərə alaraq iddiaçılar 2011-2015-ci illər ərzində əsassız varlanma tələbi ilə bağlı iddia müddətini ötürmüşlər. Kollegiya müddətin ötürülməsi ilə bağlı ərizəni əsassız hesab edərək, qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını əsassız varlanma təşkil edir. Cavabdeh 1095-ci maddəyə əsasən 2 il müddət keçməsinə görə müvafiq tələbin qüvvədən düşməsinə istinad edərək, iddianın rədd edilməsini xahiş edir. MM-nin 1095-ci maddədə olan müddətin hüquqi təbiəti MM-in 550 və sonrakı maddələrinə əsasən müəyyən edilir. MM-nin 553.1.2.-ci maddəyə əsasən ixtiyarlı şəxs məhkəməyə iddia verirsə, müddətin axımı kəsilir. Burada nə baş verib: 1.Tələb 2015-ci il in fevral ayı da daxil olmaqla müvafiq daşınmaz əmlakdan istifadəyə görə əsassız varlanma ilə bağlıdır, yəni müddətin axımı 2015-ci ilin mart ayından başlayır. 2.İddiaçı ilk dəfə məhkəməyə xx.xx.2015-ci il tarixdə iddia verib, yəni 24 ay – 6 ay (2015-ci il ilin mart-avqust ayları) = 18 ay. 3.İlkin iddia ilə qətnamə qanuni qüvvəyə minib xx xxxxxx 2017-ci ildə (ilkin iddia ilə bağlı Ali Məhkəmənin qərarı) və həmin tarixdən müddətinin axımı bərpa olunub, yəni qalan- 18 ay. 4.Sonradan yenidən iddia ilə müraciət olunub Binəqədi rayon Məhkəməsinə 2018-ci ilin fevral ayının əvvəlində, yəni bu anda yenidən müddətinin axımı dayanıb. 18 ay–6 ay (xx.xx.2017-ci ildən 2018-ci ilin fevral ayı da daxil olmaqla cəmi 6 ay) = 12 ay. 5.Beləliklə, MM-nin 1095-ci maddədə olan 2 ildən hələ 12 ayı qalıb. Digər tərəfdən, MM-nin 552.3-cü maddəni də nəzərə alsaq, belə çıxır ki, əslində müddətin axımı başlayıb xx xxxxxx 2017-ci il tarixli qərardan. Bu variantda, ümumiyyətlə, müddətin keçməsinə hələ 18 ay var. Lakin hansı varianta üstünlük verilməsindən asılı olmayaraq (12 ay və ya 18 ay) hər bir halda MM-nin 1095-ci maddədə nəzərdə tutulan müddət keçməyib. Beləliklə, kollegiya hesab edir ki, 36080 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı1 MTK-ya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna-mə-sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunu iddiaçılara aid etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, dövlət rüsumu ilə bağlı hissədə qətnamə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 12,3 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 291/2019 saylı qətnaməsi əldən çıxmış faydanın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi əldən çıxmış fayda ilə bağlı hissədə qismən təmin edilsin. 36080 (otuz altı min səksən) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı1 MTK-ya ödənilsin. İddia tələbi əldən çıxmış fayda ilə bağlı qalan hissədə təmin edilməsin. Qətnamə İddiaçı2 ASC-yə aid təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dövlət rüsumu ilə bağlı hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. 12 (on iki) manat 30 (otuz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı1 MTK-ya ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-2293/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2293/2020
11.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver