Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2294/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinə (xüsusi notarius X3) qarşı “icra qeydinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qətnamədən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Sığorta Şirkətinin ləğv edicisi Şirkətin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ-900003 reyestr №-li “İcra qeydinin” ləğv edilməsi və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun (iddiaçı Şirkətin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. "xxxx" MMC iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli "xxxx" əsasən iddiaçı Şirkətdən üçüncü şəxs olan MMC-nin xeyrinə 1.497,08 manat məbləğində pul tutulmalıdır. "xxxx" əsasən Şirkətin bank hesabına inkasso qoyularaq 100 manat məbləğində vəsait silindikdən sonra iddiaçıya həmin “İcra qeydindən” xəbəri olmuşdur. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən “İcra ödənişinin alınması barədə” xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuş, Şirkətinin bank hesabının olduğu "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli bildiriş və inkasso sərəncamları göndərilmişdir. “İcra qeydində” onun verilmə tarixi xx.xx.2022-ci il, icra məmurunun qərarında və İnkasso sərəncamlarında isə “İcra qeydinin” tarixi “xx.xx.2022” kimi, nömrəsi isə “3833” kimi göstərilmişdir. “İcra qeydi” ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçı Sığorta Şirkətinın müflis elan edilməsi barədə ərizəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək Şirkətin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Şirkətin Ləğvetmə Komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir. Hazırda Ləğvetmə Komissiyası tərəfindən Şirkətin ləğvetmə tədbirləri və öhdəlikləri davam etdirilir. Şirkətin müflis elan edilməsinə dair bildiriş xx.xx.2020-ci ildə “Azərbaycan” qəzetində dərc olunduqdan keçən 60 gün ərzində cavabdeh MMC tərəfindən kreditor tələbi ilə Ləğvetmə Komissiyasına müraciət olunmamışdır. İflas prosedurunda olan Şirkətə qarşı kreditor tələbləri yalnız “Müflisləşmə və iflas haqqında” Qanunun tələbləri çərçivəsində irəli sürülə bilər. İflas prosedurunda olan hüquqi şəxsə qarşı hər hansı kreditor tələbi ilə yalnız ləğvediciyə müraciət edilməli, kreditor tələbi ləğvedici tərəfindən qəbul edilmədikdə isə iflas prosesinə nəzarət edən məhkəməyə ərizə ilə müraciət olunmalıdır. b) cavabdehin və üçüncü şəxsin iddia tələbinə münasibəti barədə məlumat
4. Cavabdeh Notariat Ofisinin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
5. Üçüncü şəxs olan MMC-nin iddia tələbinə qarşı etirazı isə onunla əsaslandırlmışdır ki, iddiaçının tələbi hüquqdan sui-istifadə etməyə yönəldiyi üçün qəbuledilməzdir. Belə ki, iddiaçı öz tələbinin hüquqi əsası olaraq, “Müflisləşmə və iflas haqqında” qanunun 43-cü maddəsi, “Sığorta fəaliyyəti haqqında” qanuna, Mülki Məcəlləyə istinad etmişdir. Halbuki istinad olunan qanunvericilik normalarına nəzər saldıqda görünür ki, istinad olunan normaların heç biri yaranmış mübahisəni tam tənzimləmir. Çünki əmlak inzibatçısı tərəfindən MMC-yə heç bir bildiriş göndərilməmişdir. Əmlak inzibatçısının bu hərəkətsizliyi özü-özlüyündə bir neçə hüquqi nəticəyə səbəb olmuşdur. İlk olaraq MMC-nin 5 milyondan çox abunəçisinin olduğu nəzərə alınsa, bütün borcların son vəziyyəti ilə bağlı məlumatları daim yeniləmək mövcud sistemlər çərçivəsində mümkün deyildir. Elə bu səbəbdən də iddiaçı Şirkətinin müflis elan edilməsi barədə xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinin çıxarılmasından iddiaçının məhkəməyə müraciəti əsasında xəbərdar olmuşlar. Əks halda iddiaçı ilə abunə müqaviləsi münasibətlərinə ağlabatan olaraq daha əvvəl xitam vermiş olardılar. Bildirişin göndərilməməsi və borcların şirkətin müflis elan edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasından sonrakı dövrdə yaranmış olması onu deməyə əsas verir ki, əmlak inzibatçısı konkludent hərəkətlərlə müqavilənin davam etdirilməsinə razılıq vermişdir. Abunə müqaviləsinin 10.3-cü maddəsinə əsasən abunəçi istənilən vaxt abunə müqaviləsinə xitam verə bilərdi. Lakin Şirkət müqaviləyə xitam verməmiş, əksinə istifadəni davam etdirərək borcun yaranmasına səbəb olmuşdur. Qeyd olunan faktlar xx.xx.2023-cü il tarixdə MMC tərəfindən məhkəməyə göndərilmiş sənədlərdə öz əksini tapmışdır. Bu səbəbdən də Şirkətin öhdəliklərini vicdanla yerinə yetirməsi üçün əmlak inzibatçısı MMC-ni kreditor kimi tanıyaraq, kreditorların reyestrinə daxil etməlidir. Lakin iddiaçının MMC-yə olan borcu barədə “İcra qeydinin” ləğv edilməsi tələbi hüquqdan sui-istifadə cəhdidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs olan MMC-nin ərizəsi əsasında “İcra qeydi” verilən zaman cavabdeh 43 saylı Notariat Ofisi (xüsusi notarius X4) “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, “Notariat hərəkətlərinin aparılması haqqında Təlimatın” və digər hüquqi aktların tələblərini pozmuşdur. d) apellyasiya şikayəti barədə məlumat
8. Üçüncü şəxs olan MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Əsasları iddiaya etirazının əsasları ilə eynilik təşkil edən üçüncü şəxsin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
10. MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayəti müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
11. İş üzrə iddiaçı və cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
16. “Azərbaycan” qəzetinin xx.xx.2020-ci il tarixli buraxılışından çıxarışdan görünür ki, “LPO ASC "xxxx" Sığorta Şirkətinin kreditorlarının nəzərinə” başlığı ilə dərc edilmiş elan “Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmış, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmiş, iflas prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslərin bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməli olduqları” məzmununda olmuşdur. Əlavə məlumat almaq üçün müraciət edilməli olan ünvan “ünvan 1tron poçt “Elektron ünvan ” qeyd edilmişdir.
17. İşdə olan xx.xx.2022-ci il tarixli “İcra qeydindən” görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC xeyrinə ünvan 3 ünvanında yerləşən ASC "xxxx" Sığorta Şirkəti (ləğv prosesindədir) **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli abunə müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1497 manat 08 qəpik (min dörd yüz doxsan yeddi manat səkkiz qəpik) tutulsun. Bundan əlavə borclu ASC "xxxx" Sığorta Şirkətindən (Ləğv prosesindədir) tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1522 manat 08 qəpik (min beş yüz iyirmi iki manat səkkiz qəpik) pul tutulması təklif edilmişdir.
18. Nəsimi Rayon İcra Şöbəsinin icra ödənişinin alınması barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ASC "xxxx" Sığorta Şirkətindən 106,54 manat məbləğində icra ödənişi tutulması qərara alınmışdır.
19. İcra Şöbəsinin borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 43 saylı Notariat Kontorunun 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır.
20. İcra Şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 43 saylı Notariat Ofisinin 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixli inkasso sərəncamları icra olunması üçün göndərilmiş, icra sənədinin icrasının təmin edilib, nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir.
21. İşdə olan xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən “43 saylı Notariat Ofisinin 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2023-cü il tarixli icra ödənişinin alınması və borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi barədə qərarlar” təyinatı ilə Sığorta Şirkətinin hesabına dair (1.522,08 manat və 106,54 manat) inkasso sərəncamları verilmişdir.
22. Həmin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən “Elektron notariat” AİS-nə ötürülən notariat icra qeydi haqqında notarius tərəfindən elektron formada daxil olmuş ərizələr 1) xx.xx.2022-ci il tarixli 8İ-2223 reyestrlə 51 man.15 qəp., 2) xx.xx.2022-ci il tarixli 8İ-3411 reyestrlə 180 man.40 qəp., 3) xx.xx.2022-ci il tarixli 8İ-3833 reyestrlə 1497 man.08 qəp. və 4) xx.xx.2022-ci il tarixli 8İ- 4959 reyestrlə 120 man.45 qəp. icra qeydləri aparılmışdır. Məktuba əlavə edilmiş: - Tələbkar "xxxx" MMC tərəfindən borclu ASC "xxxx" Sığorta Şirkətinə (ünvan 4 ünvanlanmış icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən B/19357 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, abunə müqavilələrindən irəli gələrək ümumilikdə 1.497,08 manat məbləğində əsas borcun ödənilməli olması, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən notarius tərəfindən icra qeydi aparılacağı qeyd edilmişdir. - B/19357 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişə əlavədən görünür ki, ********** telefon nömrəsində 30.08 manat, ********** telefon nömrəsində 41.45 manat, ********** telefon nömrəsində 1083 manat, ********** telefon nömrəsində 31.21 manat, ********** telefon nömrəsində 40.93 manat, ********** telefon nömrəsində 50.41 manat, ********** telefon nömrəsində 100 manat, ********** telefon nömrəsində 100 manat, ********** telefon nömrəsində 20 manat borc vardır (cəmir borc: 1497.08 manat). - Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, ASC "xxxx" Sığorta Şirkətinin (AZ1014, Bakı ş., Nəsimi r., Şəmsi Bədəlbəyli, ev 94) ünvanına göndərilmiş məktubun xəbərnaməsinin "xxxx" MMC-yə qaytarılması tələb edilmişdir. Xəbərnamədə məktubun izləmə nömrəsi kimi “SS753437110AZ”, ştampın tarixi isə xx.xx.2022-ci il qeyd edilmişdir.
23. Bakı Şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən “Elektron notariat” AİS-nə ötürülən notariat icra qeydi haqqında notarius tərəfindən elektron formada daxil olmuş ərizə xx.xx.2022-ci il tarixli 8İ- 3833 reyestrlə icra qeydi aparılmışdır. Məktuba əlavə edilmiş: - Notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar "xxxx" MMC borclu ASC "xxxx" Sığorta Şirkətindən (Ləğv Prosesindədir) 1497.08 manat borcun onun xeyrinə tutulması üçün ərizə vermişdir. - "xxxx" MMC icra qeydinin aparılması üçün xx.xx.2022-ci ildə 25 manat rüsum ödəmişdir.
24. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş zərfdən (SS753437110AZ) görünür ki, "xxxx" MMC tərəfindən ASC ”Standard İnsurance” Sığorta Şirkətinə (AZ1014, ünvan 5 ünvançının köçməsi səbəbindən ona çatdırılmamış, ştampın tarixi xx.xx.2022-ci il olmuşdur.
25. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, SS753437110AZ ştrix kodlu sifarişli xəbərnaməli məktubla bağlı arxiv sənədləri məhv edildiyindən məsələnin müfəssəl araşdırılması imkanları xaricində olmuşdur.
26. İşdə olan sübutlara əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı şirkət müflis elan edilmiş, xx.xx.2020-ci il tarixdə “Azərbaycan” qəzetində “LPO ASC "xxxx" Sığorta Şirkətinin kreditorlarının nəzərinə” başlıqlı elan verilərək, şirkətin məhkəmə qərarı ilə müflis elan edilməsi və ləğvetmə komissiyasının tərkibinin müəyyən edilməsi bildirilmiş, ona qarşı tələbi olan fiziki və hüquqi şəxslərin həmin elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməli olduqları barədə məlumat verilərək, ünvan, telefon nömrəsi və elektron poçt qeyd edilmişdir. Şirkət müflis elan edildikdən sonra "xxxx" MMC xx.xx.2022ci il tarixli bildiriş göndərərək, yaranmış 1.497,08 manat məbləğində borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağını iddiaçının nəzərinə çatdırmaq istəmiş, həmin bildirişin olduğu zərf ünvançının köçməsi qeydi ilə "xxxx" MMC-yə geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən ASC "xxxx" Sığorta Şirkətinə ünvanlanmış məktubla bağlı arxiv sənədləri məhv edilmişdir. "xxxx" MMC-nin müraciəti ilə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydi ilə "xxxx" MMC-nin xeyrinə iddiaçıdan vaxtında ödənilməmiş 1.497,08 manat məbləğində borcun və 25 manat məbləğində dövlət rüsumunun tutulması təklif edilmişdir. Nəsimi rayon İcra şöbəsi Bakı şəhəri 43 saylı Notariat kontorunun 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli məktubla "xxxx" ASC-yə müraciət edərək, iddiaçının bank hesablarına dair inkasso sərəncamlarının icra oluması və nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir.
27. Hazırda iddiaçı Şirkət ləğv prosesində olduğuna görə, ona qarşı olan kreditor tələbi üzrə notarius tərəfindən icra qeydinin aparılmasının qanunazidd olduğunu mübahisələndirərək həmin icra qeydinin ləğv edilməsini, cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə iddiaçının hüquqdan sui-istifadə edərək iddia qaldırdığını, onun müflis elan edilməsi və kreditorların müraciət müddəti ilə bağlı bildirişi kreditoru olan "xxxx" MMC-yə göndərməməsi və müqavilə münasibətlərini davam etdirdiyini göstərən hərəkətlər etməsi nəticəsində borcunun yaranmasını qeyd edərək, borc barəsində icra qeydinin aparılmasının qanuni bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər.
28. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir (maddə 59.4.). Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır (maddə 60.2.). Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir (maddə 60.3.). Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir (maddə 60.4.).
29. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin 2-ci hissəsinə görə, kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər.
30. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 161-ci bəndinə görə, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
32. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmetini xüsusi notariusun peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan məsələ, yəni həyata keçirilmiş notariat hərəkətinin (aparılmış icra qeydinin) qanuni olub-olmaması məsələsi təşkil edir.
33. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır.
34. Məhkəmə qeyd edir ki, Cavabdeh notariat ofisi icra qeydini aparmazdan əvvəl tələb edilən borcun mübahisəsiz olduğunu araşdırmalı və yalnız bu faktı təsdiq etdikdən sonra, əgər müvafiq müddətlər keçməmişsə, icra qeydini aparmalı idi. Lakin notariat ofisi borcun mübahisəsiz olub-olmamasını araşdırmamışdır. Çünki aparılmış icra qeydi ilə pul tutulması nəzərdə tutulan hazırki iş üzrə iddiaçı olan Sığorta Şirkəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müflis elan edilmiş, xx.xx.2020-ci il tarixli qərardadı ilə isə Şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir. Buna baxmayaraq, cavabdeh notariat ofisi yaranma vaxtı mübahisəli olan borca görə icra qeydi aparmışdır.
35. "xxxx" MMC icra qeydi haqqında ərizədə iddiaçının borcunun 2021-ci ilin mart ayında yarandığını qeyd etsə də, borcun məhz həmin tarixdə yarandığını təsdiq edən sübutları notariat ofisinə təqdim etməmişdir. Həmin sübutlar hazırki iş üzrə işə baxan məhkəmələrə də təqdim edilməmişdir.
36. Borcun ləğv prosesi ərzində yaranması öz təsdiqini tapmadığından qanunvericiliyin tələbinə əsasən, "xxxx" MMC iddiaçıya qarşı olan tələbini qeydə aldırmaq üçün müəyyən edilmiş müddət ərzində ləğvetmə komissiyasına müraciət etməli, müraciətin nəticəsindən asılı olaraq müvafiq qaydada siyahıya alınmalı və ya iflas proseduruna nəzarəti həyata keçirən məhkəmədə müvafiq tələblə çıxış etməli idi. Lakin "xxxx" MMC iddiaçı barəsində ləğv prosesinə başlanmasından xəbərdar olmadığını qeyd edir.
37. Əgər "xxxx" MMC, həqiqətən də, iddiaçı barəsində ləğv prosesinə başlanmasından xəbərsiz idisə, bu zaman aralarında bağlanmış xx.xx.2013-cü il tarixli Abunə müqaviləsinin 16.5-ci bəndinə müvafiq olaraq qarşılıqlı razılaşma üçün əvvəla iddiaçının özünə, qarşılıqlı razılaşma əldə olunmadığı təqdirdə isə adi qaydada məhkəməyə müraciət etməli idi. Belə ki, tərəflər müqavilənin həmin bəndi ilə aralarında olan mübahisələrin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi, qarşılıqlı razılaşma yolu ilə həll edilməyən mübahisələrin isə aidiyyəti üzrə müvafiq məhkəmə tərəfindən həll edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin bu bəndi tərəflərin iradə ifadəsini əks etdirdiyindən "xxxx" MMC aralarında olan razılaşmaya zidd olaraq notariat ofisinə icra qeydinin aparılması barədə ərizə ilə müraciət etmiş, cavabdeh notariat ofisi isə mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipini pozaraq tələb olunan borc barəsində icra qeydi aparmışdır.
38. Bundan başqa, qanunvericiliyin tələbinə görə, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bunun məqsədi borclunun ondan tələb olunan borc barədə məlumatlı olmasını təmin etmək və ona həmin borcu mübahisələndirmək imkanı verməkdir. Lakin hazırki işdən görünür ki, Sığorta Şirkətinin müflis elan edilməsi, sığortaçının ləğvetmə komissiyasının tərkibinin müəyyən edilməsi və bu barədə sığorta şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslərin məlumatlandırılması barədə dərc olunan ictimaiyyətə açıq bildirişdə Sığorta Şirkətinin ünvanı ünvan 6, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 94 ünvanına bildiriş göndərmiş, nə ictimaiyyətə elan olunan sonuncu ünvana, nə də elektron qaydada bildiriş göndərməmişdir. Cavabdeh isə mübahisələndirilən icra qeydini apararkən iddiaçıya göndərilmiş bildirişin çatdırılmamasını nəzərə almamış, bununla da, qanunvericiliyin tələblərini pozmuşdur. Bildirişin iddiaçıya çatdırılmaması onun borcu mübahisələndirmək hüququndan məhrum edilməsi ilə yanaşı, barəsində qanunsuz icra qeydinin aparılmasına gətirib çıxararaq onun hüquqlarını pozmuşdur.
39. Beləliklə, Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ərizəsi əsasında icra qeydini aparan zaman cavabdeh notariat ofisi (xüsusi notarius Elşən Qurbanov) “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, “Notariat hərəkətlərinin aparılması haqqında Təlimatın” və digər hüquqi aktların tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi
40. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
44. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, habelə həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddiaçı və cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
45. Üçüncü şəxs isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
46. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Üçüncü şəxs "xxxx" MMC tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı və cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışinski (imza) Azad İmanov
“Əsli ilə düzdür”
Hakim Məmməd Məmmədov