Məhkəmə qərarları › İş №2(103)-2298/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2298/2023

28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2298/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyan) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə Sücaət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-446/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ********* nömrəli cinayət işi üzrə 01 iyun 2022-ci il tarixli, 3/441- 6/1922-9/24xx-xx/2161-102196 nömrəli Ekspert Rəyinə əsasən **-FR-*** dövlət qeydiyyat nişanlı, ”BMW 320İ” markalı avtomobilin təmir – bərpa xərci təxminən 750 manat təşkil etmişdir.

2. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-186/2022 saylı xx.xx.2023cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1384/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs X2 müdafiəçisi X3 və təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi Nümayəndə Sücayət oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

3. Hökmdən müəyyən edilir ki, 30519 nömrəli qəbzə əsasən zərərçəkmiş şəxs İddiaçı məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı “BMW 320İ” markalı avtomobilə dəymiş 750 manat məbləğində ziyan İddiaçı ödənilməsi üçün depozit hesabına yerləşdirilmişdir.

4. Hökmdə depozit hesabına yerləşdirilmiş 750 manat pulun zərərçəkmiş şəxs İddiaçı ödənilməsinin təmin olunması qeyd edilmişdir.

5. "xxxx" MMC tərəfindən təqdim edilmiş 22 iyul 2022-ci il tarixli qüsur aktına əsasən “BMW 320i” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində ön şüşə, kapot, dam, sağ qapılar, arxa qanad, sağ stoyka və s. ehiyat hissələri zədələnmiş və onların dəyişdirilməsinə və bərpasına 8266,4 (ƏDV daxil) manat pul vəsaiti tələb olunur.

6. 21.07.2022-ci il tarixli hesab qaimə fakturasına əsasən qüsur aktının hazırlanması üçün "xxxx" MMC-yə 400 manat məbləğində pul ödəmişdir.

7. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1384/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh təqdim olunması üçün Bakı İstintaq Təcridxanasına ünvanladığı xəbərdarlıq məktubu ilə İddiaçı avtomobilinə dəymiş 8666,40 manat məbləğində zərərin və servis hesablama xərcinin əvəzinin 10 gün ərzində ödənilməsi ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş 8666,40 manat məbləğində zərərin və ödənilmiş 106 manat miqdarında dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 03 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermiş partlayış nəticəsində açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi ona məxsus “BMW” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. "xxxx" MMC-də texniki xidmət mərkəzindən təqdim edilmiş xx/xx/2022-ci il tarixli, 208 nömrəli qüsur aktına əsasən sözügedən avtomobilin hadisə nəticəsində ön şüşə, kapot, dam, sağ qapılar, arxa qanad, sağ stoyka və s. ehtiyyat hissələri zədələnmiş və onların dəyişdirilməsi və bərpası üçün 8.266,40 (ƏDV daxil) manat və 400.00 manat servis tərəfindən qüsurun hesablama xərci, ümumillikdə 8.666,40 manat pul vəsaiti tələb olunur. Məlum cinayət işi üzrə icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış və təqsirləndirilən şəxslər ilə barışmamış və ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. O, sözügedən cinayət işi üzrə nə istintaq icraatında, nə də ki, məhkəmə icraatında mülki iddiaçı qismində tanınmamışdır. Qeyd olunmalıdır ki, digər zərərçəkmişlərin bir qisminə dəymiş maddi ziyanlar “’The Location” adlı gecə klubu ictimai iaşə obyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə zal müdiri, administrator, eyni zamanda həmin iaşə obyektində qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh tərəfindən ödənilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 yanvar 2023-cü il tarixli 2(004)-446/2023 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən verilən iddia ərizəsində Cavabdeh qismində qoyulmuşdur. Lakin iddia üzrə maddi zərərin əsası olan hadisə-partlayış “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermişdir. “The Location” adlı gecə klubu isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə əsasında icarəyə götürülmüşdür. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. Məhkəmə hökmündən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə əsasən ali idarəetmə orqanı olan təsisçilərin ümumi yığıncağının qərarına əsasən cəmiyyətin təsisçisi X4 xx.xx.2020-ci il tarixli qərarı və eyni tarixli 39 saylı əmrlə Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixi əmrlə ərizəsi əsasında həmin vəzifədən azad olunmuşdur. Ondan sonra Cavabdeh "xxxx" MMC-nin yalnız təsisçilərindən biri kimi qalmış, cəmiyyətin idarə olunmasında heç bir iştirakı olmamışdır. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur.

12. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermiş partlayış nəticəsində İddiaçı nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı sonuncu ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 3/441-6/1922-9/24xx-xx/2161- 102196 nömrəli rəyindən görünür ki, **-FR-*** dövlət qeydiyyat nişanlı, ”BMW 320İ” markalı avtomobilə dəymiş ziyan 750 manat təşkil etmişdir. Cinayət işi üzrə zərərçəkmiş İddiaçı dəymiş zərərlə bağlı məhkəmə tərəfindən araşdırmalar aparılmış və zərər 750 manat miqdarında müəyyən edilmişdir. Bu məbləğ İddiaçı ödənilməsi üçün depozit hesabına yerləşdirilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1097.1, 21.1, 21.2, 87.1, Mülki Prosessual Məcəllənin 4.1, 48, 50.3, 14.2, 77.1, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırılmış və göstərilmişdir ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyil, qüsur aktı, fotoşəkillər və digər faktlar məhkəmə tərəfindən aydınlaşdırılmamış və nəzərə alınmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-186/2022 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1384/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Ruslan Məmmədov və Cavabdeh müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək hökm dəyişdirilmədən saxlanılmışdır. Bu isə o deməkdir ki, hökm qanuni qüvvəsini almışdır və hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir.

34. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.

35. Göstərilən hökmlə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-yə faktiki rəhbərliyi həyata keçirən şəxs olmuşdur. Ona verilmiş ümumi ittihamın bir epizodu da məhz İddiaçı avtomobilinə dəymiş zərərlə bağlı olmuşdur.

36. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işi üzrə keçirilmiş ekspertiza nəticəsində sonuncunun avtomobilinə dəymiş zərərin məbləği 750 manat müəyyən edilmişdir. Həmin məbləğ isə depozit hesabına yerləşdirilmişdir. Hökmlə 750 manatın zərərçəkmiş şəxsə ödənilməsinin təmin olunması qeyd edilmişdir. Zərərçəkmiş şəxs kimi İddiaçı tərəfindən hökm mübahisələndirilməmişdir.

37. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-446/2023 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar