Məhkəmə qərarları › İş №2(103)-2300/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2300/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2300/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Məlikova Gülsüma Muxtar qızına qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-684/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan MH seriyalı, 119124 saylı “qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü M.Mikayılov küçəsindəki 17 saylı yaşayış evinin 13 saylı mənzili 07 yanvar 1998-ci il tarixdə Petrov Aleksey Qriqoryeviçin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

2. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı, 18,8 kv.metr sahəli mənzil 29 iyul 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

3. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlandırılmış 15 sentyabr 2021-ci il tarixli, 207 saylı məktubda göstərilmişdir ki, “...mülkiyyətçisi olduğunuz mənzildə Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailəsi – Cavabdeh2, Kərimova Nurlanə Nizami qızı – ilə birlikdə 1992-ci ildən müvəqqəti məskunlaşıb.”

4. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlandırılmış 16 dekabr, 30 dekabr 2022-ci il tarixli məktublarda göstərilmişdir ki, “... Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4-də yerləşən 17 saylı evin 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır...”

5. Laçın rayonu İcra Hakimiyyəti Başçısının Daşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Daşlı kənd sakini Cavabdeh1 oğlu Cavabdeh2, gəlini Cavabdeh3 və nəvəsi 2018-ci il təvəllüdlü Dünyamalıyev Tunar Nurlan oğlu ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar.

6. ünvan 3mmunal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlandırılmış 20 iyul və 26 iyul 2023-cü il tarixli məktublarda göstərilmişdir ki, “Biləcəri qəsəbəsi, 4-cü döngə, M.Mikayılov küçəsi, ev 17, mənzil 13-də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşıblar. Onların faktiki qeydiyyatı barədə 107 saylı MKİS-də heç bir məlumat yoxdur...”

7. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlandırılmış 09 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Laçın rayonunun Daşlı kəndindən məcburi köçkün Cavabdeh1, övladı Cavabdeh2 və gəlini Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4-də yerləşən 17 saylı evin 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Cavabdeh1 Abşeron rayonu, Digah qəsəbəsi, Bağlar 120 ünvanında yerləşən 24/26 saylı fərdi yaşayış evində ailəli övladı Cavabdeh2 ailəsi ilə birgə yaşayır. Cavabdeh1 və övladı Cavabdeh2 məcburi köçkün statusu aşkarlanmadı.”

8. Binəqədi rayon İcra Hakmiyyəti tərəfindən İddiaçı ünvanlandırılmış 07 sentyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “məcburi köçkün ailəsinin məskunlaşdığı yerlərdən çıxarılması Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Odur ki, Sizə məxsus evdə məskunlaşmış məcburi köçkün ailəsinin çıxarılması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.”

9. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 25 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 7 ünvanında qeydiyyatsız olaraq Cavabdeh5 və Cavabdeh6 yaşadıqları müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Məlikova Gülsüma Muxtar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilindən cavabdehlərin, hər kəsin qeyri-qanuni sahibliyindən götürülməsi; mənzildən istifadə edilməsinin cavabdehlərə, hər kəsə qadağan edilməsi; cavabdehlərin (himayələrindəki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) mənzildən hər hansı qeydşərt olmadan çıxarılmaları (köçülürmələri) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər mənzildən qeyri-qanuni sahiblik və istifadə etməklə, iddiaçının hüquqlarını pozurlar. Cavabdeh1 adına Abşeron rayonu, Digah qəsəbəsi, Bağlar 120 ünvanında 24/26 saylı ev vardır. Bu ev üzrə elektrik enerjisinin abonenti Cavabdeh1dır. Bundan başqa, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzili digər cavabdehlərin kirayə əsasları ilə istifadələrinə vermişlər. Cavabdeh4 da onların ailə üzvüdür. Mənzildə kirayədə yaşayanlar isə Cavabdeh6 və Məlikova Gülsüma Muxtar qızıdır.

12. Birinci instansiya məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən mənzil 1960-cı ildə onun atasına verilmişdir. Sonradan atası boşandıqdan sonra evin bir otağını keçmiş yoldaşına vermişdir. O, doğulanda həmin 1 otaqlı evdə doğulmuşdur. 1998-ci il tarixdə mərhum atası Petrov Aleksey Qriqoryeviçin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ona məxsus, iddia ərizəsində göstərilən mənzili qeyri-qanuni olaraq zəbt etmiş, öz ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə bir müddət həmin mənzildə yaşamışlar. Sonradan onlar Cavabdeh1 aid, Abşeron rayonunda yerləşən mənzilə köçmüş, bu evi isə Cavabdeh6 və Gülsüma Məlikova adlı şəxslərə kirayəyə vermişlər. Buna görə də o, iddia tələbində cavabdehlərin, habelə hər kəsin ona məxsus evdən çıxarılmasını tələb etmişdir.

13. Birinci instansiya məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, o, təxminən 1994-cü ildən iddia ərizəsində göstərilən mənzilə köçkün olduğu üçün köçmüş, həmin vaxt ona maneçilik edən olmamışdır. Belə ki, yoldaşının dayısı Biləcəri qəsəbəsindən ev aldıqlarını demiş, onlara həmin evi təqdim etmiş və müvəqqəti yaşamalarına icazə vermişdir. Ev iki otaqdan ibarət idi. O, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış, oranı abadlaşdırmış, həyətdə yeni tikili inşa etmişdir. Bu vaxtadək iddiaçı ona qarşı hər hansı tələb irəli sürməmişdir. Hazırda onun evdən çıxarılmasını istəyirsə, çəkdiyi xərcləri ödəsin.

14. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Rəcəbova Rəna Yunus qızı ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə qonşu olmuş, iddiaçı 13, o isə 14 saylı mənzildə yaşamışlar. Mənzillər bir həyətdə yerləşmişdir. İddiaçının atası evləndikdən sonra iddiaçı qaynanasıgilə yaşamağa getmiş, onun da anası xəstə olduğundan müvəqqəti olaraq bacısıgilə köçmüşdür. Sonradan xəbər tutmuşlar ki, Həqiqət adlı şəxs həmin evə daxil olub, orada yaşayır. Hazırda 13 saylı mənzildə kirayəçilər yaşayır.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-684/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qeyri-qanuni sahibliyindən götürülməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzildən iddiaçının istifadəsinə yaradılan maneələrin cavabdehlərə qadağan olunması, cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzildən çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilin İddiaçı faktiki sahibliyinə qaytarılması, dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər (Həşimova Həqiqət Soltan qızı, oğlu Cavabdeh2, qızı Kərimova Nurlanə Nizami qızı, gəlini Cavabdeh4) 1994-cü ildə məcburi köçkün olaraq Bakı şəhərinə köçmüşlər. Həmin tarixdə mübahisəli mənzili başqa bir fiziki şəxsdən 2.700 ABŞ Dollarına almışlar. Elə həmin vaxtdan da sözügedən evdə yaşayırlar. Cavabdehlər dəyərini ödəməklə əldə etdikləri evdə yaşadıqları 30 il müddətində əlavə olaraq evdə yaxşılaşdırma işləri aparmış, əlavə olaraq 2 otaq, 1 sanuzel, və 1 mətbəx də inşa etmişlər (artırmışlar). Cavabdehlər mənzildə yaşadıqları bu 30 il ərzində mənzilin iddiaçıya və ya başqa bir şəxsə məxsus olması ilə bağlı onlara heç bir müraciət olunmamışdır. Neçə ola bilər ki, şəxs ona məxsus əmlaka 30 il ərzində bir dəfə də olsun baş çəkməmiş olsun? Şahid kimi gətirdikləri şəxslər nə üçün bu 30 il ərizində, ona məxsus evdə başqa şəxslərin yaşadığını, tikilidə aparılan yaxşılaşdırma, əlavə 2 otağın, sanuzel və mətbəxin tikintisi ilə bağlı iddiaçıya heç bir məlumat verməmişlər? Əgər ev iddiaçıya məxsus idisə, 30 il ərzində iddiaçının tikili ilə maraqlanmaması, 1 dəfə də olsun gəlib evə baxmaması inandırıcı deyildir. Hesab edirik ki, iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qanunsuz olaraq verilmişdir. Biz hazırda həmin çıxarışı və çıxarışın verilməsinə əsas olmuş sənədləri məhkəmə qaydasında mübahisələndiririk. Bunlardan əlavə cavabdehlərə məxsus ev 2 otaqdan ibarətdir, iddiaçının iddia etdiyi və iddia ərizəsinə əlavə etdiyi çıxarışında da göründüyü kimi ona məxsus ev 18.80 m2 lik 1 otaqlı evdir. İddiaçıya məxsus tikiliyə verilmiş çıxarış cavabdehlərə məxsus tikili (ev) ilə üst-üstə düşmür. Odur ki, bu halın müəyyən edilməsi üçün iş üzrə tikinti-texniki ekspertizası təyin edilməsi mütləqdir. Bildiririk ki, 1993-cü ildən bu gün qədər, hər ay torpaq vergisi və digər bütün kommunal (qaz, işıq, su, və sair) ödənişlər cavabdeh tərəfindən ödənilir. Belə ki, şikayətə əlavə edilmiş 2..06.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən də görünür ki, Cavabdeh1 tərəfindən M.Mikayılov 17. m 13 ünvanla bağlı, məişət tullantılarının yığılması və daşınması üçün Mənzil Kommunal Təsərrüfat İdarəsinə ödənişlər də etmişdir. Daha sonra şikayətə əlavə edilmiş müqavilələrdən də görünür ki, mübahisəli mənzilin qaz təchizatı, elektrik enerjisi təminatı üçün müvafiq qurumlarla müqavilə Cavabdeh1 ilə bağlanmışdır. Ödənişlər də onun tərəfindən həyata keçirilir. Şikayətə əlavə edilmiş və Binəqədi rayon MKTB-nin107 saylı Mənzil Kommunal istismar Sahəsi tərəfindən verilmiş xx.xx.2029cu il, xx.xx.2015-ci il tarixli arayışlarından da görünür ki, Cavabdeh1, Cavabdeh2 və, Cavabdeh3 1993-cü il tarixdən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilində məskunlaşıb, qeydiyyatsız olaraq yaşayırlar. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi, işə səthi yanaşmış, heç bir araşdırma aparmadan, iddia olunan evin cavabdehlərin yaşadıqları evlə eyni evin olub-olmamasını aydınlaşdırmamış, iş üzrə tikinti-texniki ekspertizası, yerli baxış keçirməməklə əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Halbuki, qeyd olunan bütün məqamlar araşdırıldıqdan sonra yekun qərar qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

22. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-684/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. İş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Məcburi köçkün olan cavabdehlərdən Cavabdeh1 ailəsi (digər cavabdehlər) ilə birlikdə 1994-cü ildən həmin mənzildə məskunlaşmışdır. Bununla yanaşı iş üzrə əldə olunmuş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 25 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 7 ünvanında qeydiyyatsız olaraq Cavabdeh5 və Cavabdeh6 yaşadıqları müəyyən edilmişdir. Təqdim olunmuş iddia ərizəsində tələbin mahiyyəti iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilindən cavabdehlərin çıxarılması və mənzildən sərbəst istifadə etməsi ilə bağlıdır.

39. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

40. İşin hallarından müəyyən olunur ki, mülkiyyətçi olan iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 saylı evin 13 saylı mənzilə faktiki sahibliyini itirmiş, sözügedən əmlak cavabdehlərin qeyri-qanuni sahibliyindədir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”.

42. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır və birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, mübahisəli evin abadlaşdırmasına əsaslanaraq həmin evdən cavabdehin çıxmamasının heç bir hüquqi əsası və sübutu olmamqla yanaşı bu abadlaşmanın mövcud olduğu belə ehtimal edilsə də bu halda da mülkiyyətçinin iradə ifadəsinin ziddinə edilmiş bir hərəkət kimi qiymətləndirilməlidir.

44. Apellyasiya şikayətinin mübahisələndirilən əmlakın bir otaqdan ibarət olması, daha sonra cavabdehlər tərəfindən əlavə 2 otağın, 1 sanuzelin, 1 mətbəxin tikilməsinə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

45. Apellyasiya şikayətinin iddiaçı tərəfindən mülkiyyətində olan əmlaka uzun müddət ərzində diqqət yetirilməməsi dəlilinə münasibətdə qeyd olunmalıdır ki, hər hansı bir şəxsin mülkiyyət hüququ qeyd olunan halla məhdudlaşdırıla bilməz. Apellyasiya şikayətinin dəlili qismində təqdim olunan Binəqədi rayon MKTB-nin107 saylı Mənzil Kommunal istismar Sahəsi tərəfindən verilmiş arayışlar və kommunal ödənişlərə dair sənədlər iddiaçının mübahisələndirilən əmlaka dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan üstün hesab edilməməklə bərabər, çıxarışın hüquqi əhəmiyyətinə təsir etmir.

46. Apellyasiya şikayətinin dəlili qismində qeyd olunan mübahisələndirilən mənzilin 1994-cü il tarixdə alğı-satqı yolu ilə əldə olunmasına münasibətdə nəzərə alınmalıdır ki, bu halı təsdiq edən heç bir sübut (müqavilə və s.) cavabdehlər tərəfindən təqdim olunmamışdır.

47. Kollegiya bildirir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

48. Göründüyü kimi iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut apellyatorlar tərəfindən təqdim edilməmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-684/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar