Məhkəmə qərarları › İş №2(103)-2301/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2301/2022

10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2301/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyun 2021-ci il tarixdə saat 16:40 radələrində özünə məxsus “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində hərəkətdə olarkən ara məhəllədən yola çıxan “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilini sağ tərəfindən vurduğunu, toqquşma nəticəsində yolun kənarına çırpıldığını və avtomobilinə ziyan dəydiyini, “Toyota Prado” markalı avtomobili idarə edən Cavabdeh barəsində 24.06.2021-ci il tarixli İXP ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunduğunu və onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edildiyini, yol-nəqliyyat hadisəsindən sonra avtomobilin sürülüb aparılması mümkün olmadığı üçün evakuator vasitəsilə dərhal "xxxx" şirkətinin servisinə aparıldığını, həmin şirkət tərəfindən tərtib edilmiş 25.06.2021-ci il tarixli qüsur aktına əsasən hadisə nəticəsində avtomobilinin ön hissəsinin, sağ orta dayağının, arxa sağ və ön qapısının, arxa sağ qanadının, arxa sağ arka hissəsinin, lanjeronunun, sağ disklərin və traversinin, ön sağ qanadının və digər hissələrinin sıradan çıxdığının, həmçinin bəzi ehtiyat hissələrinin tam olaraq dəyişdirilməsi zərurətinin yarandığının təsbit olunduğunu, sığorta şirkəti tərəfindən ona 5000 manat sığorta ödənişi edildiyini, yol-nəqliyyat hadisəsindən sonra boyun nahiyəsində ağrılar hiss etdiyindən “Zəfəran Hospital”da boyun fəqərələrini MRT etdirdiyini və bununla bağlı tərəfindən xidmət haqqı olaraq 140 manat ödənildiyini, bundan əlavə yol nəqliyyat hadisəsi zamanı sarsıntı keçirdiyini, hadisənin şokundan hələ də özünə gələ bilmədiyini, qəza nəticəsində avtomobilinin bazar dəyərinin də aşağı düşdüyünü, dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmadığını bildirmiş, buna görə də Cavabdeh əmlakına vurulmuş zərərin əvəzi olaraq 18 357 manatın, əmtəəlik görnüşünün itirilməsi və avtomobilin bazar qiymətinin düşməsinə görə 27 500 manatın, avtomobilin daşınması ilə bağlı ödənilmiş 30 manat xərcin, 140 manat tibbi müayinə ilə bağlı xərcin, 5000 manat mənəvi zərərin əvəzinin, 30 manat dövlət rüsumunun, yəni cəmi 51 057 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 18 787 (on səkkiz min yeddi yüz səksən yeddi) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 (iki yüz əlli) manatın Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən – maddi ziyanın tutulması hissəsində - ləğv edilməsini və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin iddiaçının avtomobilinə dəymiş maddi ziyanın məbləğini düzgün müəyyənləşdirmədiyi, ekspert rəyinin mübahisəyə tam aydınlıq gətirmədiyini, avtomobilin qiymətinin və ona dəymiş ziyanın şişirdildiyi arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, iddiaçı, avtomobilinə dəymiş ziyana görə "xxxx" ASC-dən 5000 manat ödənişi qəbul etməklə və bununla bağlı sığorta aktını heç bir etiraz bildirmədən imzalamaqla ziyanın məhz həmin məbləğdə olduğunu qəbul etmişdir və bu xüsusat nəzərə alınmalıdır. Digər tərəfdən, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatını aparan ekspert "xxxx" MMC-nin qüsur aktında yazılanları olduğu kimi təkrarlamış, obyektiv olmayan rəy vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh də nümayəndəsi ilə razılaşdığını bildirməklə qanuni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddlərini qətnamənin iddianın maddi ziyanın ödənilməsi tələbinin qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, cavabdeh isə qətnaməni yalnız ondan tutulan maddi ziyanın məbləği ilə bağlı hissədə mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi, habelə cavabdehdən 500 manat mənəvi ziyanın əvəzinin tutulması və məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh 23.06.2021-ci il tarixdə idarə etdiyi “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İddiaçı məxsus “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşşmuş, hadisə nəticəsində “İNFİNİTİ QX50” markalı avtomobilə ziyan dəymiş, hadisənin törənməsində Cavabdeh təqsirli bilinmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “İNFİNİTİ QX50” markalı avtomobilin rəsmi servisi (distryubutoru) olan "xxxx" MMC tərəfindən həmin avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görülən işlər daxil olmaqla 23 357 manat müəyyənləşdirilmiş, “Toyota Prado” markalı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti “İNFİNİTİ QX50” markalı avtomobilə dəymiş ziyanın 5000 manat hissəsini İddiaçı ödəmişdir. İşin müəyyən olunan digər halına görə, İddiaçı 24.06.2021-ci il tarixdə “Zəfəran Hospital”da boyun fəqərələrini MRT etdirmiş və buna görə 149 manat ödəniş həyata keçirmiş, eyni zamanda hadisədən sonra avtomobilinin daşınması üçün "xxxx" MMC-yə 30 manat ödəmişdir. İddiaçı, məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad etməklə avtomobilinə dəymiş ziyanın ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə həmin ziyanı ödəməli olduğunu mübahisələndirməsə də, ziyan məbləğinin düzgün müəyyənləşdirilmədiyini irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, “İNFİNİTİ QX50” markalı avtomobilin dəyişilməli hissələrinin qiyməti 14 407 manat, təmir-bərpa işlərinin qiyməti 2410 manat olmaqla dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16 817 manat təşkil edir və 2021-ci ilin aprel ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 63 000 manat olan həmin avtomobilin təmirdən sonra bazar qiymətində təxminən 10 faizədək fərq olması istisna olunmur. İş materiallarında olan, "xxxx" MMC tərəfindən verilmiş 02.08.2021- ci il tarixli mütəxəssis rəyindən görünür ki, “İNFİNİTİ QX50” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018-ci il olan, tünd göy metallik rəngli minik avtonəqliyyat vasitələrinin saz (qəzaya uğramamış) vəziyyətdə təqdim edilən sənədlər və fotoşəkillə nəzərə alınmaqla 02.08.2021-ci il tarixinə bazar dəyəri 67 500 manat, təmir olunduqdan sonra, mövcud vəziyyətə uyğun olaraq, metodika üzrə fiziki, mənəvi, iqtisadi aşınmaları toplam olaraq 38-42 % təşkil edərək 02.08.2021-ci il tarixinə bazar dəyəri 40 000 manat təşkil edir. Birinci instansiya məhkəməsi “İNFİNİTİ QX50” markalı avtomobilə dəymiş maddi ziyanın məbləğini hesablayarkən ekspert rəyini əsas götürmüş, avtomobilin təmir-bərpa xərci üçün 16 817 manat, bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar onun normal vəziyyətdə 2021-ci ilə olan bazar qiymətinin (63 000 manat) 10%-i məbləğində, yəni 6300 manat müəyyənləşdirmiş, sığorta ödənişi kimi ödənilmiş 5000 manatı nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası iddiaçının avtomobilinə vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, həmin məbləğ həm “İNFİNİTİ QX50” markalı avtomobilin rəsmi distryubutorunun verdiyi rəyə, həm də məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı avtomobilə baxış keçirməklə müvafiq nəticəyə gələn ekspertin rəyi ilə müəyyən edilmiş məbləğə uyğun olmuş, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir. İddiaçının avtomobilinə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi səbəbilə iddianın rədd edilməli olması barədə apellyatorun nümayəndəsinin (vəkilinin) apellyasiya baxışı zamanı irəli sürdüyü arqumentlə bağlı kollegiya aşağıdakıları qeyd edir: “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 20.5-ci maddəsinə görə, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərlə müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan Cavabdeh mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən 5000 manat məbləğində hesablanaraq həmin məbləğ ona ödənilmiş, lakin "xxxx" MMC-nin tərtib etdiyi müvafiq qiymətləndirmə aktı iddiaçı ilə razılaşdırılmayaraq onun tərəfindən təsdiq edilməmiş, iddiaçı, ona ödənilməsi mümkün olan sığorta ödənişini ala bilmək üçün yalnız sığorta aktını imzalamışdır. Kollegiya hesab edir ki, iddiaçının avtomobilinə dəymiş real ziyanın məbləği olaraq onun təsdiq etmədiyi zərər aktında göstərilən rəqəm əsas götürülə bilməz; nəzərə alınmalıdır ki, “İNFİNİTİ QX50” markalı avtomobilə dəymiş ziyan məbləği sonradan avtomobilin rəsmi servisi tərəfindən hesablanmış, həmin hesablama avtomobilə baxış keçirməklə rəy verən ekspertin hesabatına da uyğun olmuşdur. Kollegiya iddiaçıya dəymiş digər ziyan qismində onun avtomobilin evakuasiya xidməti üçün ödədiyi 30 manatın və tibbi müayinə üçün ödədiyi 140 manatın da cavabdehdən tutulmasını əsaslı sayır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5816/2021 saylı iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar