Məhkəmə qərarları › İş №2(103)-2305/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2305/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2305/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5564/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən zərərin əvəzinin ödənilməsinə dair 400 manat, vurulmuş mənəvi zərərə görə 1.000 manat, hüquqi yardıma görə 150 manat və dövlət rüsumuna görə 30 manat ümumilikdə 1.580 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 ildir ki, Azercellin satış mərkəzindən əldə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən davamlı olaraq istifadə edir. Lüzumsuz telefon istifadəçisi olmasa belə, bu illər ərzində çalışmışdır ki, telefonu daima işlək vəziyyətdə olsun. Bu məqsədlə telefonun hesabında həmişə ehtiyyat Sim kontur olmasını təmin etmiş və telefon aparatın daima saz vəziyyətdə saxlamaqla yanaşı elektrik enerjisinin tükənməsinə imkan verməmişdir. Son illər göstərilən telefondan az istifadə etsə də, əmək fəaliyyəti göstərdiyi illərdə mobil telefonumdan nisbətən intensiv istifadə etmişdir. 2019-cu ilin dekabr ayında Azercelldən ***-***-**-** nömrəli telefonuna daxil olmuş bildirişdə qeyd olunurdu ki, yüklədiyi danışıq kartının istifadə müddəti xx.xx.2019-ci il tarixdə bitir. Xidmətlərdən istifadə üçün danışıq kartı yükləməyi xahiş olunur. Baxmayaraq ki, həmin vaxt danışıq kartında 27 manatdan çox pul vəsaiti vardı, o, 5 manat məbləğdə olan Sim-Sim danışıq kartın balansına əlavə olaraq yükləmişdir. Bu zaman Azercelldən telefonuna SMS daxil olmuş və məlumatda qeyd olunmuşdur ki, danışıq kartı artıq 32,78 manat təşkil edir və xx.xx.2020-ci il tarixə kimi qüvvədədir. Eyni zamanda telefonuna daxil olmuş digər SMS-də qeyd olunurdu ki, Azercelldən 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS hədiyyə olaraq qazanmışdır. Telefon zəngi açmadığı halda, hətta telefonuna çağırış zəngi daxil olmadığı hallarda belə danışıq balansının qısa müddət ərzində 20 (iyirmi) manata yaxın məbləğdə azaldığını gördükdə səbəbini anlamamış və xx.xx.2020-ci il tarixdə Cavabdeh Sumqayıt şəhərində yerləşən filialına getmiş və rastlaşdığı bu anlaşılmazlığı orada xəzinədara danışmışdır. Xəzinədar kompyuterdə bir-neçə əməliyyat apardıqdan sonra ona bildirmişdir ki, artıq bütün reklam xarakterli proqramlar dayandırıldı və bundan sonra buna görə balansından pul silinməyəcək. O sual etmişdir ki, bəs silinmiş pulların müqəddəratı necə olacaq? Cavab: Axı Siz pulu da istəyirsiniz? Pulu Azercell tutmayıb. O kağız parçasına 6065 rəqəmli kod yazaraq ona vermişdi və demişdi ki, pulu ondan istəyin. Əlbətdə o, öz narazılığını bildirmiş və demişdir ki, o, Azercellin abonentidir. Əslində rastlaşdığı bu qanun pozuntusuna görə pensioner kimi onu ən çox incidən itirdiyi pul vəsaiti yox, Cavabdeh kimi zəngin bir şirkətin rəsmi əməkdaşının 81 yaşlı, habelə artıq 20 il ərzində Azercellin daima eyni telefon istifadəçisi olmuş abonentinə qarşı belə biganə münasibəti ona çox pis təsir göstərmiş, onu sarsıtmışdır. Sumqayıt filialında olduğu zaman onun tələbinə baxmayaraq, xəzinədar şikayətinin nəticəsi olaraq ona hər-hansı bir sənəd təqdim etməmiş və onu inandırmışdır ki, ancaq əlindəki 101-saylı qəbzlə sübuta yetirilir ki, o, xx.xx.2020-ci il tarixdə Azercellin Sumqayıt filialında olmuş və şikayətilə bağlı görülən tədbirlər kompyuterin yaddaşına alınmışdır. Göstərilməyən xidmətə görə müştərinin pul vəsaitinin mənimsənilməsi halı kobud qanun pozuntusu olduğundan yolverilməzdir. Azercell kimi zəngin bir şirkətdə, özünün sədaqətli müştərilərinə qarşı belə bir soyğunçuluq siyasət bəslənməsi halı anlaşılan deyil. Belə ki, 20 il ərzində istifadə etdiyi ***-***-**-** saylı Azercell telefon nömrəsi vasitəsiylə danışıq kartına yüklədiyim pul vəsaitinin əsas hissəsi uydurma xidmətlər bəhanəsi ilə əsassız olaraq Azercell tərəfindən mənimsənilmişdir. Əgər ancaq 2020-ci ilin yanvar ayı ərzində ona vurulan ziyanın miqdarı 20 manatdan çoxdursa, deməli 20 il ərzində vurulmuş ziyanın miqdarı bundan dəfələrlə çox olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5564/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi işə baxarkən qərəzli mövqe tutduğundan çıxardığı qətnamənin təsviri və əsaslandırıcı hissələrində iddiaçının dəlillərini və cavabdehin etirazının sübutunu təhrif etməklə işə düzgün hüquqi qiymət verməmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5564/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli mövcud olan sübutlara düzgün hüquqi qiymət verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Hazırki işdə saxlanılan materiallardanda göründüyü kimi cavabdehin vurduğu maddi və mənəvi zərərə görə əzab-əziyyətə məruz qalmış 82 yaşlı insanın zərər çəkməsinə məhkəmənin şübhə ilə yanaşması anlaşılan deyil. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5564/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh etibarnamə əsasında nümayəndəsi Nümayəndə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5564/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaşının apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının cavabdehə qarşı olan maddi zərər üzrə pul, mənəvi zərər üzrə pul və ödənilmiş dövlət rüsumunun alınması tələbini nəzərə alaraq verilmiş iddia üzrə tələblər üzrə ayrı ayrılıqda hüquqi qiymət verilməsini əsaslı hesab edir.

1. İddiaçıya maddi ziyan cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymişdirmi; dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir; İddiaçı Cavabdeh MMC-dən dəymiş maddi ziyan olaraq 400 manat, mənəvi ziyan olaraq 1000 manat, hüquqi yardıma görə 150 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci inistansiya məhkəməsi isə iddianın rədd edilməsini qət etmişdir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, 50-361-09-19 nömrəsində xx.xx.2020 10:46:34 tarixində xidmət USSD vasitəsilə aktiv edilərək xx.xx.2020 - xx.xx.2020 tarixləri ərzində 4.80 AZN çıxılmışdır. xx.xx.2020 10:31:29 - xx.xx.2020 11:36:48 tarixlərində balansda vəsait çıxılmadığı üçün xidmət avtomatik olaraq son qeyd olunan tarixdə (xx.xx.2020 11:36:48) deaktiv edilib. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, 50-361- 09-19 nömrəsi xx.xx.2020-ci il tarixində “Melomaniya” viktorinasına qoşulmuşdur. “Melomaniya” viktorinası “Melomaniya” viktorinasında iştirak 2117 və 2217 qısa nömrələrinə zəng etməklə həyata keçirilir. Xidmətdən istifadə etmək üçün xidmətə qoşulmaq lazımdır. Xidmətə qoşulma pulsuzdur və ilk gün xidmət haqqı balansdan çıxılır. Daha sonra gündəlik xidmət haqqdan çıxılır. Xidmətə qoşulma avtomatik baş vermir, yalnız abunəçinin öz istəyi əsasında, həm xidmətə aid olan 2117 qısa nomrəsi vasitəsilə, həm də digər interaktiv reklam kanalı (Wrong İVR) vasitəsi ilə qoşulmaq mümkündür. Abunəçi İddiaçı “Melomaniya” viktorinasına xx.xx.2019-cu il tarixində öz nömrəsindən 5353 qrsa nomrəsinə (interaktiv reklam kanalı) zəng etməklə qoşulmuşdur. Abunəçiyə “Melomaniya” viktorinasına dair malumat səsləndirilib va xidmətə qoşulmaq üçün 1 düyməsini sıxmaq təklif edilib. Abunəçi 1 düyməsini seçib və xidməti aktivləşdirib. Xidmətə uğurla qoşulduqdan sonra abunəçiyə xidmətdən 1 gün pulsuz istifadə üçün müddət verilmişdir. Abunəçi həmçinin xidmətin qiyməti, xidmətdən istifadə üçün nəzərdə tutulmuş qısa nömrə, deaktiv etmə qaydası, Reqlamentin yerləşdiyi web sahifənin ünvanı və ətraflı məlumat əldə edilməsi üçün telefon mərkəzinin əlaqə nömrəsi qeyd edilmiş SMS-də göndərilmişdir: “Melomaniya xidmetine qoshuldunuz (gundelik 0.30 AZN). 2777-e Pulsuz zeng edin ve mükafatlara sahib olun! info: 6065, http://az.unifun.com/. Dayandirmaq ücün: STOP yazib 2777-e gönderin.” Abunəçinin xidməti xx.xx.2020-ci il tarixdə 16:30:19-da deaktiv edilib. Abunəçiyə xidmətin deaktiv edilməsi haqqında məlumat SMS-i göndərilmişdir: “Melomaniya xidməti uğurla dayandırıldı, http://az.unifun.com” Xidmətin aktiv olduğu müddət ərzində 50-361-09-19 nömrəsinin balansından gündəlik xidmət haqqı-0.30 azn çıxılıb. Xidmət haqqının çıxılma müddəti: xx.xx.2020 - xx.xx.2020 dövrü ərzində olub. Çıxılan toplam məbləğ: 11.40 AZN təşkil edib. Abunəçi xidmətə qoşulduğu müddətdə xidmətdən tam istifadə etmədiyi nəzərə alınaraq, xidmət çərçivəsində çıxılmış limit məbləğ 11.40 AZN xx.xx.2020-ci il 12:16-da hesab.az vasitasilə balansına geri qaytarılmışdır. Abunəçi ilə əlaqə saxlanılmış və məlumat təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllnin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh təşkilat tərəfindən ona 400 manat məbləğində ziyan dəydiyini iddia etsə də, bu hallar məhkəmədə təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı istifadəsində olan 50-361-09-19 mobil nömrədən heç bir xidmətə qoşulmadığını göstərsədə, həmin halları təsdiq edən mötəbər sübutları təqdim edə bilmədiyindən iddianı təmin Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir.

2. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı Cavabdeh MMC-dən mənəvi zərər üzrə 1000 (min) manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi isə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Bundan başqa İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, tərəflərin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5564/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 1.580 (min beş yüz səksən manat) manat təşkil edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5564/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar