Məhkəmə qərarları › İş №2(103)-2305/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2305/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2305/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “avtomobilin geri qaytarılması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “avtomobilin geri qaytarılması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6912/2016 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada mülkiyyətində olan “İnfiniti G 35” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, eyni zamanda məhkəmədə hüquqlarının müdafiə olunması üçün "xxxx" MMC-yə ödədiyi 500 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6912/2016 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi (hakim Gültəkin Əsədova) ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, mülki işdən onun məlumatı olmamış, buna dair məhkəmə bildirişi də ona göndərilməmiş, qətnamə də ona çatdırılmamışdır. Həmin qətnamə haqqında yalnız bu günlərdə icra şöbəsinə çağrıldıqda bilmiş, bundan sonra dərhal Binəqədi İcra şöbəsindən xahiş edərək qətnamənin surətini xx.xx.2022-ci il tarixdə almışdır. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir.

4. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının tələbini təmin edən məhkəmə məhz qeyd olunan maddəyə istinad etmişdir. Halbuki, iş üzrə mübahisəli avtomobil heç vaxt onun sahibliyində olmamış, 2012-ci ilin iyul ayında tanışı Emin Ələkbərov bacısı oğlu Məzahimin avtomobil bəyəndiyini, nəğd pulunun olmadığını və bank krediti ilə almasına kömək etməyini xahiş etdi. O, buna görə "xxxx" ASC-dəki tanışlarına müraciət etmiş və iddiaçının bəyəndiyi mübahisəli avtomobili onun adına rəsmiləşdirmişlər, lakin cəmi 2 gün sonra iddiaçı krediti verə bilməyəcəyini bildirərək “maşını ala bilmədiyini, başqasına satmaq üçün kömək etməsini xahiş etmiş, o avtomobili satışa qoymaqla satmağın mümkünlüyünü iddiaçıya dedikdə, o, xahiş etmişdir ki, etibarnamə ilə onun əvəzinə bu işi həyata keçirsin. O, bankdan iddiaçıya görə xahiş etməsi, habelə kredit ödənilməli olduğu üçün iddiaçı ilə razılaşmış və iddiaçı ona etibarnamə vermişdir. Bundan sonra o, avtosalon vasitəsilə maşını Cavabdeh2 krediti ödəyəcəyi şərti ilə satmış və bir daha avtomobildən xəbərim olmamışdır. İddiaçı ilə Cavabdeh2 görüşdürüb tanış etmiş və onların sonrakı danışdıqlarından məlumatı yoxdur. İş üzrə mübahisəli avtomobilin kreditlə alınmasında, habelə satılmasında rolu yalnız iddiaçının öz xahişi ilə ona köməklik göstərmək olmuşdur. Buna görə də iddiaçının hazırkı iddiada onu cavabdeh qismində göstərməsinin səbəbi ona məlum olmadığı kimi, həm də müəmmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə lazımi araşdırma aparmadığı üçün düzgün olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi, bildirdi ki, Cavabdeh1 avtomobilə görə verilmiş etibarnamə 2014-cü ildə sənədləşdirilib, iddiaçı özü də etiraf edir ki, avtomobil onlarda deyil, belə olan halda avtomobili Cavabdeh1 tələb etməsi əsassızdır. Özü də həmin avtomobili başqa yerdə tapıb. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin Cavabdeh1 aid hissədə ləğv edilərək, ona aid hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. Nəqliyyat vasitəsinin AB seriyalı 809668nömrəli qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İnfiniti G 35” markalı (ban: KNADN412BD6208310, mühərrik: G4FACS449S27, buraxılış ili 2012, tip: sedan, rəngi: boz metal) ** NE *** dövlət qeydiyyat nişanı avtomobil xx.xx.2012-ci ii tarixdən İddiaçı məxsusdur;

8. Azərbaycan Respublikası DİN BDYPİ-nin 09 iyul 2016-cı il tarixli məktubuna əlavə edilmiş kompüter çıxarışından görünür ki, “İnfiniti G 35” markalı, ** NE *** qeydiyyat nişanı avtomobil xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə dair Cavabdeh2 və Cavabdeh3 etibarnamə verilmişdir.

9. Bakı şəhərinin X1 04 mart 2014-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh1 verdiyi etibarnamə onun xx.xx.2014-cü ii tarixli ərizəsinə əsasən ləğv edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 23067 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan Respublikası manatına məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumu tutulmuş, tələb girov qoyulmuş “İnfiniti G 35” markalı, ** NE *** dövlət qeydiyyat nişanı avtomobilə yönəldilmişdir.

11. 25 iyul 2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC-nin direktoru X3 arasında hüquqi xidmət haqqında xidmət haqqında müqavilə bağlanmışdır.

12. ƏEX № 037202 saylı 25 iyul 2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə hüquqi xidmət üçün 500 manat ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

16. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

27. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən iddia tələbinin ona aid hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin Cavabdeh1 aid təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

31. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda iddiaçı mülkiyyət hüququna əsaslanmaqla maşını qanunsuz sahiblikdən geri tələb edir.

32. Belə ola halda hazırkı iddia tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Bu isə vindikasiya iddiası olmaqla əmlakın faktiki sahibinə qarşı yönəlməlidir, çünki tələbin təmin olunması halında onu qaytarmaq vəzifəsi əmlaka faktiki sahiblik edənin üzərinə düşür və onun tərəfindən icra oluna bilər.

34. İddiaçı MPM-in 77.1-ci maddəsinə əsasən, həmin avtomobilin faktiki olaraq Cavabdeh1 sahibliyində olmasına dair hər hanı sübut təqdim etməmişdir.

35. Cavabdeh1 isə həmin avtomobilin onda olmadığını, avtomobilə görə onun adına verilmiş etibarnamənin də 2014-cü il tarixdə ləğv edildiyini bildir.

36. Hazırkı işin mübahisəsiz olan halları ilə müəyən olunur ki, iddiaçının Cavabdeh1 verdiyi etibarnamə onun xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən ləğv edilmişdir.

37. Bununla da məlum olur ki, həmin avtomobilin cavabdehdə olması barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən, cavabdeh isə avtomobilə dair etibarnamənin ona müvəqqəti verilməsini bildirdiyindən, bu hal isə avtomobilə dair ona verilən etibarnamənin, xx.xx.2014-cü il tarixdə iddaçının ərizəsi əsasında ləğv edilməsi ilə təsdiq edildiyindən, rayon məhkəməsi Cavabdeh1 aid hissədə iddia tələbinin təmin edilməsi barədə qənaəti düzgün olmamışdır.

38. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində məhkəmə iclası barədə ona lazımi qaydada məlumat verilmədiyini, işə onun iştirakı olmadan baxılmasını, qətnamədən icra mərhələsində xəbər tutduğunu qeyd etmişdir.

39. Mülki iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməmiş, onun qeydiyyat ünvanı olan Ağdam şəhərinə göndərilən məhkəmə bildirişləri isə məhkəməyə ərazinin həmin vaxt işğalda olması əsası ilə geri qayıtmışdır (i/v 51).

40. Beləliklə, məlum olur ki, birinci instansiya məhkəməsində işə Cavabdeh1 lazımi qaydada məlumat verilmədən, onun iştirakı təmin edilmədən baxılmışdır.

41. MPM-in 387.2.2-ci maddəsinin tələbinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Nəticə:

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh1 aid iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6912/2016 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, cavabeh Cavabdeh1 aid iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar