Məhkəmə qərarları › İş №2(103)-2315/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2315/2024

26.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2315/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, kəsici müddət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X17 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndələri X10 və Vəkil3 (həmçinin vəkili), Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 və tərcüməçi X4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Vaxtı ilə iddiaçının istifadəsində olmuş qeyri-yaşayış sahəsi məhkəmə aktının icrası məqsədilə açıq hərracda satılmışdır. İddiaçı isə məhkəməyə müraciət edərək həmin hərracın nəticələri haqqında protokolun, habelə onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə kəsici müddətin ötürülməsinə əsaslanaraq iddia tələbini rədd etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra mətndə - iddiaçı və ya ictimai birlik) cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, hərracın yekunları üzrə 65/07 nömrəli protokolun və Cavabdeh2 ilə bağlanılan əmlakın alqı-satqısına dair 05 avqust 2015-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, ictimai birlik Azərbaycan Respublikasında 1929-cu ildən fəaliyyət göstərir. Birinci instansiya məhkəməsinin 14 iyun 2011-ci il tarixli qətnaməsi ilə X11, X7, X5 və X8 ictimai birliyə qarşı “qərarın ləğv edilməsi və əmək haqqının məcburi ödənilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə isə həmin qətnamə ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçılar X11, X7, X5 və X12 əmək haqqının ödənilməsi vəzifəsi ictimai birliyinə həvalə edilmişdir. Beləliklə, məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qətnamə icra olunması üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən 25 iyul 2012-ci il tarixli, 2(103)-3535/2012 nömrəli icra vərəqəsi ilə Cavabdeh1nə (bundan sonra mətndə - icra qurumu) göndərilmişdir. Birinci instansiya məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qərardadı ilə icra qurumunun təqdimatı təmin edilmiş, icra sənədinin icrası ilə əlaqədar ictimai birliyin sahibliyində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339 kv.metr təşkil edən ayaqqabı sexinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. İcra qurumunun təqdimatına baxılması barədə, eləcə də həmin qərardad barədə ictimai birlikdə rəsmi məlumat olmamışdır. İcra qurumu tərəfindən həmin daşınmaz əmlak (ayaqqabı sexi) hərraca çıxarılmış, hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. X18 hərracın nəticələri haqqında 65/07 nömrəli protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 avqust 2015-ci il tarixli müqavilədən göründüyü kimi, İctimai birliyin sahibliyində olan ayaqqabı sexinin satış qiyməti 91150 manat müəyyən edilmiş, elə həmin qiymətə də Rəsul-zadə X2. Qeyd olunan ayaqqabı sexi üzərində ictimai birliyin mülkiyyət hüquqları yaranmamışdır (qeydə alınmamışdır). Həmin ayaqqabı sexi dövlət mülkiyyətində olmuş, Azərbaycan SSR Rayon şəhər X9 İcraiyyə Komitəsinin 5 yanvar 1988-ci il tarixli, 1/1 nömrəli qərarı ilə ictimai birliyin nəzdində olan “Çəkməçi” kooperativinə təhkim edilmişdir. Həmin tikilinin qeyd olunan kooperativə təhkim edilməsində məqsəd eşitmə və nitq qabiliyyəti olmayan əlillərin məşğulluğunun təmin edilməsi və onların sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etmək olmuşdur. Göründüyü kimi, qeyd olunan ayaqqabı sexinin daşınmaz əmlak kimi birmənalı olaraq ictimai birliyə məxsus olması müəyyən olunmamışdır. Qeyd olunan əmlakın ictimai birliyə məxsus daşınmaz əmlak kimi hərraca çıxarılması tam qanunsuz və əsassızdır. Bundan əlavə, həmin icra işində icra qurumu qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş, məcburi icra tədbirlərinin həyata keçirilmə ardıcıllığını nəzərə almamış, həyata keçirməli olduğu zəruri icra hərəkətlərini yerinə yetirməmişdir. Belə ki, icra qurumu ictimai birliyə qarşı icra sənədini icra edərkən kobud qanun pozuntularına yol vermiş, ictimai birliyin əmlak aktivlərinin, pul vəsaitlərinin və üçüncü şəxslərdə əmlakının olub-olmadığını araşdırmamış, ictimai birliyin müraciətlərini, eləcə də mənafeyini nəzərə almamışdır. Bundan əlavə, icra qurumu icra sənədini icra edərkən hərracı qanun pozuntularına yol verməklə keçirmişdir. Tələbin ayaqqabı sexinə yönəlməsi və həmin əmlakın hərracda satılması zamanı hərracın hazırlanması və keçirilməsi qaydaları da kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə, daşınmaz əmlak yalnız o halda hərraca çıxarıla bilər ki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri olsun. Lakin icra qurumu hərraca çıxardığı daşınmaz əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd əldə etmədən hərrac keçirmişdir. Bundan əlavə, icra qurumu tərəfindən hərrac keçirilərkən satışa çıxarılan ayaqqabı sexinin real bazar dəyərinin müəyyənləşdirilməsi ilə bağlı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, həmin daşınmaz əmlaka 91150 manat qiymət qoyulmuş, əmlak həmin qiymətlə hərraca çıxarılmışdır. Halbuki həmin daşınmaz əmlakm real bazar dəyəri ******* manatdan az deyil. Həmçinin qeyd olunan icra sənədi üzrə hərracın bu şəkildə keçirilməsindən, yol verilən qanunsuzluqlardan, hüquqlarının pozulmasından ictimai birlik son vaxtlar xəbər tutmuşdur. Belə ki, 14 avqust 2009-cu il tarixdən 29 sentyabr 2016-cı il tarixədək X21 adlı şəxs ictimai birliyin birinci-vitse prezidenti və prezidenti səlahiyyətlərini icra etmiş, bu zaman ciddi qanun pozuntularına yol vermiş, bu səlahiyyətlərindən öz şəxsi mənafeyi üçün istifadə etmiş, buna görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılaraq məsuliyyətə cəlb edilmişdir. Həmin iş araşdırılarkən və sonradan o da məlum olmuşdur ki, Musa Tukanov ictimai birliyə qanunsuz yollarla rəhbərlik etmişdir. Çünki onun ictimai birliyin prezidenti, habelə qurumun rəhbəri səlahiyyətlərini icra edən şəxs seçilməsi faktı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmamışdır. Qeyd olunan daşmmaz əmlakla bağlı proseslər də X13 qanunsuz rəhbərliyi dövründə baş vermişdir. Musa Tukanov qanunsuz fəaliyyəti dövründə ictimai birliyin mənafeyinə xəyanət etmiş, şəxsi mənafeyi üçün hərəkət edərək eşitmə funksiyası pozulmuş əlillərin hüquq və mənafelərini qorumaq, sosial müdafiələrini, cəmiyyətə inteqrasiyalarını, habelə fiziki cəhətdən sağlam şəxslərə bərabər imkanlar əldə etmələrini təmin etmək üçün yaradılmış ictimai birliyin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə bir şəxsin qanunsuz yollarla rəhbərlik etdiyi dövrdə ictimai birlik öz hüquq və qanuni mənafelərini lazımınca müdafiə edə bilməmiş, icra qurumunun qeyd olunan icra sənədinin icrası məqsədilə həyata keçirdiyi tədbirlərdən (tələbin əmlaka yönəldilməsi, daşınmaz əmlakın hərraca çıxarılması və s.) məlumatı olmamış, öz mənafeyini və qanuni maraqlarını müdafiə etmək imkanından məhrum olmuşdur.

4. Birinci instansiya məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli (2(009)-1435/2023 nömrəli mülki iş üzrə, hakim İ.Rüstəmli) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 339 kv.metr təşkil edən ayaqqabı sexi 91150 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda həmin qiymətə Rəsul-zadə X2. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(102)-2012/2022 nömrəli Qərarı ilə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən iddiaçı müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli Qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 “qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə məhkəmə iclasında iştirak edən X14 ictimai birliyi onun nümayəndəsi kimi təmsil etmişdir. Buradan da belə nəticəyə gəlinir ki, iddiaçı iddia ərizəsində qeyd olunan əqdlər barəsində ən gec halda artıq 2021-ci il tarixdə məlumatlı olmuş və əqdlərin etibarsızlığını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə bu hüququnu itirmişdir.

6. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək şikayəti geri qaytarmışdır (şikayətin qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna uyğun tərtib edilməməsi, habelə dölət rüsumunun ödənilməsi barədə sənədin şikayətə əlavə olumaması əsası ilə).

7. İddiaçı qətnamədən yenidən apellyasiya şikayəti vermiş, lakin birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək şikayəti geri qaytarmışdır (şikayətin qanunvericilikdə müəyyən olunmuş müddətdə verilməməsi əsası ilə).

8. Daha sonra iddiaçı apellyasiya şikayəti və buraxılmış prossesual müddətin bərpa olunması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə xx.xx.2024-cü il tarixli qərardad çıxararaq ərizəni təmin etmiş və apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 2010-2016-cı illərdə ictimai birliyə heç bir hüquqi əsas olmadan qanunsuz şəkildə X21 rəhbərlik etmişdir. Musa Tukanov öz səlahiyyətlərindən ictimai birliyin mənafeyi və nizamnamə məqsədlərinə zidd şəkildə istifadə etmiş, buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət əməllərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339 kv.metr təşkil edən ayaqqabı sexi üzərində iddiaçının mülkiyyət hüquqları olmamışdır (qeydə alınmamışdır). Həmin ayaqqabı sexi dövlət mülkiyyətində olmuş, Azərbaycan SSR Rayon şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə ictimai birliyin nəzdində olan “Çəkməçi” kooperativinə təhkim edilmişdir. Həmin tikilinin qeyd olunan kooperativə təhkim edilməsində məqsəd eşitmə və nitq qabiliyyəti olmayan əlillərin məşğulluğunun təmin edilməsi və onların sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etmək olmuşdur. Göründüyü kimi, qeyd olunan ayaqqabı sexinin daşınmaz əmlak kimi birmənalı olaraq iddiaçıya məxsus olması müəyyən olunmamışdır. Eləcə də, həmin əmlak dövlət əmlakı hesab edildiyindən onun iddiaçının adına özəlləşdirilməsi barədə də hər hansı məlumat və ya sənəd şəhadətnamə yoxdur. Belə olan halda qeyd olunan əmlakın ictimai birliyə məxsus daşınmaz əmlak kimi hərraca çıxarılması tam qanunsuz və əsassızdır. Məhkəmə isə icra qurumunun hansı əsasla dövlət mülkiyyətində olan əmlakı hərraca çıxardıb satdığını araşdırmamışdır. Bundan əlavə, icra qurumu qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, məcburi icra tədbirlərinin həyata keçirilmə ardıcıllığını nəzərə almamış, həyata keçirməli olduğu zəruri icra hərəkətlərini yerinə yetirməmiş, ictimai birliyin əmlak aktivlərinin, pul vəsaitlərinin və üçüncü şəxslərdə əmlakının olub-olmadığını araşdırmamış, ictimai birliyin müraciətlərini, eləcə də mənafeyini nəzərə almamışdır. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulduqda, bu barədə həbsin qoyulduğu vaxtdan ən geci üç gün müddətində müvafiq icra hakimiyyətinə (daşınmaz əmlakın dövlət reyestriniaparan orqan) bildiriş göndərir. Bildirişi alan müvafiq icra hakimiyyəti orqanı rəsmi mətbuat orqanlarında tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsi haqqında məlumat dərc edir. Həmin hərrac keçirilərkən icra məmuru qanunun bu tələbini yerinə yetirməmiş, hərracı qanun pozuntularına yol verməklə keçirmişdir. Həmçinin qanunvericiliyin tələblərinə görə, daşınmaz əmlak yalnız o halda hərraca çıxarıla bilər ki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri olsun. Lakin icra qurumu hərraca çıxardığı daşınmaz əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd əldə etmədən hərrac keçirmişdir. Bu isə qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bundan əlavə, icra qurumu tərəfindən hərrac keçirilərkən satışa çıxarılan ayaqqabı sexinin real bazar dəyərinin müəyyənləşdirilməsi ilə bağlı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, həmin daşınmaz əmlaka 91150 manat qiymət qoyulmuş, əmlak həmin qiymətlə hərraca çıxarılmışdır. Halbuki həmin daşınmaz əmlakın real bazar dəyəri ******* manatdan az deyil. Bu isə həmin əmlakla bağlı keçirilən hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. İcra sənədi üzrə hərracın bu şəkildə keçirilməsindən, yol verilən qanunsuzluqlardan, hüquqlarının pozulmasından iddiaçı son vaxtlar xəbər tutmuşdur. Belə ki, X21 adlı şəxs bu zaman ciddi qanun pozuntularına yol vermiş, bu səlahiyyətlərindən öz şəxsi mənafeyi üçün istifadə etmiş, buna görə barəsində cinayət işi qaldırılaraq məsuliyyətə cəlb edilmişdir. Həmin iş araşdırılarkən və sonradan məlum olmuşdur ki, Musa Tukanov ictimai birliyə qanunsuz yollarla rəhbərlik etmişdir. Çünki onun ictimai birliyin prezidenti, habelə qurumun rəhbəri səlahiyyətlərini icra edən şəxs seçilməsi faktı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmamışdır. Qeyd olunan daşınmaz əmlakla bağlı məsəslələr X13 ictimai birliyə qanunsuz rəhbərlik etdiyi dövrdə baş vermişdir. Musa Tukanov qanunsuz fəaliyyəti dövründə ictimai birliyin mənafeyinə xəyanət etmiş, şəxsi mənafeyi üçün hərəkət edərək eşitmə funksiyası pozulmuş əlillərin hüquq və mənafelərini qorumaq, sosial müdafiələrini, cəmiyyətə inteqrasiyalarını, habelə fiziki cəhətdən sağlam şəxslərə bərabər imkanlar əldə etmələrini təmin etmək üçün yaradılmış ictimai birliyin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Onun ictimai birliyə zərər vurmasının qarşısının alınması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli qərarı ilə Musa Tukanov ictimai birliyin birinci vitse-prezidenti vəzifəsindən kənarlaşdırılmışdır. Odur ki, belə bir şəxsin qanunsuz rəhbərliyi dövründə ictimai birlik öz hüquq və qanuni mənafelərini lazımınca müdafiə edə bilməmiş, icra qurumunun qeyd olunan icra sənədinin icrası məqsədilə həyata keçirdiyi tədbirlərdən (tələbin əmlaka yönəldilməsi, daşınmaz əmlakın hərraca çıxarılması və s.) məlumatı olmamış, öz mənafeyini və qanuni maraqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. İctimai birlik 2010-cu ildən etibarən faktiki olaraq rəhbərsiz qalmış, cəmiyyətin qurultayı keçirilməmiş, prezidenti və idarə heyəti mövcud olmamış, 10 ildən artıq müddət ərzində ictimai birliyin əmlakları cəmiyyətin başına keçən kənar şəxslər tərəfindən israf edilmiş və mənimsənilmişdir. Odur ki, həmin hərrac və onun nəticələri etibarsız hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz verərək təmin edilməməsini xahiş etmişdir. Etirazın dəlillərində qeyd olunmuşdur ki, iddiaçı qeyri-yaşayış sahəsinin hərracda satılmasından xəbəri olmadığını bildirsə də, bu absurtdur və sadəcə iddiaçının müddətin keçməməsini əsaslandırmaq üçün bir bəhanəsidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi əqdlər barəsində ən geci 2021-ci ildə məlumatı olmuş, nəticədə 1 illik müddəti ötürmüşdür.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X10 (tərcüməçi X1 ilə) apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

15. Digər cavabdehlər isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

24. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).

25. Bununla belə, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı).

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X3rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).

27. Məhkəmə müdafiəsi hüququ ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də qanunvericiliklə müəyyən olunan müddət ərzində məhkəməyə mürciət edilməsidir.

28. İş materiallarının araşdırılması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə mürciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür.

29. Belə ki, iddia ərizəsindən aydın olur ki, iddiaçının məhkəməyə müraciət etməsində məqsəd hərracın nəticələri haqqında protokolun, habelə onun əsasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi olmuşdur və onun tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsininin (bundan sonra mətndə - Mülki Məcəllə) 337-ci maddəsində öz əksini tapmış mübahisə edilən əqdlər ilə bağlıdır.

30. Əvvəlcə hərracın nəticələri haqqında protokol barədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin məcəllənin 416.2-ci maddəsinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

31. Göründüyü kimi, iddiaçının etibarsızlığını mübahisələndirdiyi protokol müqavilə qüvvəsinə malikdir. Hərracın etibarsız sayılması isə hərracı udmuş şəxslə bağlanan müqavilənin də etibarsızlığına səbəb olur.

32. Belə olan halda, hazırkı mübahisəyə Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair müddəaları tətbiq olunmalıdır.

33. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Müqavilə isə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (Mülki Məcəllənin 389.1 və 389.2-ci maddələri).

35. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsində isə şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə biləcəyi qeyd olunmuşdur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyində isə qeyd edilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

37. Bununla yanaşı “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

38. Qeyd olunan müddətə iddiaçı tərəfindən əməl edilib-edilmədiyini aydınlaşdırmaq məqsədilə məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, Cavabdeh2 hazırkı mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahəsinin (ayaqqabı sexinin) hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində baxılmış (2-1(103)-69/2021 nömrəli inzibati iş) və ictimai birlik iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmə prosessləri barədə xəbərdar olunmuş və nümayəndəsinin iştirakı təmin edilmişdir. Həmin inzibati mübahisənin də əsasını hazırda etibarsızlığı tələb olunan hərracın nəticələri haqqında protokol təşkil etmiş, beləliklə iddiaçı hərracın nəticələri haqqında protokoldan ən geci 2021-ci ildən məlumatlı olmuş və Mülki Məcəllədə əqdin etibarsızlığı ilə bağlı nəzərdə tutulan bir illik müddəti ötürmüşdür.

39. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd olunan əsasla rədd etməkdə haqlı olmuşdur.

40. İddiaçı isə apellyasiya şikayətində müddətin ötürülmə səbəbini müəyyən mülahizələrlə (ictimai birliyin idarəçiliyi ilə bağlı və s. məsələlər ilə) əsaslandırmağa çalışmışdır. Lakin qeyd olunan səbəblər müddətin ötürülməsinə əsas ola bilməz. Belə ki, ictimai birliyin hazırkı prezidenti X10 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsində baxılmış 2-1(103)-69/2021 nömrəli iş üzrə iclaslarda iştirak etmiş, hərracın nəticələri haqqında protokol və alqı-satqı müqaviləsindən xəbərdar olmuş, lakin onları bir il ərzində mübhisələndirməmişdir.

41. Apellyasiya şikayətinin digər dəlillərinə (qeyri-yaşayış sahəsinin (ayaqqabı sexinin) daşınmaz əmlak kimi iddiaçıya məxsus olmaması və barəsində hüquqmüəyyənedici sənədlərin olmaması, real bazar dəyərindən qat-qat aşağı qiymətləndirilməsi, habelə məcburi icra tədbirlərinin həyata keçirilmə ardıcıllığının pozulması və s. qanun pozuntuları) münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallara Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-2012/2022 nömrəli Qərarında aydınlıq gətirildiyindən və həmin Qərar qüvvəyə mindiyindən işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz.

42. Belə ki, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Həmin maddənin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarından müəyyən olunur ki, məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də, məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

44. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

45. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

46. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Hazırkı mülki işdə də, subyekt tərkibi eyni olmaqla yanaşı, iddia tələbinin predmetini və əsasını əvvəllər məhkəmələr tərəfindən qiymət verilmiş hallar təşkil edir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarındakı hüquqi mövqe isə belə olmuşdur ki, Hərrac təşkilatının “Açıq hərracın nəticələri haqqında” 65/07 nömrəli protokolundan və hərracın yekunları üzrə 05 avqust 2015-ci il tarixli əmlakın alqı-satqı müqaviləsindən görünür ki, icra qurumunun sifarişi əsasında "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə əsasən, ictimai birliyə məxsus ünvan 1 ünvanında yerləşən ayaqqabı sexini 91150 manata almış və dəyərini nəğd qaydada ödəmişdir. Bu barədə hərrac təşkilatı və iddiaçı arasında müvafiq müqavilə bağlanmışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, tələb məhkəmə qərarının icrası ilə əlaqədar məhkəmə qəradadı əsasında əmlaka yönəldilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi üzərinə həbsin qoyulması, satışa çıxarılması və hərrac yolu ilə satışının sifariş verilməsi dövlət orqanlarının səlahiyyətlərinə daxildir. Bu baxımdan həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı yol verilmiş pozuntular və onun neqativ nəticələri dövlət orqanlarının təqsirkar davranışına aid olunmalıdır. Belə ki, dövlət orqanları qanunun tələblərinə uyğun davranmağa borcludurlar və səlahiyyətlərinin həyata keçirilməsi zamanı qanunçuluğun təmin olunması da onların məsuliyyət sferasına aiddir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən əmlakın içtiami birliyin mülkiyyətində olub-olmamasının, sözügedən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsinin müəyyən olunması da Cavabdeh2 deyil, yuxarıda qeyd olunan aidiyyəti dövlət orqanlarının məsuliyyət sferasına və onların vəzifə səlahiyyətlərinə aiddir. Cavabdeh2 hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin borclunun mülkiyyətində olması və dövlət reyestrində qeydiyyatdan keçməsi prezumpsiyasından çıxış etmiş və bunun qanunauyğun olduğuna inanaraq hərracda iştirak etmişdir.

48. Qeyd olunanları əsas götürən Azərbaycan Respublikası Ali Məhkəməsi hazırkı tələbin predmetini təşkil edən qeyri-yaşayış sahəsi üzərində hüquqların Cavabdeh2 adına qeydiyyata alınması nəticəsinə gəlmişdir.

49. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli və qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

51. Şərh olunanları və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(009)-1435/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar