Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2316/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 8000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, Cavabdeh2 17500 manat, həmçinin 143 manat dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ev almaq məqsədi ilə özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını satmaq qərarına gəlmiş, əvvəldən tanıdığı, gözəllik solununda işləyən Minayə adlı şəxsdən ona köməklik etməsini xahiş etmiş, Minayə isə Mətanət adlı müştərisinin qızıl həvəskarı olduğunu, ona kömək edə biləcəyini demişdir. Beləliklə, Minayə iddiaçını Mətanət adlı şəxslə tanış etmiş, bundan sonra iddiaçı təxminən 2018-ci ilin dekabr ayından Mətanətə özündə olan qızıl-zinət əşyalarını bir-bir, iki-iki nisyə verib 2-3 ay müddətinə pulunu almışdır. Bu üsulla o, Mətanətə ümumilikdə 16500 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Mətanət qızılların dəyərinin 8500 manatını iddiaçıya ödəmiş, 8000 manatını isə borclu qalmışdır. Bugünədək həmin 8000 manat ödənilməmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 zəng edərək ya qızılların pulunu, ya da həmin qızılları geri tələb etsə də, sonuncu onun tələblərinə əhəmiyyət verməmiş, qızılları və ya dəyərini qaytarmayacağını demişdir. Digər Cavabdeh2 da iddiaçı ilə məhz Cavabdeh1 tanış etmiş, Zülfiyəyə zamin olduğunu, onun iddiaçıya qızılları satmaqda kömək edə biləcəyinə inandırmış, Zülfiyə ümumilikdə 22500 manat dəyərində qızıl-zinət əşyalarını bir-bir, iki-iki olaraq özünə və rəfiqələrinə satmaq üçün iddiaçıdan götürmüş, götürdüyü qızılların dəyərindən 5000 manatını ödəsə də, 17500 manat ödənilməmiş qalmışdır. İddiaçı Zülfiyədən də ya qızıllarını, ya da onların dəyərini tələb etsə də, nəticə əldə olunmamışdır.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 3870 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,7 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnaməni qanunsuz, əsassız və ədalətsizdir. Birincisi, məhkəmə qeyd etmişdir ki, “iddiaçı tərəf məhkəməyə səs yazılarından ibarət CD disk təqdim etmiş, həmin diskdəki materiallar araşdırılmış, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olması öz təsdiqini tapsa da, səs yazılarının hansı tarixə aid olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin materiallar sübut əhəmiyyətli material kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi qarşılıqlı yazışma mətnlərinə münasibətdə qeyd edir ki, həmin yazışmaların kimlər arasında, hansı tarixdə qeydə alınması müəyyən edilmədiyindən, onlar da sübut kimi qəbul edilə bilməz.” Halbuki məhkəmədə səs yazıları tədqiq edilmiş Cavabdeh1 səsin özünə məxsus olmasını lakin pulu qaytardığını və cəmi 3870 manat borcu qaldığını bildirmişdir. Halbuki həmin vatsap səs yazısında o, 8000 manat borcunun olduğunu aydın şəkildə etiraf edir. Digər cavabdeh isə məhkəmədə iştirak etməmiş nümayəndəsi və vəkil isə Cavabdeh2 aid suallara yalnız “bilmirəm” cavablarını vermişdir. Bundan başqa məhkəmə səs yazılarının hansı tarixə aid olmasına dair işdə sübutların olmamasını göstərsə də bu da əsassızdır. Belə ki, məhkəməyə mobil telefon işə əlavə olunması üçün hakimə təqdim olunmuşdur. Məhkəmə isə telefondakı 3 il müddətinə toplanmış Cavabdeh2 ilə olan səs və yazıları nəzərdən keçirdikdən sonra telefonu geri qaytarmış, sonradan yuxarıda qeyd olunan dəlilləri əsas gətirməklə təqdim olunmuş sübutlara qiymət verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iştirak etməsində də maraqlı olmamışdır. Həmin vatsap danışıqlarının və yazılarının tarixləri də telefonda aydın görünür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işə qeyri-obyektiv və qərəzli yanaşaraq, onların vatsapda qarşılıqlı danışıqlarına qiymət verməmiş və işi sadəcə cavabdehlərin xeyrinə həll etmişdir.
7. İkincisi, məhkəmə göstərmişdir ki, “- Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək 2020-ci ilin yanvar ayının 18-də Mətanət adlı şəxsə satmaq üçün 15000 manat, elə həmin tarixdən bir müddət sonra Zülfiyə adlı şəxsə 22000 manat dəyərində qızıl-zinət əşyaları verdiyini, Mətanətin ona 8000 manat, Zülfiyənin isə 17500 manat borcu qaldığını, həmin şəxslərin borclarını qaytarmaqdan boyun qaçırdıqlarını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bu günə kimi Cəmilədən götürdüyü qızılzinət əşyalarından bütün pulu ödədiyini, cəmi 3870 manat borcu qaldığını, Cavabdeh2 isə Cəmilədən müxtəlif vaxtlarda qızıl-zinət əşyaları aldığını, sonradan pulu tam ödədiyini, Cəmiləyə borcunun qalmadığını, Cəmilənin ona hədə-qorxu gələrək ondan ödədiyi borcun üstündə özünün əlavə etdiyi pulları, yəni faizini istədiyini bildirmişdir. Toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir”. Halbuki, həmin qərarın poçt vasitəsi ilə məhkəmə vaxtı alındığı və həmin qərardan prosessual rəhbərliyi həyat keçirən prokurora şikayət verildiyi barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi buna da düzgün qiymət verməyərək üzərindən keçmişdir. Məhkəmə qətnamədə də qeyd edir ki, tərəflərin arasında alver və borc münasibətləri olmuşdur. Deməli məhkəmə tərəflərin arasındakı hüquq münasibətlərini yəni aralarındakı borc məsələsini müəyyən etmişdir. Məsələnin həllinə gəldikdə isə məhkəmə düzgün qiymət verməmişdir məhkəmə izahat verən Cavabdeh1 səsin ona məxsus olması və həmin səs yazısında 8000 manat borcunun olmasını etiraf edərək ödəyəcəyini bildirir, məhkmədə isə qismən borcunun olmasını etiraf edir, həmçinin cavabdeh məhkəməyə borcunu ödədiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda digər Cavabdeh2 da vatsapla səs göndərərək 17500 borcunun olduğunu və ona fevral ayınadək vaxt verməyi bildirir. Məhkəmədə isə iştirak etmir və nümayəndəsi vasitəsi ilə borcunun olmadığını bildirir. Bununla belə məhkəməyə borcunun qaytarılması barədə hər hansı sübut təqdim edə bilmir. Halbuki, əlavə olunmuş audio subutlardan aydın görünür ki, cavabdehlər hər biri ayrılıqda öz borclarını dəqiq göstərməklə qaytaracaqlarına dair söz versələr də hazırda bunu etiraf etmək istəməməklə özlərini müdafiə edirlər (Audio səs yazıları diskdə və mobil telefon məhkəməyə təqdim edilmişdir, məhkəmə diski qəbul etsə də mobil telefonu qəbul etməmişdir). Məhkəmə isə buna düzgün qiymət verməmişdir.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən plenum telefon danışıqlarının mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.
9. Birinci instansiya məhkəməsinə mobil telefon sübut qismində təqdim edilsə də məhkəmə həmin sübuta baxdıqdan sonra geri qaytarmış və sonradan bu barədə bir kəlmə də olsun qətnamədə qeyd etməmişdir. Bunu yoxlamaq üçün məhkəməni audio və video yazılarına baxmaq kifayətdir. Bununla məhkəmə sübutları tam tədqiq etməmiş qanunilik, obyektivlik və qərəsizlik prinsiplərini pozmuşdur. Nəticədə iş üzrə yalnış qətnamə qəbul etmişdir. Sözü gedən mobil telefon apellyasiya instansiyasına təqdim ediləcəkdir.
10. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilib, Cavabdeh1 onun xeyrinə 8.000 (səkkiz min) manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cavabdeh X1 isə 17500 manat pulun həmçinin 143 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək qeyd etdi ki, rayon məhkəməsinə cavabdehlərin borcu etiraf etdiyi səs yazıları disk daşıyıcıda və mobil telefonda təqdim edilmiş, məhkəmə diski iş materiallarına əlavə etmiş, mobil telefona isə baxış keçirib geri qaytarmışdır, rayon məhkəməsində Cavabdeh1 həmin səs yazısının ona məxsus olduğunu qeyd edib, Cavabdeh2 rayon məhkəməsində keçirilən iclaslarda iştirak etməyib, vəkili də bütün suallara bilmirəm cavabı verib. Eyni zamanda iddiaçı bildirmişdir ki, rəsmi sənədlərdə onun adı Cəmilə olsa da, onu uşaqlıqdan hamı Aynur kimi tanıyır. Məhkəmə təqdim edilən səs yazıları olan sübutlara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarı nöqteyi nəzərindən düzgün düzgün hüquqi qiymət verməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
12. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə, onların iştirakının təmin edilməsi üçün məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli teleqramda körpə uşaqlı olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qətnamə ilə ondan tutulan 3870 manat pulu aylıq 60 manat ödəyir, hər ay da ödəyəcəkdir. Cavabdeh Z.Həsənovanın vəkili Vəkil2 yalnız sonuncu məhkəmə iclası günü elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək şəxsi işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
13. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək 2020-ci ilin yanvar ayının 18-də Mətanət adlı şəxsə satmaq üçün 15000 manat, elə həmin tarixdən bir müddət sonra Zülfiyə adlı şəxsə 22000 manat dəyərində qızıl-zinət əşlayarı verdiyini, Mətanətin ona 8000 manat, Zülfiyənin isə 17500 manat borcu qaldığını, həmin şəxslərin borclarını qaytarmaqdan boyun qaçırdıqlarını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bu günə kimi Cəmilədən götürdüyü qızıl-zinət əşyalarından bütün pulu ödədiyini, cəmi 3870 manat borcu qaldığını, Cavabdeh2 isə Cəmilədən müxtəlif vaxtlarda qızıl-zinət əşlayarı aldığını, sonradan pulu tam ödədiyini, Cəmiləyə borcunun qalmadığını, Cəmilənin ona hədə-qorxu gələrək ondan ödədiyi borcun üstündə özünün əlavə etdiyi pulları, yəni faizini istədiyini bildirmişdir. Toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
14. 01 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 05 fevral 2022-ci il tarixli, yuxarıda göstərilən qərar 18 may 2022-ci il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək, əlavə araşdırma aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş, faktla bağlı araşdırma aparılmış və 06 iyun 2022-ci il tarixdə yenidən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar 15 avqust 2022-ci il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. İzahatı alınmış Cavabdeh1 və X2 əvvəli izahatlarına uyğun izahat vermişlər. Toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
15. Mülki iş materiallarında olan diskdəki 2 dəqiqə 27 saniyəlik səs yazısının 16-19-cu saniyəsində Cavabdeh1 iddiaçıya 6955 manat borcunun qaldığını qeyd edir, daha sonra qeyd edir ki, gözləyə bilmirsə istəyirsə şikayət edə bilər, məhkəməyə verə bilər, yenə gəlib bunları deyəcək, daha sonra borcunu qaytaracağını qeyd edir.
16. Həmin diskdə olan 1 dəqiqə 13 saniyəlik səs yazısının 3-cü saniyəsində Cavabdeh2 iddiaçıya 17.500 manat borcu olduğunu, daha sonra istəyirsə polisə verməyini deyir, həmin borcun 10000 manatını fevral ayının 3-ü günü verəcəyini (15-17-ci saniyə), qalan 7500 manatını isə mart ayının axırına (22-23-cü saniyə) verəcəyini qeyd edir, daha sonra indiyə kimi gözlədiyini, böyüklük elədiyini, axıra kimi belə etməsini, fevral ayının 3ünə qədər və mart ayının axırına kimi gözləməsini xahiş edir, martda ikinci il olacağını bildirir.
17. Həmin “Whatsapp” sosial şəbəkəsində olan səs yazışmalarının əks olunduğu “İphone” mobil telefona baxış keçirilərkən həmin səs yazılarının cavabdehlərə aid olduğu, həmçinin Cavabdeh2 17.500 manat borcun etirafına dair səs yazısının xx.xx.2022-ci il tarixə, Cavabdeh1 aid səs yazısının isə xx.xx.2020-ci il tarixə aid olduğu müəyyən edilmişdir.
18. Bakı şəhəri Binəqədi rayon prokurorunun müavini, ədliyyə müşaviri Ramin Nağdəliyevin 08 yanvar 2023-cü il tarixli qərarından məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə həvalə edilmişdir. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
26. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
27. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
29. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
30. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.
31. 598.5. alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın.
32. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
33. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
34. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
35. 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
36. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
37. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
38. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
39. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
41. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
42. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
43. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
44. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
55. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
56. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
59. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
60. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
61. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
62. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
63. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin Cavabdeh2 aid təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilərək Cavabdeh2 iddiaçının xeyrinə 17.500 manat tutulmalı, qətnamə Cavabdeh1 iddiaçının xeyinə tutulan borc məbləği hissədə dəyişdirilməli, Cavabdeh1 iddiaçının xeyrinə tutulan məbləğ 6955 manat müəyyən edilməlidir.
64. Belə ki, hazırkı işin araşdırılmış halları ilə müəyyən olunur ki iddiaçı ilə cavabdehlər arasında qızıl əşyalarının nisyə alqı-satqısı ilə bağlı münasibətlər olmuş, eyni zamanda müəyyən olunur ki, cavabdehlərin iddiaçıdan aldıqları qızıl-zinət əşyalarının dəyərini hissə-hissə olmaqla ödəməyə dair tərəflər arasında razılıq əldə olunmuşdur.
65. Həmçinin müəyyən olunur ki, cavabdehlər iddiaçı ilə aralarında olan razılaşmaya əsasən aldıqları qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini qaytarsalar da, öhdəliyi tamamilə icra etməmiş, iddiaçıya borclu qalmışlar.
66. Hazırda mübahisə cavabdehlər tərəfindən öhdəliyin tam icra edilib-edilməməsi və icra edilməyən öhdəliyin həcmi ilə bağlıdır.
67. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsi üzrə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəməyə səs yazılarından ibarət CD disk təqdim etmiş, həmin diskdəki materialları aradırılmış, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olması öz təsdiqini tapsa da, səs yazılarının hansı tarixə aid olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin materiallar sübut əhəmiyyətli material kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi qarşılıqlı yazışma mətnlərinə münasibətdə qeyd edir ki, həmin yazışmaların kimlər arasında, hansı tarixdə qeydə alınması müəyyən edilmədiyindən, onlar da sübut kimi qəbul edilə bilməz.
68. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
69. İddiaçı hazırkı iddia tələbi üzrə öz izahatından başqa tərəflər arasında olan səs yazılarını, həmçinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını təqdim etmişdir.
70. Rayon məhkəməsi məhz Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Cavabdeh1 izahatına əsasən ondan cəmi 3870 manat pulun tutulması qənaətinə gəlmiş, iddia tələbini qalan hissədə təmin etməmiş, bu zaman iddiaçı tərəfindən təqdim edilən səs yazıları olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
71. Həmin səs yazılarını sübut kimi qəbul etməyən məhkəmə öz mövqeyini onların hansı tarixə aid olmasının müəyyən edilməməsi ilə əsaslandırmışdır.
72. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən plenum telefon danışıqlarının mülki məhkəmə icraatında istifadə olunmasına dair göstərmişdir ki, “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.
73. Həmin qərardan məlum olduğu kimi hazırkı səs yazıları tərəflər arasında olan hüquq münasibətləri ilə əlaqədar olmaqla mübahisənin həllində əhəmiyyətli sübutdur. Məhkəmə kollegiyası səs yazılarının hansı tarixə aid olmaması əsası ilə onları sübut kimi qəbul etməyən rayon məhkəməsinin mövqeyi üzrə isə qeyd edir ki, hər iki səs yazısında 6955 manat borcunun qaldığını etiraf edən Cavabdeh1, eləcə də səs yazısında 17.500 manat borcu qaldığını etiraf edən Cavabdeh2 “istəyirsən şikayət et” sözlərini qeyd edir. Bu da ona dəlalət edir ki, cavabdehlərin borcun etirafı ilə bağlı həmin danışıqları iddiaçı tərəfindən polisə müraciət ərəfəsində olmuşdur.
74. Bundan başqa, iddiaçı həmin səs yazılarının hansı tarixə aid olduğunu müəyyən etməyə imkan verən mobil telefonu rayon məhkəməsinə təqdim etdiklərini, lakin məhkəmənin baxış keçirdikdən sonra telefonu geri qaytardığını, qətnamədə isə sonradan bu barədə bir kəlmə də olsun qeyd edilmədiyini bildirmişdir.
75. Kollegiya bununla bağlı bildirir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilən rayon məhkəməsinin baxış keçirib istinad etmədiyi həmin “Həmin “Whatsapp” sosial şəbəkəsində olan səs yazışmalarının əks olunduğu “İphone” mobil telefona baxış keçirilərkən həmin səs yazılarının cavabdehlərə aid olduğu, həmçinin Cavabdeh2 17.500 manat borcun etirafına dair səs yazısının xx.xx.2022-ci il tarixə, Cavabdeh1 aid səs yazısının isə xx.xx.2020-ci il tarixə aid olduğu müəyyən edilmişdir.
76. Qeyd edilən səs yazılarında polisə şikayətdən öncə 6955 manat borcunun qaldığını etiraf edən Cavabdeh1 polisdə izahatında 3870 manat borcu qaldığını və səs yazısında iddiaçıya 17.500 manat borcu qaldığını etiraf edən Cavabdeh2 polisdə izahatında müxtəlif vaxtlarda iddiaçıdan qızıl-zinət əşyaları aldığını, sonradan pulu tam ödədiyini, Cəmiləyə borcunun qalmadığını bildirmişdir.
77. Kollegiya belə qənaətə gəlir ki, rayon məhkəməsi hazırkı iş üzrə sübutetmə yükünün tərəflərdən kimə aid olduğunu müəyyənləşdirilməsində də səhvə yol vermişdir.
78. Kollegiya cavabdehlərin öhdəliyin icra edilməsi barədə dəlili üzrə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.
79. İddiaçı tərəflər arasındakı qızıl-zinət alışı-satışı üzrə münasibətlərə istinad edir, öhdəliyin cavabdehlər tərəfindən tam icra edilmədiyini bildirir, polisə şikayətdən öncə 6955 manat borcunun qaldığını etiraf edən Cavabdeh1 polisdə izahatında 3870 manat borcu qaldığını və səs yazısında iddiaçıya 17.500 manat borcu qaldığını etiraf edən Cavabdeh2 polisdə izahatında müxtəlif vaxtlarda qızıl-zinət əşyaları aldığını, sonradan pulu tam ödədiyini, Cəmiləyə borcunun qalmadığını bildirmişdir.
80. Eyni zamanda birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas prokolundan məlum olur ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair münasibətlər olduğunu təsdiq etmiş, həmçinin bildirmişdir ki, bütün pullar ödənilib, Cavabdeh2 heç bir borcu yoxdur. Bundan başqa rayon məhkəməsində Cavabdeh1 rayon məhkəməsi iclasında səs yazılarının ona məxsus olduğunu təsdiq etmiş, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında həmin səs yazılarının Cavabdeh2 aid olduğunu mübahisələndirməmişdir (i/v 54).
81. Belə olan halda, etirazın əsası kimi istinad etdiyi bu halı, yəni öhdəliyin icra edilməsini cavabdehlər sübut etməlidir.
82. MM-in 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranın tamamilə və hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
83. Hazırda səs yazısında 6955 manat, polisdə izahatında isə 3870 manat borcu qaldığını qeyd edən Cavabdeh1 (6955-3870=3085) qalan 3085 manat borcun ödənilməsini, Cavabdeh2 isə 17.500 manat borcun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir.
84. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Cavabdeh1 8000 manat borc pulun tutulmasını qeyd etsə də, tərəflər arasında olan səs yazısında Cavabdeh1 iddiaçıya 6955 manat borcu qaldığını etiraf edir, iddiaçı həmin məbləğin 8000 manat olmasına dair sübut təqdim edə bilməmişdir. İddiaçı Cavabdeh1 ona etiraf etdiyi 6955 manatdan çox, yəni 8000 manat borcu qalmasına dair MPM-in 77.1-ci maddəsinin tələbinə uyğun sübut verə bilmir.
85. Belə olan halda, iddia tələbi Cavabdeh2 aid təmin edilməyən hissədə də əsaslı olduğundan təmin edilməli, qətnamə Cavabdeh1 aid hissədə isə dəyişdirilməli, ondan iddiaçının xeyrinə tutulan məbləğ etiraf etdiyi 6955 manat müəyyən edilməlidir.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir (maddə 385.1.1, 385.1.2.). Nəticə:
87. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin Cavabdeh2 aid hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək, Cavabdeh2 iddiaçının xeyrinə 17.500 manat tutulmalı, qətnamə Cavabdeh1 tutulan pul məbləği hissədə dəyişdirilməli, Cavabdeh1 iddaçının xeyrinə tutulan məbləğ 6955 manat müəyyən edilməlidir.
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
89. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 122 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
90. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, qismən, iddia tələbinin Cavabdeh2 aid hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 17.500 (on yeddi min beş yüz) manat tutulsun, qətnamə Cavabdeh1 tutulan pul məbləği hissədə dəyişdirilsin, Cavabdeh1 İddiaçı xeyrinə tutulan məbləğ 6955 (altı min doqquz yüz əlli beş) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov